Azərbaycan Avropa Şurası
ilə konstruktiv əməkdaşlıq etməkdə
maraqlıdır
Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə
heyətinin rəhbəri,
Milli Məclisin Beynəlxalq münasibətlər
və parlamentlərarası
əlaqələr komitəsinin
sədri Səməd Seyidov www.yap.gov.az saytına müsahibə verib:
- Səməd müəllim,
Azərbaycanın Avropa Şurası Parlament
Assambleyasındakı nümayəndə heyəti bu günlərdə
qurumun yay sessiyasından qayıdıb. Nümayəndə heyətinin
rəhbəri olaraq səfəriniz barədə məlumat verməyinizi
xahiş edirik...
- Avropa
Şurasının yay sessiyasında Azərbaycanla
bağlı xüsusi müzakirələr aparılmayıb. Komitələr
səviyyəsində müzakirələr oldu və
xüsusilə bizim də fəal iştirak etdiyimiz Monitorinq
Komitəsində Azərbaycanla əlaqədar məsələlər
müzakirə edildi. Bu, heç də o demək deyil ki, Azərbaycan
nümayəndə heyəti Parlament Assambleyasının
iclaslarında edilən məruzələrə öz
münasibətini bildirməyib. Əksinə, sessiyanın
gündəliyindəki bütün məsələlərdə
nümayəndə heyətimiz mövqeyini ortaya qoydu. Harada ki,
faktlar obyektiv idi, Avropa Şurasının nümayəndələri
real və obyektiv məsələlərə
yanaşmışdılar, biz, o məsələləri dəstəkləmişik.
Amma qeyri-obyektiv yanaşmalara da etirazımızı
bildirmişik.
Xüsusilə, Avropa
Şurası Parlament Assambleyasının sessiyasında insan hüquqları
ilə bağlı monitorinq proseduru və Avropa ölkələrində
insan hüquqları ilə əlaqədar məruzə dinlənildi.
Məruzə Monitorinq Komitəsinin sədrinin
hazırladığı sənəd idi. Bu sənəddə
Avropa ölkələrində insan haqları ilə
bağlı bu və ya digər problemlər gündəmə
gətirildi. Biz, bu məsələyə öz münasibətimizi
bildirdik. Söhbət ondan gedir ki, Avropa Şurasının
monitorinq prosedurası təəssüf ki, ölkələrə
qarşı o qədər də obyektiv deyil. Hətta deyərdim
ki, bu monitorinq bütövlükdə obyektiv şəkildə
aparılmır. Avropa Şurasına üzv olan bütün
ölkələrdə insan haqları ilə bağlı
problemlər mövcuddur. Ümumiyyətlə, dünyada belə
bir problem var və bu olmasaydı, bəlkə də insan
haqlarını müdafiə edən təşkilatlar, bu
istiqamətdə xüsusi fəaliyyət göstərən
qurumlar olmazdı. Ancaq biri var insan haqları ilə məşğul
olmaq, biri də var insan haqlarından istifadə edərək
ölkələrə təzyiq etmək. Və ölkələrin
imicinə zərbə vurmaq. Bu nöqteyi-nəzərdən təəssüflər
olsun ki, təqdim olunan məruzədə Avropa
Şurasının ümumi problemi olan məsələ əks
edilmişdi.
- Qeyd etdiyiniz problemlər
hansılardır? Bu problemdən çıxış yolunu nədə
görürsünüz?
- Məruzədə
müxtəlif ölkələrdə təxminən eyni
problemlərə müxtəlif yanaşmalar mövcuddur. Misal
olaraq, Azərbaycana və başqa ölkələrə olan
münasibəti qeyd etmək istəyirəm. Azərbaycanda
insan haqları ilə bağlı müəyyən problemlərin
olduğunu heç kim inkar etmir. Qeyd etdiyimiz kimi, bu problem
bütün dünyada mövcuddur. Azərbaycan da inkişaf edən
cəmiyyətdir və belə bir cəmiyyətdə müxtəlif
problemlər ola bilər. Ancaq bundan sui-istifadə edib Azərbaycana
qarşı xüsusi addımlar atmaq üçün siyasət
aparmaq qəbulolunmazdır. Bir müddət öncə Azərbaycana
qarşı çox kəskin və qeyri-obyektiv, ədalətsiz
qərar qəbul olundu. Bu da siyasi məhbuslar üzrə məruzəçinin
təyin olunması idi. Biz dəfələrlə bəyan
etmişik ki, bu, qeyri-obyektiv addımdır və bu addım Azərbaycanın
Avropa Şurası münasibətlərinə xeyir yox, xələl
gətirəcək. Konstruktiv danışıqlar, bir-birimizi
başa düşmək istiqamətində fəaliyyət
göstərmək, həssaslıqla münasibət formalaşdırmaq
daha yaxşıdır, nəinki konfrantasiyaya getmək və
Azərbaycanın haqq sözünü eşitməmək.
Bununla yanaşı, Azərbaycanda
olan problemləri böyüdüb onu dünyaya qəbul
olunmayan tərzdə təqdim edərək, başqa ölkələrdə
təxminən oxşar problemlərin üstünü malalamaqla
xüsusi siyasət aparmaq Avropa Şurasına zərər gətirən
siyasətdir.
- Yeri gəlmişkən,
sessiyada Ermənistanla bağlı müzakirələr
hansı səviyyədə keçdi? Yenə də, bu
ölkəyə qarşı isti münasibət göstərildi?
- Müzakirələrdə
yenə də, Ermənistana dəstək verildi. Təsəvvür
edin, Ermənistanda son prezident seçkilərindən sonra
xeyli adam həbs olundu və tamamilə qeyri-obyektiv, qərəzli
ittihamlarla onları mühakimə etdilər. Hətta parlament
üzvləri də həbs olundu. Seçkilər siyasi hadisədir.
Məhbus o adamdır ki, azadlıqdan məhrum edilib. Amma Avropa
Şurası bu hadisəni öz adı ilə
çağırmır. Qurumun sənədlərində qeyd
olunur ki, “Martın əvvəlində baş vermiş hadisələr
nəticəsində azadlıqdan məhrum olunan şəxslərlə
bağlı iş aparmaq lazımdır”. Bunu belə demək
olmazdımı ki, siyasi hadisəyə görə məhbusluqda
olan şəxslər?
Siz nə Ermənistana,
nə də başqa ölkələrə aid olan məruzədə
“siyasi məhbus” sözünü tapa bilməzsiniz. Bu sözdən
istifadə etməmək üçün hadisənin
adını yazırlar və məhbus sözünü qeyd
etmirlər, “siyasi məhbus” sözünü dilə gətirmirlər.
Yaxşı, mən həmin quruma müraciətlə deyirəm
ki, 46 dövlətdə bu sözü dilə gətirmirsinizsə,
nə üçün Azərbaycan üçün
asanlıqla deyirsiniz?
Bu, ikili standart,
qeyri-obyektiv yanaşma
deyilmi? Biz belə məsələləri
Ermənistanla bağlı
məruzədə faktlarla
göstərəndə, deyirlər
ki, bunu edə bilmirik. Ermənilərin arxasında güc
olduğu üçün
bunu edə bilmirsiniz? Azərbaycanın da kifayət
qədər gücü
var. Bu gün Azərbaycan
çox güclü,
müstəqil dövlətdir.
Siz Azərbaycana heç nə edə bilməzsiniz. Nə edirsinizsə,
özünüzə, öz
imicinizə edirsiniz və bu imici
də dağıdırsınız.
- Səməd müəllim,
siz Avropa Şurasının daxilində də ciddi problemlərin
olduğunu qeyd etmisiniz. Nədir bu problemlər?
- Avropa Şurası
demokratik təşkilatdır və demokratik təşkilatlarda
bir vəzifə tapmaq olmaz ki, həmin vəzifə
ömürlük olsun. Yadınızdadırsa, Azərbaycanda
referendum keçiriləndə və prezidentin seçilməsinə
qoyulan məhdudiyyət aradan qaldırılanda onlara izah edə
bilmirdik ki, burada “ömürlük prezident” məsələsi
yoxdur. Sadəcə, insanların seçim hüququ təmin
olundu. Yəni, insanlar prezident görmək istədiyi şəxsi
hər beş ildən bir seçə bilər. Amma Avropa
Şurasında ömürlük vəzifə var: bu məruzəçilərdir.
Belə ki, məruzəçilər dəyişmir, onlar bir dəfə
seçiləndən sonra bunun müddəti yoxdur. Nəticədə
isə dövlətlər həmin məruzəçilərin
girovuna çevrilirlər. Ermənistanda vəziyyət pis olsa
da, məruzəçilər deyir ki, orada hər şey
yaxşıdır. Azərbaycanda vəziyyət normal olsa da, məruzəçi
iddia edir ki, hər şey pisdir. Hər iki hal pisdir və bu vəziyyətdə
təşkilat məhv olub gedir. Çünki obyektivlik itir,
ikili standartlar var.
Hər bir siyasət
daxili və xarici vəziyyətin ümumiləşdirilmiş
təhlilinin davranışı kimi təqdim oluna bilər. Yəni,
Azərbaycanda və regionda olan geosiyasi vəziyyətin təhlili
hansısa siyasətin aparılmasına gətirib
çıxarır. Azərbaycanda Prezident İlham Əliyev tərəfindən
həmişə balanslaşdırılmış siyasət həyata
keçirilir. Bu siyasət Azərbaycanın maraqlarına
uyğundur və geosiyasi mövqeyimizdən irəli gələn
məsələdir. Avropa Şurası bir təşkilat kimi regionumuzda
olan geosiyasi məsələləri düzgün təhlil edə
bilmir. Anlamır ki, hansı təhlükələrlə
üzləşmişik, sabitlik Azərbaycanda nə dərəcədə
vacib və əhəmiyyətli məsələdir. Şüarların
implimintasiyasından çıxış edərək fikirləşmir
ki, bəlkə hansısa şüarı implimintasiya edəndən
sonra sabitlik pozulacaq, problemlər yaranacaq və s. Bu da təşkilatın
zəifləməsinə gətirib çıxarır və
onun qəbul etdiyi qərarların icra olunmaması ilə nəticələnir.
Demokratiya, insan
haqları, qanunun aliliyi haqqında çox yüksək tribunadan
danışmaq hələ həmin o dəyərləri
implimintasiya etmək demək deyil. Avropa Şurası il
yarımdır ki, bir baş katibi seçə bilmir. Niyə?
Çünki qurumun iki qolu arasında çaxnaşma gedir.
Nazirlər Komitəsi öz namizədini, Parlament
Assambleyası isə öz namizədini irəli sürmək
istəyir. Onlar oturub ortaq məxrəcə gələ bilmirlər.
Yaxşı, bu təşkilat ortaq məxrəcə gələ
bilmirsə, onda gənc ölkələrdə demokratiyanın
inkişafı necə ilə məşğul olacaq? Deməli,
onlar dəyərlər haqqında yox, vəzifə haqqında
fikirləşirlər. Vəzifələr haqqında fikirləşən
təşkilat isə o qədər də düzgün
addım ata bilməz. Bunların hamısını qurumun
iclasında çıxış edərək bildirmişəm.
Hətta çıxışıma digər dövlətlərdən
olan deputatlar da dəstək verdilər. Hesab edirəm ki, Avropa
Şurasında özünütəhlil prosesi getməlidir. Bu
proses getməsə, təşkilatı böyük problemlər
gözləyir.
- Azərbaycanın ikili
standartlarla qarşılaşması yeni məsələ deyil
və ölkəmiz daim belə hallara qarşı mübarizə
aparır. Əgər Avropa Şurasının belə
mövqeyi davam edərsə, onda münasibətlərimizin gələcəyi
haqqında nə düşünürsünüz?
- Azərbaycan müstəqil
dövlətdir. Ölkəmiz yüksək səviyyəli
siyasət aparmaqla xeyli nailiyyətlər əldə edib. İstəyirik
ki, 60 illiyini bu yaxınlarda qeyd edən Avropa Şurası ilə
hərtərəfli, obyektiv, normal əməkdaşlıq edək.
Azərbaycanın mövqeyi nəzərə alınacaqsa,
konstruktiv əməkdaşlığımız davam edəcək.
Əgər nəzərə alınmayacaqsa, bu, təşkilat
üçün problem olacaq. Amma inanıram ki, gec-tez ölkəmizin
mövqeyi nəzərə alınacaq.
Yeni Azərbaycan.- 2009.- 1 iyul.- S.4.