İmişli sosial-iqtisadi tərəqqinin yeni mərhələsində

 

Dövlət proqramına uyğun olaraq, İmişlidə görülən tədbirlər nəticəsində rayon sakinlərinin güzaranı xeyli yaxşılaşıb, yeni iş yerləri açılıb,    böyük sənaye potensialı formalaşıb

 

İmişlinin qədim tarixi

 

İmişli Azərbaycanın ən qədim tarixə malik rayonlarından biridir. 1938–ci ilə qədər Qaradonlu adlanan rayon ərazisində tarixi keçmişimizlə bağlı maddi–mədəniyyət abidələrinin izləri çoxdur. Qeyd edək ki, Qaradonlu hazırda Muğan düzündəki kəndlərdən biridir. İmişli ərazisinin Muğan sahəsini İran Muğanından dövlət sərhədi ayırır. Rayon ərazisi düzənlik olduğundan müxtəlif dövrlərdə sərkərdələr, hökmdarlar bu yerlərdən düşərgə kimi istifadə ediblər. İmişli torpağı Manna, Urartu, Midiya, Atropatena, Qafqaz Albaniyası kimi qədim ölkələrin, xəzərlərin, farsların, ərəblərin, səlcuqların, monqolların, rusların, Makedoniyalı İsgəndərin, Əmir Teymurun, Nadir şahın, Qacarın və onlarla sərkərdələrin hücum və hakimiyyətinin şahidi olub. Tarixi sənədlərə əsasən, 1220–1221–ci illərdə monqolların Azərbaycana birinci yürüşü zamanı onlar məhz Muğanda, indiki İmişli şəhəri ərazisində məskan salıblar. Muxor, Yeddi Kurqan və s. təpələr də o illərin yadigarıdır.

Rayon ərazisində tarixi keçmişlə bağlı maddi–mədəniyyət abidələrinin izləri çoxdur. Arxeoloji qazıntılar zamanı tapılmış Kür–Araz mədəniyyətinə aid saxsı məişət əşyalarının ən azından üç min ildən çox yaşı var. Bu isə Aran torpaqlarının hələ qədim zamanlardan yaşayış məskəni olduğundan xəbər verir.

Rayonun Bəcirəvan kəndi isə ərəb əsarətinə qarşı çıxış edib, kəndlilərin axırıncı damla qanlarına kimi döyüşüb və sonda cəsarətlərinə görə yer üzündən silinən bir kənddən – Bəcirdən yadigardır.

Rayon ərazisində, həmçinin, XII–XIV əsrlərə aid Qızıl Təpə, Muxor Təpə, Qara Təpə, Yeddi Kurqan, Dəyirman yeri, Qalaça yeri və s. tarixi abidələr mövcuddur. Lakin sözügedən yerlərdə arxeoloji qazıntılar aparılmaması səbəbindən həmin abidələr barəsində ətraflı məlumat demək olar ki, yox dərəcəsindədir.

Müasir tariximizdə indiki İmişli rayonunun ərazisi 1930–cu ilin avqust ayında Qaradonlu kəndi mərkəz olmaqla Qaradonlu rayonu adlandırılıb. Rayon mərkəzi olana kimi isə Qaradonlu kəndi "uyezd" adlandırılıb və Salyan qəzasına tabe olub.

1938–ci ilin avqust ayında rayon mərkəzi Bakı–Nardaran dəmir yolunun Qaradonlu stansiyası yaxınlığında yerləşən İmişli kəndinə köçürülüb. Həmin vaxtdan etibarən Qaradonlu rayonunun adı dəyişdirilərək İmişli rayonuna çevrilib. Hazırda İmişli respublikanın ən abad və yaraşıqlı rayonlarından biri sayılır.

İmişli 1944–cü ildə şəhər tipli qəsəbə, 1960–cı ildə şəhər statusu alıb. İmişli şəhəri Araz çayının sol sahilində, Mil düzündədir. Azərbaycanın paytaxtı Bakı şəhərindən 250 kilometr məsafədə yerləşir.

1 rayon, 1 qəsəbə və 48 kənddən ibarət olan İmişli rayonunun sahəsi 189 kv.km, əhalisi isə 104 min nəfərdir.

 

Dövlət Proqramı uğurla icra olunub

 

İmişli son dövrlər kifayət qədər böyük inkişaf yolu keçmiş rayonlarımızdan biridir. Ötən ilin sosial–iqtisadi göstəricilərini təhlil edərkən belə bir nəticə hasil olur ki, "Azərbaycan Respublikası regionlarının sosial–iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində İmişli rayonunda görülən işlər rayon sakinlərinin güzəranının yaxşılaşmasına, İmişlidə böyük iqtisadi potensialın formalaşmasına şərait yaradıb. Respublika iqtisadiyyatının dinamik inkişafı fonunda İmişli rayonunda da 2008–ci ildə bir sıra uğurlu nəticələr əldə edilib. Dövlət Proqramında nəzərdə tutulan məsələlərin həlli bu gün rayon rəhbərliyinin qarşısında duran vacib məsələlərdəndir. Təsadüfi deyil ki, son dövrlər ərzində İmişlidə Dövlət Proqramına uyğun olaraq çox böyük işlər həyata keçirilib. Belə ki, rayon əhalisinin fasiləsiz enerji ilə təchizatını təmin etmək məqsədilə İmişlidə 330 kv–luq 2–ci İmişli–Parsabad və 330 kv–luq İmişli–Şirvan DRES elektrik ötürücü xətlərinin inşası "Azərenerjitikinti" MMC tərəfindən davam etdirilib, İmişli–Parsabad elektrik ötürücü xəttində dayaqların quraşdırılması, bünövrələrin tökülməsi işləri başa çatdırılıb, hazırda naqillərin quraşdırılmasında son tamamlama işləri aparılır. İmişli–Şirvan DRES elektrik ötürücü xəttində isə dayaqların quraşdırılması, bünövrələrin tökülməsi işləri başa çatmaq üzrədir. Bununla yanaşı, rayonun Sarıxanlı kəndində 220 şagird yerlik yeni məktəb binasının, Muradallı kəndində isə 160 şagird yerlik 8 əlavə sinif otağının tikintisində son tamamlama işləri aparılır. 5 saylı şəhər orta məktəbində əsaslı təmir işləri aparılıb, Bəhrəmtəpə qəsəbə və Xəlfəli kənd orta məktəblərində aparılan təmir işləri başa çatıb. Mirili kəndində 192 şagird yerlik yeni məktəb binası, Qaralar kəndində 600, Gənclik məhəlləsində 360 şagird yerlik yeni məktəb binaları və əsaslı təmir olunmuş 1 saylı şəhər orta məktəbi, Murğuzallı kəndində 180, Muradxanlı kəndində 120 şagird yerlik məktəb binaları şagirdlərin istifadəsinə verilib. Dövlət Proqramı çərçivəsində, Azərbaycan Kənd İnvestisiya Layihəsi hesabına tikintisinə ötən il başlanılmış Xubyarlı kəndindəki tibb məntəqəsində və "Tərəqqi sosial tədqiqatlar" İctimai Birliyi tərəfindən Xəlfəli kəndindəki həkim ambulatoriyasında tikinti işləri başa çatıb. Rayonun Qaragüvəndikli kəndində inşa edilən feldşer–mama məntəqəsinin tikintisi başa çatıb, tibb məntəqəsi inventar və avadanlıqlarla təmin edilib. Rayonun Tarix–diyarşünaslıq muzeyi əsaslı təmir edilərək yenidən istifadəyə verilib. "Azərsun Holdinq" şirkətlər qrupu tərəfindən rayon ərazisində Bitki yağları zavodu, Qarışıq yem zavodu və Spirt emalı zavodunun tikintisi başa çatıb, Spirt emalı zavodu məhsul istehsalına başlayıb.
Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması məqsədilə rayonun Qaraqaşlı, Xoşçobanlı, Xubyarlı, Cavadxanlı, Qaradonlu və Göbəktala kəndlərində modul tipli su təmizləyici qurğular quraşdırılaraq əhalinin istifadəsinə verilib, Məzrəli və Muradallı kəndlərində bu sahədə işlər davam etdirilir. Dövlət Proqramına uyğun olaraq Bəhrəmtəpə Hidroqovşağında bərpa işləri "Azərsutikinti" SC–nin Muğan Su tikinti törəmə müəssisəsi tərəfindən davam etdirilib və rayon ərazisindəki suvarma kanallarında 292,0 km uzunluqda 850,0 min kub.m, kollektorlarda isə 116,7 km uzunluqda 550,0 min kub.m lildən təmizləmə işləri görülüb. "Regionların sosial–iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq rayonda suvarma–drenaj şəbəkələrinin bərpası əsasən Cəfərli, Hacırüstəmli və Aranlı kəndlərində həyata keçirilib. Bugünədək 5000 hektar ərazidəki suvarma kanallarında 600 min kub.m, drenaj şəbəkələrində 560 min kub.m torpaq işləri aparılıb, 480 hidrotexniki qurğuda təmir işləri görülüb.

Eyni zamanda, ötən il ərzində Dövlət Proqramının icrası ilə bağlı onlarla kiçik sahibkarlıq obyektləri tikilib, bir sıra ticarət və xidmət obyektləri fəaliyyətə başlayıb, 784 iş yeri yaradılıb. Ümumiyyətlə, Dövlət Proqramının icrası ilə əlaqədar son beş ildə 14827 iş yeri yaradılıb ki, onun da 10417–si daimi iş yerləridir.

 Şübhəsiz ki, görülən bu işlər növbəti dövrlər ərzində də qarşıya qoyulan məqsədlərə çatmaq naminə yorulmaz fəaliyyəti stimullaşdırır. Artıq İmişli rayon rəhbərliyi növbəti illərdə də görüləcək işlərlə bağlı müvafiq plan tərtib edərək əlaqədar orqanlara ünvanlayıb. Belə ki, rayon İH tərəfindən "Azərbaycan Respublikası regionlarının sosial–iqtisadi inkişafı Dövlət Proqramı"nın davamı olaraq 2009–2013–cü illər üçün nəzərdə tutulan təkliflər hazırlanıb İqtisadi İnkişaf Nazirliyinə göndərilib. Təkliflərdə rayon iqtisadiyyatının bütün sahələrinin inkişafı, təhsil, səhiyyə, mədəniyyət və digər sosial obyektlərin tikintisi, bərpası və əsaslı təmiri ilə bağlı konkret tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

 

İmişli rayonu sənayenin inkişafına görə respublikada öncüllərdəndir

 

"Regionların sosial–iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində ötən dövrlər ərzində görülmüş işlər bütün sahələrin inkişafı üçün böyük imkanlar yaradıb. Hesabat dövründə ümumdaxili məhsul istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,6 milyon manat və ya 11,3 faiz artıb ki, burada da ən böyük artım rabitə sahəsinin payına düşür. Artım rabitədə 34,4, ticarətdə 25,8, sənayedə 10,8, kənd təsərrüfatında 8,8, tikintidə isə 5,0 faiz təşkil edib. İqtisadiyyatın əsas sahələri üzrə 182,9 milyon manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib ki, bunun 89,3 milyon manatı və ya 48,8 faizi sənayenin, 59,3 milyon manatı və ya 32,4 faizi kənd təsərrüfatının payına düşür. Bu da respublikanın bir çox rayonları üzrə əldə olunmuş nəticələrlə müqayisədə olduqca böyük göstəricidir.

Ümumiyyətlə isə rayonda Şəkər zavodunun fəaliyyətə başlaması sənayedə artımı stimullaşdırıb. Zavodda il ərzində 73,9 milyon manatlıq məhsul istehsal edilib ki, bu da ümumi sənaye məhsulunun 82,8 faizini təşkil edir. Ümumiyyətlə, rayon üzrə istehsal olunan sənaye məhsullarının 93,0 faizi qeyri–dövlət sektorunun payına düşüb. İmişli də neft sənayesi üzrə görülən işlərdə uğurlu nəticələrə imza atılıb. Belə ki, rayonun Muradxanlı İriləşdirilmiş Neft Mədənində 2008–ci ildə 32113 ton xam neft istehsal olunaraq illik plana 107 faiz əməl olunub. Gün ərzində orta hesabla 88,0 ton neft istehsal edilib ki, bu da Azərbaycanın neft strategiyasının uğurla icra olunmasında müəyyən qədər rol oynayır. Eyni zamanda, planda nəzərdə tutulan həcmdə 600 min kub.m qaz hasil edilib və daxili ehtiyaclara sərf olunub. İl ərzində dayandırılmış 3 quyunun fəaliyyəti yenidən bərpa edilərək istifadəyə verilib, 12 quyuda isə əsaslı təmir işləri aparılıb. Mədən üzrə 3 yeni quyu istismara verilib və gündəlik hasilat 24,1 ton olmaqla həmin quyulardan 8806 ton neft hasil edilib.
Kənd təsərrüfatı məhsullarının istehsalı üzrə yüksək göstəricilər İmişli sənaye və kənd təsərrüfatı sahələrinin paralel olaraq inkişaf etdiyi rayonlardan biridir. Sevindirici haldır ki, rayonda sənaye və digər sektorlar üzrə əldə olunmuş nəticələr kənd təsərrüfatı sahəsinin diqqətdən kənarda qalmasına şərait yaratmayıb. Əksinə, bu sahəyə göstərilən qayğı 1997–ci ildə əldə olunmuş yüksək göstəricilərin bir qədər də yaxşılaşmasına səbəb olub. Hesabat ilində rayonda ötən ildəkindən 694 ha çox, yəni, 16325 ha sahədə taxıl əkilib və 54118 ton, 2007–ci illə müqayisədə 2518 ton çox məhsul yığılıb. Hər hektardan məhsuldarlıq 33,2 sentner təşkil edib ki, bu da "2008–2015–ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nın uğurla icra olunmasının bariz nümunəsidir. 2008–ci ildə artım təkcə taxılçılıqda deyil, bir çox kənd təsərrüfatı məhsullarının istehsalında da qeydə alınıb. Həmçinin, 2008–ci ildə iribuynuzlu mal–qaranın sayı 78741 başa, xırda buynuzluların sayı 219918 başa, bütün növ quşların sayı isə 814100 başa çatıb, ötən illə müqayisədə iribuynuzlu mal–qaranın sayı 2425 baş, xırda buynuzluların sayı 2525 baş, bütün növ quşların sayı isə 145400 baş artıb. 2008–ci ildə ət istehsalı (diri çəkidə) 7741ton, süd istehsalı 31214 ton olub ki, bu da ötən illə müqayisədə xeyli çoxdur. Onu da qeyd edək ki, hal–hazırda rayonda ət və süd məhsullarının emalı ilə məşğul olan "İmişli Yağ–pendir" və "Taleh" ASC fəaliyyət göstərir. Heyvandarlıq məhsullarının müasir texnologiya ilə emalını təmin etmək üçün müəssisələrin yenidən qurulmasına və ya yeni müəssisələrin yaradılmasına ehtiyac var.

Quşçuluq məhsullarının istehsalı və emalı ilə məşğul olan İmişli Broyler fabrikində yenidənqurma işləri aparılıb, əlavə inkubator və kəsim sexləri tikilib istifadəyə verilib və hazırda fabrikdə keyfiyyətli quş əti və yumurta istehsal olunur. Eyni zamanda, vurğulamaq yerinə düşər ki, 2008–ci ilin məhsulu üçün 3711 ha sahədə bostan–tərəvəz bitkiləri əkilib, həmin sahələrdən 18193 ton tərəvəz, 16917 ton bostan məhsulları, 6550 ton kartof istehsal edilib. Ötən illə müqayisədə tərəvəz istehsalı 507 ton, kartof istehsalı 247 ton, bostan məhsulları isə 215 ton artıb. Hesabat ilində 18425 ton şəkər çuğunduru istehsal edilib ki, bu da ötən ildəkindən 11025 ton çoxdur.

Rayonda Təsərrüfat hesablı İmişli rayon Aqroservis filialının yaradılması fermerlərin kənd təsərrüfatı texnikasına olan tələbatının ödənilməsində mühüm rol oynayıb. İmişli rayon Aqroservis filialı tərəfindən 198 ədəd müxtəlif kənd təsərrüfatı texnikası və qoşquları gətirilərək fermerlərin istifadəsinə verilib, bunun üçün 6 mexanikləşdirilmiş dəstə yaradılıb. 2008–ci ildə aqroservisə 9574,6 ton azot kübrəsi, 2716 ton superfosfat kübrəsi gətirilərək güzəştli şərtlərlə fermerlərə paylanıb. Ölkə Prezidenti cənab İlham Əliyevin birbaşa göstərişinə əsasən kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına yardımın verilməsi ilə bağlı Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq rayonda bu istiqamətdə xeyli iş görülüb.

Onu da əlavə edək ki, Azərbaycan Kənd İnvestisiya Layihəsinin (AzKİL) maliyyə dəstəyi ilə 2008–ci il ərzində İmişli rayonunda bir çox layihələr həyata keçirilib. Belə ki, rayonun Məmmədli kəndində 2,8 km uzunluğunda olan yolun bərpası üçün 19,3 min manat, Cavadxanlı kəndində 4,7 km yol üçün 26,6 min manat, Hacalmuradlı kəndində 5,4 km yol üçün 30,2 min manat, Boşçalılar kəndində 6,2 km yolun bərpası üçün 29,7 min manat, Qaravəlli kəndində 6,2 km yol üçün 34,9 min manat, Çaxırlı kəndində 7 km yol üçün 29,8 min manat, Məzrəli kəndində 8 km yol üçün 36,5 min manat, Soltanmuradlı kəndində 3,5 km yol üçün 17,1 min manat, Telişli kəndində 4,2 km yol üçün 28,3 min manat, Xəlfəli kəndində isə 5,7 km yol üçün 39,9 min manat, cəmi 10 layihə üzrə 292,3 min manat dəyərində təmir–tikinti işləri aparılıb.

 

Sahibkarlığın inkişafı diqqət mərkəzindədir

 

Prezident İlham Əliyevin birbaşa diqqət və qayğısı nəticəsində respublikamızın hər yerində olduğu kimi, İmişlidə də sahibkarlığın inkişafı üçün hər cür şərait yaradılıb. Bunun nəticəsidir ki, 2008–ci ildə iqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışında qeyri–dövlət sektorunun payı rayon üzrə 92,6 faiz olub. Həmin göstərici kənd təsərrüfatında 99,9, ticarətdə 99,1, nəqliyyatda 99, sənayedə 93, tikintidə isə 34,5 faiz təşkil edib. Sahibkarlığın inkişafına maliyyə yardımı göstərmək üçün 2008–ci ildə bu sektora müxtəlif mənbələrdən 2767,6 min manat qısamüddətli, 545, 4 min manat məbləğində uzunmüddətli kreditlər verilib.

 

Əhalinin enerji, qaz və içməli su ilə fasiləsiz təminatı əsas hədəflərdəndir

 

Prezident İlham Əliyevin Azərbaycanın enerji təhlükəsizliyinin təmin olunması istiqamətində atdığı addımlar və verilən müvafiq tapşırıqlar rayonlarda da uğurla həyata keçirilir. O cümlədən, haqqında danışdığımız İmişli rayonunda da bu istiqamətdə bir sıra addımlar atılıb. Rayonda əhalinin elektrik enerjisi, qaz və içməli su ilə təminatının yaxşılaşdırılması məqsədi ilə bir çox işlər görülüb. Belə ki, 2008–ci il ərzində İmişlidə 91 ədəd transformator əsaslı, 65 ədəd transformator cari təmir edilib, şəhərin Şadlinski küçəsində 1 ədəd 40 kva gücündə, Məzrəli kəndində isə 1 ədəd 63 kva gücündə yeni transformatorlar quraşdırılıb. Rayonun şəhər, qəsəbə və kəndlərində 320 ədəd istismara yararsız elektrik dayaqları dəyişdirilib, 3 km uzunluqda yararsız naqillər yeniləri ilə əvəz olunub. Qeyd etmək lazımdır ki, hesabat dövründə istifadə edilmiş elektrik enerjisinin dəyəri hər ay 100 faiz ödənilib. Hazırda bu işin uğurla davam etdirilməsi rayonda bu sahədə illərdir həllini gözləyən problemin aradan qaldırılmasını təmin edib.

Həmçinin, əhalinin təbii qazla təmin edilməsi ilə bağlı da xeyli işlər görülüb. 2008–ci ildə şəhərin 26 küçəsindəki qaz boru xətləri bərpa olunub, həmin küçələrə 10 ədəd qaz tənzimləyici şkaf quraşdırılıb. Şəhərin Xiyabani, M.Müşfiq, A.Şadlinski, Koroğlu küçələri və Gənclik məhəlləsinin qazlaşdırılması üçün 2123 p/m (paqon–metr) uzunluğunda yeni qaz boru xətti çəkilib. 2008–ci ildə 68 ədəd çoxmərtəbəli ictimai yaşayış binasının qazlaşdırılması üçün layihə–smeta sənədləri hazırlanıb, həmin binaların 16–da yaşayan 201 abonent təbii qazla təmin olunub. Hazırda şəhərin Ə.Şıxlinski, M.Müşfiq, S.Qurbanov, E.İbrahimov küçələrində təmir–bərpa işləri davam etdirilir. Rayona təbii qazın verilməyə başladığı 2005–ci ildən bu günədək 3599 abonentin evi qazlaşdırılıb və həmin evlərə qaz sayğacları quraşdırılıb.

İmişli şəhər əhalisinin içməli su ilə təmin olunması istiqamətində görülən işlər isə bu sahədə əməlli–başlı inqilaba səbəb olub. İmişli Müştərək Məhdud Məsuliyyətli Su Cəmiyyəti və İmişli Su kanal müəssisəsinin birgə həyata keçirdiyi tədbirlər nəticəsində şəhərin su təchizatı sistemində xeyli nailiyyətlərə imza atılıb.

 

İslahatlar təhsilin keyfiyyətini yüksəldib

 

Bu gün İmişli rayonunda 63 ümumtəhsil məktəbi, 15 məktəbəqədər və 4 məktəbdənkənar tərbiyə müəssisəsi və 1 peşə məktəbi fəaliyyət göstərir. Ümumtəhsil məktəblərində 18176 nəfər şagird təhsil alır ki, onların da təlim–tərbiyəsi ilə 1566 nəfər müəllim məşğul olur. Son dövrlər təhsil sahəsində aparılan uğurlu islahatlar nəticəsində rayonda təhsilin keyfiyyəti xeyli yüksəlib və təlim–tərbiyə prosesinin günün tələbləri səviyyəsində qurulması məqsədilə kompleks tədbirlər işlənib həyata keçirilib. İslahat çərçivəsində tətbiq olunan yeniliklərdən biri ümumtəhsil məktəblərinin XI siniflərində buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada aparılmasıdır. 2007–2008–ci tədris ilində imtahanlarda iştirak edən 1539 nəfər məzundan 1329 nəfəri və ya 86,3 faizi müvəffəq qiymətlər alıb ki, bu da ötən tədris ili ilə müqayisədə 54 nəfər çoxdur.

2008–ci ildə tədris müəssisələrinin maddi texniki bazasının gücləndirilməsi istiqamətində də müəyyən işlər görülüb. Belə ki, hesabat ilində 5 yeni məktəb binası tikilib, 4 məktəbdə əsaslı təmir işləri aparılıb, 2 məktəbdə isə tikinti işləri başa çatmaq üzrədir. Yeni tikilən və əsaslı təmir olunan məktəblər müasir tədris avadanlıqları və inventarlarla təmin olunub. Ümumtəhsil məktəblərindəki kompüterlərin internet xidmətinə qoşulması istiqamətində isə işlər davam etdirilir. Lakin bu istiqamətdə digər rayonlardan geridə qalınır. Rayonda hər 38 şagirdə 1 kompüter düşür ki, bu da respublika göstəricisindən aşağıdır.

Görülmüş işlərlə yanaşı, təhsil sahəsində bir sıra nöqsanlar da mövcuddur. Bunlardan ən vacibi isə peşəkar pedoqoji kadrlara olan təminatın tam ödənilməməsidir. Həmçinin, bir sıra kənd məktəblərində şagirdlərin dərsə davamiyyətinin zəif olması müəyyən problemlər ortaya çıxarır.

 

Səhiyyə işçiləri İmişli sakinlərinin sağlamlığının qeydinə qalır

 

Azərbaycan hökumətinin və Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO–nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın Azərbaycanda səhiyyə sisteminin inkişafı, tibb məntəqələrinin və xəstəxanaların yüksək standartlara uyğunlaşdırılması yönündəki fəaliyyətinin məntiqi nəticəsi olaraq bu gün təkcə paytaxtda deyil, Azərbaycanın bütün rayonlarında müasir texnologiyalarla təmin olunub, yüksək keyfiyyətli səhiyyə xidmətlərinə imkan verən tibb ocaqları fəaliyyət göstərir. İmişli rayonunda əhalinin sağlamlığının təmin edilməsi istiqamətində bir çox işlər görülüb. Qeyd etmək yerinə düşər ki, bu gün rayon ərazisində 10 xəstəxana, 9 həkim ambulatoriyası, 2 Gigiyena və Epidemiologiya Mərkəzi və 32 feldşer–mama məntəqəsi fəaliyyət göstərir. Səhiyyə müəssisələrində 117 həkim, 467 nəfər orta tibb işçisi çalışır. Əvvəlki illərdə olduğu kimi, 2008–ci ildə də əhaliyə göstərilən tibbi xidmətin səviyyəsinin yüksəldilməsi, eləcə də səhiyyə obyektlərinin maddi–texniki bazasının gücləndirilməsi istiqamətində müxtəlif xarakterli tədbirlərin həyata keçirilməsi davam etdirilib. Belə ki, hesabat ilində Rayon Mərkəzi xəstəxanasının cərrahiyyə şöbəsi əsaslı təmir edilib və müasir tibbi avadanlıqlarla təchiz olunub. Həmçinin, Rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsində və Uşaq xəstəxanasında da cari təmir işləri aparılıb. İl ərzində vaxtaşırı olaraq aparılan profilaktik tədbirlər nəticəsində əhaliyə göstərilən tibbi xidmətin səviyyəsi xeyli yaxşılaşdırılıb, nəticədə bir sıra yoluxucu xəstəliklərin yayılmasının qarşısı alınaraq onların sayı minimuma endirilib. Bu da tibbi xidmətdəki keyfiyyəti artırıb. 2008–ci ildə ötən illə müqayisədə bir sıra xəstəliklər – o cümlədən, kəskin bağırsaq infeksiyası 39–dan 13–ə, brüselyoz 67–dən 22–yə, hepatit virusu 6–dan 2–yə, malyariya 2–dən 1–ə endirilib. Həmçinin, 1 yaşadək doğulan uşaqlar arasında ölüm halları xeyli azalıb, onların sayı 2007–ci illə müqayisədə 10–dan 7–yə düşüb. Yeni doğulan uşaqların 99,3 faizi profilaktiki peyvəndə cəlb olunub.
Eyni zamanda, gənc nəslin sağlam ruhda böyüməsi üçün rayonda idmanın inkişafına xüsusi diqqət yetirilir. Rayon üzrə 32000 gənci özündə birləşdirən Gənclər və İdman idarəsi 2008–ci ildə böyüməkdə olan gənc nəslin hərbi–vətənpərvərlik tərbiyəsi, onların asudə vaxtlarının səmərəli təşkili və bir sıra idman sahələrinin inkişafı istiqamətində müəyyən işlər görüb. Son illər Heydər Əliyev adına 8500 yerlik şəhər stadionu tikilib gənclərin istifadəsinə verilib və hazırda 5 ha ərazisi olan Olimpiya İdman Kompleksinin tikintisi davam etdirilir ki, bu da yaxın vaxtlarda idmançıların istifadəsinə veriləcək.

 

İmişli ictimaiyyəti Yeni Azərbaycan Partiyasını və onun liderini dəstəkləyir

 

5449 partiya üzvünü birləşdirən Yeni Azərbaycan Partiyasının İmişli rayon təşkilatı iqtidar partiyası kimi rayonun ictimai–siyasi həyatında aparıcı rolunu uğurla davam etdirir. Hazırda rayonda ümumiyyətlə, 17 siyasi partiyanın yerli rayon təşkilatı fəaliyyət göstərir. Bəllidir ki, martın 18–də Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı referendum keçiriləcək. Rayon rəhbərliyi isə referendumun Azərbaycan qanunvericiliyinə və beynəlxalq hüququn tələblərinə uyğun keçirilməsi üçün lazımi şəraiti yaradıb. Rayonda fəaliyyət göstərən 79 saylı İmişli və 80 saylı İmişli–Beyləqan Dairə Seçki Komissiyalarının əhatə etdikləri yaşayış məntəqələrində referendum üzrə təşəbbüs qrupları yaradılıb və onların səlahiyyətli nümayəndələri təyin edilib. Referendumun yüksək səviyyədə keçirilməsini təmin etmək məqsədilə xüsusi qərargah yaradılıb. Heç şübhə yoxdur ki, rayon əhalisi referendum günü yüksək siyasi fəallıq göstərəcək və zamanın tələbindən doğan bu zəruri dəyişiklikləri birmənalı olaraq dəstəkləyəcəklər.

"Yeni Azərbaycan" təşviqat qrupunun İmişli rayon şöbəsi də bu istiqamətdə işlərini davam etdirir. Təşkilat geridə qoyduğumuz mərhələdə qəbul olunmuş plan üzrə fəaliyyət göstərib. Təşkilat qarşıdan gələn referendumda da partiyanın təklif etdiyi dəyişikliklərin İmişli ictimaiyyəti tərəfindən dəstəklənəcəyini əminliklə bildirir. Ümumiyyətlə isə İmişli rayon ictimaiyyəti Ümummilli liderimiz Heydər Əliyevin ideyalarını uğurla həyata keçirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daxili və xarici siyasət xəttini birmənalı olaraq dəstəkləyir və müdafiə edirlər.

 

Aqşin ŞAHİNOĞLU

 

Yeni Azərbaycan.-2009.- 21 fevral.- S.10-11.