Azərbaycan-Yunanıstan biznes forumu keçirilib

 

Dövlət başçıları İlham Əliyev və Karolos Papulyas, Yunanıstanın Baş Naziri Kostas Karamanlis biznes forumun açılışında iştirak ediblər

 

Dünən Afinada "İşgüzar əməkdaşlığın imkanları" mövzusunda Azərbaycan-Yunanıstan biznesforumu keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev və Yunanıstan Prezidenti Karolos Papulyas, bu ölkənin Baş naziri Kostas Karamanlis biznes forumun açılışında iştirak ediblər.

Azərbaycanda İnvestisiyaların İxracı və Təşviqi Fondunun və Afina Ticarət və Sənaye Palatasının birgə təşkil etdiyi görüşü palatanın prezidenti Konstantinos Mixalos açaraq bildirib ki, biznes forumda Yunanıstanın 100-dək, Azərbaycanın isə 20-yə yaxın şirkəti təmsil olunub. Əminik ki, forum iki ölkə arasında iqtisadi əlaqələrin daha da genişlənməsinə xidmət edəcək.

Sonra Yunanıstan Prezidenti Karolos Papulyas çıxış edib. Azərbaycan Prezidenti İlham Əliyevi Afinada salamlamaqdan bir daha məmnunluğunu bildirən dövlət başçısı deyib ki, Azərbaycan Prezidentinin səfəri çərçivəsində ölkələrimiz arasında əlaqələrin dərinləşməsinə fayda verəcək bir neçə sənəd imzalanıb.

Azərbaycan ilə Yunanıstan arasında siyasi, iqtisadi və mədəni əlaqələrə toxunan Prezident Karolos Papulyas bildirib ki, onun ölkəsi Azərbaycan ilə əlaqələrin inkişafında maraqlıdır.

Azərbaycanın enerji daşıyıcılarının mühüm ixracatçısı və tranzit ölkə olduğunu xatırladan Karolos Papulyas bu sahədə əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev biznes forumda çıxış edib. Yunanıstana səfərinin çox uğurla keçdiyini bildirən dövlətimizin başçısı deyib ki, biznes dairələri arasında əlaqələrin genişlənməsi hər iki tərəf üçün faydalıdır. Səfər çərçivəsində aparılmış danışıqlar, imzalanmış sənədlər gələcəkdə Azərbaycan-Yunanıstan əlaqələrinin dərinləşməsinə kömək edəcək. Ölkələrimiz arasında siyasi əlaqələr yüksək səviyyədədir. Ticarət əlaqələrinin genişləndirilməsinin vacibliyini vurğulayan Prezident İlham Əliyev bildirib ki, Azərbaycanın qeyri-enerji sektorunda da böyük potensialı var. Azərbaycanın gənc ölkə olduğunu və qısa müddətdə böyük inkişaf yolu keçdiyini xatırladan Prezident İlham Əliyev deyib ki, həyata keçirilmiş iqtisadi islahatlar nəticəsində Azərbaycan indi dünyanın ən sürətlə inkişaf edən dövlətlərindən birinə çevrilib. Adambaşına xarici sərmayələrin həcminə görə Azərbaycan MDB ölkələri arasında liderdir. Bu sərmayələr təkcə enerji sektoruna deyil, həm də qeyri-enerji sektoruna yönəldilib.

Azərbaycanın zəngin təbii sərvətlərə malik olduğunu bildirən dövlətimizin başçısı deyib ki, son illər Azərbaycanda neft hasilatı beş dəfədən çox artıb. Son iki ildə isə Azərbaycan qaz idxal edən ölkədən, onu ixrac edən ölkəyə çevrilib.

Azərbaycan qazı hazırda Avropa İttifaqı bazarına, yəni Yunanıstana ixrac olunur. İqtisadi inkişaf üçün sabitliyin və təhlükəsizliyin vacib amil olduğunu vurğulayan Prezident İlham Əliyev bildirib ki, hazırda Cənubi Qafqazda potensial təhlükələr var. Bunların ən böyüyü Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Biz münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində həllinə tərəfdarıq. BMT-nin Təhlükəsizlik Şurası Ermənistanın Azərbaycana təcavüzünü pisləyən 4 qətnamə qəbul etsə də, Ermənistan tərəfi indiyədək bu qətnamələrin tələblərinə riayət etmir. Sonra çıxış edən Yunanıstanın Baş naziri Kostas Karamanlis Prezident İlham Əliyevin bu ölkə-yə ilk dövlət səfərinin əhəmiyyətini vurğulayaraq bildirib ki, yüksək səviyyəli qarşılıqlı səfərlər iki ölkə arasındakı əlaqələrin inkişafına müsbət təsir göstərir. Səfər çərçivəsində ikitərəfli, regional və beynəlxalq məsələlərin ətraflı müzakirə edildiyini, bir neçə sənədin imzalandığını xatırladan Baş nazir bütün bunları hər iki tərəfin qarşılıqlı əlaqələrin inkişafına göstərdiyi diqqətin təzahürü kimi qiymətləndirib. Enerji sahəsində əməkdaşlığı vurğulayan hökumət başçısı ölkəsinin bu sahədə əlaqələrin daha da genişləndirilməsində maraqlı olduğunu bildirib.

Biznes forumunda hər iki ölkədə biznes imkanlarına və sərmayə mühitinə dair təqdimatlar, şirkətlərin nümayəndələri arasında ikitərəfli görüşlər keçirilib.

 

 

Yeni Azərbaycan.-2009.- 18 fevral.- S.2.