Avstriya Milli Kitabxanasına  ölkəmizlə bağ kitablar bağıslanılıb

 

Avstriya Milli Kitabxanasına  Azərbaycana həsr olunan kitabları  hədiyyə edilib. Ölkəmizin Avstriyadakı səfiri Fuad İsmayılov kitabxananın "Möhtəşəm zalında baş direktor Yohanna Raxinqerə Azərbaycanın,  tarixi, mədəniyyəti, ədəbiyyatı və ictimai-siyasi həyatından bəhs edən nəfis tərtibatlı kitabları təqdim edib.

Hədiyyələr üçün təşəkkürünü bildirən xanım Raxinqer bu qiymətli kitabların Avstriya Milli Kitabxanasının fondunu daha da zənginləşdirəcəyini, o cümlədən, kitabxananın elektron kataloquna daxil edilən əsərlərin  ən qısa zamanda geniş oxucu kütləsinə çatdırılacağını bildirib. Y.Raxinqer iki il öncə Azərbaycana səfəri çərçivəsində M.F.Axundov  adına Milli Kitabxana ilə bağlanan əməkdaşlıq və kitab mübadiləsi haqqında,  memorandumu xatırladaraq, o vaxtdan kitabxanalar arasında qarşılıqlı əməkdaşlığın yüksələn xətlə inkişafını qeyd edib: "Qarşılıqlı əməkdaşlıq bir-birimizi mədəni, tarixi, ictimai-siyasi müstəvidə daha yaxından öyrənməyə şərait yaradır".

Qeyd edək ki, ötən il Avstriya Milli Kitabxanasında dünya poeziyasının görkəmli nümayəndələrindən biri, Azərbaycanın dahi şairi Nizami Gəncəvinin "Xəmsə"sinin burada saxlanan əlyazması (Xəmsə kodeksi) əsasında hazırlanan multimedia diskinin təqdimat mərasimi keçirilib. Hazırlanma tarixi 1500-1501-ci illər hesab olunan əlyazma ümummilli lider Heydər Əliyevin 2000-ci ildə Avstriyaya səfəri zamanı qaldırdığı təşəbbüs və göstərdiyi qayğı nəticəsində yenidən bərpa edilib, kitabdakı miniatürlər birillik mürəkkəb bərpaetmə işlərindən sonra öz orijinal vəziyyətinə qaytarılıb. Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi həmin əlyazmanın 100-ə yaxın nüsxəsini (faksi-mile) hazırlayaraq müvafiq yerli kitabxanalara paylamağı planlaşdırıb.

 

 

Yeni Azərbaycan.- 2009.- 4 fevral.- S. 8.