BDU ilə Giresun Universiteti arasında niyyət
sazişi imzalanıb
Dünən Bakı
Dövlət Universitetində (BDU) Türkiyənin Giresun
Universitetinin rektoru, professor Osman Metin Öztürkün
başçılıq etdiyi nümayəndə heyəti ilə
görüş olub. Nümayəndə heyətinin üzvləri
Fəxri xiyabana gələrək, ulu öndər, müstəqil
dövlətimizin memarı və qurucusu Heydər Əliyevin əziz
xatirəsini ehtiramla yad edib, məzarı önünə
gül dəstələri qoyublar. Qonaqlar görkəmli
oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı
üzərinə də gül düzüblər.
Görüşdə
Bakı Dövlət Universitetinin rektoru, Milli Məclisin
deputatı, akademik Abel Məhərrəmov
xalqımızın Ümummilli lideri, dünya şöhrətli
siyasətçi və dövlət xadimi Heydər Əliyevin
BDU-nun məzunu olduğunu qürur hissi ilə bildirib.
Türkiyə ilə Azərbaycanın
mehriban qardaşlıq münasibətlərindən
danışan rektor ulu öndər Heydər Əliyevin
"Biz bir millət, iki dövlətik" kəlamını
xatırladıb. Akademik A.Məhərrəmov ölkəmizin
Prezidenti İlham Əliyevin təhsilin inkişafına daim
böyük önəm verdiyini diqqətə çatdırıb.
Rəhbərlik etdiyi ali
məktəbin beynəlxalq əlaqələri barədə məlumat
verən rektor BDU ilə Türkiyə universitetləri
arasında əməkdaşlığın genişləndiyini
söyləyib. Giresun Universitetinin rektoru, professor Osman Metin
Öztürk müasir qloballaşma şəraitində elm, təhsil
sahəsində əlaqələrimizin əhəmiyyətini
vurğulayıb. Türkiyənin Azərbaycandakı səfiri
Hulusi Kılıç xalqlarımızın tarixi birliyindən
bəhs edib. Sonra BDU ilə Türkiyənin Giresun Universiteti
arasında elm və təhsil sahəsində əməkdaşlığa
dair niyyət sazişi imzalanıb. Sazişdə
qarşılıqlı tələbə, müəllim
mübadiləsinin aparılması, xüsusilə BDU-da
magistratura və doktorantura üzrə kadrların
hazırlanması nəzərdə tutulur.
Niyyət sazişini
BDU-nun rektoru A.Məhərrəmov və Giresun Universitetinin
rektoru O.M.Öztürk imzalayıblar. Qonaqlar Bakı Dövlət
Universitetinin tədris şəraiti, laboratoriyaları ilə də
tanış olublar.
Yeni Azərbaycan.- 2009.-18 fevral.- S.5.