Hacıqabul seçiciləri Konstitusiyaya təklif olunan əlavə və dəyişiklikləri dəstəkləyir 

 

“Yeni Azərbaycan” təşviqat qrupu rayon ictimaiyyəti ilə görüşüb

 

Dünən “Yeni Azərbaycan” təşviqat qrupu Hacıqabul rayonunun Muğan qəsəbəsində, I və II Udulu kəndlərində martın 18-də keçiriləcək referendumla bağlı təbliğat kampaniyası çərçivəsində seçicilərlə görüş keçirib. Görüşdə çıxış edən “Yeni Azərbaycan” təşviqat qrupunun Hacıqabul şöbəsinin sədri Hafiz Bəşirov ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən təkliflər layihəsinin olduqca böyük əhəmiyyətə malik olduğunu deyib. Müstəqil Azərbaycanın Konstitusiyasının 1995-ci ildə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlandığını vurğulayan natiq Ana Yasamızın özündə mütərəqqi məsələləri əks etdirdiyini önə çəkib: “Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı təkliflər layihəsində qeyd olunan müddəalar Azərbaycanın inkişafının, dövlət müstəqilliyinin möhkəmləndirilməsinə, qüdrətlənməsinə xidmət edir. Azərbaycan iqtisadi-siyasi cəhətdən inkişaf etdikcə Konstitusiyada bəzi dəyişikliklərin olunması, müəyyən mənada, həm də zərurətə çevrilir. Son illərdə Azərbaycanda həyata keçirilən islahatlar, aparılan işlər ölkəmizin dünyanın ən aparıcı iqtisadiyyatına malik dövlətlərindən olduğunu deməyə əsas verir. Bu səbəbdən Azərbaycan öz hüquqi sənədlərində də müəyyən modernləşməyə imza atmalıdır. Azərbaycan Konstitusiyası insan hüquqlarının qorunması baxımından olduqca mükəmməl bir sənəddir, amma ötən 14 il ərzində Azərbaycan bir sıra beynəlxalq təşkilatların insan hüquq və azadlıqları ilə bağlı konvensiyalarına qoşulub. Bu isə Azərbaycan Konstitusiyasında həmin konvensiyaların tələblərinə uyğun qanun aktlarının qəbuluna baza yaratmağı tələb edir. Əlavə və dəyişikliklər layihəsi bu üzdən Azərbaycanın gələcək inkişafına dəstək sayıla bilər”.

Hafiz Bəşirov referenduma təqdim olunan əlavə və dəyişikliklər layihəsində qeyd olunan müddəaların xalqımızın sosial rifahının yüksəldilməsinə yaxından kömək edəcəyini deyib. O, vurğulayıb ki, Konstitusiyaya əlavə və dəyişikliklərdə qeyd edilən insan hüquq və azadlıqları ilə bağlı məsələlər məhz Azərbaycanın inkişaf dinamikası ilə bağlıdır: “Hər bir dövlət öz tarixində yeniliklər etməyə borcludur. Sənəddə yer alan bütün müddəalar xalqın həyat səviyyəsının yüksəldilməsinə xidmət göstərir. Məsələn, Konstitusiyanın 12-ci maddəsinə edilən əlavədə göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Bu olduqca yüksək bir amaldır. Artıq həm iqtisadi imkanları artan, həm də siyasi cəhətdən dünya arenasında yerini möhkəmləndirmiş Azərbaycan dövləti vətəndaşının layiqli həyat səviyyəsinin təminatını özünün ali məqsədi sayır. Bu müddəa birbaşa xalqımızın sosial rifahının yüksəldilməsinə xidmət göstərir. Qeyd etmək lazımdır ki, Ümummilli liderimiz Heydər Əliyevin millətin rifahına yönəlik siyasəti bu gün Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün insanların sosial rifahının yüksəldilməsinin Konstitusiya səviyyəsində təsbiti bu uğurun nəticəsi sayıla bilər”.

Daha sonra irəli sürülən təkliflərin bəziləri ilə bağlı məlumat verən H.Bəşirov Referendum Aktında əsasən insanlarımızın hüquqlarının artırılması istiqamətində müddəaların genişləndirildiyini önə çəkib: “Konstitusiyaya təqdim olunan əlavə və dəyişikliklərdə yer alan müddəalar əsasən vətəndaşlarımızın hüquq və azadlıqlarının artırılmasına xidmət göstərir. Burada yer alan müddəalar gələcəkdə insan hüquq və azadlıqları kontekstində olduqca genişmiqyaslı qanunların hazırlanmasına yol açacaq. İnanıram ki, xalqımız bu dəyişiklikləri dəstəkləyəcək. Mən bütün Hacıqabul seçicilərini martın 18-də keçiriləcək referendumda aktiv iştiraka səsləyir və irəli sürülən əlavə və dəyişikliklərə səs verməyə çağırıram”.

Çıxış edən “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu Azərbaycan xalqının mühüm tarixi hadisə ilə qarşı-qarşıya olduğunu bildirib. Dövlət institutlarında, qanunvericiliklərdə vaxtaşırı təkmilləşdirmələrin aparılmasını inkişaf xəttinin əsas meyarı sayan H.Babaoğlu Azərbaycan dövlətinin son illərdə böyük inkişaf yolu keçdiyini qeyd edib. Bu, inkişaf nəticəsində ortaya çıxan yeni münasibətlərin tələbindən irəli gələn hüquq sistemində də müəyyən əlavə və dəyişikliklərə ehtiyac yaradır: “Xalqdan gələn təkliflər ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyası tərəfindən Milli Məclisdə səsləndirilib və parlamentimiz bu yeniliklər layihəsinin ümumxalq səsverməsinə çıxarılmasına səs verib. Hazırda reallaşan görüşlər, təşviqat kampaniyası da məhz bu əlavə və dəyişikliklərin izahı, xalqın bu yeniliklərlə daha yaxından tanış edilməsi xarakteri daşıyır. Həyata keçiriləcək əlavə və dəyişikliklər ölkəmizdə yeni hüquqi münasibətlərin əsasını qoyacaq və qanunlarımızın daha da təkmilləşməsinə stimul verəcək. Hər bir dövlətin idarə olunmasında qanunlar əsas rola malikdir. Bu qanunların qəbulunun, işlənib hazırlanmasının əsasında isə Konstitusiya dayanır. Müasir, müstəqil ölkəmizin siyasi iradəsindən doğan Azərbaycan Konstitusiyası 1995-ci ildə ulu öndərimiz Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanıb. Bu gün ulu öndərimizin siyasi xəttini davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fəaliyyəti nəticəsində ölkəmiz son on ildə olduqca sürətli bir yol keçib. Məhz bu inkişaf Azərbaycanı yeniləşməyə, Avropaya inteqrasiya yolunda qətiyyətlə daşıyıb. Bu gün Konstitusiyaya irəli sürülən əlavə və dəyişikliklər məhz bu qətiyyətin, davamlı siyasətin göstəricisidir”.

Konstitusiyaya 2002-ci ildə dəyişikliklərin edildiyini xatırladan natiq hazırki əlavə və dəyişikliklərin ümumilikdə 29 maddənin əhatə etdiyini diqqətə çatdırıb və təklif olunan müddəalar üzrə geniş məlumat verib: “Bu dəyişikliklərin hamısı Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarının genişlənməsinə, onun sosial rifahının yaxşılaşmasına, vətəndaş-dövlət münasibətlərinin daha da təkmilləşməsinə, eyni zamanda, insanların dini-vicdani azadlıqlarının təmin olunmasına xidmət edəcək yeniliklərdir. Əgər bu əlavə və dəyişiklikləri qruplaşdırmağa çalışsaq, burada həm bizim sosial həyatımızı, həm siyasi sferanı, həm dini-əxlaqi meyarları, həm də idarəetmə sistemini əhatə edən maddələrin yer aldığını görə bilərik. Məsələn, Konstitusiyanın 18-ci və 48-ci maddələrinə nəzərdə tutulan əlavə və dəyişikliklər din və dövlət münasibətlərini, o cümlədən insanların vicdan azadlıqlarını özündə ehtiva edir. Bu iki məsələ bir-biri ilə sıx əlaqədardır. Düzdür, bizim Konstitusiyamıza görə, Azərbaycan müasir, dünyəvi dövlətdir. Eyni zamanda, bu gün Azərbaycanda münasibətlərin formalaşmasında din amili olduqca böyük rola malikdir. O baxımdan, bu gün Azərbaycanda dini ritualların nə qədər sərbəst, tolerantcasına həyata keçirildiyi göz önündədir. Təəssüf ki, bəzən bundan fərqli istiqamətlərdə istifadə etməyə cəhd göstərmək arzusunda olanlar da tapılır. 1995-ci ildə qəbul olunan Konstitusiyada dinlərin sərbəst təbliğinə icazə verilirdi, amma 18-ci maddədə insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin yayılması qadağan olunurdu. Yeni əlavədə bu tip dini cərəyanların da təbliği qadağan edilir. Bu dini cərəyanlar, hətta yarandığı dövlətlərdə qadağan edilir. Bu cür hallara qarşı mübarizə aparmaq üçün Konstitusiyamızda belə bir qadağanın olması vacibdir. 48-ci maddədə göstərilən vicdan azadlığı məsələsi də tolerantlığı nəzərdə tutan, insanların azad şəkildə yaşamasını özündə ehtiva edən başlıca amillərdəndir. Bu maddəyə olunan əlavədə insanların hansısa dini rituallara məcbur edilməsi qadağan olunur. Bu insan hüquq azadlıqlarının artırılmasına xidmət edir”.

Digər maddələrdə Azərbaycan xalqının sosial təminatı, insan hüquq və azadlıqlarının artırılması ilə bağlı müddəaların yer aldığını diqqətə çatdıran H.Babaoğlu Konstitusiyanın 101-ci maddəsinin beşinci bəndinə təklif olunan düzəlişi də Azərbaycan vətandaşlarının hüquqlarının artırılması istiqamətində atılan addım kimi dəyərləndirib. Onun sözlərinə görə, referenduma təqdim olunan əlavə və dəyişikliklərin hamısı vacib xarakterə malikdir, amma 101-ci maddənin beşinci bəndi xüsusi əhəmiyyət daşıyır: “Təklif olunan əlavə və dəyişikliklərdə bir şəxsin iki dəfədən artıq prezident seçilməsinə qoyulan məhdudiyyətin aradan qaldırılması nəzərdə tutulur. Bu bir sıra Avropa ölkələrinin də təcrübəsində var. Bu gün İtaliyada, Kiprdə, Maltada və başqa ölkələrdə də bu cür qadağalar yoxdur. Hətta ali icraedici orqanın başında baş nazir dayanan dövlətlərdə hökumət rəhbəri xalqın dəstəyini nə qədər qazansa, o qədər də hökumət başçısı olur. Belə olan halda, Azərbaycanda ali icraedici orqanın başında dayanan prezidentlik institutuna tətbiq olunan səlahiyyət limitinin aradan qaldırılmasında təəccüblü hal yoxdur. Digər tərəfdən, bu maddə, sadəcə, bir şəxsin Azərbaycan prezidentliyinə üçüncü dəfə namizəd olmasına şərait yaradır. Son qərar hər zaman xadqındır. Eyni zamanda, fövqəladə hallarda, müharibə vəziyyətində prezidentin və parlamentin səlahiyyət müddətinin uzadılması olduqca əhəmiyyətli bir məsələdir. Biz belə bir acı hadisə ilə rastlaşmışıq. Şuşa şəhəri ermənilər tərəfindən işğal olunan zaman bir tərəfdən Azərbaycan müharibə aparır, digər tərəfdən seçkilərə hazırlaşırdı. Bu isə anormallıq yaradır. Bu səbəbdən müharibə şəraitində həm ali qanunverici, həm də ali icraedici orqanın səlahiyyətlərinin artırılması mühüm bir məsələdir”.
Bütün seçiciləri referendumda aktiv iştirak etməyə çağıran Hikmət Babaoğlu bildirib ki, bu dəyişikliklər millətimizin və dövlətimizin daha da güclənməsinə rəvac verəcək.

 

Pərviz SADAYOĞLU

 

Yeni Azərbaycan.- 2009.- 28 fevral.- S.5.