Heydər Əliyev müasir Azərbaycan mətbuatının inkişaf xüsusiyyətləri

 

134 il öncə başlanan yol...

 

134 il öncə nəşrə başlayan “Əkinçi” qəzeti Azərbaycanın milli mətbuatının əsasını qoydu. Həsən bəy Zərdabinin naşirliyi ilə işıq üzü görən “Əkinçi” bəlkə də necə böyük bir ənənənin başlanğıcında dayandığının fərqində deyildi. Amma bir məsələ faktdır ki, məhz “Əkinçi”nin ardından dünya mətbuatı müstəvisinə can atan Azərbaycan mətbuatı ötən 134 ildə böyük inkişaf yolu keçib. 1875-ci il iyulun 22-də ilk nömrəsi nəşr olunan “Əkinçi” qəzetində Həsən bəy Zərdabi türk millətinin yaşamasını, qabağa getməsini, elm və mərifət sahibi olmasını arzulayırdı və cəmiyyətə dilin verilməsini mütləq sayırdı. Zərdabi dönə-dönə vurğulayırdı ki, millətin ayılması üçün mütləq maariflənməsi gərəkdir. Xalqın maarifləndirilməsi prosesində isə öndə ziyalılar gedirdi. “Əkinçi” ilə başlanan bu estafet sonradan “Ziya”, “Ziyayi-Qafqaziyyə”, “Kəşkül”, Məmməd Ağa Şahtaxtinskinin Tiflisdə nəşr etdirdiyi “Şərqi Rus”, “Həyat”, Əhməd bəy Ağaoğlunun yaradıcısı olduğu “İrşad”, “Füyuzat” kimi mübariz mətbu orqanlarla davam etdirildi. Ziyalıların bu addımları cəmiyyətin aparıcı simalarını, o zamanın iş adamlarını da vahid platforma ətrafında birləşdirirdi. Bakının azərbaycanlı milyonçuları millətin oxuya biləcəyi, maariflənəcəyi mətbu orqanların nəşrinə maddi dəstək göstərirdi. Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü və maddi köməyi ilə Bakıda rus dilində “Kaspi” qəzeti dərc olunurdu. Ölkədə dini xurafatın qarşısını almaq, insanların gözünü açmaq üçün ən böyük addım C. Məmmədquluzadənin redaktorluğu ilə bütün müsəlman dünyasında məşhur olan “Molla Nəsrəddin” jurnalının nəşri idi. Məhz “Molla Nəsrəddin” o dövrün ən populyar nəşri sayılırdı. Xalqın gözünün bağlı qalmasını, min bir fəndlə insanları aldatmaq istəyənlər jurnalın nəşrinə mane olmaq istəyirdi. Amma artıq vüsət almış prosesi dayandırmaq qeyri-mümkün idi. 1918-ci ildə Azərbaycanın müstəqillik əldə etməsi milli mətbuatımızın inkişafında yeni mərhələnin əsasını qoydu. O dövrün görkəmli ziyalılarından Şəfi bəy Rüstəmbəylinin, Cəmo bəy Hacinskinin, Üzeyir bəy və Ceyhun bəy Hacıbəylilərin, Cəfər Cabbarlının mətbuatın inkişafında göstərdikləri xidmət həddindən artıq böyük idi. Həmin illərdə ilk dövlət qəzetimiz işıq üzü gördü, ardından isə digər müstəqil mətbu orqanlar nəşrə başladı. Demokratik Cümhuriyyət dövründə Azərbaycan mətbuatı sözün əsl mənasında demokratik meyarlarla inkişaf edirdi. Avropanın, Qərbin hələ demokratiya haqqında mülahizələri mövcud olanda, Azərbaycanda bütün sahələrdə, o cümlədən, mətbuat sahəsində demokratik prinsiplər tətbiq olunurdu.

Təəssüf ki, Demokratik Cümhuriyyətin ömrü qısa oldu və ölkədə qurulan Sovet rejimi bütün sahələrdə olduğu kimi milli mətbuatın da  boğulmasına gətirib çıxardı.

 

1969-cu il: Mətbuatın inkişafında dönüş nöqtəsi

 

1920-ci ildə qurulan Sovet rejimi ilk vaxtlarda ölkənin ziyalılarının, xalqın maariflənməsində, vətənpərvərlik ruhunun oyanmasında böyük rolu olan şəxsiyyətlərin repressiyasına start verdi və mütərəqqi, demokratik fikri boğmağa başladı. Rejimin repressiya maşını ölkənin istər mətbuatının, istərsə də ədəbiyyatının aparıcı simalarını sıradan çıxarmaqla keçmişi unutdurmağa, gələcəyi isə yalnız öz arzularına uyğun qurmağa cəhd edirdi. 1936-40-cı illər arasında məhv edilən ziyalılar dövrün ən aparıcı şəxsiyyətləri, mütərəqqi fikir sahibləri idilər.

Sonrakı dövrlərdə isə artıq sovet təbliğatı tam şəkildə öz istəklərini tətbiq etməyə başladı. Totalitar rejimin senzura maşını milli mətbuat ənənəsinin inkişafını dayandırsa da, peşəkarlıq baxımından müəyyən yol qət edildi. 1969-cu ilin 14 iyulunda Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi mətbuatın inkişafında əsaslı dönüş yaratdı. Məhz Ulu öndərimizin şəxsi səyi nəticəsində dilimizə olan ögey münasibətdə dəyişiklik baş verdi. Ümummilli liderimiz Heydər Əliyev hər zaman ana dilinə böyük qiymət verdiyini nümayiş etdirirdi. 1978-ci ildə qəbul olunan Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyasında dövlət dilinin Azərbaycan dili kimi təsbit olunması, demək olar ki, bütün qaranlıqlara işıq saçdı.

Məhz həmin dövrdə istər ədəbi, istərsə də mətbu sahədə yüksək irəliləyiş nəzərə çarpırdı. Azərbaycan dilində qəzetlərin sayı artırıldı, televiziyada verilişlərin Azərbaycan dilində yayımı genişləndirildi. Ulu öndər Heydər Əliyev Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində ixtisaslı kadrların hazırlanması istiqamətində əhəmiyyətli addımlar atdı. Azərbaycanda nəşr olunan çap mətbuatı, demək olar ki, ittifaq miqyasında peşəkarlıq səviyyəsinə və digər parametrlərinə görə seçilirdi. Artıq Azərbaycan mətbuatı uzun onilliklərlə qadağan olunan milli adət-ənənələrimizdən, milli tariximizdən, mədəniyyətimizdən, dilimizdən yazmağa başladı, bu məsələlər geniş təhlil olunaraq təbliğ edildi. Ulu öndər Heydər Əliyevin şəxsi təşəbbüsü ilə o zaman Azərbaycan Dövlət Universitetinin (indiki BDU) jurnalistika fakültəsinin əlaçı tələbələri Moskva Dövlət Universitetinə oxumağa göndərildilər. Bu isə Azərbaycan milli jurnalistika məktəbinin formalaşmasında, müasir jurnalistikanın inkişafında mühüm və müstəsna rolunu oynadı. Sovet İttifaqının dağılması ilə müstəqillik əldə edən Azərbaycanın mətbuatının da taleyi keşməkeşli oldu. Həmin dövrlərdə mətbuatın necə böyük çətinliklərlə üzləşdiyi hamıya bəllidir. O baxımdan, müasir, müstəqillik illərindən sonrakı dövrü bir neçə istiqamətə görə qruplaşdırmaq mümkündür.

 

1991-1993: Başsız ölkənin cansız mətbuatı

 

1991-ci ildə əldə olunan müstəqilliklə bərabər ölkənin başını qara buludlar aldı. Təsadüfi şəxslərin ölkə rəhbərliyinə gəlməsi, silahlı qruplaşmaların mübarizə aparması və ölkədə qeyri-sabit vəziyyətin yaranması təbii olaraq mətbuatın da inkişafına maneələr törədirdi. Həmin vaxtlarda çətinliklə nəşr edilən qəzetlərə yaradılan bürokratik əngəllər əsl həqiqətin xalqa çatdırılmasına mane olurdu. AXC-Müsavat hakimiyyətinin jurnalistikaya, jurnalistlərə münasibəti hakimiyyətdə təmsil olunma səviyyələri ilə adekvat idi. Məhz bu hakimiyyətin dövründə jurnalistlərə qarşı sui-qəsdlərin planlaşdırılması, özbaşınalıq, mətbuat işçilərini təqib etmək sanki dəbə minmişdi. Hətta bəzi hüquq-mühafizə orqanlarına rəhbərlik edən şəxslər açıq-aşkar televiziyalara silahlı basqın etməkdən, canlı efirdən jurnalisti təhqir, təhdid etməkdən çəkinmirdi. Məmurlar istənilən jurnalist haqqında istədiyi qərarı verirdi və  söz azadlığı, fikir prülarizmi kimi məfhumlar Azərbaycana yad meyarlara çevrilmişdi. İstər Həsən bəy Zərdabi dövründən miras qalan, istərsə də Ümummilli liderimiz Heydər Əliyev tərəfindən formalaşdırılan milli mətbuat ənənələri kobud şəkildə dağıdılırdı. Millətin gərgin psixoloji durumundan istifadə edərək şantaj, hədə-qorxu yolu ilə pul qazanmaq hərisliyi bəzi məqamlarda jurnalist adına ləkə vurulması ilə də nəticələnirdi. Hətta bu gün belə mübarizə aparılan, jurnalistikanın ən ağrılı yeri sayılan reket jurnalistikası da məhz o günlərdən bizə qalan yadigardır. Özbaşınalığa, tamahkarlığa, qanunu pozmağa öyrənmiş bu insanlar hətta mətbuata da ləkə vurmaqdan çəkinmədi və Azərbaycan ziyalısının adına qara yaxmağa başladı.

Belə çətin bir vəziyyətdə Azərbaycan jurnalistikası məhv olmaq təhlükəsi ilə qarşı-qarşıya dayanmışdı. Ölkəyə başçılıq edən şəxslər nəinki vətəndaşların söz azadlığı hüququnu tanıyır, əksinə, imperiya dövründəki basqıların, senzuranın daha da gücləndirilməsinə şərait yaradırdılar. Mətbuatın inkişafına mane olmaq, azad sözü boğmaq üçün 1992-ci ildə yaradılan hərbi senzura yazılı mətbuatın vəziyyətini daha da ağırlaşdırdı. Milli maraqları maddiyə satanlar qorxurdular ki, onların əleyhinə hər hansı bir informasiyanın, əslində isə həqiqətin xalqa çatdırılması onların siyasi iflasına gətirib çıxaracaq. 1993-cü ilin aprel ayında senzuranın tətbiqinin miqyasının genişləndirilməsi və bütün informasiya yayımını əhatə etməsi haqqında verilən sərəncam məlumat azadlığını, jurnalistlərin sərbəst məlumat əldə etmək və yaymaqla bağlı peşə fəaliyyətini ciddi şəkildə məhdudlaşdırırdı. Bu problemlər, dəhşətlər Azərbaycan mətbuatının bərbad hala düşməsinə gətirib çıxarmışdı. Amma hər qaranlıq gecənin bir işıqlı səhəri olduğu kimi, Azərbaycanın da bu çətinliklərdən, böhrandan xilas olduğu gün gəlib çatdı...

1993-2003: Müasir Azərbaycan mətbuatı dünya standartları səviyyəsinə yüksəldi
Ümummilli liderimiz Heydər Əliyevin 1993-cü ildə xalqın təkidi və tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtması bütün sahələrdə olduğu kimi mətbuatın da inkişafında mühüm dəyişikliklərə səbəb oldu. Azərbaycanda ictimai-siyasi sabitliyin yaradılması, vətəndaşların təhlükəsizliyinin təmini, sosial-iqtisadi problemlərin həlli söz, fikir azadlığının qorunması sahəsində əsaslı irəliləyişlərə şərait yaratdı. Mətbuat orqanlarının azad fəaliyyətinə yaradılan şərait, qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində görülən tədbirlər ölkədə fikir plüralizminin genişləndirilməsinə yol açdı. Müstəqil kütləvi informasiya vasitələrinin təsis edilməsi milli mətbuat ənənəsinin davam etdirilməsinə yol açdı.

Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan Konstitusiyada da mətbuata verilən qiymət öz əksini tapdı: “Demokratiyanın, siyasi plüralizmin və vətəndaş cəmiyyətinin əsas atributlarından hesab olunan söz və məlumat azadlığının başlıca daşıyıcıları kütləvi informasiya vasitələridir”.

1998-ci ildə imzalanan “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərman ölkə mətbuatının inkişaf tarixində mühüm hadisə kimi qiymətləndirilir. Bu fərman kütləvi informasiya vasitələrinin sərbəst inkişafı, onların cəmiyyətin dinamik şəkildə demokratikləşməsinə təsir edən qüdrətli vasitəyə çevrilməsi yolunda dövlət siyasətinin həyata keçirilməsində mühüm addım sayıldı. Məhz bu Fərmanla Mətbuatda və digər Kütləvi İnformasiya Vasitələrində Dövlət Sirlərini Mühafizə edən Baş İdarə ləğv edildi, hərbi senzura yaradılması haqqında 16 aprel 1992-ci il tarixli fərman və bütün informasiya yayımı üzərində nəzarət tətbiq edilməsi ilə bağlı 15 aprel 1993-cü il tarixli sərəncam qüvvədən düşdü. 1999-cu ilin sonunda qəbul olunan “Kütləvi informasiya vasitələri haqqında” yeni qanun mətbuatda demokratik prinsiplərin daha da möhkəmləndirilməsinə xidmət etdi. Bu sənəd Azərbaycanda mətbuatın inkişafına mane olan bir sıra bürokratik əngəllərin aradan qaldırılmasına yol açdı. Dövlət qeydiyyatı ləğv olundu və yeni mətbuat orqanlarının təsis olunması prosedurası asanlaşdırıldı. Ümummilli liderimiz Heydər Əliyevin mətbuatın inkişafı ilə bağlı tədbirləri davamlı şəkil aldı. 2000-ci ilin martında Ulu öndərin Sərəncamı ilə “2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər Proqamı” təsdiq olundu, Mətbuat və İnformasiya Nazirliyi ləğv edildi, Milli Mətbuat, Teleradio və İnternet Şurası yaradıldı.

Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan jurnalistikasının inkişafında hər zaman xüsusi yeri olan şəxsiyyətlərdəndir. Ulu öndər Heydər Əliyev bir sıra qəzetlərin “Azərbaycan” nəşriyyatına olan borclarını dondurmaqla və sonradan bu borcları ləğv etməklə iqtisadi böhranın girdabında boğulan mətbu vasitələri xilas etdi. Bundan başqa, Ulu öndərimiz cəmiyyətdə jurnalistlərə münasibətin formalaşmasında mühüm rol oynadı. Şəxsi təşəbbüsləri ilə jurnalistlərlə, qəzetlərin baş redaktorları ilə keçirdiyi görüşlər Ümummilli liderimiz Heydər Əliyevi mətbuatın problemləri ilə daha yaxından tanış etdi. Bütün ölkə jurnalistləri Ulu öndəri ölkə başçısı kimi olmaqla yanaşı, həm də bir dost, onların zəhmətinə qiymət verən yaxın sirdaş kimi qəbul edirdi. Bunun nəticəsi idi ki, 2003-cü ildə Ümummilli liderimiz Heydər Əliyev Çingiz Mustafayev Fondu tərəfindən “Jurnalistlərin dostu” adına layiq görüldü.

2001-ci ildə kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşən Ulu öndər Heydər Əliyev demişdir: “Biz mətbuat haqqında bir neçə ciddi addım atmışıq: söz azadlığının, mətbuat azadlığının təmin olunması, senzuranın aradan qaldırılması, bütün mətbuat orqanlarına sərbəstlik verilməsi. Əgər bu gün hansısa yeni bir şey varsa, biz onu edirik və edəcəyik”.

Əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan mətbuatın inkişafına dövlət qayğısı siyasəti bu gün də Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Azərbaycan jurnalistikasında söz, fikir azadlığının yaradılmasını, demokratiyanın inkişafını özündə əks etdirən bu siyasət nəticəsində Azərbaycan dünyada sözə, insan hüquqlarına hörmət edən ölkə kimi tanınıb.

 

 

Pərviz SADAYOĞLU

 

Yeni Azərbaycan.- 2009.- 22 iyul.- S.4.