Füzuli rayonu
sürətli inkişaf
yoluna qədəm qoyub
“Azərbaycan Respublikası
regionlarının sosial-iqtisadi
inkişafı Dövlət
Proqramı”nın uğurla icra olunması nəticəsində
müharibənin ağır
fəsadlarını aradan
qaldıran Füzuli rayonu müasirləşmə,
yeniləşmə dövrünü
yaşayır
Azərbaycanın bir
dövlət olaraq dünya da öz layiqli yerini tutması,
inkişafı və müstəqilliyinin möhkəmləndirilməsi
Ulu öndər Heydər Əliyevin adı ilə
bağlıdır. Ümummilli liderimiz Heydər Əliyev
harada, hansı şəraitdə, hansı vəzifədə
çalışmasından asılı olmayaraq, həmişə
öz xalqı ilə birlikdə olub, mahir bir siyasətçi
kimi ölkəni tarixin ən çətin sınaqlarından
məharətlə çıxarıb, müstəqil,
müasir Azərbaycan dövlətini qurub, onu beynəlxalq aləmdə
tanıdıb. Çox sevindirici haldır ki, bu gün Ulu
öndər Heydər Əliyevin əsasını qoyduğu
siyasi kurs Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilir. Məhz bunun nəticəsidir ki, bu
gün Azərbaycan gündən-günə inkişaf edir,
güclənir, beynəlxalq arenadakı mövqeyini möhkəmləndirir.
Bu isə şübhəsiz qəbul olunmuş inkişaf
proqramlarının, o cümlədən, “Azərbaycan
Respublikası regionlarının sosial-iqtisadi inkişafı
Dövlət Proqramı”nın yüksək keyfiyyətlə
icra olunmasının bariz nəticəsidir. Bu proqramın
birinci mərhələsinin başa çatmasından sonra Azərbaycanın
bütün rayonları inkişaf edib, dövlətimizin
iqtisadi potensialı artıb. Bu rayonlar sırasında
Füzulinin də adını çəkmək olar. Belə
ki, 2008-ci ildə Füzuli rayonunun da həyatı çox əlamətdar
hadisələrlə zəngin olub. Görülmüş
işlər, əldə olunmuş müvəffəqiyyətlər
rayon əhalisinin həyatında baş vermiş mühüm
hadisələrin nəticəsi kimi qiymətləndirilir. Bu da
Prezident İlham Əliyevin keçən il iki dəfə-aprelin
18-də və oktyabrın 4-də Füzuli rayonunda olması, əhali
ilə görüşləri, açılış və təməlqoyma
mərasimlərində iştirak etməsi ilə
bağlıdır. Bu səfərlər zamanı rayonda bir
sıra yeni obyektlərin açılışında
iştirak edən dövlət başçısının
tapşırıqlarına əsasən, Füzulidə
işğal zamanı dağıdılmış 1500 ev bərpa
edilib, Mollaməhərrəmli, Arayatılı, Babı kəndlərinə
gedən yol əsaslı təmir olunub, Horadiz şəhəri
şəhərsalma standartlarına uyğun yenidən bərpa
olunub, əhalinin həyat şəraitinin daha da
yaxşılaşdırılması üçün
mühüm tədbirlər həyata keçirilib. Prezident
İlham Əliyevin tapşırığı ilə Horadiz
şəhərində Olimpiya İdman Kompleksinin tikintisinə
başlanıb.
Bütün bunlar
dövlət başçısı İlham Əliyevin
füzulililərə diqqət və qayğısı kimi
qiymətləndirilir.
Füzuli dünyanın ən qədim insan məskənlərindən
biridir
Rayon 8 avqust 1930-cu ildə
təşkil olunub və Qaryagin adlandırılıb. 1959-cu
ilin aprelində böyük şairimiz Məhəmməd
Füzulinin anadan olmasının 400 illiyi şərəfinə
Qaryagin rayonunun adı dəyişdirilərək Füzuli
adlandırılıb.
Füzuli rayonu ərazisində
müxtəlif dövrlərdə Qaraköpəktəpədə,
Qarabulaq kurqanlarında, Günəştəpədə,
Quruçay sahillərində və digər yerlərdə tədqiqatlar
aparılıb, Azərbaycanın qədim kökə sahib
olduğu sübut edilib. 1968-ci ilin yayında mərhum
arxeoloq-alim Məmmədəli Hüseynov tərəfindən
aşkar olunmuş preneandertal-Azıxantrop adamının alt
çənəsinin sümükləri rayon mərkəzindən
15 km aralı məsafədə yerləşən Azıx
mağarasında tapılıb. Azərbaycanın arxeologiya
elminin böyük nailiyyətləri olan bu abidə
Qarabağın Füzuli ərazisində vaxtilə qədim
paleolit dövrünün mövcudluğunu sübut etdi.
Füzuli rayonunda Əcəmi
memarlıq məktəbinin təsiri ilə inşa olunan bir
sıra memarlıq abidələri var idi. Çox təəssüf
ki, Əhmədalılar və ya Arğalı türbəsi
(XIII əsrin sonu), Babı türbəsi (1273-cü il),
Aşağı Veysəlli kəndində hamar daşdan tikilən
qülləvari Mirəli türbəsi (XV əsr),
Qarğabazar kəndində Hacıqiyasəddin məscidi
(1682-ci il), Karvansara (1684-cü il), Qoçəhmədli kəndində
məscid (XVIII əsr), Füzuli şəhərində
Hacı Ələkbər məscidi (XIX əsr), “Məşədi
Həbib” hamamı (XIX əsr), Merdinli kəndi
yaxınlığında daşdan yonulan at, qoç fiquru qədim
abidələri (XVIII-XIX əsrlər) və s. bu kimi tarixi əhəmiyyət
daşıyan abidələrimiz ermənilərin vəhşi
vandalizminə məruz qalıb, məhv edilib,
yandırılıb. Hər bir xalq öz tarixinin qədimliyi
ilə tanınır. Lakin işğalçı ermənilər
Azərbaycana dair tarixi hər vasitə ilə
saxtalaşdırmağa, yaddaşlardan silməyə
çalışıblar. Zəbt edilmiş
torpaqlarımızın hər daşının külə
döndərilməsi, viran edilməsi erməni vandalizminin bir
daha sübutudur.
1988-ci ildən
başlayan erməni təcavüzünə qarşı
mübarizədə minlərlə füzulili
döyüşüb, yüzlərlə füzulili şəhid
olub, yaralanıb, itkin düşüb. Füzuli rayonunun əhalisi
Qarabağ müharibəsində ölkəmizdə ən
çox itkin və şəhid verib. Füzulinin 1100-dən
çox şəhid və itkini, 113 girovu, 1450 nəfər
müxtəlif dərəcəli əlili var. Füzuliyə
erməni təcavüzü nəticəsində 36 361 nəfər
uşaq zərər çəkib, onlardan 155 nəfəri
yetim qalıb. Müharibənin əsas
ağırlığını Qacar, Divannalar, Yuxarı Veysəlli,
Aşağı Veysəlli, Qaradağlı, Üçbulaq,
Arış, Qoçəhmədli, Cuvarlı, Güzdək,
Gorazıllı, Cəmilli, Dilağarda, Yağləvənd,
Govşad, Xələfşə, Mollavəli kəndlərinin əhalisi
çəkiblər. 1993-cü il avqustun 23-də Füzuli Ermənistan
ordusu tərəfindən işğal olunub. Hazırda 51 kənd
və rayon mərkəzi ermənilər tərəfindən
işğal olunub, 55 min nəfərə yaxın füzulili
köçkün həyatı yaşayır.
Sahibkarlığa dövlət dəstəyi öz
müsbət nəticələrini göstərir
Azərbaycanda
sahibkarlığın inkişafı Prezident İlham Əliyevin
diqqət mərkəzində saxladığı və
xüsusi əhəmiyyət verdiyi istiqamətlərdən
biridir. Dövlət başçısı dəfələrlə
bəyan edib ki, Azərbaycanın inkişaf etmiş ölkəyə
çevrilməsi üçün
sahibkarlığının inkişafı böyük önəm
daşıyır. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin
bu posta seçildiyi 2003-cü ildən bəri digər sahələr
kimi, sahibkarlıq da böyük inkişaf yolu keçib, bu
sahədə mövcud problemlərin həlli sahəsində
işlər xüsusi diqqətdə saxlanılıb, qeydiyyat
probleminin həlli üçün “vahid pəncərə”
sistemi tətbiq olunub. Füzuli rayonunda da ötən 5 ildə
bu sahəyə böyük diqqət ayrılıb. Rayonda
sahibkarlar üçün məsləhət və marketinq
xidmətləri göstərilib, yerli xammallar və ehtiyatlar nəzərə
alınaraq investorların rayona cəlb olunması
üçün şərait yaradılmaqla qeyri-dövlət
sektorunun potensialından maksimum istifadə olunub.
Dövlətin qayğısı əkinçi və
fermerləri daha yüksək fəallıqla işləməyə
sövq edir
Aqrar rayon olan Füzulidə
iqtisadiyyatın əsas sahəsini kənd təsərrüfatı
təşkil edir. 2008-ci ildə rayonda bu sahədə bir
sıra işlər görülüb. Kənd təsərrüfatı
məhsullarının istehsalçılarına əkin sahələrinin
becərilməsində istifadə etdikləri yanacaq və
mühərrik yağlarına görə dövlət
büdcəsinin vəsaiti hesabına yardım verilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 fevral 2007-ci
il tarixli 32 N-li Qərarı ilə təsdiq edilmiş Qaydalara
əsasən rayonun kənd təsərrüfatı məhsulları
istehsalçılarının istifadə etdikləri əkin
sahələrinin hər bir hektarına 40 manat pul
yardımı verilib və onlar mineral gübrələrlə
təmin olunublar. Nazirlər Kabinetinin 16 noyabr 2007-ci il tarixli
181 ¹li Qərarı ilə əlavə olaraq rayonun buğda
istehsalçılarının əkdikləri hər bir hektar
əkin sahəsinə 40 manat hesabı ilə pul
yardımı verilib.
Bununla yanaşı,
rayonda mühüm ərzaq məhsulu olan
taxılçılığın inkişaf etdirilməsi
istiqamətində tədbirlər həyata keçirilib,
2008-ci ilin payızında 43 min hektar sahədə taxıl əkilib.
Hesabat dövründə rayon taxılçıları 30 min
hektardan 85 min tondan çox məhsul götürüblər. Bu
da 2007-ci ilin nəticəsindən 59 min ton artıq məhsul
istehsalı deməkdir. Hektarların məhsuldarlığı
28 sentnerdən çox olub. Bu ilin taxıl biçininə
başlanıb. Bu il 60-a yaxın kombaynla 120 min tona yaxın taxıl
götürüləcəyi gözlənilir.
Ötən il 625 ton qarğıdalı, 1200 ton kartof, 9,2 min ton bostan-tərəvəz məhsulları, 400 ton pambıq, 9 min ton şəkər çuğunduru, 800 ton meyvə, 330 ton üzüm istehsal olunub. Eyni zamanda, kənd təsərrüfatının digər sahələrində də yüksək göstəricilər qeydə alınıb. Belə ki, 1162 ton ət, 6160 ton süd, 3,9 milyon ədəd yumurta, 135 ton yun istehsal olunub. Hazırda ərazidə 25 min baş iribuynuzlu mal-qara, 81 min baş qoyun-quzu, 225 min baş müxtəlif növ quşlar mövcuddur.
Füzulidə müasir standartlara cavab verən tibb mərkəzi tikilir
Müharibə dövründən ağır itkilərlə çıxan Füzulinin son bir neçə il ərzində görkəmi tamamilə dəyişib, yenilənib. Görülən məqsədyönlü tədbirlər nəticəsində müharibənin ağır fəsadları demək olar ki, tamamilə aradan qaldırılıb. Rayonun ən ucqar kəndlərində belə infrastrukturun yenilənməsi, yeni salınmış qəsəbələrin qaz, işıq, su ilə təmin olunması, qəsəbə və kəndlərə yüksək keyfiyyətli yeni yolların salınması əhali tərəfindən razılıqla qarşılanır. Yeri gəlmişkən, qeyd edək ki, bir müddət öncə dövlət başçısının Sərəncamı ilə Zobucuq adlanan ərazidə 2104 ailəlik 5 qəsəbə salınıb. Təmiz havası, saf suyu, yaşamaq üçün normal şəraiti olan həmin qəsəbələrdə məktəb, tibb məntəqəsi, klub, kitabxana, müxtəlif xidmət sahələri var. Əhali onlara göstərilən xidmətdən razıdır. Onlar bütün bunlara görə, Prezident İlham Əliyevin diqqət və qayğısını yüksək qiymətləndirirlər.
Ümumiyyətlə isə, rayonda əhaliyə göstərilən səhiyyə, mədəniyyət və təhsil xidmətlərinin yaxşılaşdırılması diqqət mərkəzindədir. Xidmət müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılması üçün müntəzəm iş aparılır. Aparılan islahatlar nəticəsində tibb xidmətinin işinin təkmilləşdirilməsində böyük irəliləyişlər əldə olunub. Horadiz şəhər xəstəxanası yenidən qurulub, mərkəzi xəstəxanada bərpa işləri aparılıb, ayrı-ayrı tibb müəssisələri yararlı hala salınıb, bəziləri isə yenidən bərpa olunub. Zobucuq qəsəbələrində 1 xəstəxana və 4 həkim məntəqəsi tikilib. Əhaliyə göstərilən xidmətin növləri artıb.
Respublika Prezidentinin Sərəncamı ilə Böyük Bəhmənli kəndinin üst hissəsində tibb mərkəzi tikilir. Həmin tibb mərkəzi istifadəyə verildikdən sonra tək Füzuli rayonuna deyil, qonşu rayonlara da yüksək ixtisaslı həkimlər tibb xidməti göstərəcək, hər cür xəstəliklərin müalicəsi həyata keçiriləcək.
Təhsilin səviyyəsinin
yüksəldilməsi diqqət
mərkəzindədir
Füzuli rayonunda təhsilin səviyyəsinin yüksəldilməsi də həmişə diqqət mərkəzində olub. Rayon ərazisində fəaliyyət göstərən 45 məktəbin hamısı ya yenidən tikilib, ya da müasir tələblər səviyyəsində bərpa olunub. Bütün məktəblərdə dərsləri yüksək səviyyədə tədris etmək üçün şərait vardır. Müasir avadanlıqlar, kompüterlər alınıb məktəblərə verilib. Ötən il rayonda 7 yeni məktəb istifadəyə verilib. Zobucuq qəsəbələrində müasir tələblərə cavab verən 5, Qarabulaq yatağında və Aşağı Alıxanlı kəndində 2 yeni məktəb binaları tikilərək şagirdlərin istifadəsinə verilib.
Bunun nəticəsidir ki, rayonda son illər ali təhsil məktəblərinə qəbul olunanların sayı artmaqdadır. Belə ki, 2008-ci təhsil ilində rayon üzrə orta məktəbi bitirən 1062 nəfərdən 164 nəfər gənc ali məktəblərə qəbul olunub. Bundan başqa, 150 nəfər gənc orta ixtisas məktəblərinə daxil olublar.
Əhalinin qaz və elektrik enerjisi ilə fasiləsiz təmin olunması başlıca məqsədlərdəndir
Hazırda Füzuli rayonunda müharibə dövründə tamamilə yararsız hala salınmış, işğalçı dövlətin ordusu tərəfindən dağıdılmış qaz kəmərləri yenidən bərpa olunub və bir qism kəndlərin əhalisi artıq qazla təmin olunub. Xatırladaq ki, 2008-ci ilin aprel ayının 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Füzuli rayonunda olarkən təbii qaz xəttinin oktyabrın 1-dək istifadəyə verilməsini tapşırıb.
Rayon ərazisinə nəzərdə tutulmuş müddətdə 62 km uzunluğunda təbii qaz xəttinin çəkilişi başa çatdırılıb və Prezident İlham Əliyev oktyabrın 4-də Horadiz şəhərində olarkən əhaliyə təbii qaz verilişi təmin olunub. Hazırda Horadiz şəhərində 319 ailə təbii qazdan istifadə edir. Əraziyə qaz çəkilişi işi davam etdirilir.
Hesabat dövründə əhalinin elektrik enerjisi ilə təchizatında qarşıya çıxan problemlərin də böyük əksəriyyəti aradan qaldırılıb. Ərazidəki 39 yaşayış məntəqəsi, 10 yataq tipli yaşayış məntəqəsi elektrik enerjisi ilə təmin olunub, sıradan çıxmış transformatorların yeniləri ilə əvəz olunması sahəsində işlər davam etdirilib.
Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən rayonun Bala Bəhmənli kəndi ərazisində Yuxarı Qarabağ kanalının üzərində su elektrik stansiyasının layihə smeta sənədləri hazırlanıb və yaxın zamanlarda tikinti işlərinə başlanacaq. Su elektrik stansiyasının 2010-cu ildə istifadəyə verilməsi nəzərdə tutulub.
Yeni salınan yollar Füzulinin müasir görünüşünü
tamamlayır
Rayonda yolların təmiri istiqamətində də tədbirlər həyata keçirilib. Ötən il ərazidə 50 km yol əsaslı təmir olunaraq istismara verilib. Horadiz şəhərində, keçən il istifadəyə verilmiş Zobucuq qəsəbələrində, Əhmədbəyli-Bala Bəhmənli, Zobucuq-Alıxanlı kəndi istiqamətində şose yollar əsaslı təmir olunub.
Əhaliyə göstərilən rabitə xidmətinin işindəki yüksəlişi də qeyd etməyə ehtiyac duyulur. Belə ki, Horadiz şəhərində müasir şəhər standartlarına cavab verəcək rabitə xidmətinin təşkili məqsədilə EATS-in rekonstruksiya işləri artıq başa çatmaq üzrədir. Horadiz şəhərində elektron ATS-in rekonstruksiyası tam başa çatdırılıb, əhaliyə göstərilən rabitə xidməti müasir standartlara cavab verəcək səviyyədə təşkil olunub.
Horadiz şəhər mərkəzi parkı yenidən qurulub. Horadiz şəhərində M.Ə.Rəsulzadə, 20 Yanvar küçələrinin, şəhərin kənar yollarının səki və hasarları tikilib. Horadiz şəhərində 84 N-li DSK üçün 8 otaqdan ibarət bina, rayon ƏƏSM mərkəzi, DSMF rayon şöbəsi, rayonlararası yer quruluşu idarəsi üçün inzibati binalar tikilib.
Füzuli sakinlərinin
yeganə seçimi Yeni Azərbaycan Partiyasıdır
Azərbaycanın hər yerində olduğu kimi, Füzuli rayonunda da Ulu öndər Heydər Əliyev ideyalarına, Prezident İlham Əliyevə böyük dəstək və rəğbət açıq-aşkar hiss edilməkdədir. Məhz bunun nəticəsidir ki, Ümummilli liderin yaratdığı və Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası rayon ictimaiyyətinin əsas inandığı və etibar etdiyi yeganə siyasi təşkilatdır. Hazırda özündə 4495 nəfər üzvü, 67 ərazi ilk partiya təşkilatını birləşdirən YAP Füzuli rayon təşkilatı əhali arasında Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu strategiyanın həyata keçirilməsi, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi tapşırıqların yerinə yetirilməsi üçün ardıcıl iş aparır. Partiya fəalları məcburi köçkünlərin həyat şəraitini yaxşılaşdırılması və Dövlət Proqramının tələblərinə uyğun tədbirlərin həyata keçirilməsi istiqamətində fəaliyyətlərini davam etdirir. Eyni zamanda, ölkəmizin həyatında böyük tarixi əhəmiyyət kəsb edən siyasi hadisələrdə fəal rol oynayan Yeni Azərbaycan Partiyası Füzuli rayon təşkilatının üzvləri əmin edirlər ki, 2008-ci ildə keçirilmiş prezident seçkilərində, bu ilin martında baş tutmuş referendumda olduğu kimi, 2009-cu ilin bələdiyyə seçkilərində də yüksək fəallıq nümayiş etdirərək partiyanın namizədlərinin qələbəsini təmin etmək üçün əllərindən gələni əsirgəməyəcəklər.
Aqşin ŞAHİNOĞLU
Yeni Azərbaycan.- 2009.- 4 iyul.- S.10-11.