BAKI MİLYONÇUSUNUN MALİKANƏSİNDƏ BİR GÜN..
İstilər düşüb,
şəhərdə nəfəs almaq mümkün deyil... Maşın tüstüsü,
göydələnlərin toz-torpağı, yaşıllığın da vəziyyəti göz
qabağında - ağacların soyqırımı davam edir. “Hara getməli, nəylə
nəfəs almalı” sualının əlində girinc qalanlarçün çox vaxt
Azərbaycanın səfalı guşələri, bir çox hallarda isə
xarici ölkələr dərdə dərman olur. Bəs maddi
imkanı, vaxtı, şəraiti olmayanlar neyləsin?
Özümü turizm şirkətinin nümayəndəsi saymasam da, istirahət
günlərində bol-bol oksigen almaq istəyənlərçün yaxşı
bir məkan tövsiyə edə bilərəm. Çox uzağa getmədən,
"Əzizbəyov" metrosu həndəvərindəki Mərdəkan
avtobuslarına minib, üz tutun Mərdəkan dendrarisinə. Flora bir tərəfdən, fauna o biri tərəfdən.
Bir az da beyninizi dincəldə biləcəyiniz sakitlik (hər
halda, mən elə təsəvvür edirdim)... Oldumu sizə babat
istirahət? Amma hər şey dediyim üç cümlə ilə məhdudlaşmır.
Ziyarətçiləri zibillərin tüstüsü
qarşılayır
Bir
bazar günü yolu əlimə alıb, üz tutdum Mərdəkan dendrarisinə.
8 il əvvəl olduğum bu məkanda hər şeyin əvvəlki,
yəni yuxarıda təsvir etdiyim kimi gözəl olması təsəvvürü
ilə məkana çatıram. Girişçün 1 manat ödəyir (xarici turistlərçün
bu məbləğ 4 manatdır), içəri girirəm və bir anda ətrafı
bürüyən natəmizlik iyi burnuma dolur. Məlum olur ki, bu,
qıraqdakı zibil qalaqlarının tüstü qoxusudur. Tüstünün bir hissəsi ziyarətçilərə,
bir hissəsi isə o gözəlim bitkilərə tərəf
yönəlir və hər ikimizin “ciyərlərinin” çəkəcəyi
ziyanı təsəvvür belə etmək istəmirəm. Nəsə,
“ilkin təəssürat aldadıcı ola bilər” deyib, optimist əhvalla
içəriyə doğru yol alıram.
Milyonçunun
bağ evi necə dendrariyə çevrildi?
Öncə
bilənlər və bilməyənlər üçün bu məkan barədə
qısa arayış. Azərbaycan Milli Elmlər Akademiyasının Mərdəkan
dendrarisinin yerləşdiyi ərazi 1895-1920-ci illərdə məşhur
xeyriyyəçi və neft milyonçusu Murtuza Muxtarovun şəxsi bağı
olub. Bağın ümumi sahəsi 24 hektardır. Abşeron yarımadasının şimal-şərqində,
Xəzər dənizindən 3,2 km, şəhərin mərkəzindən
isə 40 km məsafədə yerləşir. Dendraridə növ zənginliyinin
artırılması istiqamətində aparılan tədqiqat işlərində
bitkilərin suya olan tələbatını təmin etmək məqsədilə
50-70 metr dərinlikdə olan yeraltı su yataqlarından istifadə
edilir. Bağda su hovuzları ilə yanaşı, 6 süni şəlalə də
inşa edilib ki, bu da onun ümumi kompozisiyasında çox gözəl görünür. Dendrarinin
tarixini əks etdirən, hələ də inşası hansı əsrə
aid olduğu məlum olmayan 4 ədəd yeraltı su kəhrizi var. Bu
yeraltı su kəhrizləri keçid və mağaralarla zəngindir.
Quyuların diametri 8-13 metr olub, 36 metr dərinlikdədir. Bu yolların
hara qədər uzandığı hələ bu günədək məlum
deyil.
Bitkiləri
də cəbhə hakimiyyəti məhv edib?
Zəruri qeyd: Mərdəkan dendrarisinə
aid internet saytda diqqətimi maraqlı bir detal cəlb etdi. Deməli,
rəsmi məlumatlarda göstərilib ki, 1966-1988-ci illərdə
bağda 420 növ, forma və sorta yaxın ağac və kol bitkisi, 100-ə qədər
otaq, istixana və bəzək gülləri, respublika florasını təmsil
edən 50-yə qədər cır halda bitən bitki nümunələrinin
öyrənilməsi istiqamətində tədqiqat işləri aparılmışdır.
Növbəti cümlə: “1988-1993-cü illərdə respublikada baş
vermiş məlum hadisələr(?!-S.T.) Mərdəkan dendrarisində
də özünü göstərmişdir ki, nəticədə bir çox ağac və
bitki növləri məhv olmuş, tikililər dağılmışdır. Son 10
il ərzində bağda yenidənqurma işləri aparılıb"...
Nəsə, hər
şeyin siyasiləşdiyini görmüşdük, amma bitki və heyvanat aləminin
də bunca siyasətin içinə atılmasının ilk dəfə şahidi
olduq.
Çiçək, çiçək, ağ çiçəyim...
Bağın
əsas sərvəti təxminən 1800 növədək ağac, kol
və liana kolleksiyalarından ibarətdir. Burada Azərbaycanın
Qırmızı Kitabına salınmış 141 növ ağacın 69-u var. Dendrarini landşaft
memarlığının nümunəsi kimi milli sərvət hesab etmək olar.
Təkcə
onu demək kifayətdir ki, bağda dünya florasından gətirilmiş 380
növ, o cümlədən 22 növ və 300 sort qızılgül, 9 növ və 35
sort nərgiz, 25 növ və 42 sort zanbaq, 6 növ və 12 sort süsən
və s. müxtəlif gül-bəzək kolleksiyaları da toplanmışdır. Geniş
yayılmayan çoxillik bitkilərdən 75 növ və 162 sort, 28 növ və
56 sort kaktus, eləcə də digər bitki kolleksiyaları növ
müxtəlifliyi ilə xarakterizə olunur. Təkcə lalələrdən
ibarət zəngin kolleksiyada təxminən 15 növ və 26 sort
vardır.
Siyahını
uzadıb, rəqəmlərlə və sizə yad olan bitki adları
ilə baş ağrıtmaq istəmirəm. Bunlar tədqiqatçı olmayanlarçün
o qədər də əhəmiyyət kəsb etmir - gözəl
bir mənzərə, o qədər... Amma o da nə? Filmlərdə
gördüyümüz və hətta “səhnədən belə izlədiyimiz”
nilufər çiçəyi suyun üstündə məsum-məsum hərəkət
edir. Bu mənzərinin zövqünə dalmaq üçün insan ən azı bir
saatından keçməlidir.
Milyonçunun ilginc həyat hekayəsi - Səadət
sarayını da o tikdirib, Bakı Şəhər İcra Hakimiyyətini də
Yaxşı, bəs niyə
bağa belə ad verilib? Dendrari adı yunan dilində
işlənən “dendra” sözündən götürülüb, mənası “nadir ağaclar
məskəni” deməkdi. Bir əsr yaşı olan park sovet
rejimi qurulmamışdan əvvəl, 1890-1920-ci illərdə neft
milyonçusu Murtuza Muxtarovun bağ evi olub. M.Muxtarov da Əmircanda arabaçı ailəsində
anadan olub. Bir müddət Zabrat-Balaxanı neft mədənlərində
fəhləlik edib. Muxtarov işlədikcə
rus ustası Martov onun işinə fikir verib, marağı, qüvvəsi olduğunu
görüb qazma quyularının sirlərini öyrədib. Qocalanda
isə Martov öz sexini ona verib. M.Muxtarov burada
çalışıb, savadını təkmilləşdirib və milyonçu səviyyəsinə
çatıb. M.Muxtarov parkın ərazisini aldığı vaxt
bura qayalıqlardan ibarət olub. O, parkın tonlarla torpağını Lənkərandan
gətirdib. Bağın mərkəzində isə əsrarəngiz
bina tikdirib. Binanın tikilməsini o, fransız
memarı Plaşkoya tapşırıb. Bundan əlavə,
Muxtarov Səadət sarayı və Bakı Şəhər İcra Hakimiyyətinin
binasının tikilməsini də Plaşkoya həvalə edib.
Quyunun qapısı bağlıdır
Bağın
içində yerləşən kənardan gəmiyə bənzəyən
bina italyan qotika üslubunda tikilib. Bu ev sovet rejimi qurulandan sonra dəfələrlə
dağılmaq təhlükəsi ilə qarşılaşıb. Bağın içində 29 m dərinliyində
quyu var. Quyunun içində 4 yol var. Bu yollardan biri Xəzər dənizinə,
biri neft milyonçusu Şəmsi Əsədullayevin bağına, digəri isə
binanın özünə çıxırdı. Hazırda quyunun 19 m-dən su başlayır. Əvvəllər
Xəzər dənizi bağın yaxınlığında olduğundan Muxtarov burada liman
tikdirmək istəyir. Amma müəyyən səbəblərdən
liman tikilmir. Həmin ərazidə bitkilərin sulanması üçün arx
düzəltdirir. Dendrari parkı 1965-ci ildən Azərbaycan Milli Elmlər
Akademiyasının Botanika İnstitutuna tapşırılıb.
Gəzinti
zamanı öyrəndik ki, artıq o quyunun da qapısına qıfıl vurulub. Buna suyun
səviyyəsinin artması və nəticədə gəzinti
imkanının minimuma enməsi səbəb olub.
Qoçaq,
sən orda neynirsən?
Hə,
bu da Sərvərin Gülnaz xanımla görüşdüyü yer - çarhovuzun qırağı. Məşədi
İbadın çəpərin o biri yanından yana-yana “qoçaq, sən orda
neynirsən” dediyi səhnə var ha, bax onu bu bağda çəkiblər.
Eləcə də “Arşın mal alan”, “Qorxma, mən səninləyəm”,
“Dərviş Parisi partladır”, “Başsız atlı” və digər filmlərin
də bəzi səhnələri bu məkanda çəkilib.
Bu
da bir müddət Mərdəkanda yaşamış rus şairi S.Yeseninin
ev-muzeyi. Müəyyən müddət dendraridəki bu evdə yaşamış
Yeseninin muzeyinə giriş bileti 1 manatdır. Ev-muzeyinin rəhbəri
orda rus şairi barədə məlumat verir. Öyrəndiyimə görə,
əsasən Rusiyadan gələn müxtəlif səviyyəli şəxslər
buranı maraqla ziyarət edib, Yeseninin Azərbaycan xatirələri
ilə tanış olurlar.
Hardasan, ay Məşədi Murtuza? - bağın
çirkli lövhələri, ac heyvanları və pozulan qaydaları
Bu
qədər tərif-təsvir yetər. Yazının girişində də
yazdığım kimi, nadir bitkilərin və heyvanat aləminin bulunduğu məkanın
qorunması standartlara uyğun deyil. Öncə ondan başlayım ki, gəzinti
boyu tez-tez qarşıma çıxan lövhələrin vəziyyəti bərbad
idi. Onların üzərində müxtəlif məlumatlar, kəlamlar
yazılsa da, çirkdən və rəng töküntüsündən hərfləri
oxumaq qeyri-mümkün idi.
Bağdakı
qəfəslərdə ayı, qartal, çöl quşları və s. saxlanılsa
da, onların natəmizliyi, bəzilərinin bu isti havalarda susuz
saxlanılması bir canlı olaraq, insanı ağrıtmadan keçmir. Ziyarətçilərin
əllərinə keçəni heyvanlara atdığını nəzərə
almasaq, bu zavallıların ac qaldıqları ilk baxışdan bilinir.
Daha
bir maraqlı detal. Bitkilərdən danışıb, onların saxlandığı
istixanaları görmək maraqlı olsa da, əksərinin qapısından qıfıl
sallanmışdı. Amma müşahidələrimiz imkan verdi ki, istixanaların şəffaf
materiallı üst örtüklərinin xeyli köhnə, bəzi yerlərdə
isə sınıq olduğunu görə bilək.
Dendrarinin
girişinə asılmış, müdriyyət tərəfindən müəyyənləşdirilmiş
qaydalara isə əməl edən yoxdur. Məsələn, “rəhbərliklə
razılaşmadan bitkilərin şəklini çəkmək olmaz” qadağası
burda keçərli deyil, gül-çiçəklərdən dərmək istəyənlərə
heç kim “olmaz” demir. Yüksək səsli telefonlardan musiqiyə qulaq
asanlar, yeri zibilləyənlər də həmçinin..
Və
bir də. Yayın istisində, qışın soyuğunda bura gəzintiyə gələnlər
istər-istəməz nəfəsini dərmək, dincəlməklə
yanaşı, qidalanmaq da istəyir. Təəssüf
ki, əslində dendraridə bir neçə kafe və çayxana fəaliyyət
göstərsə də, oralarda yemək adına nəsə tapmaq mümkün
deyil. Sadəcə, sınıq-salxaq stol-stullarda, aşağı standartlarda çay
süfrəsinin qonağı ola bilərsiniz. Halbuki buraya çoxlu sayda turistin
də gəldiyini nəzərə alsaq, həm gəlirlilik, həm
də qonaqpərvərlik baxımından bu məsələ öz həllini
tapmalıdır.
Milyonçunun
bağ evinin qapısı da bağlıdır. Halbuki bu məkana gəlib, yaradıcısının
evini görmək istəyənlərçün bu imkan əvəzsiz ola
bilərdi.
Bu da bir dendrari gəzintisi. Hind
filmləri kimi bizim yazımızın da əvvəli gülməli, axırı
ağlamalı oldu, bilirəm. Amma neyləyək
ki, təmiz hava axtarışı ilə üz tutduğumuz dendraridə bir qədər
natəmizliyin də şahidi olduq. Yaxşı ki, təmiz
hava az-çox qorunub. Məndən yazmaqdı - getmək
istəyənlər yolunu Mərdəkan dendrarisindən sala
bilər.
Sevinc
TELMANQIZI
Yeni Müsavat.- 2009.- 8 iyul.-S. 13.