Sabirabad seçiciləri Konstitusiyaya təklif olunan əlavə
və dəyişikliklərə səs verəcək
Bu
fikir “Yeni Azərbaycan” təşviqat qrupunun üzvlərinin
rayon sakinləri ilə görüşündə bir daha bəyan
olunub
“Yeni Azərbaycan” təşviqat
qrupunun üzvləri rayonlarda seçicilərlə
görüşlərini davam etdirir. Dünən belə
görüşlərin biri də Sabirabadda baş tutub. Rayon mərkəzində
ictimaiyyət nümayəndələri ilə keçirilən
görüşdə çıxış edən “Yeni Azərbaycan”
təşviqat qrupunun rayon şöbəsinin rəhbəri
Nadir Quliyev seçicilərin ötən il keçirilmiş
prezident seçkilərində olduğu kimi, referendumda da
yüksək fəallıq nümayiş etdirəcəklərinə
əmin olduğunu bildirib: “Sabirabadlılar hər zaman dövlətçiliyimizin
möhkəmlənməsində, Azərbaycanın
inkişafında bu və ya başqa formada yer alıblar. Məhz
bu səbəbdən əminliklə deyə bilərəm ki,
Azərbaycanda iqtisadi inkişafın yeni mərhələsini
təmin edəcək, hüquqi dövlət quruculuğunda
növbəti mərhələ olacaq, insanlarımızın
hüquq və azadlıqlarının möhkəmləndirilməsinə
xidmət edəcək və mart ayının 18-də
keçiriləcək referendumda hamı bir nəfər kimi təklif
olunan Konstitusiya Aktının lehinə səs verəcəklər”.
Sonra
çıxış edən “Yeni Azərbaycan” təşviqat
qrupunun səlahiyyətli nümayəndəsi Kərim Kərimov
ilk olaraq mövcud Konstitusiyanın 1995-ci ildə Ümummilli
liderimiz Heydər Əliyevin rəhbərliyi ilə ümumxalq
səsverməsi yolu ilə qəbul olunduğunu
xatırladıb. O, bu Ana Yasanın mükəmməl bir
hüquqi baza olduğunu və beynəlxalq standartlara cavab
verdiyini vurğulayıb. Lakin bununla belə, natiq
vurğulayıb ki, 1995-ci ildən bu yana Azərbaycan
böyük inkişaf yolu keçib: “Bu gün Azərbaycan
öz inkişaf sürətinə görə, dünyada
liderdir. Azərbaycan Prezidenti İlham Əliyevin
apardığı məqsədyönlü siyasət nəticəsində
ölkəmiz gündən-günə inkişaf edir, dövlətimizin
potensialı artır. Bu gün Azərbaycanda elə bir sahə
tapmaq mümkün deyil ki, orada böyük, inqilabi dəyişikliklər,
islahatlar aparılmasın. Bununla yanaşı, bilirsiniz ki, Azərbaycan
beynəlxalq əlaqələrini genişləndirir, Avropa
Şurası və BMT kimi təşkilatların tamhüquqlu
üzvüdür. Təbii ki, bu təşkilatlarla əməkdaşlıq
Azərbaycanın dövlət maraqlarına xidmət edir. Amma
unutmamaq lazımdır ki, ölkəmiz qarşısında
açılan yeni əməkdaşlıq perspektivləri,
yeni imkanlar ölkəmizin qanunvericiliyində də müəyyən
islahatların aparılmasını şərtləndirir. Qanunlar
isə ölkə Konstitusiyasından qidalanır, qanunların
əsas bazası, söykənəcəyi Azərbaycan
Respublikasının Konstitusiyasıdır. Qanunlarımızı
təkmilləşdirmək, yeni tələblərə
uyğunlaşdırmaq üçün Konstitusiyaya dəyişikliklər
etmək zamanın tələbidir. Məhz bu səbəbdən
də mən hər birinizi mart ayının 18-də
keçiriləcək referendumda Azərbaycan
Respublikasının Konstitusiyasına təklif olunan əlavə
və dəyişikliklərə səs verməyə
çağırıram. Əmin ola bilərsiniz ki, bu dəyişikliklər
hər bir azərbaycanlının həyat şəraitinin
yaxşılaşdırılmasına, hüquq və
azadlıqlarının möhkəmləndirilməsinə,
dövlətimizin inkişafına imkan yaradacaq”.
Sonra
çıxış edən “Yeni Azərbaycan” təşviqat
qrupunun vəkili, Milli Məclisin üzvü Rüstəm Xəlilov
Konstitusiyaya təklif olunan dəyişikliklərin izahatını
verib. Onun sözlərinə görə, bu dəyişikliklərin
hər biri xalqımızın həyat şəraitinin daha da
yaxşılaşmasına, evimizdəki
övladlarımızın gələcəyinin təminat
altına alınmasına yönəlib: “Məsələn,
Konstitusiyanın 12-ci maddəsinə təklif olunan dəyişiklikdə
deyilir ki, dövlət Azərbaycan Respublikası vətəndaşlarının
layiqli həyat səviyyəsinin təmin edilməsi vəzifəsini
öz üzərinə götürür. Sual oluna bilər
ki, niyə məhz bu gün dövlət bu addımı
atır? Cavab birmənalıdır-Mövcud Konstitusiyamız qəbul
olunarkən dövlətimizin imkanları bu günümüzlə
müqayisədə olduqca aşağı səviyyədə
idi. Lakin bu gün Azərbaycan inkişaf etdikcə, maddi
imkanları artdıqca, dövlətimiz artıq vətəndaşların
layiqli həyat səviyyəsi ilə təmin olunması kimi
çox ağır və böyük məsuliyyəti öz
üzərinə götürür. Bu isə o deməkdir ki,
hər bir vətəndaşının sosial həyatının
təmin olunması dövlətin başlıca məqsədidir
və dövlətimiz bu məsələnin həllini prioritet
hesab edir. Bundan başqa, Konstitusiyanın 17-ci maddəsinə təklif
olunan dəyişiklikdə uşaq hüquqların möhkəmləndirilməsi
nəzərdə tutulur. Mən əminəm ki, bu gün gələcəyimiz
olacaq uşaqlarımızın həyatı, onların
böyük potensiala malik bir nəsil kimi yetişməsi
hamımızı narahat edir. Dövlətimiz bu
narahatçılığımızı
bölüşür, uşaqların gələcəyinin təminat
altına alması istiqamətində indidən əməli
addımlar atır”.
R.Xəlilov digər maddələr
üzrə də izahatlar verib və hər bir dəyişikliyin
əhəmiyyətindən danışıb.
Görüşün
sonunda təşviqat qrupunun üzvləri seçiciləri
maraqlandıran suallara cavab veriblər.
Növbəti görüş
isə Sabirabad rayonu Kürkəndi kəndində baş tutub.
Burada da seçicilərə Konstitusiyaya təklif olunan əlavə
və dəyişikliklərlə bağlı əlavə məlumat
verilib. Təşviqat qrupunun səlahiyyətli nümayəndəsi
Kərim Kərimov Konstitusiya islahatlarının
dövrümüzün tələbləri olduğunu, bu dəyişikliklərin
Azərbaycan dövlətinin inkişafına xidmət etdiyini
diqqətə çatdırıb. Qrupun vəkili Rüstəm
Xəlilov isə dəyişikliklər barədə ətraflı
məlumat verib.
Dünən “Yeni Azərbaycan”
təşviqat qrupunun üzvlərinin daha bir
görüşü Qaratəpə və Nizamikənd kəndlərində
olub. Tədbirlərdə yerli sakinlər bir daha əmin ediblər
ki, martın 18-də keçiriləcək seçkilərdə
Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərin
lehinə səs verəcəklər.
Məleykə Həsənova
- Sabirabad sakini, təhsil işçisi:
- Mən Referendum
Aktı ilə tanış olmuşam, demək olar ki, təklif
olunan dəyişikliklər Azərbaycanın mövcud
reallıqlarını, iqtisadi inkişaf tempini özündə
əks etdirir. Məsələn, mən 12-ci maddəyə təklif
olunan dəyişikliyi misal çəkə bilərəm. Bu
maddəyə təklif olunan dəyişikliyə əsasən,
dövlətimiz vətəndaşlarımızın sosial vəziyyətinin
daha da yaxşılaşdırılmasını bir ali məqsəd
kimi müəyyənləşdirib və bu istiqamətdə
fəaliyyətini daha fəal şəkildə davam etdirəcək.
Ümumiyyətlə, Konstitusiyaya təklif olunan 29 dəyişikliyin
hər biri Azərbaycan dövlətinin qüdrətlənməsinə,
insanlarımızın həyat səviyyəsinin yüksəldilməsinə,
insan hüquq və azadlıqlarının öhkəmləndirilməsinə
xidmət edir. Buna görə də, təklif olunan dəyişikliklər
bir azərbaycanlı kimi məni qane edir və mən bu dəyişiklikləri
dəstəkləyirəm.
Urfulla Qocayev - fermer:
- Mən Yeni Azərbaycan
Partiyası tərəfindən Azərbaycan Respublikası
Konstitusiyasına təklif olunan əlavə və dəyişikliklərlə
tanışam və düşünürəm ki, bunların
hamısı dövlətimiz üçün xeyirli dəyişikliklərdir.
Bu dəyişikliklərdə evdəki, baxçadakı
uşaqlarımızdan tutmuş ən yaşlı
ağsaqqalımıza qədər hamının vəziyyətinin
yaxşılaşdırılması,
hüquqlarımızın müdafiəsi sahəsində
qarşıya çıxan problemlərin daha keyfiyyətli həlli
öz əksini tapıb. Mən bu dəyişiklikləri dəstəkləyirəm.
Fatma Hüseynova - Sabirabad sakini, Prezident təqaüdçüsü:
- Mən dövlətimizin
bizə diqqət və qayğısından razıyam, Azərbaycandakı
inkişafı görürəm, ürəyim
açılır. Bu inkişafın davam etməsini istəyirəm.
Ona görə də, Konstitusiyaya təklif olunan əlavə və
dəyişiklikləri dəstəkləyirəm. Martın
18-də keçiriləcək referendumda bu dəyişikliklərin
lehinə səs verəcəyəm. Çünki bu dəyişikliklər
Azərbaycanımız üçün yeni imkanlar, yeni
qapılar açacaq.
Elmdar Quliyev - Axısxa
türkü:
- Hesab edirəm ki, bu referendum
Azərbaycanın gələcək inkişafı
baxımından olduqca vacib mərhələlərdən
biridir. Ona görə də, hər bir azərbaycanlı kimi mən
də bu prosesdə fəal iştirak edəcəm.
Fikrət Nuriyev -
Sabirabad rayonu, Nizamikənd sakini:
- Biz təhsil
işçiləri olaraq, Konstitusiyaya dəyişikliklər
edilməsi təşəbbüsünü
alqışlayır və dəstəkləyirik. Mənim
fikrimcə, bu dəyişikliklər xalqımızın
güzəranının daha da yaxşılaşması, insan
hüquq və azadlıqlarının möhkəmlənməsi,
dövlətimizin inkişafı üçün daha
yaxşı imkanlar yaradacaq. Uşaqlarımızın
hüquqları ilə bağlı nəzərdə tutulan dəyişiklikləri
isə xüsusilə qeyd etmək istəyirəm.
Rahib Hüseynov -
Sabirabad rayonu Qaratəpə sakini:
- Əgər bu dəyişikliklər
xalqımız, dövlətimiz üçün daha
yaxşı gələcək vəd edirsə, mən niyə
buna qarşı çıxmalıyam. Mən bu dəyişiklikləri
dəstəkləyirəm, referendum günü də gedib
lehinə səs verəcəyəm.
Səxavət Cəbiyev
- Sabirabad rayonu, Nəsimikənd sakini:
- Bu Konstitusiya
islahatları respublikamızda həyata keçirilən
böyük siyasi kampaniyalardan biridir. Mənim fikrimcə, bu
islahatlar xoş mərama söykənir və dövlətimizin
daha da inkişafına xidmət edəcək. Bir seçici
kimi mən də 18 martda seçki məntəqəsinə
gedib öz mövqeyimi bildirəcəm və dəyişikliklərin
lehinə səs verəcəyəm.
Əliabbas Rzayev -
Sabirabad rayonu, Nərimankənd sakini:
- Mənim Konstitusiya
islahatları ilə bağlı düşüncəm
müsbətdir və hətta bu dəyişiklikləri zərurət
hesab edirəm. Özüm də 18 martda səsvermə məntəqəsinə
gedib, bu dəyişikliklərin lehinə səs verəcəyəm.
Aqşin ŞAHİNOĞL
Yeni Azərbaycan.- 2009.- 27 fevral.- S.7.