Şəki - bayramlar və ənənələr şəhəri
Xalqımızın zəngin mətbəx mədəniyyətini nümayiş etdirmək, habelə bölgənin turizm potensialının genişləndirilməsinə nail olmaq üçün daha bir addım atıldı
Ötən həftənin dördüncü günü redaksiya rəhbərliyinin “Hazırlaş, sabah Şəkiyə gedirsən” sözləri məni çox sevindirdi. Çünki Şəkinin mənim üçün xüsusi önəmi var. Hələ orta məktəbdə oxuyarkən hər il “son zəng”dən bir həftə sonra sinif yoldaşlarımızla Şəkiyə gedər, orada dincələrdik. Bu qədim Azərbaycan torpağına-gülərüz və xoşxasiyyət insanları ilə tanınan Şəkiyə hər səfərimiz isə yeni bir xatirə ilə yadda qalardı. Lakin Bakıda jurnalist kimi fəaliyyətə başladıqdan sonra Şəkiyə səfərlərimə ara verildi. Və budur, uzun illərdən sonra yenidən o gözəl məkanı görmək imkanı qazanacaqdım. Budəfəki səfərin əsas məqsədi isə iyunun 27-də Şəkidə keçiriləcək “Milli kulinariya günü” bayramında iştirak etmək idi. İyunun 26-da tədbirə dəvət alan ölkənin aparıcı KİV təmsilçiləri bir araya gəldi və bizi gözləyən maraqlı səfər proqramına start verildi.
Şəkiyə xas qarşılanma
Axşam saatlarında
KİV təmsilçilərinin olduğu mikroavtobus Şəkinin
giriş qapısına yaxınlaşdı və məlum oldu
ki, artıq burada bizim üçün xüsusi, sözün əsil
mənasında, Şəkiyə xas mehriban, gülərüz,
isti qarşılanma mərasimi təşkil edilib. KİV təmsilçiləri
ilə sanki uzun illərin dostu, öz doğmaları kimi
görüşənlərin bu qarşılanmaya xüsusi
diqqətlə hazırlaşdığını təsdiq edən
daha bir məqam isə qrupumuzdakı xanım jurnalistlərlə
bağlı idi. Belə ki, öncədən qrupda iki xanım
jurnalistin olduğunu bilən mehmandarlarımız -
İsmayıl müəllim və Qabil müəllim onlar
üçün gül dəstələri almağı belə
yaddan çıxarmamışdı. Əslində, bu, təkcə
jurnalist xanımlara olan diqqət deyil, eyni zamanda, turizm məkanı
olan Şəkinin qonaq qarşılamaq mədəniyyətinin
bariz nümunəsi idi.
Onu da vurğulamaq yerinə
düşər ki, Şəki şəhər İcra Hakimiyyəti,
Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan
Milli Kulinariya Mərkəzinin birgə təşkilatçılığı
ilə iyunun 27-də Şəki şəhərində
keçirilən “Milli kulinariya günü” bayramının
bütün qonaqları bu cür diqqət və qayğı
ilə əhatə olunmuşdular. Şəki şəhər
İcra Hakimiyyətinin əməkdaşları, o cümlədən
prosesə cəlb olunan bütün şəxslər
qonaqların ən xırda problemlərinin belə dərhal və
yerində həll edilməsi üçün əllərindən
gələni edirdilər. Tədbirlə bağlı diqqəti
cəlb edən daha bir məqam isə proqramın xüsusi dəqiqlik
və səliqə ilə hazırlanması idi. Hər halda,
bir gün ərzində aralarında qısa zaman kəsiyi olan
və şəhərin tamamilə başqa-başqa istiqamətlərində
keçirilən 4-5 tədbirin cüzi bir axsaqlıq, ləngimə
olmadan reallaşdırılması belə deməyə əsas
veirir. Bütün bunlar təşkilatçıların
sözügedən tədbirə böyük məsuliyyət
hissi ilə yanaşmasından xəbər verirdi.
Yer kürəsində həyatın
başlandığı yerlərdən biri
Beləliklə, iyunun
27-də səhər Azərbaycanda fəaliyyət göstərən
25-ə yaxın xarici ölkə səfirliyi və beynəlxalq
təşkilatların təmsilçiləri, Milli Məclisin
deputatları, ölkənin aparıcı KİV təmsilçiləri,
elm, incəsənət və ictimaiyyət nümayəndələrinin
iştirak etdikləri tədbirin rəsmi
açılış mərasimi keçirildi. Şəhər
rəhbərliyi və qonaqlar əvvəlcə Ümummilli
lider Heydər Əliyevin adını daşıyan parkda Ulu
öndərin abidəsi önünə tər çiçəklər
düzərək, Onun xatirəsini ehtiramla yad etdilər. Parkı
gəzən tədbir iştirakçıları meyvə və
giləmeyvələrdən hazırlanmış şərbətlərdən
dadaraq, xatirə şəkli çəkdirdilər.
Sonra bayramın rəsmi açılışı oldu. Şəki
şəhər İcra Hakimiyyətinin
başçısı Nazim İbrahimov bildirdi ki, ölkəmizdə
mədəni irsin qorunub saxlanmasına, xalqımıza məxsus
zəngin mədəniyyətin təbliğinə
böyük diqqət göstərilir. Prezident İlham Əliyevin
mədəni irsin qorunub saxlanması ilə bağlı
imzaladığı fərman və sərəncamlar buna bariz
nümunədir. İcra başçısının sözlərinə
görə, Şəkidə milli adət-ənənələrimizi,
qədim tariximizi, folklorumuzu özündə əks etdirən
müxtəlif xarakterli bayramların, beynəlxalq tədbirlərin
keçirilməsi artıq ənənə şəklini
alıb.
2006-cı ildə bu
şəhərdə “İpək bayramı”, 2007-ci ildə “Sənətkarlar
günü”, 2008-ci ildə isə ölkəmizdə fəaliyyət
göstərən 29 xarici ölkə səfirliyi nümayəndələrinin,
habelə tanınmış elm və incəsənət xadimlərinin
iştirakı ilə “Şəki - qədim sivilizasiyalar
diyarı” adlı tədbirlər keçirilib. Bu
bayramların təşkilində əsas məqsəd tarixi-mədəni
irsimizi qoruyub saxlamaq, təbliğ etmək, habelə bölgənin
turizm potensialının genişləndirilməsinə nail
olmaqdır.
Şəkinin məşhur
aşbaz və qənnadıçılarının əldə
etdikləri vərdiş, bilik və bacarıq daim zənginləşərək,
bu günümüzə qədər gəlib çatıb.
N.İbrahimov bu cür
bayramların xalqlarımızın daha da
yaxınlaşmasına, ölkələrimiz arasındakı
dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsinə
xidmət edəcəyinə əminliyini vurğuladı.
Çıxış
üçün söz alan AMEA Tarix İnstitutunun direktoru,
Milli Məclisin deputatı Yaqub Mahmudov belə bir tədbirin
Şəkidə keçirilməsinin təsadüfi
olmadığını, Şəkinin Yer kürəsində
həyatın başlandığı yerlərdən biri
olduğunu diqqətə çatdırdı. Onun sözlərinə
görə, 6 min il bundan əvvəl burada ilk insan məskənləri
yaranıb.
Azərbaycan Milli
Kulinariya Mərkəzinin direktoru, YUNESKO-nun Ənənəvi
Qida Komitəsinin sədri, professor Tahir Əmiraslanovun
çıxışı da maraqla qarşılandı. Onun
sözlərinə görə, sonuncu tədqiqatlar onu göstərir
ki, Azərbaycan dünyanın mətbəx mədəniyyətinin
beşiyidir: “Qobustan qayalarının üzərində
çəkilmiş rəsmlər 37 min il bundan öncə Azərbaycanda
çox böyük və gözəl kulinariya məktəbinin
olduğunu sübut edir. Müasir ət bölgüsü ilk dəfə
Qobustan qayalarında və Naxçıvandakı “Gəmiqaya”dakı
rəsmlərdə öz əksini tapıb. Gildən
hazırlanmış və 4 min ilə yaxın yaşı
olan ən qədim samovar da məhz Şəkidə
tapılıb”.
Hər bir ölkənin
özünün kulinariya imici olduğunu vurğulayan T.Əmiraslanov
onu da qeyd etdi ki, Azərbaycanda 200-dən çox plov
növü vardır. Şəki aşbazları 100-dən
artıq plov hazırlayırlar.
Çıxışlardan
sonra parkda meyvə və giləmeyvələrdən
hazırlanmış 30-a yaxın şərbət və sərinləşdirici
içkilərin təqdimatı oldu.
Daha sonra “Şəki
xanlarının sarayı”na yollanan bayram
iştirakçılarını burada da təmtəraqlı
mərasim gözləyirdi. Belə ki, iştirakçılar
sarayın həyətində çay süfrəsi
arxasında müxtəlif növ mürəbbə, qənnadı
məmulatları və Şəki şirniyyatını
dadaraq, musiqi və rəqs kollektivlərinin
çıxışlarını izlədilər. F.Əmirov
adına Dövlət Mahnı və Rəqs ansamblının
rəqsləri, İraqdan gəlmiş kərküklü bəstəkar,
folklorşünas və müğənni Seyfəddin
Çaxmaqçıoğlunun ruh oxşayan mahnıları,
yerli musiqiçilərin çıxışları
hamıya xoş ovqat bəxş edi.
Maraqlı məqamlar və ya səfirlər də rəqs
edir
Bayram proqramının
növbəti dayanacağı isə Kiş kəndi idi. Daha
doğrusu, proqrama əsasən, Kiş kəndindəki qədim
Alban məbədinin həyətində davam etdirilən mərasim
zamanı qonaqlara salat və soyuq qəlyanaltılar təqdim
olundu. Bir-birindən fərqli və dadlı olan bu qəlyanaltılarla
yanaşı, xarici ölkə səfirlərinin
marağına səbəb olan daha iki məqam barədə də
qeyd etmək yerinə düşər. Bu məqamlardan biri
Alban məbədinin girişində norveçli məşhur
səyyah Tur Heyerdalın büstünün qoyulması ilə
bağlıdır. Daha doğrusu, həmin büst və
büstün yanında Heyerdala məxsus sözlərin
yazıldığı lövhə xarici diplomatların
xüsusi marağına səbəb oldu. Məlumat
üçün deyək ki, məlum lövhədə Tur
Heyerdalın “Norveç mifologiyasında Skandinav Allahı Odin
haqqında yazılır ki, o, Şimali Avropaya Azər adlanan
yerdən gəlib. Mən bu yazıları dəfələrlə
oxudum və belə qərara gəldim ki, bu heç də
mifologiya yox, əsl tarix və coğrafiyadır” sözləri
əks olunub.
Səfirləri riqqətə
gətirən digər məqam isə mərasimdə səslənən
bir-birindən oynaq yerli və xarici musiqilər idi. Məhz bu
musiqilərin cazibəsi Kuba və Ukrayna diplomatlarının rəqs
etməsi ilə nəticələndi. Xüsusilə,
Kubanın ölkəmizdəki səfirinin öz xanımı
ilə əsrarəngiz rəqs etməsi
iştirakçıların alqışları ilə
müşayiət olundu. Onu da qeyd etmək yerinə
düşər ki, diplomatların rəqsləri günün
ikinci yarısında “Yuxarı Karvansara”da təşkil edilən
çay dəstgahı mərasimində də davam etdi. Daha
doğrusu, “Cənnət bağı” istirahət mərkəzində
ət, toyuq və tərəvəzlərdən
hazırlanmış isti xörəklərin dadına baxan
qonaqlara “Yuxarı Karvansara”da müxtəlif bitki və quru meyvələrdən
hazırlanmış çay dəstgahı, habelə 30-a
yaxın kabab və 30-dan artıq plov novü təqdim olundu.
Yeməklərin
hazırlanması prosesini maraqla izləyən xarici diplomatlar,
beynəlxalq qurumların nümayəndələri belə bir
bayramda iştirak etməkdən məmnun
qaldıqlarını bildirdilər. Onlar yüksək qonaqpərvərliyə
görə Şəki şəhər rəhbərliyinə
minnətdarlıq etdilər. Məsələn, İraqın
Azərbaycandakı səfiri Ərşad Ömər
İsmayıl Şəkinin dadlı mətbəxinin
olduğunu, amerikalı professor Qley Bledsoy isə hazırlanan
yeməklərdən, xüsusilə də, Şəki
halvasından xoşunun gəldiyini söylədi. BMT-nin Azərbaycandakı
rezident əlaqələndiricisi Bruno Pueza isə “Artıq
ikinci dəfədir Şəkidəyəm. Burada çox olmaq
istəyimin əsas səbəbi təbiətin çox
gözəl olması, şəhərin özünəməxsusluğu
və mətbəxinin zənginliyidir” dedi.
Beləliklə, Şəki
daha bir tədbirə ev sahibliyi etdi. Bağlanış mərasimində
millət vəkili Yaqub Mahmudovun da qeyd etdiyi kimi, sözügedən
tədbirin keçirilməsi üzrə təşkilat komitəsi
öz məqsədinə çatdı. Yəni, tədbirin
keçirilməsi ilə Şəkidə tarixən
formalaşan mədəni irsin qorunmasına diqqəti daha da
artırmaq, xalqımızın zəngin mətbəx mədəniyyətini
nümayiş etdirmək, habelə bölgənin turizm
potensialının genişləndirilməsinə nail olmaq
üçün önəmli bir addım atılmış
oldu.
Nadir AZƏRİ
Yeni Azərbaycan.- 2009.- 1 iyul.- S.5.