Azərbaycanın Şərqə açılan qapısı Naxçıvandırsa, Naxçıvanın Şərqə açılan qapısı Culfadır

 

Dövlət Proqramında nəzərdə tutulan tədbirlər bu rayonda uğurla başa çatdırılıb

 

Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən daxili və xarici siyasət kursu ölkəmizi nəinki regionun liderinə, eyni zamanda dünyanın inkişaf etməkdə olan dövlətlərindən birinə çevirib. Bu uğurlu siyasətin nəticəsidir ki, hazırda Azərbaycanın bütün guşələrində tərəqqi hiss edilməkdədir. Prezident İlham Əliyevin imzaladığı “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” (2004-2008-ci illər) Azərbaycanın inkişafına təkan verib. Sənədin imzalanmasından sonra aparılan işlər və əldə edilən nəticələr belə deməyə əsas verir. Bundan başqa, dövlət başçısının səfər etdiyi hər bir şəhər və rayonda yerli rəhbərlərə sosial-iqtisadi inkişafa nail olmaq üçün verdiyi xüsusi tapşırıqlar da diqqət mərkəzindədir. Bu, özünü Naxçıvan MR-nın Culfa rayonunda da qabarıq şəkildə büruzə verir. “Yeni Azərbaycan” qəzeti olaraq 2004-2008-ci illəri əhatə etmiş “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın yerlərdə necə həyata keçirilməsini, rayon, şəhər, qəsəbə və kəndlərimizin necə inkişaf etməsini oxucularımıza bir daha əyani surətdə çatdırmaq üçün başladığımız layihəni davam etdiririk.

Bu gün Naxçıvan Muxtar Respublikası sosial-iqtisadi inkişafın ən yüksək dövrünü yaşayır. Bu, özünü hər şeydən əvvəl Muxtar Respublika əhalisinin həyat şəraitinin yaxşılaşdırılmasında göstərir. Bütün bunlara onun hesabına nail olunub ki, Ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunu regionumuzun da timsalında bütün çalarları ilə görmək mümkündür. Avqust ayının 4-də Naxçıvan şəhərindəki möhtəşəm Heydər Əliyev Sarayında Naxçıvan Muxtar Respublikasının 85 illiyinə həsr olunmuş təntənəli mərasimdə geniş nitq söyləyən ölkə başçısı İlham Əliyev Muxtar Respublikadakı sosial-iqtisadi inkişafı xüsusilə vurğulayaraq deyib: “Uzun illər ərzində Naxçıvan blokada şəraitində yaşayır və bu blokada bu gün də davam edir. Amma buna baxmayaraq, Naxçıvan yaşayır, Naxçıvan inkişaf edir. Naxçıvanda böyük quruculuq işləri aparılır və Naxçıvanın uğurlu inkişafı ölkəmizin gücünü göstərir... Bir sözlə, hər bir Naxçıvan sakini əldə edilmiş bu uğurlarla haqlı olaraq fəxr edə bilər. Mən bütün naxçıvanlıları bu böyük uğurlar münasibətilə təbrik etmək istəyirəm. Naxçıvan rəhbərliyinə və Naxçıvanın rəhbəri Vasif Talıbova öz minnətdarlığımı bildirmək istəyirəm”.

Bəli, bu gün Ümummilli liderimizin yolu ilə gedən Naxçıvan Muxtar Respublikası ilbəil güclənir, inkişaf və tərəqqi yolu ilə daha xoş sabahlara addımlayır. Bu inkişafın bir istiqamətini də iqtisadi tarazlığın qorunması, bölgələrin, kənd yaşayış məntəqələrinin, xüsusilə də dağ və sərhəd kəndlərinin möhkəmləndirilməsi təşkil edir. Bu inkişaf Naxçıvan Muxtar Respublikasının bütün bölgələri kimi, Culfa rayonunu da əhatə edir.

 

Culfanın qısa tarixindən...

 

Culfanın bugünkü sosial-iqtisadi inkişaf mənzərəsinə nəzər salmazdan öncə rayonun tarixini qısa da olsa vərəqləmək yerinə düşər. Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan bölməsinin sədri, akademik İsmayıl Hacıyev deyir ki, Culfanın nə vaxt salınması dəqiqləşdirilməsə də, tarixi VI əsrdən hesablanır. Onun sözlərinə görə, karvan yolu üzərində yerləşməsi bu ərazinin əhəmiyyətini hər zaman artırıb. Bir müddət xilafətin tərkibində olan Culfa monqol hücumları zamanı tənəzzül edib. Sonralar Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tərkibinə daxil olan Culfada iqtisadi həyat nisbətən dirçəlməyə başlayıb. Səfəvilər dövründə Culfa daha da inkişaf edərək XV əsrin ikinci yarısında mühüm ticarət mərkəzinə çevrilib. Culfa XVI əsrin ikinci yarısında beynəlxalq ipək ticarətində mühüm rol oynayıb. Həmin dövrdə Culfada 3000 ev olub. Səfəvi-Osmanlı müharibələri zamanı Culfa dəfələrlə əldən-ələ keçib. 1604-cü ilin payızında Şah Abbas Culfanı osmanlılardan geri ala bilib. XVIII əsrdə əvvəlki əhəmiyyətini itirən Culfa Naxçıvan xanlığının tərkibinə daxil olub.

Culfa adının etimologiyasına gəlincə, bu ad mənbələrdə Culax kimi çəkilib. Ehtimala görə, “Culfa” sözü orta əsrlərdə “Cükki” tacir təşkilatının adından götürülüb.

Rayon kimi 1930-cu ildə təşkil edilmiş Culfa Naxçıvan Muxtar Respublikasının özünəməxsus xüsusiyyətləri ilə seçilən bölgələrindən biridir. Hər şeydən əvvəl bu, onun coğrafi mövqeyi ilə bağlıdır. Yuxarıda da qeyd etdiyimiz kimi, Culfanın mühüm tranzit karvan yolu üzərində yerləşməsi onun tarixboyu əhəmiyyətini hər zaman artırıb. Şimal-şərqdə Ermənistan, cənubda isə İran İslam Respublikası ilə həmsərhəd olan rayonun mərkəzi Culfa şəhəridir. Rayona Culfa şəhəri və Yaycı, Dizə, Şurud, Gal, Ərəzin, Kırna, Qızılca, Əbrəqunus, Bənəniyar, Saltaq, Göydərə, Xanəgah, Əlincə, Xoşkeşin, Qazançı, Milax, Teyvaz, Ərəfsə, Ləkətağ, Boyəhməd, Nəhəcir, Göynük, Gülüstan, Camaldın kəndləri daxildir.

 

Sosial-iqtisadi inkişafdan Culfaya da pay düşüb

 

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı Culfa rayonunda da böyük inkişafa stimul verib. Əvvəla, qeyd edək ki, bölgədə son illərdə həyata keçirilən abadlıq və quruculuq işləri hesabına Culfa ən abad, yaraşıqlı, gözəl rayonlardan birinə çevrilib. Necə deyərlər, bütövlükdə Muxtar Respublikaya xas olan tikinti-quruculuq, abadlıq prosesi onu da ecazkar görkəmə gətirib. Müasir şəhərsalma əsasında yenidən qurulan küçələr, yol kənarlarında ucaldılan yaraşıqlı binalar, abad, rahat səkilər, yaşıllıqlar, bir sözlə, şəhərin dizaynını tamamlayan ən kiçik detallar burada bütün qüvvələrin qurmaq, yaratmaq əzmi istiqamətində səfərbər olunduğunu, eyni zamanda, bölgədə sağlam mənəvi, psixoloji mühitin formalaşdığını ifadə edir. Quruculuq, abadlıq işləri insanlarda nikbin ovqat, xoş əhval-ruhiyyə yaradıb, onları doğma rayonun gözəlliklər məskəninə çevrilməsi işinə səfərbər edib. Culfaya daxil olarkən diqqəti çəkən ünvanlardan biri Ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan prospektdir. Prospekt abadlığı, səliqə-sahmanı, gül-çiçəyi ilə seçilir. Bu isə, ilk növbədə, culfalıların Ulu öndərin adı ilə bağlı ünvanı daha gözəl, yaraşıqlı görmək, fərqləndirmək istəyindən qaynaqlanır. Axı, hər yerdə olduğu kimi, bu rayonda da insanlar yaxşı dərk edirlər ki, bu xoş günləri, əmin-amanlıq şəraitində qurub-yaratmaq əzmini məhz Ulu öndərimiz bəxş edib. Bu ünvan gözəllik anlamı ilə yanaşı, Ulu öndərimizə ümumxalq sevgisini də dolğun təcəssüm etdirir.

Rayonda son illərdə istifadəyə verilən bir-birindən yaraşıqlı inzibati binalar bölgəyə ayrı bir gözəllik qatıb. 2006-cı ilin avqust ayında rayon İcra Hakimiyyətinin binasında təmir işləri aparılıb, həmin il rayon prokurorluğu üçün yeni bina istifadəyə verilib. Sonrakı illərdə də quruculuq tədbirləri ahəngdarlıqla davam etdirilib, 2007-ci ildə Dövlət Sosial Müdafiə Fondu Culfa rayon şöbəsi, 2008-ci ildə Maliyyə şöbəsi üçün yeni binalar istifadəyə verilib.

Qeyd edək ki, istifadəyə verilən hər bir yeni obyekt zəngin maddi-texniki baza ilə də təmin olunub. Elə götürək Culfa rayonu Əhalinin Sosial Müdafiəsi Mərkəzini. İkimərtəbəli bu binada server aparatı quraşdırılıb, müasir kompüter avadanlıqları ilə təchiz edilib, daxili şəbəkə sistemi yaradılıb. Mərkəzdə ünvanlı dövlət sosial yardım sisteminin tətbiqi ilə əlaqədar xüsusi proqram hazırlanıb. Bu proqram vasitəsilə mərkəzə müraciət edən vətəndaşların qeydiyyatı, onların gəlirləri barədə məlumat işlənib hazırlanır.

Rayonda aparılan quruculuq işlərinin bir hissəsini də kəndlərdə kənd mərkəzlərinin tikintisi təşkil edir. Məqsəd insanlara müxtəlif sahələr üzrə nümunəvi xidmət göstərmək, asudə vaxtlarının səmərəli keçməsinə şərait yaratmaq və şəhərlə kənd arasında fərqi azaltmaqdan ibarətdir. 2006-cı ildə Göydərədə və Bənəniyar kəndində, 2007-ci ildə Yaycıda, 2008-ci ildə Əbrəqunusda, Ərəfsədə kənd mərkəzlərinin istifadəyə verilməsi əhali tərəfindən böyük razılıq hissi ilə qarşılanıb.

Rayonlararası və rayondaxili yolların bərpası istiqamətində görülən işlərin miqyası da genişdir. Belə ki, 2004-cü ildə 7,3 kilometrlik Dərəlik-Ərəzin avtomobil yolunun qara örtüyü bərpa olunub, 2005-ci ildə Milax kəndində tikilən yeni məktəb binasına gedən yola asfalt örtüyü salınıb. Xoşkeşin və Əlincə kəndlərinə giriş avtomobil yollarında qara örtüyün bərpası işləri aparılıb. Culfa şəhərinin daxili avtomobil yollarında, şəhər çıxışında, Bənəniyar-Ərəfsə-Boyəhməd yolunda asfalt-beton örtükləri təmir olunub. 2006-cı ildə də bu sahədəki işlər ardıcıllıqla davam etdirilib. Sonrakı illərdə Culfa Gömrük Keçid Məntəqəsinə ağır yük maşınlarının gediş-gəlişi üçün 0,8 kilometr yeni yolun torpaq yatağının tikintisi başa çatdırılıb, çınqıl və asfalt-beton örtük salınıb, torpaq yatağı yerli sal daşlarla bərkidilib. Culfa stansiyasında dəmiryol vağzalı yenidən qurulub və ətrafında abadlıq işləri aparılıb. Muxtar Respublikada ilk dəfə olaraq 2007-ci ildə Culfa Gömrük İdarəsində inzibati bina, sərnişin və yüklərin keçid məntəqəsi sərhədyanı bazarla birlikdə kompleks şəkildə yenidən qurulub.

 

Elektrik enerjisi və qaz təminatı sisteminin inkişafı da ardıcıl xarakter alıb

 

2004-cü ildə elektrik enerjisinin miqdarını artırmaq məqsədilə rayonda gücü 50 meqavolt-amper olan transformator stansiyası quraşdırılıb və bunun üçün 3 kilometr uzunluğunda elektrik verilişi xətti çəkilıb, elektrik avadanlıqlarının yoxlanılması, sınaq və sazlama işlərini yerinə yetirmək üçün bina tikilib. 2005-ci ildə də bu istiqamətdə həyata keçirilən işlər davam etdirilib. Həmin il Culfa şəhərində, Ərəzin, Əlincə, Əbrəqunus, Ərəfsə, Bənəniyar, Xoşkeşin, Milax, Yaycı, Boyəhməd kəndlərində yeni transformator yarımstansiyaları quraşdırılıb, mövcud yarımstansiyalardakı transformatorlar daha güclüləri ilə əvəz edilib. Həmin il rayonun transformator təmiri sexində 189 ədəd transformator əsaslı təmir olunub. Sonrakı illərdə də rayonun ayrı-ayrı kəndlərində yeni transformatorlar quraşdırılıb, köhnə transformatorlar yenisi ilə əvəz olunub.

Uzun illərdən sonra Muxtar Respublikaya təbii qazın nəql edilməsindən Culfa rayonuna da pay düşüb. Belə ki, 2005-ci ildə Culfa şəhər mərkəzinə daxili qaz xətləri, çoxmərtəbəli binalara binadaxili qaz kəmərləri çəkilib, sayğac və qaz sobaları quraşdırılıb. Həmin il Culfa şəhərində 1406 mənzil qazlaşdırılıb. Həmçinin, Culfa Qaz İstismar İdarəsi üçün tikilən yeni bina da istifadəyə verilib. Təbii qaz çəkilişinin ikinci mərhələsinə uyğun olaraq 2006-cı ildə Culfa şəhərində 419 fərdi mənzil, 32 müəssisə və təşkilat, Gülüstan kəndində 97 fərdi evin hamısı qazlaşdırılıb, sayğac və qaz sobalarının quraşdırılması işi yekunlaşdırılıb. Sonrakı ildə Culfa şəhərində 722, rayonun Yaycı, Dizə, Jamaldın, Ərəzin, Bənəniyar, Əbrəqunus, Saltaq, Xanəgah, Göydərə, Kırna, Qızılca, Xoşkeşin, Əlincə, Qazançı, Milax, Ərəfsə, Ləkətağ Teyvaz və Nəhəcir kəndlərində 5119 fərdi yaşayış evlərinə qaz xətti çəkilib, sayğac və qaz sobaları quraşdırılıb.

2008-ci ildə rayonun ucqar Göynük, Gal, Şurud və Boyəhməd kəndlərində qaz xəttinin çəkilişi başa çatdırılıb. Ümumiyyətlə, həmin il rayon tam qazlaşdırılıb.

 

Kənd təsərrüfatının inkişafı və yeni istehsal müəssisələrinin yaradılması da diqqət mərkəzindədir

 

Son illərdə rayonda kənd təsərrüfatının bütün sahələrində uğurlu nəticələr qazanılır. Təbii ki, bunlara həmin sahəyə hərtərəfli qayğı hesabına nail olunur. Suvarma sistemlərinin təkmilləşdirilməsi, rayona güzəştli şərtlərlə kənd təsərrüfatı texnikalarının verilməsi, baytarlıq xidmətini yaxşılaşdırmaq üçün tədbirlərin genişləndirilməsi və sair işlər rayonda diqqət mərkəzində saxlanılır. Rayonun torpaq və iqlim şəraiti burada müxtəlif təsərrüfat sahələrinin inkişafına imkan verir. “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı əsasında kənd təsərrüfatı məhsulları istehsalçılarına 150,3 ton güzəştli şərtlərlə gübrələr, yanacaq və motor yağlarına görə 1406 mülkiyyətçiyə 255,4 min manat vəsait, 2008-ci ildə 1 ədəd taxıldöyən, 3 ədəd şum traktorları lizinq yolu ilə mülkiyyətçilərin istifadəsinə verilib. Taxılçılıq bölgənin iqtisadiyyatında xüsusi çəkiyə malik olan sahədir. Rayonda bu sahənin inkişafının sürətləndirilməsinə kömək məqsədilə 2005-ci ildə “Yaycı Şərab” Açıq Səhmdar Cəmiyyətində istehsal gücü 20 ton olan un dəyirmanı quraşdırılıb, 2009-cu ilin məhsulu üçün culfalılar 3437 hektarı buğda, 634 hektarı arpa olmaqla 4071 hektar sahədə əkin keçirib, sahələrə aqrotexniki qaydada qulluq edilməsi hesabına 9420 ton məhsula sahib olub.

Qazanılan uğurları kartofçuluqda da görmək olar. “Naxçıvan Muxtar Respublikasında kartofçuluğun inkişafı üzrə Dövlət Proqramı (2005-2010-cu illər)” çərçivəsində Culfa rayonunun da kartofçuluqla məşğul olan torpaq mülkiyyətçilərinə güzəştli kreditlər verilib. Kreditlərdən təyinat üzrə istifadə edilməsi diqqət mərkəzində saxlanılıb, bu sahə ilə məşğul olanlar keyfiyyətli toxum sortları ilə təchiz edilib, dağlıq rayon üçün yüksək hədd sayıla bilən məhsuldarlığa nail olunub.

Rayonda meyvəçiliyin və üzümçülüyün daha da inkişaf etdirilməsinə önəm verilib, bu məqsədlə keyfiyyətli sortlar əldə etmək üçün tinglər əkilib və mülkiyyətçilərə paylanıb.

Heyvandarlıq sahəsində də bir sıra mühüm işlər görülüb. Rayonda süni mayalandırma məntəqəsi yaradılıb, lazımi avadanlıqlarla təmin olunub. Bütün yaşayış məntəqələrində mövcud iri və xırdabuynuzlu mal-qaranın müxtəlif xəstəliklərə qarşı müayinəsi və peyvənd işləri aparılıb. 2005-ci ildə baytarlıq idarəsi mikroskop və quruducu aparat, 2006-cı ildə 1 ədəd “DUK” markalı dərmansəpən avtomaşın ilə təmin edilib. Onu da xüsusi vurğulamaq lazımdır ki, təsərrüfatın bütün sahələrində istehsal olunmuş məhsulların satışının genişləndirilməsi üçün rayon mərkəzində satış yarmarkaları təşkil edilib və geniş miqyasda məhsul satışına nail olunub. Məlumat üçün bildirək ki, Culfanın məhsul istehsalçıları Naxçıvan şəhərində təşkil olunan kənd təsərrüfatı məhsullarının satış yarmarkasında da fəal iştirak edirlər.

Məlumdur ki, kənd təsərrüfatının inkişafının əsas istiqamətlərindən biri də suvarma şəbəkələrinin yaradılmasıdır. Rayonda bu sahədə görülən işlər də az olmayıb. 2005-ci ildə Culfa rayon 1 nömrəli su-nasos stansiyası əsaslı təmir və yenidənqurma işlərindən sonra istifadəyə verilib. Nasos stansiyasında 2 ədəd ASN markalı nasos quraşdırılıb, hər bir nasosun məhsuldarlığı saatda 1000 kubmetr, suvurma hündürlüyü 180 metrdir. Bu nasoslar vasitəsilə 250 hektar sahə əkin dövriyyəsinə qatılıb. 2006-cı ildə Kırna kəndində kaptac üsulu ilə içməli və suvarma su xətti çəkilib.

Culfada sahibkarlığın inkişafı da diqqət mərkəzində saxlanılıb, rayonda bir neçə istehsal müəssisəsi istifadəyə verilib. Culfa şəhərində “Dərəlik” adlanan ərazidə və Ərəzin kəndində hər birinin gündəlik istehsal gücü 1 ton olan 3 çörək sexi işə salınıb. Rayonda maye karbon qazı və quru buz istehsal edən müəssisə istifadəyə verilib. Bənəniyar kəndində saatda 20 kq torba və 70 kiloqram örtük istehsal edən polietilen örtükləri sexi yaradılıb.

Naxçıvan Muxtar Respublikasının böyük debitə və tükənməz ehtiyata malik olan yeraltı sərvətlərindən biri-Darıdağ arsenli su müalicəxanası Culfa rayonunun ərazisində yerləşir. Arsenli su bir çox xəstəliklərin sağalmasında mühüm rola malikdir. Müstəqilliyimizin ilk illərində ölkədə yaranmış anarxiyanın nəticəsində bütün sahələrlə yanaşı, Darıdağ müalicəxanası da dağılıb, baxımsız vəziyyətə düşüb. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq müalicəxana əsaslı şəkildə yenidən qurulub və 2005-ci ildə istifadəyə verilib. İndi bu səhiyyə müəssisəsinin xidmətindən yerli əhali ilə yanaşı, xaricdən gələnlər də istifadə edir, müalicə olunaraq şəfa tapırlar.

 

Təhsil, səhiyyə, mədəniyyət sahələri də unudulmayıb...

 

Məlumdur ki, gənclərin müasir tələblər səviyyəsində təhsil alması, bilik və intellektual səviyyəsinin yüksəldilməsi, gələcəkdə kamil mütəxəssis kimi yetişməsində müasirtipli məktəb binalarının xüsusi rolu var. Ona görə də Culfa rayonunda məktəb tikintisi quruculuq işləri sırasında əsas yerlərdən birini tutur. Göynük, Göydərə Əbrəqunus, Milax, Xanəgah, Xoşkeşin, Saltaq, Əbrəqunus və Ərəfsə kəndlərində yeni məktəblər tikilməsi və ya əsaslı təmir edilməsi bu təhsil ocaqlarında tədrisin yüksək səviyyədə qurulmasına imkan verib. Bu, rayon məzunlarının qəbul imtahanlarında göstərdikləri nəticələrə də öz müsbət təsirini göstərib.

Rayonda yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli keçməsi istiqamətində də bir sıra işlər görülüb. Belə tədbirlərdən biri 2006-cı ildə şahmat məktəbi üçün istifadəyə verilən binadır. Bina iki mərtəbədən ibarətdir. 4 sinif otağı, müəllim və hakimlər üçün iş otaqları, yarışların keçirilməsi üçün geniş salon var. Rayonda şahmat məktəbi 1989-cu ildən fəaliyyətə başlayıb və dar, müasir tələblərə cavab verməyən bir binada yerləşib. Yeni binanın inşa olunması culfalı şahmatsevərlərin böyük sevincinə səbəb olmaqla, onların müxtəlif şahmat turnirlərində qələbələr qazanmasına şərait yaradıb. 2008-ci ildə isə Culfa şəhərinin futbol meydançası yenidənqurma və əsaslı təmirdən sonra gənclərin istifadəsinə verilib.

Bir qədər də səhiyyə sahəsində görülən işlərdən danışmaq istərdik. Ötən il Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən Culfa rayon Mərkəzi Xəstəxanası rayon sakinlərinin böyük sevincinə səbəb olub. Açılış mərasimində geniş nitq söyləyən ölkə başçısı Muxtar Respublikada yeni tibb ocaqlarının tikilməsini yüksək dəyərləndirərək deyib: “Yeni, gözəl xəstəxanaların açılışı artıq Naxçıvanda gözəl ənənəyə çevrilibdir. ...Onların hamısı yüksək keyfiyyətlə tikilib, yüksək standartlara cavab verir. Çox sevindirici haldır ki, bütün rayonlarda, Naxçıvanın bütün rayonlarında gözəl, yeni, müasir tibb ocaqları tikilir. Burada quraşdırılan avadanlıq ən yüksək səviyyəyə layiqdir. Həm həkimlər üçün, iş üçün gözəl şərait var, həm də xəstələrin müalicəsi üçün bütün şərait var. Bax, budur, bugünkü Azərbaycanın inkişafı”.

Məlumat üçün deyək ki, rayonda xəstəxana binası keçən əsrin 60-cı illərinin əvvəllərindən fəaliyyət göstərir. Əvvəllər yararsız hala düşmüş, köhnə, ikimərtəbəli binanın yerində hazırda zirzəmi qatı ilə birlikdə dördmərtəbəli yeni xəstəxana binası ucaldılıb. Öz görkəmi ilə rayona xüsusi yaraşıq verən xəstəxana binası əsas və əlavə korpuslardan ibarətdir. 62 çarpayılıq səhiyyə ocağında tibbi müayinə və müalicə işinin təşkili üçün bütün şərait yaradılıb. Xəstəxanada yaradılan şərait hesabına tibbi xidmətin səviyyəsi xeyli yüksəldilib, əhalinin sağlamlığının qorunmasında mühüm irəliləyişlərə nail olunub. Kəndlərdə istifadəyə verilən tibb məntəqələrinin və həkim ambulatoriyalarının da adlarını xüsusilə vurğulamaq lazımdır. Müxtəlif illərdə Göydərədə tibb məntəqəsi, Yaycı, Əbrəqunus və Ərəfsədə həkim ambulatoriyaları kənd əhalisinin istifadəsinə verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mədəniyyət ocaqlarının tikintisi, əsaslı təmiri və yenidən qurulması ilə əlaqədar imzaladığı sərəncamların ölkəmizin hər yerində olduğu kimi, Culfa rayonunda da bəhrələrini görmək olar. 2007-ci ildə Culfa Rayon Mədəniyyət Evinin əsaslı təmir və yenidənqurma işlərindən sonra istifadəyə verilməsi bu sahəyə göstərilən qayğıdan xəbər verir. Həmin mədəniyyət ocağında Culfa Rayon Mədəniyyət və Turizm Şöbəsi, rayon Mədəniyyət Evi üçün iş otaqları və 210 yerlik zal yaradılıb. Rayonda mədniyyətin inkişafına göstərilən qayğının nəticəsində bu sahədə ciddi dönüş əldə edilib.

Bütün bunlar rayonda insan amilinin diqqətdə saxlanılmasının nəticəsidir. Daha dəqiq desək, Culfada həyata keçirilən hər işin, reallaşan hər bir tədbirin fonunda bunu görmək olar. Qaçqın və məcburi köçkün ailələri üçün Milax və Qazançı kəndlərinin hər birində 1 ədəd, Azərbaycan Vətən müharibəsi iştirakçıları üçün Əbrəqunus, Camaldın və Ərəzin kəndlərinin hər birində 1 ədəd fərdi yaşayış evinin tikilərək istifadəyə verilməsi dediklərimizi təsdiq edir. 2008-ci ilin yanvar ayında 10 mənzilli yaşayış binası, may ayında 16 mənzilli yaşayış binasının əsaslı təmirdən sonra Culfa şəhər sakinlərinin istifadəsinə verilməsi də əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində atılan addım kimi yüksək dəyərləndirilir.

Bir sözlə, Dövlət Proqramında nəzərdə tutulan bütün tədbirlər Culfa rayonunda uğurla həyata keçirilib. Bu yazıda həyata keçirilən tədbirlərin yalnız bir hissəsinə toxunduq. Görülən işlər çoxdur, uğurlar isə göz qabağındadır. Və xüsusilə vurğulamaq lazımdır ki, həyata keçirilən tədbirlər hesabına Naxçıvanın Şərqə açılan qapısı Culfa bu gün tarixinin ən məhsuldar inkişaf dövrünü yaşayır. Onsuz da dədə-babadan zəhmətkeş olan culfalılar daha yaxşı yaşamaq üçün bundan da böyük uğurlara nail olmağa səy göstərirlər. Bu əhval-ruhiyyəni isə hər addımda hiss etmək mümkündür...

 

Yeni Azərbaycan Partiyası Culfa rayon təşkilatının sıraları genişlənir

 

YAP Culfa rayon təşkilatı 7 fevral 1993-cü ildə təsis edilib. Bu təşkilat yaradılarkən 26 ərazi ilk partiya təşkilatında 450 üzvü birləşdirib. Hazırda YAP Culfa rayon təşkilatında 85 ilk partiya təşkilatı fəaliyyət göstərir. YAP üzvlərinin sayı 4601 nəfərdir, onlardan qadınlar 2000, gənclər isə 1703 nəfərdir.

YAP Culfa rayon təşkilatının sıralarına bu il 266 nəfər qəbul edilib ki, onlardan 127 nəfəri qadınlar, 187 nəfəri isə gənclər olub. Ümumiyyətlə, hər il təşkilatın sıraları genişlənir. Rayon təşkilatının əhatə etdiyi ərazilərdə Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan və Onun layiqli davamçısı cənab Prezident İlham Əliyev təfərindən həyata keçirilən daxili və xarici siyasətin, sosial-iqtisadi islahatların, bütün bu sahələrdə əldə edilən uğurların məzmunu və mahiyyəti xalqın geniş təbəqələrinə ətraflı və əsaslı şəkildə izah edilib.

Rayon təşkilatının üzvləri respublikamızda keçirilən bütün seçkilərdə fəallıq nümayiş etdirirlər. Qeyd edək ki, Yeni Azərbaycan Partiyası üzvlərindən 144 nəfəri bələdiyyə üzvüdür. Rayonun qəsəbə və kənd bələdiyyə sədrlərinin hamısı Yeni Azərbaycan Partiyasının üzvləridir. Rayon təşkilatı bu ay keçiriləcək bələdiyyə seçkilərində də Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülən vətəndaşların qalib gəlməsi üçün əllərindən gələni əsirgəməyəcəklər.

Yeni Azərbaycan Partiyası Culfa rayon təşkilatı Heydər Əliyev adına Gənclər Birliyinin işini daha da təkmilləşdirməklə partiya sıralarına sağlam məfkurəyə malik olan gənclərin cəlb edilməsinə diqqəti artırıb, bacarıqlı və istedadlı gənclərin qüvvəsindən partiya işində səmərəli istifadə edilməsinə nail olub.

 

 

Sara ƏZİMOVA,

Culfa

 

Yeni Azərbaycan.- 2009.- 5 dekabr.- S.10-11.