Referendum- xalqın və zamanın tələbi
Azərbaycan
Respublikası Milli Məclisinin 26 dekabr 2008-ci il tarixli
iclasında “Azərbaycan Respublikasının Konstitusiyasına
əlavələr və dəyişikliklər edilməsinə
dair Ümumxalq səsverməsinin (Referendumun) keçirilməsi
haqqında” qərar qəbul edilib. Təklif olunan əlavə
və dəyişikliklərin böyük qismi insan hüquq və
azadlıqları ilə bağlı olub bu sahədə daha səmərəli
təminat mexanizmləri formalaşdırmaq məqsədi
daşıyır.
Referendum 18 mart
2009-cu ildə keçiriləcək. Azərbaycan Respublikasının
Konstitusiyası Ümummilli
lider Heydər Əliyevin rəhbərliyi
ilə hazırlanıb
və 1995-ci ildə ümumxalq səsverməsi
yolu ilə qəbul olunub. Həmin dövrdən indiyədək
Azərbaycan cəmiyyəti
böyük inkişaf
yolu keçib. İctimai-siyasi sabitliyin qorunması, sosial-iqtisadi, mədəni sahələrdə
qazanılan nailiyyətlər,
regionların sürətli
inkişafı, insanların
rifah halının daha da yaxşılaşdırılması,
beynəlxalq əlaqələrin
möhkəmləndirilməsi, ölkəmizin insan hüquq və azadlıqlarının daha
etibarlı təminatı
ilə bağlı bir sıra beynəlxalq
konvensiyalara və sazişlərə qoşulması,
Avratlantik məkana inteqrasiya prosesinin sürətləndirilməsi istiqamətində
atılan addımlar uğurlarımızın tərkib
hissəsidir. Konstitusiyaya əlavələr
və dəyişikliklər
edilməsi də bu inkişafın və yeniləşmənin,
daha doğrusu, zamanın tələbidir.
Referendumla
Konstitusiyanın 29 maddəsinə əlavə və dəyişikliklərin
edilməsi nəzərdə tutulur.
İlk əlavə
Konstitusiyanın 12-ci maddəsinə edilir və bununla da
dövlətin ali məqsədləri siyahısına ölkə
vətəndaşlarının layiqli və firavan həyat səviyyəsinin
təmin olunması da daxil edilir.
Konstitusiyanın 17-ci
maddəsinə edilən əlavə və dəyişikliklər
cəmiyyətimizin gələcəyi olan uşaqların həyatının,
sağlamlığının və mənəviyyatının
müxtəlif təhlükələrdən qorunmasına
yönəlib. Həmin maddəyə təklif olunan ilk əlavəyə
görə, “Valideynləri və ya qəyyumları olmayan,
valideyn qayğısından məhrum olan uşaqlar dövlətin
himayəsi altındadırlar”. İkinci əlavəyə
görə, “Uşaqları onların həyatına,
sağlamlığına və ya mənəviyyatına təhlükə
törədə bilən fəaliyyətə cəlb etmək
qadağandır”. Bu əlavələr valideyn himayəsindən
məhrum uşaqların dövlətin hərtərəfli
qayğısı ilə himayə olunmasına daha etibarlı
zəmin yaradır. Təklif olunan üçüncü əlavədə
göstərilir ki, “15 yaşına çatmamış
uşaqlar işə götürülə bilməzlər”. Bu
müddəa respublikada uşaq əməyinin istismarı
hallarına qarşı mübarizənin gücləndirilməsi
baxımından böyük əhəmiyyət kəsb edir.
Konstitusiyanın 18-ci
maddəsinin II hissəsində “dinlərin” sözündən
sonra “(dini cərəyanların)” sözlərinin əlavə
edilməsi nəzərdə tutulur. Bu zərurət ondan irəli
gəlir ki, din ümumi məfhumdur, lakin dinlərin qolları
sayılan bir sıra radikal cərəyanlar vardır ki,
onların baxışlarında insanpərvərlik prinsiplərinə
və insan ləyaqətinə zidd olan nüanslar mövcuddur.
Bu cür cərəyanların ölkəmizdə
yayılması dini durumun gərginləşməsinə və
radikallıq meyillərinin artmasına şərait yarada bilər.
Bütün sivil ölkələrdə insanpərvərlik
prinsiplərinə zidd və insan ləyaqətini alçalda
biləcək dini cərəyanların yayılmasının
qarşısı qanunla alınır. Bu sahədə
qanunvericilik bazasının ölkəmizdə də təkmilləşdirilməsi
dövlətçiliyimizin möhkəmləndirilməsi və
dini durumun sabitliyinin qorunması baxımından böyük əhəmiyyət
kəsb edir. Bu dəyişikliklə, həmin cərəyanların
ölkəmizdə yayılmasının qarşısı
qanun çərçivəsində tamamilə
alınacaqdır.
Bundan başqa, dinlərin
özündən yaranan bir sıra cərəyanlar da
mövcuddur ki, bu cərəyanları konkret dinlərə
şamil etmək düzgün olmaz. Onlar ilahi dinlərin təsirindən
yaransa da, ayrılıqda müstəqil dini cərəyanlar
kimi fəaliyyət göstərirlər. Bunlardan başqa, bəşəri,
dini-mifoloji və fəlsəfi cərəyanlar da mövcuddur.
Qeyd olunan mülahizələr
Konstitusiyaya “dini cərəyanların” sözlərinin əlavə
edilməsini zəruri edib.
Konstitusiyanın 32-ci
maddəsinin II hissəsinə edilən əlavə Azərbaycan
ailəsini qanunsuz müdaxilədən müdafiə edir və
bununla da ailə institutu möhkəmləndirilir. Birinci əlavədə
göstərilir ki, “Hər kəsin şəxsi və ailə
həyatına qanunsuz müdaxilədən müdafiə
hüququ vardır”. İkinci əlavədə isə qeyd
olunur ki, “Qanunla müəyyən edilmiş hallar istisna olmaqla,
heç kəs onun xəbəri olmadan və ya etirazına
baxmadan izlənilə bilməz, video və foto çəkilişinə,
səs yazısına və digər bu cür hərəkətlərə
məruz qoyula bilməz”. Təklif edilən bu müddəalar
hər bir şəxsin toxunulmazlıq hüququnun konstitusion əsaslarını
möhkəmləndirməklə, insan və vətəndaş
hüquq və azadlıqlarının daha səmərəli
qorunmasına şərait yaradır.
Həmin maddəyə
olunan digər əlavələr də insan hüquq və
azadlıqlarının möhkəmləndirilməsinə
xidmət edir.
Konstitusiyanın 39-cu
maddəsinə edilən əlavələr insan
sağlamlığına bilavasitə təsir göstərən
ekoloji problemlərin daha səmərəli həllinə
yönəlib və bu tipli problemlər müasir qloballaşan
dünyada çox aktualdır.
Konstitusiyanın 48-ci
maddəsinə aşağıdakı məzmunda yeni V hissənin
əlavə edilməsi nəzərdə tutulur: “V. Heç kəs
öz dini etiqadını və əqidəsini ifadə etməyə
(nümayiş etdirməyə), dini mərasimləri yerinə
yetirməyə və ya dini mərasimlərdə iştirak
etməyə məcbur edilə bilməz”.
Bu hissənin əlavə
edilməsi ilk növbədə vicdan azadlığı
prinsipinin pozulması hallarının aradan qalxmasında
mühüm rol oynayır. Bəzi hallarda ailə
başçısı ailə üzvlərini vadar edir ki,
onlar zahiri görünüşlərində və
davranışlarında dini etiqadlarını nümayiş
etdirsinlər (baş bağlamaq, saqqal saxlamaq və s.) və
ya bəzi dini cərəyanlar məqsədli şəkildə
insanları müxtəlif mərasimlərdə iştiraka,
aksiyalara maddi yardım göstərməyə vadar edirlər.
Son dövrlər cəmiyyətdə öz dini
etiqadını nümayiş etdirməyə, dini mərasimlərdə
iştiraka məcbur meyillərin artması müşahidə
olunur. Bəzi qüvvələr öz güclərini göstərmək
və məqsədlərinə nail olmaq üçün din
amilindən bəhrələnməyə
çalışırlar. Hətta müxtəlif üsullardan
istifadə edərək ətraflarındakı insanları da
onlar kimi düşünməyə, dini ayinlərin yerinə
yetirilməsinə və dini mərasimlərdə iştiraka
məcbur edirlər. Bu da öz növbəsində dini etiqad
azadlığı prinsiplərinin pozulmasına gətirib
çıxarır. Sözügedən dəyişikliyin edilməsi
ilə bu kimi neqativ halların qarşısı tamamilə
alınacaq.
Beləliklə, qeyd
olunanlar 48-ci maddəyə ayrıca V hissənin əlavə
olunmasını zəruri edib.
Konstitusiyanın 50-ci,
67-ci, 71-ci, 72-ci, 75-ci maddələrinə edilən əlavə
və dəyişikliklər də çox mütərəqqidir.
71-ci maddəyə edilən əlavələr üzərində
dayanmaq istərdik.
II hissəyə əlavə
edilən cümlə:
“Hər kəsin
hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda
müəyyən edilmiş əsaslarla, habelə, digərlərinin
hüquq və azadlıqları ilə məhdudlaşır”.
Əlavə edilən IX
və X hissələr:
“IX. Hər kəs qanunla
qadağan olunmayan hərəkətləri edə bilər və
heç kəs qanunla nəzərdə tutulmayan hərəkətləri
etməyə məcbur edilə bilməz”.
“X. Dövlət
orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən
edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə
bilərlər”.
96-cı maddəyə
edilən əlavə və dəyişiklik, ölkədə
demokratiyanın daha da inkişaf etdirilməsinə xidmət
edir. Azərbaycan Respublikasının seçki hüququ olan
40 min vətəndaşına Milli Məclisdə qanunvericilik
təşəbbüsü ilə çıxış etmək
hüququnun verilməsi demokratik dəyərlərin gücləndirilməsinə,
insan hüquq və azadlıqlarının daha etibarlı təmin
olunmasına və inkişafına yönəlib.
Konstitusiyanın 101-ci maddəsinə edilən dəyişiklik
müharibə şəraitində olan Azərbaycan
Respublikası üçün xüsusilə zəruridir və
hər bir insanın seçki hüququnun daha dolğun, səmərəli
şəkildə həyata keçirilməsinə,
xalqımızın milli maraqlarına xidmət edir. Öz vəzifəsini
şərəf və ləyaqətlə yerinə yetirən,
xalqın etimadını və dəstəyini qazanan Prezidentin
yalnız iki dəfə deyil, daha uzun müddətə
Prezident seçilməsinin mümkünlüyü xalq,
ölkə və cəmiyyət üçün olduqca
faydalıdır. Dövlətin idarə olunmasında
bacarıqlı, səriştəli, təcrübəli,
ölkənin inkişafını təmin edən, onu qələbələrə
aparmağa qadir olan şəxsin iki dəfədən artıq
prezident seçilməsinə məhdudiyyət
qoyulmamalıdır. Bu baxımdan 101-ci maddə yeni redaksiyada
uğurlu alınıb və bu günün, müharibə
şəraitində yaşayan, təcavüzə uğrayan
bir ölkənin reallıqlarını özündə əks
etdirir.
Konstitusiyanın 125-ci,
129-cu, 130-cu və 131-ci maddələrinə edilən əlavə
və dəyişikliklər məhkəmə
orqanlarının işinin təkmilləşdirilməsinə,
məhkəmə qərarlarının təsir
gücünün və səmərəliliyinin daha yüksək
səviyyədə təminatına, məhkəmə qərarlarının
icrası sahəsində bəzi problemlərin tamamilə
aradan qaldırılmasına xidmət edir.
146-cı maddəyə
edilən əlavə və dəyişikliklər əhəmiyyətlidir,
çünki bələdiyyə orqanlarının işinin təkmilləşdirilməsinə,
yerli özünüidarəetmə sahəsində
intizamın mökəmləndirilməsinə hüquqi şərait
yaradır.
Konstitusiyanın 149-cu
maddəsinə edilən əlavə qanunvericilik sisteminin
möhkəmləndirilməsinə, şəffaflığına
və inkişafına xidmət edir.
Referenduma
çıxarılan əlavə və dəyişikliklərin
nəzərdən keçirilməsi belə qənaətə
gəlməyə əsas verir ki, irəli sürülən
müddəalar xalq və dövlət mənafeyinə,
insanların hüquq və azadlıqlarının daha
etibarlı təminatına, gələcək sürətli
inkişafımıza xidmət edir.
Konstitusiyaya təklif
edilən əlavələr və dəyişikliklər,
heç şübhəsiz, Azərbaycan Respublikasının
güclü iqtisadiyyata və orduya malik olmasını,
nümunəvi hüquqi və demokratik dövlətə
çevrilməsini sürətləndirəcək.
Əsgərov Yusif
Yeni Azərbaycan.- 2009.- 24 fevral.- S.6.