İndi ana rollarını oynamağımın vaxtıdır

 

Xalidə Quliyeva: Mənim üçün aktyorluq həyəcan, ehtiras dolu hissləri yaşamaq, ideallarıma yaxınlaşmaq arzusudur

 

Xalidə Camal qızı Quliyeva 1952-ci il sentyabr ayının 24-də Bakı şəhərində dünyaya göz açıb. Uşaqlıqdan sənətə olan böyük marağı onun yolunu 1970-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutundan salır. Və Xalidə xanım universitetin dram və kino aktyorluğu fakültəsinin məzunu olur. 1973-cü ildən institutun nəzdində fəaliyyət göstərən “Səda” Tədris Teatrında aktrisa kimi çalışmağa başlayır. 1972-ci ildən bu günə kimi “Azərbaycanfilm” kinostudiyasında aktrisa kimi fəaliyyət göstərir.

X.Quliyeva Azərbaycan kino tarixində öz yeri olan “Qızıl qaz” filmində Validə, “Nəsimi”də Fatimə, “Bakıda küləklər əsir” ekran əsərində Solmaz, “Tütək səsi”ndə Milli, “Şahid qızı” filmində tibb bacısı, “Xoşbəxtlik qayğıları” filmində isə Xalidə rolunu oynayıb.

Kinoaktrisa kimi fəaliyyəti ilə paralel olaraq peşəkar dublyaj işi ilə də məşğuldur. Bir neçə il “Lider” TV-nin həyata keçirdiyi çoxseriyalı bədii televiziya və sənədli filmlərin dublyajında fəal iştirak edib. Hazırda İTV-nin Dublyaj redaksiyasında çalışmaqdadır. Bundan başqa, Xalidə xanım Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvüdür.

- Xalidə xanım, bir çox sənət nümayəndələrində olduğu kimi, aktrisa olmaq sizin də uşaqlıq arzunuz idi?

- Üçüncü sinifdə oxuyanda müəlliməmiz “Kim nə olmaq istəyir” adlı bir imla yazdırmışdı. İbtidai sinif şagirdi üçün bu haqda nəsə danışmaq çətin olsa da, sinif yoldaşlarımdan bəziləri həkim, çoxu mühəndis və fəhlə yazmışdı. Mən isə bağban olmaq istədiyimi yazmışdım.

- Maraqlıdır, nə üçün məhz bağban?

- Bu peşə mənə hədsiz maraqlı gəlirdi. Çünki gül-çiçək, ağaclar, bunlar hamısı bir gözəllikdir. Mən də gözəllik vurğunu idim. Aktyor sənəti də bir növ gözəllik rəmzi sayılır. Şüuraltı da olsa, məndə bu sənətə məhəbbət hələ uşaq ikən yaranıb. Uşaqlığımdan söz düşmüşkən, məktəbdə hər zaman fəallığım ilə seçilmişəm. Müxtəlif idman növləri ilə məşğul olurdum. Sonradan yüngül atletika, basketbol, voleybol oynamağa üstünlük verirdim. Rəqs və ifaçılıq sahəsinə də böyük marağım var idi.

Biz NZS qəsəbəsində yaşayırdıq. Qonşularımızla yığışıb hər həftə məhəlləmizdə konsert təşkil edirdik. Azyaşlı olsam da, mütləq o konsertdə iştirak etməliydim. Ya səhnəcikdə oynayardım, ya da şeir deyərdim. II sinifdə oxuyanda isə Mədəniyyət Sarayında ifaçılıq üzrə məktəblərarası müsabiqə keçirilirdi. Müsabiqəyə qatılaraq “Bəxtiyar” filmindən məşhur bir mahnı oxumuşdum.

Təşəbbüskarlığımın nəticəsi olaraq hələ orta məktəb dövründən çoxlu medallarım olub. Dərslərimi yaxşı oxuduğuma, özümü tərbiyəvi apardığıma görə həmişə təltif olunmuşam. Hətta yüksək əhval-ruhiyyəyə görə də diplomum var. Rəhmətlik anam həmişə mənə dəstək olardı. Evimizin divarlarını qazandığım diplomlar və təltif bayraqları ilə bəzəyərdi.

- Çox maraqlıdır, görəsən, yüksək əhval-ruhiyyə üçün diplom verərkən hansı kriteriyaları əsas götürüblər?

- (Gülür). Yəqin, dərslərdə fəal olduğuma görə. Bilirsiniz, müəlliməmiz  deyəndə ki, imla yazarkən xətti daha yaxşı olacaq şəxs yüksək qiymətləndiriləcək, mən həvəsə gəlirdim. Ən yaxşı xətt mənim olsun və birinci olum deyə böyük həvəs ilə yazmağa çalışırdım. Amma nəticədə Lətifə adlı sinif yoldaşım qalib olurdu. O zaman başa düşdüm ki, mən də səhv edə bilərəm. Özümlə bağlı fikirlərimdə müəyyən yanlışlığa yol verə bilərəm. İndi təşəbbüskarlığım mənə məişət problemlərinin həllində çox kömək edir. Bir də ki, mən məntiqə daha çox üstünlük verirəm. Çünki məntiqə əsaslanan işin nəticəsi də uğurlu olur.

10-cu sinfə yenicə keçmişdim. Məktəbimizdə dram dərnəyi açılmışdı və mən də ora yazılmışdım. Ədəbiyyatdan dərs deyən Hacıağa müəllim “Qorxulu yol” adlı bir pyes yazaraq səhnələşdirmişdi. O vaxt aktrisalıq haqqında heç bir məlumatım yox idi. Bir məktəbli üçün tamaşanın nümayişi uğurlu keçmişdi. Tamaşadan sonra rus dili müəlliməmizin mənə yaxınlaşıb “Sən aktrisa olmalısan” söyləməsi taleyimi həll etmişdi. Amma buna qədər də qeyri-peşəkar səviyyədə olsa da, bir sıra tamaşalarda rol almışdım.

Belə ki, 8-ci sinifdə oxuyarkən indiki Xətai Mədəniyyət Sarayında dram dərnəyi fəaliyyət göstərirdi. Mən də ora yazılmışdım. Görkəmli rejissorlarımızdan rəhmətlik Məmmədkamal Kazımov dərnəyin rəhbəri idi. Orada “Solğun çiçəklər”də Sara, “Vaqif” tamaşasında Xuraman, M.Qorkinin “Həyatın dibində” əsərində Nataşa kimi gözəl rollar oynamışam. 10-cu sinifdə oxuyanda isə Xalq Teatrına getməyə qərar verdim. Rəhmətlik Lütvi Məmmədbəyov da teatrın rəhbəri idi. Orada ard-arda tamaşalar hazırlandıqca mənə daha böyük rollar həvalə olunurdu. İndi daha yaxşı anlayıram ki, insan nəyəsə nail olmaq istəyirsə, onu ürəkdən istəməlidir. Sənətimi, sözün əsl mənasında, sevmişəm. Bu sənətə bir məbəd, qida kimi baxmışam.

Teatrda çalışan dövrdə sənədlərimi İncəsənət Universitetinə hazırladım. İmtahan götürülən zalda Ədil İsgəndərov, Müxlis Cənizadə kimi gözəl sənətkarlarımız əyləşmişdi. Qabiliyyət imtahanlarında üç dənə beş aldım. Səhnə danışığından isə rəhmətlik Müxlis müəllim mənə beş yazmadı. “S” hərfini qüsurlu səsləndirdiyimi deyib mənə “yaxşı” yazdı. Universitetdə oxuduqca ən çox vurğunu olduğum müəllimlərimdən biri də Müxlis Cənizadə oldu.

İnstituta daxil olan il 20 nəfər tələbəni ixtisaslara böldülər. Mən kino aktyorluğu fakültəsinə düşdüm. Dədə Qorqudun dediyi kimi, Tanrı istəməyincə insanın başına qəza gəlməz. Bu da yəqin, mənim alın yazım idi. Kinonun nə olduğunu bilmədiyim, kino aktyorluğu peşəsinə yiyələnmədiyim bir vaxtda 16 yaşımdan ard-arda filmlərə dəvətlər almağa başladım.

Rejissor Fərəməz Məmmədov Kinostudiyada diplom işi çəkirdi. Mənə də V.İ.Lenindən bəhs edən filmdə baş qərhəraman - “xalça toxuyan qız” rolu verildi. Rəhmətlik Ədil İsgəndərov əvvəlcə filmə çəkilməyimə razılıq verməmişdi. Demişdi ki, instituta yenicə girib, nə bilir, aktyorluq nədir?. Peşəkar aktrisa tapmağı məsləhət görmüşdü. Amma Fərəməz Məmmədov öz seçimində qərarlı idi və məni Ədil müəllimdən xəbərsiz filmə çəkdi. Ədil müəllim filmə baxandan sonra demişdi ki, “Qadam, Xalidə lap aktrisadır ki”. Bu söhbəti illər sonra bilmişəm. Ümumiyyətlə, yaradıcı qrup ilə sadəcə, filmə çəkildiyim müddət ərzində təmasda olurdum. Çəkiliş bitəndən sonra əlaqələrim soyuyurdu. Öz rahatlığımı həmişə sevmişəm. Bəlkə, elə buna görə kino sənətini seçdim. Çünki kinoda özünü sənətə tam olaraq qurban etmirsən. Kino teatr sənəti kimi deyil. Teatr bir evdir. Bir ailə kimi bir-birilə ünsiyyət qurmalısan. Bu çox çətin və qəliz məsələdir. Şəxsən mən bunu bacarmazdım.

- Sizin üçün aktyor peşəsi nə deməkdir?

- Mənim üçün aktyorluq həyəcan, ehtiras dolu hissləri yaşamaq, ideallarıma yaxınlaşmaq arzusudur. Dövrümüzdə insanlar ideallar ilə yaşayırdı. Mənim teatr sənətində bir aktrisa kimi idealım Hökümə Qurbanova olub. Onun sənətinin pərəstişkarı, təkrarolumaz səsinin vurğunu idim. Ümumiyyətlə, kino mənim üçün bir möcüzə idi. Uşaqlıqdan kinoya baxmağı çox sevirdim. Ekranda bədii film yazılan zaman sehrli bir aləmə düşürdüm. Elə ki, filmin sonu yazılırdı, mənim üçün eləbil həyat da bitirdi. Uşaq olanda elə bilirdim ki, əsl həyat kinodadır və kinodakı kimi olmalıdır. Real həyat mənə maraqlı gəlmirdi. Kinoda gördüyüm xarakterləri real həyatda görə bilmirdim. Hər zaman qəhrəman axtarışında olmuşam. Qəhrəman obrazlarını çox sevmişəm. Mübariz və cəmiyyətdəki axına qarşı gedə bilən insan obrazları mənim üçün böyük maraq kəsb edib.

- İdeallıqdan, dövrün ideallarından danışdınız. Sizcə, müasir dövrümüzdə ideallaşdırılacaq bədii əbədiyyat və ya film qəhrəmanları yoxdur?

- Əslində, ideal insan yoxdur. Hətta belə bir tendensiya var ki, yaxşı və pis deyil, ağ-qara gün var. Müasir dövrümüzdə çox az olsa da, yaxşı insanlar var. Sualınıza qaldıqda isə, təəssüf edirəm ki, bu gün gənclərimizin özünü bənzətmək istəyəcəyi əsər və film qəhrəmanları yoxdur. Hər kəs kimi səhv edə bilən, güzəştə getməyi bacaran, girova çevrilə bilən sadə insan obrazları isə çoxdur. Çox sevdiyim bir söz var - ləyaqət. İnsan düşdüyü şəraitdən, tutduğu vəzifədən asılı olmayaraq ləyaqətini itirməməlidir. İndiki dövrümüzdə insanlar müxtəlif standartlarla yaşayır. Elə dünənki kino ilə bugünkü kinonun da fərqi böyükdür.

- Bu fərq nədən ibarətdir?

- Fərqi ondadır ki, keçmiş kinolar ümumbəşəri meyarlardan bəhs edirdi. Bugünkü kino isə maddi marağa söykənir. Kino böyük təbliğat gücünə malik olduğu üçün vacibdir ki, ümumbəşər dəyərləri qaytaraq. Bu gün hamının biri-birinə arxa çevirdiyi məqamda, yalanın normal sayıldığı zamanda kino çox şeyi dəyişə bilər.

- Qadın xoşbəxtliyini nədə görürsünüz?

- İlk növbədə ailədə. Ailəm mənim üçün hər şeydən qiymətlidir. Ailə xoşbəxtliyi olduğu təqdirdə qadın xoşbəxtdir.

- Sənətinizi çox sevdiyinizi deyirsiniz. Əgər çox sevdiyiniz bu sənət vaxtilə şəxsi həyatınıza mane olsaydı, seçim qarşısında qalsaydınız, seçiminiz necə olardı?

- Həyat yoldaşım, balalarım mənim üçün birincidir. İnsanın çətin günündə, ağır məqamında ailəsi dayaq durur. Nə kinoların, nə də peşən ailəndən daha yaxın ola bilməz. İnsan həyata insan ünsiyyəti üçün gəlib, peşə üçün gəlməyib.

- Xalidə xanım, necə oldu ki, “Nəsimi” filmində çəkilməyə dəvət aldınız?

- 1972-ci ildə Tofiq Tağızadə məni “Qızıl qaz” filmində Validə roluna çəkdi. Filmdə Şahmar Ələkbərov, Həsənağa Turabov, Həsən Məmmədov, Leyla xanım Şıxlinskaya kimi gözəl sənətkarlarımızla tərəf-müqabili oldum. Bu filmi izləyəndən sonra Həsən Seyidbəyli məni “Nəsimi”yə dəvət etmişdi. Bir gün universitetdən çağırıb Kinoittifaqa gəlməyimi istədilər. Həsən Seyidbəylinin məni gözlədiyini dedilər. O vaxt dalımca gələni tanımırdım. O, filmin ikinci rejissoru rəhmətlik Əşrəf Mamayev idi. Həmin gün ittifaqa birinci gəlişim idi. Həsən Seyidbəyli ilə tanışlığım da o vaxt oldu. Məni ortaboylu, şən əhval-ruhiyyəli bir insan qarşıladı. Həsən Seyidbəyli olduğunu anladım. Ssenarini mənə təqdim edib, özümə rol seçməyimi məsləhət gördü. Evdə ssenarini oxuyanda şoka düşdüm. Nəsiminin soyulma səhnəsində artıq göz yaşlarımı saxlaya bilmədim. O qədər təsirlənmişdim ki, səhərə kimi yata bilməmişdim. Səhər birbaşa Kinoittifaqa getdim. Həsən müəllim hansı rolu bəyəndiyimi soruşdu. Mən də “Fatimə” söylədim. Dedi ki, özü də məni məhz o rola uyğun görüb. Yaradıcı heyətlə birlikdə 6 ay məşq etdikdən sonra filmin çəkilişlərinə başladıq. İsa Hüseynovun qələmi öz sözünü demişdi, filmin ssenarisi elə yazılmışdı ki, çox rahatlıqla oynayırdıq. Obrazın hiss və həyəcanını elə oynayırdım ki, eləbil yaşanan hər şey öz başıma gəlmişdi. Bununla da, gözəl kino həyatını yaşamağa başladım. Ümumiyyətlə, peşəkarlığa kinoya çəkilə-çəkilə yiyələndim. 17 yaşından kameranın nə olduğunu, onun sirlərini və  texnikasını bildim. Kino texnikasına yiyələnə bilsəm də, həyat texnikasına hələ də yiyələnə bilməmişəm. Hərdən mənə deyirlər ki, eləbil uşaq kimisən. Üzünüzdə uşaq marağı var.

- “Nəsimi” filmini vizit kartınız adlandırmaq olar?

- Bəli, “Nəsimi” filmindən sonra kino dünyasında mənim üçün bir növ “yaşıl işıq” yandı. Ard-arda filmlərə çəkildim. Rəhmətlik Rasim Ocaqov da “Nəsimi”dən sonra məni “Tütək səsi” filminə dəvət etdi. Filmdəki Milli obrazı çox ürəyimcəydi. Milli obrazı mənəvi və əxlaqi dəyərləri özündə təcəssüm etdirən, Azərbaycanın milli xüsusiyyətlərinin fəlsəfi çalarlarını özündə daşıyan, dərdini içində çəkən bir qızdır. Əgər filmin rejissorluğunu mənə həvalə etsəydilər, Millini baş qəhrəman kimi təqdim edərdim. Çınki Milli nümunəvi bir obrazdır.

İkinci Dünya Müharibəsi illəri, ön cəbhədə qanlı-qadalı mübarizə gedir. Arxa cəbhədə isə onun mənəvi ağırlığı daha dəhşətlidir. Milli məktubları qorxduğu üçün gizlətmirdi. O, özü də bəd xəbərə inanmırdı. Əslində, bəd xəbərləri kənd camaatına çatdırmaq uşağın işi deyildi. Bu onun üçün bir stress idi. Bu vəzifəni yeniyetmənin çiyninə qoymaq humanistlikdən uzaq bir addım olsa da, müharibənin fəsadlarından biri idi. Milli əsgərin qayıdacağına inanırdı. Əsgərin qayıtması da qalibiyyət deməkdir. Finalda da Millinin “əsgər gəlir” deyə qışqırmağı da qalibiyyəti əks etdirirdi.
Oynadığım obrazların çoxu qəhrəmanlığı sevən, mübariz obrazlardır. Mövlüd Süleymanlının “Çətirimiz buludlardır” filmində Bənövşə də sevdiyi adama qovuşmaq üçün mübarizə aparır. Haqqını tapdalayanlara qarşı çıxıb öz istəyinə nail olur. Rüstəm İbrahimbəyovun ssenarisi əsasında Rasim İsmayılovun çəkdiyi “Anın quruluşu” filmində oynadığım Sona rolu da ürəyimcədir. Filmdə tərəf-müqabilim Hacı İsmayılov olub. Orada da Sona öz məhəbbəti uğrunda mübarizə aparır. Bu baxımdan oynadığım obrazların hamısı böyük məna yüklü olub.

- Qəhrəmanlığı sevdiyinizi söyləyirsiniz, bəs mənfi obrazların da öhdəsindən belə uğurla gələ bilərdiniz?

- İndi pis anlayışı yoxdur, axı. Bir də görürsən ki, filmdə an dəyişir, o, pis adamın atdığı addıma çaşıb qalırsan. Yaxşılığını görüb pis adam olmasına təəccüb edirsən.

Bəzi obrazlarım olub ki, tamaşaçı onların hərəkətlərinə haqq qazandırmayıb. Sonda obrazı elə qurmuşam ki, tamaşaçını öz tərəfimə çəkmişəm. Bilirsiniz, axı, mənfini də mənfi kimi oynamaq olmaz. Tamaşaçıya mənfi obrazın pis addım atmasının səbəbini göstərmək lazımdır. Müsbət obrazları nə qədər orqanik oynayırsansa, mənfi obrazı qat-qat artıq məsuliyyət və səmimiyyət ilə oynamaq lazımdır. Yalnız belə olduğu halda, rolunu sevdirmək, haqq qazandırmaq olar.

- Bir az da son illərdə çəkildiyiniz filmlərdən danışaq...

- Ötən il Qarabağ həqiqətlərini əks etdirən iki filmə çəkilmişəm. Bunlardan biri Elxan Cəfərovun “Etiraf” adlı 12 dəqiqəlik musiqili sənədli filmi idi. Film Qarabağda şəhid olan Fərhad Atakişiyevin xatirəsinə həsr olunub. Filmdə onun anasını - Səidə obrazını oynamışam.

Son filmlərindən biri də İran kinematoqrafı Həsənağa Nəcəfinin “İtkin pay” filmidir. Filmdə baş qəhrəman Zeynəbi oynamışam. Zeynəb dağılmaq ərəfəsində olan ailəsini başına yığan, düzgün yol göstərməyi bacaran iradəli bir qadın obrazıdır. Bu film Beynəlxalq Fəcr və bir çox festivallarda nümayiş olunub. Türkiyə də daxil olmaqla 6 dövlət tərəfindən alınıb.

- Hazırda çəkildiyiniz bir film varmı?

- Təxminən 5-10 günə yeni bir filmin müqaviləsi bağlanacaq. Həsənağa Nəcəfi məni növbəti filminə dəvət edib. “Göyün səkkizinci qatı” adlanan filmin çəkilişləri İranda aparılacaq. Bu obraz mənim üçün yazılıb. Filmdə azərbaycanlı bir qadın - Xalidədən bəhs edilir. Artıq ikinci dəfədir ki, mənim üçün məxsusi rol yazırlar. Birinci film Həsən Seyidbəylinin “Xoşbəxtlik qayğıları” olub.

- Yəqin ki, yeni filmin ssenarisi ilə tanışsınız. Filmdə öz həyatınızdan məqamlar görürsünüzmü?

- Əslində, obraz oynamıram, özümü oynamağa çalışıram. “İtkin pay” filmində də başqa birini deyil, ananı oynamışam. Həyatda necə mehriban və tələbkar anayamsa, rolumu da elə oynamışam. Çünki kino elə sənətdir ki, yalan danışmaq olmur.

Ana ola-ola niyə başqa ananı oynamalıyam. Hətta “İtkin pay” filminin premyerasında mənə yaxınlaşıb deyənlər oldu ki, Xalidə xanım, elə bildim, öz anamı gördüm. Deməli, səmimi oynamışam. Çox xoşbəxtəm. İlk növbədə anayam, sonra aktrisa. Əgər yaxşı ana olmasaydım, ana rollarını oynamağı uyğun görməzdilər. Vaxtilə cavan qızları oynamışam. İndi ana rolları oynamağımın dövrü gəlib çatıb.

- Azərbaycan kinosunun bugünkü vəziyyəti sizi qane edirmi, bu sahədə nə kimi problemlər var?

- Milli kinomuzun əsas problemi ondan ibarətdir ki, Berlin, Kann festivalı, Amerika Kinoakademiyasının təqdim etdiyi “Oskar” nominasiyası kimi yüksək pillələrə çıxa bilmirik.

- Səbəb nədir?

- Rəhmətlik Səməndər Rzayevin “Bəyin oğurlanması” filmində söylədiyi kimi -  “Bu kino ki var, çox qəliz məsələdir”. O pilləyə çatmaq üçün peşəkar kadrlar yetişdirməliyik. Peşəkarlarımız az da olsa var. Gənc kinorejissorlar, kinooperatorlar və qrim ustalarını xaricdə təcrübə keçməyə göndərməliyik. Kinoda vacib rol oynayanlardan biri də quruluşcu rəssamdır. Quruluşcu rəssam filmin ab-havasını, zamanını yaradır. Deyirlər, pul azdır, ona görə kino çəkmək olmur. Bu yalandır. Elə xarici rejissorlar tanıyıram ki, az miqdarda pulla gözəl filmlər çəkiblər. Deməli, əsas peşəkarlıqdır.
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən gənc rejissorlar və ssenari müəlliflərindən istedadlılarını üzə çıxarmaq məqsədilə müxtəlif müsabiqələr keçirilir. Sabahımız bu gün gördüyümüz işlərdən asılıdır. Prezident İlham Əliyevin “Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqında” imzaladığı Sərəncamda öz əksini tapan müddəaların icrasından sonra milli kinomuz yaxın zamanlarda dünyada tamaşaçı auditoriyası qazanacaq. Bu baxımdan kinomuzun gələcəyini nikbin görürəm.

- Maraqlı müsahibə üçün təşəkkür edirik!

 

 

Turanə QADİR

 

Yeni Azərbaycan.- 2009.- 4 iyul.- S.8.