Türk dünyasının böyük şairi-Bəxtiyar Vahabzadə

 

B.Vahabzadə sənətinin, xüsusilə şeir anlayışının Azərbaycanda əsrlərlə davam edən milli özünüdərk və müstəqillik uğrunda mübarizələrinin sənət sahəsində əks olunması kimi qiymətləndirmək mümkündür

 

Bir il ərzində türk dünyası ikinci çinarını itirdi: Çingiz Aytmatovun itkisindən sonra bir ulu çinarımızın biri də bu dünyaya "əlvida" dedi. Bu dəfə böyük şairimiz Bəxtiyar Vahabzadənin ölüm xəbəri ilə sarsıldıq. Hər ikisi ilə eyni vaxtlarda tanış olmuşdum. Eyni duyğuları Çingiz Aytmatov nəsrdə, Bəxtiyar Vahabzadə isə poeziyasında dilə gətirirdi.

Öz–özümə: "Bu oxşar dünyagörüşünə necə malik oldular? Necə eyni qəliblərlə ifadəetmə qabiliyyəti qazana bildilər?", – deyə var–gəl etdim.

Bir gün Çingiz Aytmatovun "Gün var əsrə bərabər" adlı romanı ilə Bəxtiyar Vahabzadənin:

 

Qoy zaman ölçüsü zamanın olsun,

Bu ölçü tərs düşər istəyimizə.

Gün var ki, ildən də uzundur uzun,

İl var ki, gündən də qısadır bizə.

 

misraları ağlıma gəldi. Bu ifadələr onların eyni qaynaqlardan bəhrələndiklərinin ən bariz nümunəsi idi. Ç.Aytmatovun "Dişi qurdun yuxusu"nda toxunduğu mənəvi kasadlığın yaratdığı ictimai bəlanı B.Vahabzadə "Ləyaqət" adlı şeirində çatdırır. Habelə, Ç.Aytmatovun romanlarında vaxtaşırı yer verilən mədəni soyqırımı və assimilyasiya məsələsi B.Vahabzadənin üzərində dayandığı mövzular arasında idi. Məsələn, şair "İki qorxu" adlı şeirində məsələni olduqca tənqidi bir üslubda dilə gətirir:

 

Guya saz avazı, guya tar səsi,

Ulu dədələrin ulu nəğməsi

Uyuşmur zamanın öz ahənginə.

Əsrimiz sığışmaz saz ahənginə,

Uyduq uzun illər caz ahənginə,

Bir soran olmadı, a qardaş, nədən?

 

Bütün türk dünyasında olduğu kimi, Türkiyədə də milli şüura malik hər kəs tərəfindən tanınan və böyük pərəstişlə oxunan Vahabzadə ədəbi dairələrdə də, xüsusilə türk dili arealının yaşayan ən böyük şairi kimi qiymətləndirilirdi.

Şübhəsiz ki, onun bu qədər tanınması və sevilməsində milli təəssübkeşliklə türk dünyası uğrunda apardığı mübarizənin böyük rolu olub. Belə ki, xüsusilə müstəqillik əldə ediləndən sonrakı yaradıcılığında milli özünüdərki və bununla əlaqədar "türk" anlayışını həmişə öndə tutmağı vəzifə hesab edən şair "Mən türkəm" adlı şeirində:

 

Əslimi, nəslimi tanıyıram mən,

Qarışıq deyiləm, özümdən hürkəm.

Sən kimsən, sən nəsən, özün bilərsən,

Mən ilk qaynağımdan türk oğlu türkəm!

şəklindəki misralarla türk olmağı ilə qürur duyan sənət və mədəniyyət xadimi kimi qarşımıza çıxır.

Təxminən 70 illik yaradıcılığında milli duyğu və düşüncə çərçivəsində qələmə aldığı 40–a qədər şeir kitabı, dram əsərləri və elmi işləri ilə türk millətinə xidmət edən şairin saçdığı işıq əsrlərdir müstəqillik uğrunda mübarizə meydanına çevrilən Azərbaycanda milli şüurun oyaq qalmasında mühüm rol oynayıb. Sovet İttifaqının dağılması ərəfəsində, 1990–cı ildə müstəqillik yönündə fəaliyyətlərə böyük dəstək verən B.Vahabzadə sonrakı dövrdə 5 dəfə millət vəkili seçilib. Xalqın ona göstərdiyi bu etimad insanlarla hansı səviyyədə bütövləşdiyinin, onların duyğu və düşüncələrinə hansı dərəcədə tərcümanı ola bildiyinin də ən böyük göstəricisidir.

B.Vahabzadə sənətinin, xüsusilə şeir anlayışının Azərbaycanda əsrlərlə davam edən milli özünüdərk və müstəqillik uğrunda mübarizələrinin sənət sahəsində əks olunması kimi qiymətləndirmək mümkündür. Belə ki, şairin "Təzadlar" adlı poemasında həkim dostu Cavanşirə ithaf etdiyi, "Bəşərin cismani ağrıları siz həkimlərin, mənəvi ağrıları isə qələm sahiblərinin ürəyindən keçir" şəklindəki ifadəsi olduqca mənalıdır. Bir sənətkar kimi əvvəlcə bəşəriyyətə, daha sonra isə öz insanlarına qarşı hiss etdiyi məsuliyyət onun sənətini formaya salan ən mühüm amillər sırasındadır. Şair xalqının dərdi ilə həmdərd olmağın ağırlığını bilir. Lakin bu ağırlıq, eyni zamanda, sənətkarı sənətkar edən, onu ucaldan əsas amillərdən birini təşkil edir: "Dərd ucaldır, dərd qocaldır".
Yaradıcılığa başladığı illərdə dövrün çətinliklərinə görə bir müddət səsini çatdıra bilməyən B.Vahabzadə Azərbaycan və dolayısı ilə türk milləti üzərində oynanılan oyunlara qarşı ilk etirazını "Gülüstan" adlı poeması ilə bildirib. İllər əvvəl çar Rusiyası ilə İranın Azərbaycan torpaqlarına qarşı yürütdükləri parçalama siyasətinin ifşa edildiyi əsərdə ikiyə bölünmüş torpaqlarda baş verən faciəyə qarşı duyulan qəzəb var. 1959–cu ildə çap olunmamışdan çox qabaq xalqın dilində və qəlbində özünə yer tapan bu əsər, eyni zamanda, sənətkarın özünü daxildən gəmirən, qəlbinə sığmayan duyğu və düşüncələrin partlayışı səviyyəsində bir əsərdir. Sözügedən poemanın nəşr olunması təbii olaraq onu bir çox çətinliklərlə üz–üzə qoymuş, şair bir müddət universitetdən uzaqlaşdırılıb. Ancaq ürəyi alovlu azadlıq eşqi ilə yanan şairin bu şəkildə susdurulması mümkün olmayacaqdı. Belə ki, müqəddəs hesab etdiyi yolda axıra qədər mübarizə aparmağı əsas prinsip kimi qəbul edən şair, "Həyat və ölüm" poemasında Hüseyn Cavidin:

 

Ölüm var ki, həyat qədər dəyərli,

Həyat var ki, ölümdən də zəhərli...

 

şəklindəki beytində ilhamla ölümün də "yaxşısı, pisi, şərəflisi, şərəfsizi" olduğunu göstərmək istəyir.

Edilən ədalətsizlikləri, duyğu və düşüncələrini xalqı ilə bölüşmək təşvişlərini gələcək nəsillərə çatdırmaq məqsədini əsərlərində əks etdirməyə çalışan B.Vahabzadə "Gülüstan" poemasından sonra oxucusunu daha çox simvolik mənalarla başa salmağa istiqamətlənir. Bu metod, əslində, keçmişdə oxşar vəziyyətlə qarşılaşan şair və yazıçıların tez–tez baş vurduqları bir üsuldur.

Məlum olduğu kimi, yaxın keçmişdə, Stalinin dövründə Azərbaycanın mədəniyyət həyatında bir çox yazıçı ya qələmini atmaq məcburiyyətində qalmış, ya üslub dəyişdirmiş, ya da onları sürgün, həbs və edam kimi cəzalarla neytrallaşdırılmağa çalışmışlar. Milli şüur çərçivəsində fəaliyyət göstərən ziyalıların "qəsdçi", "zərərli", "trotskiçi", "pantürkist", "panislamist" kimi damğalarla günahlandırılması mədəniyyət sahəsində böyük təsir buraxmış, yüzlərlə elm, mədəniyyət, sənət xadimi hər hansı formada passivləşdirilməklə, mədəniyyət, ədəbiyyat və elm sahələrində böyük dağıntıya səbəb olub.

Həmin bu illərdə ölkəsinin dilini, tarixini, gələcək perspektivlərini yaxşı bilən elm və mədəniyyət xadimləri duyğu və düşüncələrini dolayı bir şəkildə sətiraltı çatdırmağa yönəlmişlər, əksər hallarda simvolik ifadələrə, uzaq mənalara baş vurmuşlar. Bu baxımdan ortaya qoyulan əsərlərdə bəzən Yaxın Şərq ölkələrində cərəyan edən müstəqillik hərəkatları tədqiq edilib, bəzən də Abdulla Şaiq, Cəfər Cabbarlı, Yusif Vəzir Çəmənzəminli, Cəlil Məmmədquluzadə, Süleyman Sani Axundov və Məmməd Səid Ordubadi kimi mövzular daha çox tarixi hadisələrdən, fərqli həssaslıqdan seçilərək işlənib.

Bəxtiyar Vahabzadənin "Gülüstan" poemasından sonra yazdığı ədəbi əsərlərin bir çoxunda da bu ənənədən istifadə etdiyini görürük. Üzləşdiyi çətinliklərə rəğmən, şair "Ağlar güləyən", "Yollar – oğullar", "Təzadlar", "Mərziyyə", "Fəryad" kimi əsərlərində eyni psixologiya ilə milli iztirablarını dilə gətirib. "Azadlıq" axtarşışını bəzən, "Fəryad" pyesində olduğu kimi, Nəsiminin dili ilə səsləndirib, bəzən "Yollar – oğullar" poemasında olduğu kimi, başqa xalqların azadlıq hərəkatlarını gözdən keçirib, tarixi cəhəti ilə, əslində, "Azadlıq" duyğularının bir xülasəsi olduğuna eyham vurub. Bəzən də yenə "Mərziyə" əsərində oduğu kimi, Güney Azərbaycanda aparılan milli özünüdərk mübarizəsinə yönəlib. Eyni şəkildə şair "Ağlar güləyən"in "Üsyan" hissəsində Sabir və Səhhət dialoqunda bütünlüklə öz duyğularını dilə gətirməyə çalışıb:

 

Min arzu bəsləyirəm

Mən, axı, hər nəfəsdə.

Qanadım var, göyüm yox,

Necə uçum qəfəsdə?

 

Artıq bütün qəfəslərdən uzaqsan, ey ulu çinar! Könlün istədiyi qədər, istədiyin yerə uç, uça bildiyin qədər. Ruhun şad olsun!

 

 

Fikrət TÜRKMƏN,

Türk Dünyası Araşdırmaları

İnstitutunun direktoru, professor

Türkiyə – İzmir.

 

Yeni Azərbaycan .-2009.- 21 fevral.- S. 9.