“Hay ver mənə, cənab leytenant”...
Azərbaycanın
“Levitanı”...
"Ya azad ol ya candan
keç.
İki yoldan birini seç.
Azadlığın şərbətin
iç.
İgid əskər möhkəm
dayan"
Bu sətrləri istər
oxuyanda, istərsə də eşidəndə
gözümün önündə hərbi formada, əsil vətənpərvər
insan canlanır. Oxuduğu
mahnılarda ağırlığın altında yatan bir
təlatümü damarlara köçürə, qanı
coşdura və ən əsası əsgərlərimizin,
igidlərimizin bizlərə Vətənin, yurdun əmanəti
olduğunu xatırladan bir insan... Şəmistan Əlizamanlı...
Birinci Qarabağ
müharibəsi zamanı illərdə uşaq idim. Bu gün
üzərində qorxusuz gəzdiyimiz, havasını udub,
suyunu içdiyimiz Vətəni düşmənlərin murdar
caynaqlarından qorumaq mübarizəsinə
qalxmışdı bu yurdun ərləri-ərənləri.
Kiminin oğlu, kiminin əri, kiminin atası, kiminin əmisi,
dayısı, qardaşı... Kim olursa olsun, öncə bu vətənin
OĞLU idi o azadlıq savaşçıları. O, odlu-alovlu
döyüş meydanlarında şəhidlik zirvəsinə
ucalanlar da oldu, itənlər də. Ana Vətənin hər
qarışının azadlığı uğrunda
vücudunun parçasından keçənlər də,
psixoloji sarsıntı altında ruh dünyalarını
döyüşlər gedən meşələrdə,
tüstüsü göyə sovrulan el-obada qoyub qazi olaraq
dönənlər də az olmadı.
***
Musiqi ruhun
qidasıdır. İnsanı bədbinliyə də sala bilər,
ona ruh yüksəkliyi də verər. Musiqi var ki,
qayğısız amma bir qədər həssas insanı, hətta
ən şirin nemətlərdən biri olan CAN-a qəsdə təhrik
edir. Eləsi də var ki, cana can verir, həyatdan
küsmüşləri yenidən reallığa qaytarır.
Babalarımızın cəng meydanlarını bəzəyib
"Cəngi" sədası. Elə o qanlı-qadalı illərdə
yazılan marşlar, qoşulan bəstələr
döyüşən igidlərimizin mənəvi qidasına
çevrildi, onları qələbəyə
ruhlandırdı. Nəinki döyüşçülərimizə,
hətta onların yolunu gözləyənlər də
ümidlərini bu musiqilərə bağladı deyə bilərik.
O günlərdə küçələrdə gəzişən,
hətta avtobuslarda yol gedən insanların zümzüməsinə
çevrilmişdi Vətən
çağırışını özündə əks
etdirən mahnılarımız. Elə bu gün haqqında
söz açdığımız qəhrəman da öz
mahnıları ilə əsgərlərimizin təlaşlı
könlünə təskinlik, onlara döyüşmək əzmi
bəxş edib... Ailəmiz də döyüşçü
yolu gözləyirdi. Həmin illərdə, mən də bu
xalqın nümayəndəsi kimi, Şəmistan Əlizamanlının
mahnılarını əzbər bilirdim, oxuya-oxuya evdəkilərə
təskinlik vermək istəyirdim. Evdəkilər də məni
ürəkləndirib hey deyirdilər ki, gözlə
"o" gələndə onun üçün oxuyarsan. Elə
də oldu. O, gəldi. Mən də oxudum. Amma bu dəfə
onu ruhlandırmaq üçün oxuyurdum qəhrəmanımın
avazından əzbərlədiyim “əsərləri”. Ailəmizin
səbirsizliklə yolunu gözlədiyi qayıtmışdı.
Canından bir parçanı uğrunda
savaşdığı Vətən torpağında qoyub da
qayıtmışdı...
Hərdən
öz-özümə deyirəm. Görən qəhrəmanımın
ürəyinin yağını qoyduğu, damarlarda qanı
coşduran, insan övladını mübarizəyə
ruhlandıran o mahnılar olmasaydı odlu-alovlu müharibənin
sarsıntılarına hazır olmayan məsum uşaqların
gələcəyi, yəni, psixoloji hazırlığı necə
olardı... Nə xoş ki, bu millətin gəncləri məhz
Vətənin nə qədər doğma olduğunu və
anamızın bizə əmanətini xatırladan
mahnıların sədaları altında böyüdü. Qəhrəmanıma
isə bu mənəvi zənginliyi bizlərə bəxş
etdiyi üçün minnətdarıq.
P.S.
Yazının başlığı sizləri
çaşdırmasın. II Dünya müharibəsi illərində
alman ordusunun 4-cü korpusunun komandanı, Berlin
qoşunlarının rəhbəri general Krout deyirdi ki,
müharibəni Stalin ud-madı, Levitan uddu. "Diqqət,
danışır Moskva"...
Şəmistan Əlizamanlının
da mavi ekrandan cəbhə xəbərlərindəki
ruhlandırıcı çıxışların, Azərbaycan
xalqı bir nəfər kimi nəfəs almadan izləyirdi....
Yeni Azərbaycan.- 2009.- 5 fevral.- S. 8.