Azərbaycan-İsrail münasibətlərində
yeni mərhələ
başlayır
Ölkələr arasında imzalanan sazişlər əlaqələrin dərinləşməsinə
və əməkdaşlığın
dostluq və strateji tərəfdaşlıq
müstəvisinə yüksəlməsinə
əhəmiyyətli baza
yaradacaq
İsrailin dövlət başçısı Şimon
Peresin Azərbaycana səfəri və Prezident İlham Əliyevlə ikitərəfli münasibətlərin
inkişafına dair apardığı səmərəli
danışıqlar, həmçinin,
imzalanan sazişlər
ölkələr arasında
əlaqələrin dərinləşməsinə
əhəmiyyətli baza
yaradacaq. Tərəflər əməkdaşlığın
hüdudlarını daha
da genişləndirmək
və siyasi-iqtisadi, sosial-humanitar sahədə
münasibətlərin dinamikliyini
yüksəltmək üçün
yeni mərhələnin
əsaslarını qoymuş
oldular. Eyni zamanda, İsrailin iş adamları ilə ölkəmizin biznes strukturları arasında birgə razılaşmaların əldə
olunması ikitərəfli
münasibətlərin daha
da möhkəmləndirilməsinə
zəmin yaradacaq.
Azərbaycanda əsrlər
boyu sülh və dostluq şəraitində yaşayıb
yaradan yəhudi xalqı respublikamızda ən geniş
imkanlarla əhatə olunub. Bunun nəticəsidir ki, ikitərəfli
əlaqələrin inkişafında bu faktor mühüm rol
oynamaqdadır. İsrail prezidenti Şimon Peresin də
vurğuladığı kimi, ölkələr arasında
münasibətləri daha da dərinləşdirmək və
zənginləşdirmək, qarşılıqlı fayda naminə
birgə çalışmaq üçün bütün
imkanlar mövcuddur. Şimon Peresin respublikamıza səfəri
isə hər iki ölkə arasında səmimi əlaqələrin
qurulmasına və əməkdaşlığın dostluq və
strateji tərəfdaşlıq müstəvisinə yüksəlməsinə
səbəb olub.
İsrailin ən
nüfuzlu şirkətləri bir neçə ildir ki,
respublikamızda fəaliyyət göstərir. “Batiman Litvin”,
“Tahal Qroup” İsrail şirkətləri ölkəmizdə
infrastruktur layihələrində yaxından iştirak edir. Oğuz-Qəbələ-Bakı
su təchizatı layihəsində israilli iş
adamlarının payı böyükdür. Təhlükəsizlik
xidmətləri sistemlərinin qurulması sahəsində bu
ölkənin təcrübəsi öyrənilib tətbiq
edilməkdədir. Azərbaycanın hava limanının təhlükəsizlik
texnologiyalarının yaradılmasında İsrailin “Maqal”
şirkətinin xüsusi rolu var. Kənd təsərrüfatı,
turizm, yeyinti sənayesi, meliorasiya layihələrində də
İsrail şirkətləri fəal iştirak edirlər. Tərəflər
arasında ticarət dövriyyəsinin həcminin artaraq
çox yüksək səviyyəyə çatması
İsrailin Azərbaycan üçün ən yaxın
partnyorlardan biri olduğunu təsdiqləyir. Hər iki ölkə
kənd təsərrüfatı, səhiyyə, turizm, elm və
texnologiya, kosmik sənaye sahələrində əməkdaşlıq
üçün çox əlverişli perspektivlərə
malikdir. Ölkələr arasında enerji sektorundakı əlaqələrin
inkişafı üçün də münbit şərait
mövcuddur.
İsrail hökuməti
iqtisadiyyat, mədəniyyət, təhsil və elm sahəsində
respublikamızla sıx təmaslar qurmaq niyyətini Şimon
Peresin səfəri zamanı imzalanan sazişlə təsdiqləmiş
oldu. Eləcə də, informasiya və kommunikasiya
texnologiyaları sahəsində əməkdaşlığa
dair sazişin imzalanması strateji əlaqələrin
yaranmasında mühüm əhəmiyyət kəsb edir. Bu sənəd
informasiya-kommunikasiya texnologiyaları sahəsində dünya
liderlərindən sayılan İsrail hökumətinin Azərbaycanda
iri layihələri gerçəkləşdirməsi
üçün əhəmiyyətli baza yaradır. İKT-nin
inkişaf göstəricilərinə görə, yalnız
ABŞ-dan geri qalan İsrail ən son texnologiyaları,
xüsusilə də nanotexnologiyaların tətbiqi üzrə
dünyada nüfuzlu və ixtisaslaşmış iri şirkətləri
ilə seçilir. İKT sahəsində istehsal olunan məhsullar
bu ölkənin ümumi daxili məhsulunda 10 faizdən
çox yer tutur. İstehsal olunan məhsulun illik dövriyyəsi
isə təxminən 15 milyard dollara bərabərdir. Hazırda
peyk sistemlərinin inkişafı və kosmosa göndərilməsində
yaradılan eksklüziv klubun əsas üzvlərindən biri
İsraildir. İsrailin nefti olmasa da, İKT-ni bu ölkənin
“qara qızılı” adlandırırlar. İsrailin
nüfuzlu şirkətlərinin respublikamızın rabitə
bazarına sərmayə qoyması və İKT sahəsində
iri layihələrin həyata keçirilməsi Azərbaycanda
simsiz texnologiyalar, peyk sistemləri, optik avadanlıqlar, internet
və multimedia məhsulları bazarının ən yüksək
inkişaf mərhələsinə çatmasına təkan
verəcək. Eyni zamanda, respublikamızda Regional İnnovasiya
Zonalarının yaradılmasında bu ölkənin təcrübəsi
mühüm rol oynamış olacaq.
Bakıda keçirilən
Azərbaycan-İsrail biznes forumu isə əməkdaşlığın
bir çox sahələr üzrə yeni mərhələyə
qədəm qoymasına impuls verəcək. Azərbaycanda
yaradılmış əlverişli sərmayə mühiti
İsrail iş adamlarının yeni sahələrə
investisiya qoymaq istəklərinin gerçəkləşməsinə
səbəb olacaq. Prezident İlham Əliyevin bəyan etdiyi
kimi, Azərbaycanda çox münbit sərmayə mühiti
yaradılıb. Məhz bu səbəblərə görə,
Azərbaycan uzun illər ərzində regionda aparıcı
mövqe tutub. “Bu gün dünyada mövcud böhranın
olmasına baxmayaraq, bir çox digər ölkələr və
onların şirkətləri Azərbaycana sərmayə
yatırmağı davam etdirirlər. Biz öz islahatlar siyasətimizi
davam etdirməyə çalışırıq,
“açıq qapı” siyasətini yürüdürük. Bizim
sərmayədarlarla apardığımız iş çox məhsuldar
bir mühitdə baş tutur və bu siyasət yaxşı nəticələr
verir”.
Dövlət
başçısı ölkəmizdə infrastruktur və
investisiya layihələrinə İsrail şirkətlərinin
də cəlb ediləcəyinə əminliyini ifadə edərək
bunun üçün çox yaxşı imkanların
mövcudluğunu xatırladıb. Öz növbəsində,
İsrail prezidenti Şimon Peres hər iki ölkənin
şirkətlərinin və iş adamlarının birgə
layihələrdə fəal işbirliyi quracağına
inandığını qeyd edib.
Rəsmi Təl-Əvivin
Azərbaycanın Dağlıq Qarabağ problemi ilə
bağlı mövqeyi də bəllidir. İsrail
münaqişənin respublikamızın ərazi
bütövlüyü çərçivəsində həll
olunmasını qəti şəkildə bəyan edib və
işğal olunmuş torpaqların işğaldan azad
olunması üçün təxirəsalınmaz
addımların atılmasının vacibliyini bildirib. Ölkə
əhalisinin hər 8 nəfərindən birinin qaçqın
olmasının həddindən artıq ağır və
çətin məsələ olduğunu xatırladan
Şimon Peres Azərbaycanın sülhün əldə olunması
istiqamətindəki səylərini yüksək dəyərləndirib.
Elbrus CƏFƏRLİ
Yeni Azərbaycan.- 2009.- 1 niyul.- S.7.