ERMƏNİSTAN SİLAHLI QÜVVƏLƏRİNİN QARADAĞLI KƏNDİNİ İŞĞAL ETMƏSİNDƏN
17 İL KEÇİB
Ermənistan hərbi birləşmələrinin Xocavənd rayonunun Qaradağlı kəndini işğal etməsindən 17 il keçib.
APA-nın məlumatına
görə, Dağlıq Qarabağda yerləşən Ermənistan
hərbi birləşmələri, Rusiya Silahlı Qüvvələrinin
Xankəndidə dislokasiya olunan 366-cı motoatıcı
alayının hərbi texnikasının və canlı
qüvvəsinin dəstəyi ilə 1992-ci il fevral
ayının 15-dən başlayaraq, rayonunun azərbaycanlılar
yaşayan Qaradağlı kəndinə hücum ediblər.
İki gün çəkən döyüşdən sonra
mühasirəni qıran ermənilər fevralın 17-də kəndi
işğal ediblər. İşğal zamanı Qaradağlı
kəndi tamamən dağıdılıb, dinc, əliyalın,
günahsız əhaliyə, uşaqlara, qadınlara və
qocalara amansızcasına divan tutulub. Faciə nəticəsində
Qaradağlıdan girov götürülən 117 nəfər
kənd sakinindən 80-ə yaxınını xüsusi
amansızlıqla qətlə yetirilib, 6 nəfər itkin
düşüb, 9 nəfərin isə şahid ifadələrinə
əsasən, əsir götürüldüyü sübut
olunub. Şahid ifadələrinə görə, əsir
götürülən azərbaycanlıların 43 nəfəri
Xankəndinin 2 kilometrliyində güllələnib. Sonra isə
onların bəzilərinin başları kəsilib.
Qeyd edək ki, əsir və
itkin düşmüş, girov götürülmüş vətəndaşlarla
əlaqədar Dövlət Komissiyasının 2008-ci il
dekabrın 1-ə olan məlumatına görə, əsir,
itkin düşmüş və girov
götürülmüş şəxslərin sayı 4.210 nəfərdir.
Onlardan 3.401 nəfəri hərbçi, 802-si isə mülki
şəxsdir (7 nəfərin hərbçi və ya mülki
olduğu məlum deyil). Mülki şəxslərdən 47 nəfəri
itkin düşərkən yetkinlik yaşına
çatmamış uşaq (16 nəfər azyaşlı
qız), 256 nəfər qadın, 355 nəfər yaşlı
şəxsdir (152 nəfər qadın). Əsir, itkin
düşmüş 4.210 nəfərdən 783 nəfərin əsir
və girov götürülməsi barədə məlumatlar
daxil olub, şahid ifadələri alınıb. Əsir və
girovluqdan 1.396 nəfər azad edilib. Dövlət
Komissiyasına daxil olan materialların təhlili zamanı 550 nəfərin
əsir və girovluqda qətlə yetirildiyi və ya müxtəlif
səbəblərdən vəfat etdiyi müəyyən
edilib.
Yeni Azərbaycan.- 2009.- 18 fevral .-S.4.