İnanıram gün gələcək
ki...
Rafiq Rəsul oğlu Xələfovun 70 illik yubileyinə
Mənə bu gözəl insanla
...1952-ci ildə Azərbaycan
Politexnik İnstitutunu inşaatçı-mühəndis
ixtisası üzrə bitirən Rafiq Xələfov
ömrünü neft sənayesi ilə bağladı: “Azdəniznefttikinti”
Trestində müxtəlif vəzifələrdə
çalışdı, Suriya Ərəb Respublikasında yeni
kəşf edilmiş neft yataqlarında tikinti işlərinə
rəhbərlik etdi. 70-ci illərin ortalarında Rafiq Rəsul
oğlu Xələfov “Xəzərdənizneft” İstehsalat
Birliyi direktorunun müavini, sonra “Xəzərdənizneftqazsənaye”
Ümumittifaq Sənaye Birliyi rəisinin müavini vəzifəsinə
təyin olundu. Bu, Heydər Əliyevin yeni neft
strategiyasının həyata keçirildiyi illər idi və
gündəlikdə dəniz yataqlarının, ilk növbədə,
“Günəşli” yatağının işlənilməsi məsələsi
dururdu. Dənizin dərin qatlarından çıxarılan
neftin sahilə nəql olunması üçün borudüzən
qurğunun ixtirasına görə Rafiq Xələfova 769171
nömrəli müəllif şəhadətnaməsi təqdim
olunmuşdu. Bir sözlə, o, işinə ürəkdən
bağlanmışdı və onun profilini dəyişmək
fikrində deyildi. Lakin necə deyərlər, sən
saydığını say... 1979-cu ildə Rafiq Xələfovun
taleyində növbəti sərt dönüş baş verdi.
Heydər Əliyev çoxlarının gözləmədiyi
halda onu Azərbaycanın avtomobil yollarının tikintisi və
istismarı naziri təyin etdi. Niyə məhz onu?
Atalarının bioqrafiyasının bəzi məqamlarını
şərh etməyə həvəslə razılıq verən
qızlarından soruşuram. Oçerk boyu yeri gəldikcə,
onların xatirələrinə hələ çox müraciət
edəcəyik.
Sevinc Xələfova:
Heydər Əliyev, adətən, kimisə yüksək vəzifəyə
irəli çəkəndə bu adamla hərtərəfli
söhbət edirdi. Ancaq atam qohum olduğundan bütün
bunlar ev şəraitində baş verdi. Atam danışırdı
ki, Heydər Əliyevin tövsiyəsi az qala deviz kimi səsləndi:
“Orada işlər yaxşı deyil, bu sahədə ciddi
problemlər yığılıb qalıb, ancaq bu strateji sahədir,
səni ora göndərirəm, get vəziyyəti düzəlt”.
Təvazökarlıqdan
uzaq görünməsin, ancaq Heydər Əliyev Azərbaycan
iqtisadiyyatının ən strateji sahələrinə
atamı göndərirdi, o da bu sahəni dirçəldirdi.
Fəxriyyə Xələfova:
Əlbəttə, axı Heydər Əliyev də
böyük professional idi, ona görə də O
tapşırıqları qısaca ifadə edəndə,
onların mühüm strateji obyektlərdə konkret
reallaşmasını görmək istəyirdi. Seçimin
atamın üzərinə düşməsinə gəldikdə
isə, bu, ilk növbədə onunla bağı idi ki, atam ona
həvalə edilən hər hansı
tapşırığı yüz faiz yerinə yetirmək
bacarığına malik idi.
Sevinc Xələfova: Biz
istirahət üçün respublikadan kənara
çıxanda atam oradakı yolları diqqətlə öyrənirdi.
Yadımdadır, o vaxt biz SSRİ üçün bir növ
Avropanın avanpostu olan Pribaltikaya getmişdik. Atam Pribaltika
ölkələrinin təcrübəsini, bütün bu
ayırıcı zolaqları əks etdirən örtükləri,
beton örtükləri öyrənirdi. Elə hey deyirdi: “Bunu
mütləq Azərbaycanda tətbiq etmək lazımdır”.
Yəni, o, hətta istirahət zamanı da işləyirdi.
Fəxriyyə Xələfova:
Biz məzuniyyətə gedəndə, təbii ki, onu həmkarları,
bu və ya digər respublikanın nazirləri
qarşılayırdı. Bu görüşlər çox
mehriban şəraitdə keçirdi. O vaxt biz
görürdük ki, o yalnız öz respublikasında deyil,
ondan kənarda da tanınır və hörmətə
malikdir. Onu hər işə yarayan, hamıya lazım olan adam
kimi tanıyırdılar.
Rafiq Xələfovun sahəyə
rəhbərlik etdiyi 10 il ərzində nail olduqlarının
yalnız sadalanması-magistral yolların yenidən
qurulması və uzadılması, körpülərin,
zavodların, sahə işçiləri üçün
istirahət evlərinin tikilməsi-bir neçə səhifədən
çox tutardı. Həmin illərdə Heydər Əliyevin
dəstəyi sayəsində “Azərbaycanın şose yol
sisteminin 1981-2000-ci illər ərzində inkişaf perspektivləri”
adlı irimiqyaslı uzunmüddətli proqram qəbul etmək
mümkün oldu. Qeyd edək ki, bu proqramın bir çox
mühüm müddəaları Rafiq Xələfovun rəhbərlik
etdiyi müddətdə həyata keçirildi. Lakin çox
güman ki, Rafiq Xələfovun ən böyük nailiyyəti
- onun yetişdirdiyi kadr potensialı idi.
...Sahənin
qazandığı nəzərəçarpan uğurlara
baxmayaraq, 1989-cu ildə Rafiq Xələfovu standart formul -
“öz xahişi ilə” işdən azad etdilər. Ancaq əsl
səbəb, əlbəttə ki, başqa idi. O vaxt bədnam
Qorbaçov “yenidənqurması” bütün istiqamətlərdə
uğursuzluğa düçar olurdu və SSRİ-nin baş
katibinə bütün günahları üstünə
yıxmaq üçün “düşmən” tapmaq lazım
idi. İlk qarayaxma kampaniyalarından biri Sov.İKP MK Siyasi
Bürosunun sabiq üzvü Heydər Əlirza oğlu Əliyevə
qarşı başlandı. Təbii ki, onun Azərbaycanda olan
qohumları da kənarda qalmadı. Onların
hamısını tutduqları vəzifələrdən azad
etdilər, işdən çıxardılar, müəllimlik
fəaliyyətindən kənarlaşdırdılar. Hətta
böyük Stalin “təmizləmələri” zamanı da bu
cür riyakar qəddarlığa rast gəlinmirdi. Rafiq Xələfovun
istedadlı qızlarının işlərinə də əngəl
törətməyə cəhd göstərilirdi.
Sevinc Xələfova: Mən
institutu təzəcə qurtarmışdım, Lenin təqaüdçüsü
idim, qırmızı diplom almışdım, ancaq məni
aspiranturaya götürmək istəmirdilər. Rektor mənə
dedi: “Üstünüzdə ağır bir daş var”. Əgər
mənə institutda qalmağa icazə versəydilər,
işimin demək olar ki, 70 faizi hazır idi. Mənim diplom
işim, - mən kimyaçıyam, - çox geniş idi. Onu
bir qədər tamamlasaydım, namizədlik dissertasiyası
olacaqdı. Ancaq məni ADU-da saxlamadılar. Laboratoriya
müdiri açıq dedi: “Məndə sizin üçün
mövzu yoxdur”. Bu adam bir vaxtlar mənim anamla işləmişdi,
onu çox gözəl tanıyırdı. Üstəlik, mən
də pis oxuyan tələbə deyildim. Onda mən tamam
başqa laboratoriyaya, tanımadığım adamın
yanına getdim. Bu, Elmlər Akademiyasının “Ümumi
qeyri-üzvi kimya” laboratoriyası idi. Laboratoriya müdiri dedi
ki, məni böyük həvəslə işə
götürər. Yəni ki, vicdanlı, təmiz adamlar
tapıldı. Mən tamamilə başqa sahə üzrə
aspiranturaya daxil oldum. Hər işi sıfırdan başlamaq
lazım idi, lakin mən heç şey üçün
heyifsilənmirəm...
Fəxriyyə Xələfova:
Yadımdadır, mən qırmızı diplom uğrunda, həqiqətən
mübarizə aparırdım. Başa düşürdüm
ki, bilərəkdən mənə “üç” yazacaqlar, ona görə
də, fənləri əzbərləyirdim, sonra cavab verməyə
prinsipial olaraq birinci çıxırdım. Mənə
“dörd” yazsaydılar, əhvalım qarışardı.
Sonra aspiranturaya da daxil
olmaq çətin idi. Mən qiyabi aspiranturaya
daxil oldum. Başqa çıxış yolu yox idi. Elmlər Akademiyasına da məni heç
kim götürmürdü.
Rəhmətlik qayınanam
dedi ki, Fiziologiya İnstitutunun insan beyninin neyrofiziologiyası ilə məşğul olan laboratoriyasında yer var. Ora çox çətin olduğundan
heç kəs getmək istəmirdi. Bu minvalla mən
neyrofiziologiyanı öyrənməli
oldum.
Ailə
üçün bu çətin dövrdə Rafiq Xələfov
əlləri qoynunda durmamışdı, məsələn, o,
“LUKoyl-Azərbaycan” şirkətini yaradanlardan biri idi. Bir
müddət sonra onu Nazirlər Sovetinə, inzibati orqanlar
şöbəsinin müdiri vəzifəsinə dəvət
etdilər. Onun yenidən xidməti maşını, hökumət
telefonu var idi, Baş nazirlə münasibətləri də
pis deyildi. Bu imtiyazları ona görə yada salıram ki,
oxucular başa düşsünlər: qəhrəmanım
bütün bunları itirə bilərdi, çünki həmin
dövrdə Heydər Əliyevin Azərbaycana
qayıtmasına fəal kömək edirdi.
Rafiq Xələfovun
qızları xatırlayırlar ki, 1990-cı ilin o uzaq yay
günlərində onların atası və Heydər Əliyevə
yaxın olan bir neçə adam akademik Cəlal Əliyevin bir
növ qərargaha çevrilmiş mənzilinə
yığışar və Heydər Əliyevin
qarşılanmasının təşkilini müzakirə edərdilər.
Bu insanlar öz üzərlərinə böyük məsuliyyət
götürmüşdülər, böyük tarixi şəxsiyyətə
cavabdeh idilər, Onun vətənə qayıtmasını
texniki cəhətdən təmin etməyə söz
vermişdilər. O vaxt heç kim öz şəxsi təhlükəsizliyi
haqda düşünmürdü, onsuz da onu heç kim təmin
etmirdi. Həmin dövrdə hökumət telefonuna əli
çatan yeganə adam Rafiq Xələfov idi. Heydər Əliyevin
qayıtması ərəfəsində o bir neçə dəfə
“yuxarı”ya zəng vurmuşdu. Respublikanın keçmiş
rəhbərinin qarşılanmasını layiqli səviyyədə
təşkil etməyə inandırırdı, heç olmasa
mane olmamağa, məsələn, qarşılanma
üçün lüks maşın ayırmağa
çağırırdı. Xeyri yox idi - hamı kənara
çəkilmişdi. İyulun 20-də Rafiq Xələfov bir
qrup adamla Heydər Əliyevi qarşılamaq üçün
Binə aeroportuna gələndə isə onlar Ayaz Mütəllibovun
tərəfdarlarından ibarət, düşmənçilik
hissləri ilə coşub-daşan böyük dəstə ilə
qarşılaşdılar. Bu adamlara dəqiq
tapşırıq verib buraya göndərmişdilər: Heydər
Əliyevin doğma torpağa qayıtmasına hər vasitə
ilə mane olmaq. Yalnız Heydər Əliyevin
qohumlarının fərasəti və
diribaşlığı sayəsində faciəli
toqquşmanı sovuşdurmaq mümkün oldu.
Fəxriyyə Xələfova:
Atamın üzərinə xüsusi məsuliyyət
düşürdü, çünki o, Heydər Əliyevin
qohumu olmaqla bərabər, eyni zamanda, məsul dövlət vəzifəsi
tuturdu və başa düşürdü ki, hər hansı
bir fövqəladə hadisə baş versə, ilk növbədə
o cavab verməli olacaq. Axı hər şey ola bilərdi.
...Rafiq Xələfovun
taleyində üçüncü sərt döngə
1993-cü ildə Heydər Əliyevin hakimiyyətə gəlməsi
ilə oldu. Prezident Rafiq Xələfovu çağırıb
onun qarşısında vəzifə qoydu: yeni
yaradılmış “Xalq üçün mallar” konserninə rəhbərlik
etmək və ya öz adı ilə çağırsaq,
yüngül sənaye naziri olmaq. Burada mən yenə də
kömək üçün Xələfova bacılarına
üz tuturam: niyə məhz bir çoxları
üçün gözlənilməz olan bu vəzifə?
Fəxriyyə Xələfova:
Həmin konsern o vaxt yaranmaqda olan Azərbaycan Silahlı
Qüvvələrinin ehtiyaclarını ödəməli idi.
Bunun öz konsepsiyası var idi. Acınacaqlı vəziyyətdə
olan ayaqyalın, başıaçıq ordunu geyindirmək
üçün bütün daxili resursları səfərbər
etmək lazım idi. Atam bu işin öhdəsindən gəldi!
İş ondadır ki, bu, real işləyən və büdcəyə
sanballı gəlir gətirən azsaylı konsernlərdən
biri idi. Fabriklər işləməyə başladı,
özü də demək olar ki, hamısı hərbi
ehtiyaclar üçün işləyirdi. O vaxtın ordusunu təsəvvürünüzə
gətirin. Atam isə heç iki il keçməmiş ordunu
NATO forması ilə təchiz etdi.
Sevinc Xələfova: O
demək olar ki, evdə olmurdu, sutkada 16 saat işləyirdi. Əlbəttə,
ilk vaxtlar çətin idi, üstəlik, bu onun
üçün yeni sahə idi. Bu təyinatın mahiyyətini
atam bir qədər sonra başa düşdü. Əsas məsələ
ordunu dirçəltmək idi. Bu, sadəcə Yüngül Sənaye
Nazirliyi deyildi. Ordunun ehtiyaclarını ödəmək
lazım idi.
Fəxriyyə Xələfova: Atam Heydər Əliyevin Çinə səfəri zamanı onu müşayiət edirdi. Bu, Prezidentin xaricə ilk səfərlərindən biri idi. Atam çinlilərdən geyim tikmək üçün böyük sifariş almağa müvəffəq oldu. Çinlilərin bir neçə ölkəyə ixrac üçün embarqoları var idi. Bu səbəbdən də onlar sifarişi bizdə yerləşdirdilər və mallar “Made in Azərbaycan” markası ilə buraxılırdı. Başqa sözlə, geyimlər bizim öz məhsulumuz kimi ixrac olunurdu. Elə böyük investisiyalar yatırıldı ki! Neçə illər keçib, Azərbaycanın qrifi altında bu gün çoxmu geyim istehsal edilir? Bunu bacarmaq lazım idi. Konsernin sonralar da Çin ilə xeyli prioritet istiqamətləri var idi. Bütün bunlar yeni iş yerlərinin açılmasına imkan yaratdı. O vaxt konsernin bütün fabriklərində işçilər sabit məvacib alırdılar, yüngül sənaye işçiləri üçün xeyli evlər tikildi, dövlət büdcəsinə sanballı ödəmələr oldu.
Yaxşı yadımdadır, o dövrdə müxtəlif qəzetlərdə (“Qarabağ”, “Azərbaycan”) Rafiq Xələfovla bir neçə müsahibə dərc olunmuşdu. Ümumiyyətlə o, jurnalistlərlə təmasda olmağı xoşlamırdı, burada isə elə bil sinəsi açılmışdı. Bu konseptual, deyərdim ki, proqram xarakterli müsahibələrdə Rafiq Xələfov o vaxt üçün həll edilməli olan bir sıra mühüm vəzifənin dürüst ifadəsini vermişdi. Digər tərəfdən, onun fikir və mülahizələri bu günə qədər aktuallığını itirməyib. Məsələn, özəlləşdirmə mexanizmləri (Rafiq Xələfov xalq təsərrüfatının bazar iqtisadiyyatına keçidi proqramının praktiki reallaşdırılması ilə məşğul olanlardan biri idi), güclü müstəqil siyasət yeritmək üçün güclü iqtisadiyyatın zəruriliyi, qanunun diktaturası, Qarabağ münaqişəsinin həlli yolları, din və dövlətin, ziyalı və hakimiyyətin münasibətləri, nəhayət, milli birliyin ən vacib zəmini kimi milli ideologiyanın formalaşdırılmasının zəruriliyi barədə düşüncələr. Bu düşüncələr yetkin siyasətçinin, dövlət xadiminin, Heydər Əliyev idarəçiliyi məktəbinin əsl şagirdinin fikirləri idi. Təsadüfi deyil ki, 1997-ci ildə “Xalq üçün mallar” Konserni fəaliyyətini bitirdikdən sonra Ulu öndər Heydər Əliyev Rafiq Xələfovu ən geniş səlahiyyətlərlə Baş nazirin müavini təyin etdi. Təəssüf ki, 1998-ci ilin oktyabrında qəfil ölüm Rafiq Xələfovun uğurlu karyerasına son qoydu. O vaxt Rafiq Xələfovun cəmi 59 yaşı vardı və bu ölüm gənc, müstəqil dövlətimiz üçün həqiqətən ağır itki idi.
Rafiq Xələfovu tanıyanların
hamısı onun müstəsna erudisiyaya malik olmasını qeyd edir. O, daim mütaliə ilə məşğul olurdu, doğma ölkəsinin tarixi ilə maraqlanırdı, tanınmış filosofların,
psixoloqların əsərlərinə
bələd idi, siyasi memuar janrından
xüsusi zövq alırdı. Rafiq Xələfov həm
də yaradıcılıqla
məşğul olurdu,
qələmindən şeir,
nəsr, müdrik fəlsəfi fikirlər çıxırdı. Ancaq
o, çox sadə, deyərdim ki, utancaq adam
idi. Elə buna görə
də, yazdıqları
oxuculara kitab halında gəlib çatmadı. Bir dəfə Rafiq Xələfovdan soruşanda
ki, niyə yazdıqlarını çap
etdirməyə çalışmır,
belə cavab vermişdi: “Bu çoxdan olub, lap çoxdan, hələ cavanlıqda. Bizim çox tanınmış
yazıçılardan biri
ilə görüşüb
ona detektiv janrında yazılmış
povestimi göstərdim.
10-15 gündən sonra
dedi ki, povesti bir şərtlə
çap edə bilər - altında iki imza olsun.
O vaxtdan yazdıqlarımı
masamın gözündə
saxlamağa üstünlük
verirəm”.
Ancaq bir dəfə
dostları, onların arasında görkəmli Azərbaycan
şairi Xəlil Rza da var idi, onu “İnanıram gün gələcək
ki...” adlı kitabı çap etdirməyə razı sala
bildilər. 1995-ci ildə işıq üzü görən
kitabda Rafiq Xələfovun bir neçə məşhur müsahibəsi,
bu müsahibələrin doğurduğu çoxsaylı rəylər,
bir də onun müdrik kəlamları yer almışdı. Bu
kəlamlar şəxsən mənim böyük
marağıma səbəb olmuşdu. Oçerkin sonunda Rafiq
Atəşin yaradıcılığından bir neçə
nümunə gətirmək istərdim:
“Ən böyük
demokrat qanunla hərəkət edən kəsdir”.
“İş ancaq
danışmaqla düzəlsəydi, Azərbaycandan firavan məmləkət
olmazdı”.
“Kimisə, nəyisə
tərifləməkdən həmişə inadla
qaçmışam. Səbəbi odur ki, yaxşını tərifləmək
- yaxşı işin korlanmasının
başlanğıcıdır. Pisi tənqid etmək, yol
göstərmək isə tərəqqinin ilk pilləsidir”.
“Siyasi rəqabət
siyasi düşmənçiliyə keçməməlidir. Bu,
kişilikdən deyil”.
“Ölkənin ən
qiymətli sərvəti onun vətəndaşlarıdır. Onların
istər fiziki, istərsə də mənəvi
sağlamlığı ən vacib və təxirəsalınmaz
məsələlərdəndir. Odur ki, səhiyyə və
maariflə birinci növbədə məşğul olmaq
lazımdır”.
“Mən millətimi dilənçi
yox, varlı, sədəqə alan yox, xeyriyyəçi,
savadsız yox, elmli, qeyrətsiz yox, şərəfli və ən
nəhayət, gücsüz yox, müstəqilliyini öz
gücünə arxalanaraq müdafiə edən və qalib gələn
kimi görmək istəyirəm. Bunu arzu etmək azdır; bu
yolda şəhid olmaq böyük səadətdir”.
Rafiq Xələfovun
ürəyində gəzdirdiyi bir çox arzuları indi
reallığa çevrilib. Biz inamlı xarici və daxili siyasət
aparan müstəqil, firavan dövlətdə
yaşayırıq. Bugünkü uğurlarımızda
dövlətçiliyimizin bünövrəsini quran
insanların, o cümlədən, Rafiq Xələfovun
böyük xidmətləri vardır. Hətta
dünyamızın ölçüləri ilə
götürüldükdə belə, onun qısa
ömrünün əsas nikbin yekunu və əzəl mənası
da elə budur.
Yeni Azərbaycan.- 2009.- 4 iyul.- S.5.