Tərəqqi və inkişafın
təntənəsini yaşayan
Ağdaş
“Azərbaycan Respublikası regionlarının
sosial-iqtisadi inkişafı
Dövlət Proqramı”
üzrə nəzərdə
tutulan tədbirlərin
tam icrası rayonu tarazlı iqtisadi inkişaf yoluna çıxarmaqla onun simasını kökündən
dəyişib
Qədim insan məskənlərindən Ərəşə,
Ərəşdən Ağdaşa doğru
Əlverişli təbii
şəraiti olan Ağdaş ərazisində insanlar lap qədim
zamanlardan məskunlaşıblar. Qədim yunan alimi Strabon (e.ə.
I əsr) qeydlərində bu ərazilərdə insanların
məskunlaşdığı, təsərrüfat fəaliyyəti
ilə məşğul olduqları, Türyançay
çayının orta və aşağı axarında
yaşayan əhalinin bu çaydan təsərrüfat və gəmiçilik
məqsədilə geniş istifadə etdiklərini yazıb. Orta
əsrlərin son dövrlərində Ərəş adlanan
bu ərazi Şirvan bəylərbəyliyinin tabeliyində
olub. Buranı “Sultan” titulu daşıyan feodal hakimlər idarə
edibilər. Sonralar Səfəvi-Osmanlı müharibələrində
əldən-ələ keçən Ərəş
sultanlığı xeyli zəifləyib və XVIII əsrin
50-ci illərində Şəki xanlığının
vassalına çevrilib. 1795-ci ildə Sultanlıq ləğv
edilərək Şəki xanlığına qatılıb.
Çarizmin 1873-cü ildə Qafqazda həyata keçirdiyi
inzibati islahata əsasən Yelizavetpol quberniyasının tərkibində
Ərəş qəzası yaradılıb. Qəzanın ərazisi
3212,5 kv.km. əhalisi isə 52371 nəfər idi. Ərəş
qəzası 1929-cu ildə ləğv edilib, 1930-cu ildən
Ağdaş rayonu yaradılıb. Rayonun mərkəzi
Ağdaş şəhəridir.
Rayonun ərazisində
orta əsrlərə aid tarixi abidələr, qala və
müdafiə tikililərinin qalıqları mövcuddur. Bunlardan
ən mühümü XVIII əsrə aid edilən Surxay
qalasıdır. Bu qala Türyançay dərəsi ilə
Göyçay dərəsi arasında Ərəb kəndi
yaxınlığında yerləşir.
Azərbaycanda
açılan ilk dünyəvi təhsil ocaqlarından biri 25
oktyabr 1882-ci ildə Ağdaşda görkəmli maarifçi
Süleyman Qayıbov tərəfindən əsası qoyulan
“Rus-tatar” məktəbi olub. O dövrdə Azərbaycanda fəaliyyət
göstərən bu tipli 3 məktəbdən birinin məhz
Ağdaşda açılması heç də təsadüfi
deyildi. Çünki ondan əvvəl Ağdaşda
yaxşı təhsil bazasına malik 20-yə qədər mədrəsə
fəaliyyət göstərib. XX əsrin əvvəlində
Ağdaşda “Nəşri-Maarif” cəmiyyəti, qiraətxana,
“Səadət” qızlar məktəbi, “Darülirfan”,
“Rüşdiyyə” kimi tədris ocaqları fəaliyyət
göstərib. Bu məktəbdə Muxtar Əfəndizadə,
Hədiyyə xanım Məmmədzadə, Həsən Əfəndiyev
kimi maarifçi ziyalılar çalışıblar. Məhz
belə maarifçilik bazası üzərində sonralar
Ağdaşda təhsilin səviyyəsi yüksələn xətlə
inkişaf edib. Təsadüfi deyil ki, Ümummilli liderimiz Heydər
Əliyev Ağdaş şəhər 3 nömrəli beynəlmiləl
orta məktəbin 120 illik yubileyi münasibətilə
kollektivə göndərdiyi təbrik məktubunda (29.XI.2002)
Ağdaş təhsilinə yüksək qiymət verib.
XIX əsrin sonunda
Ağdaş bütün Qafqazda pambıq istehsalı, emalı
və satışının mərkəzinə çevrilib
Ağdaş rayonunun əlverişli
coğrafi mövqeyi və təbii şəraiti hələ
XIX əsrin sonlarında burada texniki bitkilərin əkilib-becərilməsinə
və onların dünya bazarına
çıxarılmasına imkan verib. 1883-cü ildə
Bakı-Tiflis dəmir yolu çəkildikdən sonra onsuz da əhəmiyyətli
ticarət yollarının üstündə yerləşən
Ağdaşda emal müəssisələri qurulmağa
başlayıb. Məhsul tədarükü və xarici
bazarlara daşınması, ticarətin və iqtisadiyyatın
inkişafına səbəb olub. 1886-cı ildə Ləkidə
tikilmiş biyan kökü emalı zavodunda istehsal olunan
lakritsa boyası Amerika və Fransaya ixrac edilib.
1887-ci ildə Poznan
şirkətinin Lodz kontorunun müdiri Ramendik Ağdaşa gələrək
burada pambıq qəbulu məntəqələri
açıb, pambığın ilkin emalı və
qablaşdırılması üçün 4 ədəd
kotton-çin dəzgahı və bir press qurub. Artıq 1897-ci
ildə Ağdaşda kotton-çin maşınlarından ibarət
7 zavod fəaliyyət göstərib. Beləliklə, XIX əsrin
ikinci yarısından başlayaraq Avropanın qabaqcıl
toxuculuq mərkəzləri ilə əlaqə saxlayan
Ağdaş XIX əsrin sonunda bütün Qafqazda pambıq
istehsalı, emalı və satışının mərkəzinə
çevrilib. Qafqaz pambıqçılarının I
Qurultayının 1904-cü ildə Ağdaşda
çağırılması da bunu sübut edir. XX əsrin əvvəllərində
“Qafqaz” qəzeti yazırdı ki, Ağdaş xaricə, Marsel
və İtaliyaya göndərilən həm bütün xam
ipəyi, həm də baramanı özündə cəmləşdirən
mərkəzdir.
Tanınmışlar
diyarı
Bir məqamı da
xüsusi olaraq vurğulamaq yerinə düşər. Ağdaş
təkcə qədimliyi və əlverişli coğrafi
mövqeyi ilə deyil, həm də bu rayonda anadan olan Azərbaycanın
görkəmli xadimləri ilə məşhurdur. Təsadüfi
deyil ki, elm, ədəbiyyat və mədəniyyət sahəsində
tanınmış Muxtar Əfəndizadə, Bəkir Nəbiyev,
Salih Salihov, Yaşar Səlimov, Bürhan Kərimov, Ziyad Hacıyev,
Mirzə İsmayıl Qasir (Mirzə İsmayıl Səlim
oğlu Axundov), Maqsud Şeyxzadə, Fikrət Qoca, Habil Əliyev,
Lütfü Məmmədbəyov, həmçinin, generallar
Arif Heydərov, Dağlar Abdullayev, Fariz Səfərov, Sovet
İttifaqı Qəhrəmanı Səməd Abdullayev
(1920-1944), pambıq ustası, Sosialist Əməyi Qəhrəmanı
Zeynəb Qəmbərova (1916-1978), ən nəhayət, dəfələrlə
SSRİ çempionu, ikiqat Avropa və Dünya çempionu,
hazırda Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər
İsayev və yunan-Roma güləşi üzrə öz
çəki dərəcəsində üç dəfə
(1952, 1954, 1955-ci illərdə) SSRİ çempionu Ramiz
İbrahimov məhz Ağdaşda dünyaya gəliblər.
Ağdaşlıların
hafizəsində dərin iz buraxan tarixi gün
Onu da qeyd etmək yerinə
düşər ki, qədirbilən ağdaşlılar
Ümummilli lider Heydər Əliyevin 5 dəfə rayonda
olmasını, rayon ictimaiyyətinin nümayəndələri
ilə görüşüb qayğıları ilə
maraqlanmasını unutmayıblar. Ağdaşın tərəqqisində
Ulu öndərin tövsiyələri əhəmiyyətli rol
oynayıb. Bu gün isə cənab Prezident İlham Əliyev
Ulu öndər Heydər Əliyev ənənəsini davam etdirərək,
rayonun sosial-iqtisadi inkişafının daha da sürətlənməsinə,
insanların həyat səviyyəsinin yüksəlməsinə
çalışır. Məhz bu baxımdan 7 iyul 2005-ci il
tarixi dövlətə və dövlətçiliyə sadiq
olan ağdaşlıların hafizəsinə xüsusi olaraq həkk
olunub. Çünki məhz həmin tarixdə Prezident
İlham Əliyev və Azərbaycanın birinci xanımı,
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva
Ağdaşa səfər edib. Həmin səfər zamanı
regionların sosial-iqtisadi inkişafına dair Dövlət
Proqramının rayonda icra vəziyyəti ilə maraqlanan
dövlət başçısı rayon elektrik
yarımstansiyasında, “Orelay” qənnadı müəssisəsində,
“Ərəş” regional ticarət mərkəzində olub,
şəhər stadionunda rayon ictimaiyyəti ilə
görüşüb və nəhayət, çay masası
arxasında ağsaqqallarla görüşərək söhbət
edib. Prezident həmin səfəri zamanı bir sıra göstəriş
və tapşırıqlar da verib.
Bu gün şəhərin
küçələrinin asfaltlaşdırılması,
Ağdaş-Pirkəkə yoluna asfalt döşənməsi,
Olimpiya İdman Kompleksinin tikilməsi, şəhərin
su-kanalizasiya sisteminin yenidən qurulmasına başlanması,
məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi,
həmçinin, Ağdaş şəhərində şəhid
ailələri və əlillər üçün tikilən
48 mənzilli yaşayış binasının istifadəyə
verilməsi məhz Prezident İlham Əliyevin
tapşırığı əsasında olub.
Yollar və küçələr
abadlaşdırılıb
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin 11 fevral
2004-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan
Respublikası regionlarının sosial-iqtisadi inkişafı
Dövlət Proqramı (2004-2008-ci illər)”nın uğurla
icra olunması nəticəsində respublikanın hər
yerində tərəqqi və inkişaf müşahidə
edilir. Təbii ki, bu inkişafdan Ağdaş rayonu da bəhrələnib.
Rayon İcra Hakimiyyətindən verilən məlumata görə,
ötən dövrdə Ağdaş şəhərinin
küçələrinə 93700 kv.metr tamet döşənib,
küçə və yollara 372,3 min kv.metr asfalt vurulub. 10,5 km
uzunluğunda Ağdaş-Pirkəkə, Ləki-Pirəzə-Qaxay
yolunun 2 km hissəsi, Orta Ləki kəndində kəndarası
3,2 min kvadrat metr yol, Əmirarx-Güvəkənd-Ləki kəndlərarası
8 min kvadrat metr yol, Ağdaş şəhərinin mərkəzi
küçələri, Ləki qəsəbəsinin iki mərkəzi
küçəsi asfaltlaşdırılıb.
Eyni zamanda Ağdaş
şəhərinin Heydər Əliyev prospekti və əsas mərkəzi
küçələri- M.Ə.Rəsulzadə, M.İsayev,
Vaqif, 20 Yanvar, Maşad və C.Cabbarlı küçələri
asfaltlaşdırılıb, Heydər Əliyev prospekti, M.Ə.Rəsulzadə,
M.İsayev, Vaqif, 20 Yanvar küçələrinə 600 ədəd
müasir elektrik dirəkləri basdırılaraq gecə
işıqlanma sistemləri yeniləşdirilib. Rayonun Kükəl
və Ərəb kəndlərinin kəndarası 3 km, Yenicə
kəndinin 8 km, Birinci Aral kəndinin 6,5 km, Qaradeyin kəndinin
6 km, Tofiqi kəndinin 5,5 km, Mürsəl kəndinin 7,4 km yolu,
Eymur-Ərəbşəki-Ağcaqovaq kəndlərinin 5 km
yolu və Şordəhnə kəndinin kəndarası 5,4 km
yolu çınqıl tökülərək, əsaslı təmir
olunub. Bələdiyyələr tərəfindən digər
bütün kənd yaşayış məntəqələrinin
daxili yollarına 56,1 min kub metr çınqıl
tökülüb. Beynəlxalq “İpək yolu” layihəsinin
tərkib hissəsi olan “Ucar-Yevlax Yolunun Rekonstruksiya Layihəsi”ni
həyata keçirən “Polat Yol Yapı sanayi və Ticaret
Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı
filialı rayonda yerləşdirilib, hazırda Ucar-Yevlax yolunun
rayon ərazisindən keçən hissəsində tikinti və
yenidənqurma işləri davam edir.
Elektrik enerjisi, təbii
qaz və içməli su ilə təminat diqqət mərkəzindədir
Elektrik enerjisi, təbii
qaz yanacağı və içməli su ilə təminatı
yaxşılaşdırmaq üçün ötən
dövr ərzində yenidənqurma və təmir işləri
görülüb, qaz və elektrik sayğaclarının
quraşdırılması işləri aparılıb. Rayonda
2005-ci ildə 2X16 MVA gücündə 110/35/10 KV-luq
“Ağdaş” elektrik yarımstansiyası tikilərək
istifadəyə verilib. 7,4 km uzunluğunda yeni elektrik xətti
çəkilməklə “Pirəzə” və “Pirkəkə”
35/10 KV-luq yarımstansiyaları, həmçinin, 3,0 km
uzunluğunda yeni elektrik xətti çəkilməklə
“Kükəl” və “Xosrov” 10 KV-luq xətləri
“Ağdaş” yarımstansiyasına qoşulub. 10 KV-luq “Kükəl”
xəttinin 7,5 km uzunluğunda elektrik dirəkləri yenisi ilə
əvəz olunub. Ümumiyyətlə, bu dövrdə rayonda
54 yeni elektrik transformatoru qoyulub. Rayon üzrə 19006 ədəd
elektrik sayğacı quraşdırılıb və elektrik
enerjisinin verilməsində olan fasilələr tamamilə aradan
qaldırılıb.
Rayonda əhalinin normal təbii
qaz yanacağı ilə təmin edilməsi üçün
2006-ci ildə 5.5 km uzunluğunda qaz xətti çəkilərək
“Şəmsabad” Qazpaylayıcı stansiya işə
salınıb. Ağdaş şəhərində təbii
qazla təminatı yaxşılaşdırmaq
üçün 2,5 km uzunluğunda dairəvi qaz xətti
çəkilib, 1600 poqon-metr uzunluğunda qaz xətti yer
üstünə çıxarılıb, 1400 poqon-metr
uzunluğunda yeni qaz xətti çəkilib. Həmin dövrdə
rayonun Cücük, Qolqəti, Yuxarı Qəsil,
Bulaqotağı, Qulbəndə, Gürcuva, Nehrəxəlil,
Qarağan-Sədi, Bulaqotağı, Qarağan-Şıxlar, Qəsil,
Qumlax, Kotanarx, Şordəhnə, Ərəb, Birinci Aral, Şəmsabad,
Aşağı Qəsil, Kükəl və Orta Ləki kəndlərində
qaz kəmərlərinin təmiri başa
çatdırılıb və həmin kəndlərdə
yaşayan abonentlərin mənzillərinə qaz
sayğacları quraşdırılaraq, təbii qaz
yanacağı verilib. Rayon üzrə 10026 ədəd qaz
sayğacı quraşdırılıb. Ağdaş şəhər
M.Şeyxzadə, M.İsayev adına və 3 saylı məktəblərin,
Ləki qəsəbə, Kükəl kənd məktəblərinin,
Güvəkənd kənd orta məktəbinin yeni tikilmiş
korpusunun istilik sistemləri qurulub.
Ağdaş şəhərinin
su-kanalizasiya sisteminin yenidən qurulması üçün
layihə-smeta sənədləri hazırlanıb, 2008-ci ilin
aprel ayının 17-də rayonda Azərbaycan Respublikası
Nazirlər Kabinetinin, “Azərsu” SC-nin və Asiya İnkişaf
Bankının nümayəndələrinin iştirakı ilə
Ağdaş şəhərinin su-kanalizasiya sisteminin yenidən
qurulması layihəsınin təqdimetmə mərasimi
keçirilib. Hazırda layihə çərçivəsində
3 ədəd artezian quyusu qazılıb, idarə və anbar
binalarının tikintisinə başlanılıb. Rayonun Orta
Ləki, Qoşaqovaq, Yuxarı Nemətabad kəndində modul
tipli sutəmizləyici qurğu quraşdırılıb, Qəsil,
Qəribli, Abad və Xosrov kəndlərində artezian su
quyuları qazılıb və supaylayıcı sistem tikilib.
Tibbi xidmətin səviyyəsi
yüksəldilib
Əhaliyə göstərilən
tibb xidmətinin səviyyəsinin yüksəldilməsi
üçün rayon Mərkəzi Xəstəxanasında,
poliklinikada, Doğum evində təmir və abadlıq işləri
aparılıb, rayonun Orta Ləki, Aşağı Ləki və
Ərəb kəndlərində həkim ambulatoriyaları
tikilib. Ağdaş şəhərində 100
çarpayılıq yeni xəstəxana binasının və
9 kənddə sağlamlıq mərkəzlərinin tikintisi
üçün müvafiq torpaq sahələri ayrılıb.
2008-ci ilin fevral ayında Azərbaycan Respublikası Dövlət
Neft Şirkəti tərəfindən rayon Mərkəzi Xəstəxanasına
əvəzsiz olaraq 371,9 min manatlıq 35 adda müxtəlif
tibb avadanlıqları verilib.
Təhsilin
inkişafı üçün önəmli addımlar
atılır
Dövət
Proqramına uyğun olaraq rayonda təhsilin inkişafına
xüsusi diqqət yetirilib və bu dövrdə 264
şagirdlik Kotavan kənd orta məktəb binası, 200
şagirdlik Pirkəkə kənd orta məktəb binası,
200 şagirdlik Kükəl kənd orta məktəb binası
tikilib istifadəyə verilib. Ağdaş şəhər 3
saylı orta məktəb üçün 200 yerlik 10 sinif
otağı, Yuxarı Ləki kənd orta məktəbi
üçün 100 yerlik 5 sinif otağı, Nehrəxəlil
kənd əsas məktəbi üçün 100 yerlik 5 sinif
otağı, Yenikənd kənd əsas məktəbi
üçün 40 yerlik 2 sinif otağı, Güvəkənd
kənd orta məktəbi üçün 160 yerlik 8 sinif
otağı, Dəhnəxəlil kənd orta məktəbi
üçün 160 yerlik 8 sinif otağı, Mürsəl kənd
orta məktəbi üçün 120 yerlik 6 sinif otağı
tikilib. Ağdaş şəhər M.Şeyxzadə adına
internat məktəbi, 3 saylı və M.İsayev adına orta
məktəbləri, Ləki qəsəbə 6 saylı orta məktəbi
əsaslı təmir olunub. 2008-ci ildə 320 şagirdlik
Yuxarı Ləki kənd orta məktəb binasının və
320 şagirdlik Qaradeyin kənd orta məktəb
binasının tikintisinə başlanılıb və
hazırda həmin məktəb binalarının tikintisi davam
etdirilir.
Ötən dövr ərzində
rayonun bütün məktəblərinə 387 ədəd
kompyuter, 16 ədəd proyektor-notebook avadanlığı və
müxtəlif inventar-avadanlıq verilib.
Heydər Əliyev
Fondunun qayğısından Ağdaşa da pay
düşüb
Azərbaycanda təhsil,
mədəniyyət və səhiyyənin inkişafına
xüsusi diqqət ayıran Heydər Əliyev Fondunun
qayğısından Ağdaş rayonuna da pay
düşüb. Belə ki, 200 şagirdlik Pirkəkə kənd
orta məktəbinin binası məhz Heydər Əliyev
Fondunun vəsaiti hesabına tikilib.
Eyni zamanda, Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO
və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin
deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü
ilə 2006-cı ildə əsaslı təmir olunmuş
Ağdaş şəhər M.Şeyxzadə adına internat məktəbinin
bazasında Texniki, Humanitar və Təbiət Fənləri Təmayüllü
Gimnaziya yaradılıb. Belə ki, Azərbaycanın birinci
xanımı yuxarıda bəhs edilən səfər çərçivəsində
Ağdaşda olarkən şəhər internat məktəbinə
gələrək, burada yaradılmış şəraitlə,
tədrisin, təlim-tərbiyənin vəziyyəti ilə
maraqlanıb, ata-ana himayəsindən uzaq düşmüş
uşaqlar üçün müasir tələblərə
cavab verən məktəbin vacibliyini bildirib və
aparılacaq yenidənqurma işləri əsasında belə
bir təhsil ocağının tezliklə istifadəyə
veriləcəyini vəd edib. Bu vəddən sonra məktəbdə
başlanan təmir işləri qısa müddətdə
başa çatıb, müasir tələblər səviyyəsində
tikilmiş internat müəllim və şagirdlərin istifadəsinə
verilib. İndi məktəbin əvvəlki görkəmindən
əsər-əlamət qalmayıb. Müasir mebel və
avadanlıqlarla, kompyuter mərkəzi, idman korpusu, kitabxana, yeməkxana
və üç mərtəbənin hər birində
duşxana ilə təchiz olunmuş bu təhsil
ocağının regionda tayı-bərabəri yoxdur.
Ən nəhayət,
Fondun dəstəyi ilə Ağdaşda Habil Əliyev
adına Musiqi məktəbi tikilərək istifadəyə
verilib. Qeyd edək ki, musiqi məktəbinin əvvəlki
binası olduqca köhnə və az qala
dağılmış vəziyyətdə olub. Lakin ötən
ilin aprelində Heydər Əliyev Fondunun prezidenti Mehriban
xanım Əliyevanın təşəbbüsü ilə
köhnə binanın yerində üçmərtəbəli
möhtəşəm bir musiqi məktəbi tikilərək
istifadəyə verilib.
Təhsil
ocağının 40 sinif otağı, 200 nəfərlik
konsert zalı, qazanxanası, yeməkxanası var. Məktəbdə
tar, kamança, qarmon, piano və klarnet ixtisasları üzrə
şöbələr fəaliyyət göstərir. 500-ə
yaxın şagirdi olan 7 illik musiqi məktəbində 70-dən
artıq müəllim çalışır. Məktəbdə
musiqi nəzəriyyəsi, Azərbaycan və Avropa bəstəkarlarının
əsərləri, xor fənni tədris olunur, böyük
ansambl fəaliyyət göstərir. Respublikada bənzəri
olmayan bu uşaq musiqi məktəbinə Heydər Əliyev
Fondu tərəfindən musiqi alətləri, bərk və
yumşaq inventar, kitablar, tanınmış bəstəkarların
və musiqiçilərin mahnıları yazılmış
disklər, onların fotoşəkilləri hədiyyə
olunub. Binanın fasadı və otaqları müasir ornamentlərlə
xüsusi zövqlə bəzədilib. Məktəbin foyesində
Ümummilli lider Heydər Əliyevin incəsənət xadimləri
və məşhur musiqiçilərlə görüşlərindən
çəkilmiş fotoşəkillərdən ibarət stend
quraşdırılıb.
Rabitə xidmətinin səviyyəsi
yaxşılaşdırılıb
Rayonda rabitə xidmətinin
yaxşılaşdırılması üçün mərkəzi
Avtomat Telefon stansiyasının (ATS-in) elektron ATS-lə əvəz
edilməsi məqsədilə tender elan edilib. Rayonun Orta Ləki,
Abad və Aşağı Zeynəddin kəndlərinin hər
birində yeni 256 nömrəlik elektron ATS
quraşdırılaraq istifadəyə verilib və Cardam kəndində
100 nömrəlik yeni ATS quraşdırılıb,
Hapıtlı kəndində 96 nömrəlik yeni elektron ATS-in
tikinti-quraşdırma işləri aparılır. Ləki qəsəbə
ATS-nin tutumu 200 nömrə, Kükəl, Qoşaqovaq və Dəhnəxəlil
kəndlərindəki ATS-lərin hər birinin tutumu 50
nömrə artırılıb. Rayonun Orta Ləki kəndində
və Ləki qəsəbəsində yeni poçt
binaları tikilib istifadəyə verilib. Ağdaş şəhərində
“Azərsell-Ekspress” müştəri xidməti mərkəzi
yaradılıb.
Abadlıq-quruculuq
işlərinin davam etdiyi Ağdaşda Əhalinin Sosial
Müdafiəsi Mərkəzinin inzibati binasının əsaslı
təmiri başa çatıb, Dövlət Sosial Müdafiə
Fondunun rayon şöbəsinin yeni inzibatı binası və
9 saylı Ərazi Vergilər İdarəsinin vergi ödəyicilərinə
yeni xidmət terminalı tikilib istifadəyə verilib.
Kənd təsərrüfatı
məhsullarının istehsalı artır
Rayonda kənd təsərrüfatı
məhsulları istehsalının artımını təmin
etmək üçün ardıcıl tədbirlər
görülüb. 2008-ci ilin məhsulu üçün əkilmiş
13812 hektar payızlıq taxıl əkini sahələrinə
aqrotexniki qulluq göstərilib, taxılın tez və itkisiz
yığımı üçün mövcud olan kombaynlar
biçinə hazır vəziyyətə gətirilib və həmin
sahələrdən 43,3 min ton taxıl istehsal olunub. Ümumiyyətlə,
rayonda ötən dövr ərzində bitkiçilik məhsulları
istehsalının inkişaf etdirilməsi sahəsində həyata
keçirilmiş tədbirlər nəticəsində
2003-cü ilə nisbətən 2008-ci ildə taxıl
istehsalı 15964 ton artaraq 43347 ton, kartof istehsalı 3388 ton
artaraq 9985 ton, tərəvəz istehsalı 15339 ton artaraq 54142
ton, bostan məhsulları istehsalı 5613 ton artaraq 21233 ton,
meyvə və giləmeyvə 5067 ton artaraq 19150 ton,
üzüm istehsalı 1727 ton artaraq 2396 ton olub. Taxıl məhsulları
istehsalının artırılması üçün rayonda
7 yeni toxumçuluq təsərrüfatı yaradılıb. Hazırda
2009-cu ilin məhsulu üçün 15528 hektar sahədə
taxıl əkilib. “Kənd təsərrüfatı məhsulları
istehsalçılarına dövlət dəstəyi
haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 yanvar
2007-ci il tarixli Sərəncamına uyğun olaraq 15065 nəfər
istehsalçıya 2170,3 min manat dövlət
yardımının verilməsi təmin olunub və həmin Fərmana
uyğun olaraq 2008-ci ildə 649 hektar sahədə əkilmiş
çəltik və 2009-cu ilin məhsulu üçün
10256 hektar sahədə əkilmiş buğda
üçün 2468 nəfər istehsalçıya 436,2 min
manat həcmində dövlət yardımının verilməsi
üçün müvafiq sənədlər hazırlanaraq təqdim
edilib. Bitkiçilik məhsulları istehsalının
artırılması üçün aqrar sektorda
çalışanlara güzəştli qiymətlərlə
529 ton gübrə satılıb.
Rayonda heyvandarlıq məhsulları
istehsalının artırılması üçün əhalidə
olan mal-qaraya baytarlıq xidmətlərinin göstərilməsi,
vaksinləşmə işlərinin aparılması da ötən
dövr ərzində daim diqqət mərkəzində
saxlanılıb. 2003-cü ilə nisbətən 2008-ci ildə
iri buynuzlu mal-qaranın sayı 17061 baş artaraq 72068 baş,
xırda buynuzlu mal-qaranın sayı isə 17698 baş artaraq
87428 baş olub. Son beş ildə ət istehsalı (kəsilmiş
çəkidə) 2226 ton, süd istehsalı 9807 ton, yun
istehsalı 34,6 ton, yumurta istehsalı isə 4 milyon 88 min ədəd
çoxalıb. Rayonda 7 yeni süni mayalandırma məntəqəsi
yaradılıb.
2005-ci ildən rayonda şəkər çuğunduru
istehsalına başlanıb. Şirvan Kollektorlar idarəsi və
Ucar Meliorasiya idarəsi ilə birlikdə rayonun Abad, Yuxarı
Nemətabad, Xosrov, Binələr, Dovutlu, Qəribli, Yenicə və
Kükəl kəndlərində mövcud kollektorların və
şirə kanallarının lildən təmizlənməsi
layihələşdirilib.
Hesabat dövrü ərzində
50 min ədəd tut tingi, 35 min ədəddən çox
şam ağacı əkilərək müxtəlif ərazilərdə
yaşıllıq zolaqları salınıb. 2005-ci ildə
rayonda “Aqrotexservis” yaradılıb. Hazırda həmin
“Aqrotexservis”in 8 ədəd şum traktoru, 8 ədəd
taxılbiçən kombaynı və 19 ədəd müxtəlif
aqreqat və qurğusu vasitəsilə aqrar sektora xidmət
göstərilir. Rayonda fiziki şəxslər tərəfindən
5 kiçik aqrotexservis yaradılıb.
Sənaye məhsulunun
istehsalı artıb
Rayonda sənaye
ehtiyatı 1500 min kub metr olan Kükəl gil yatağı, sənaye
ehtiyatı 2197 min kub metr olan Xaldan gil yatağı, sənaye
ehtiyatı 10957 min kub metr olan Türyançay
qum-çınqıl yatağı mövcuddur. Ötən
dövr ərzində Kükəl Kərpic istehsalı
zavodunda yeni texnologiya tətbiq olunaraq istehsal fəaliyyəti bərpa
edilib, müasir avadanlıqlar quraşdırılıb,
istehsal gücü artırılıb. İki yeni
qim-çınqıl karxanası və iki yeni kərpic
istehsal edən sahə yaradılıb. Plastik materiallardan
qapı-pəncərə istehsal edən üç yeni müəssisə
yaradılıb. Rayonda iki yeni nar şirəsi istehsalı sahəsi
və “Ərəş” sərinləşdirici sular
istehsalı müəssisəsi yaradılıb. 2004-cü ildə
tikiş və trikotaj məhsulları istehsalı
üçün yaradılan müəssisəyə əlavə
olaraq 2,5 min m2 istehsal sahəsi olan 3 mərtəbəli bina
ayrılıb və həmin binada hazırda təmir və
yenidənqurma işləri davam etdirilir. Rayonda sənayenin inkişafı
sahəsində həyata keçirilmiş tədbirlər nəticəsində
2003-cü ilə nisbətən 2008-ci ildə sənaye məhsulu
istehsalı 3,1 dəfə və ya 6011 min manat artıb.
Rayonda fəaliyyət
göstərən istehsal sahələrindən biri də
“Orelay” firmasıdır. Qənnadı məmulatlarının istehsalı
ilə məşğul olan müəssisədə hazırda
100-ə yaxın işçi çalışır. Buraxılan
30 çeşiddə məhsul respublikanın hər yerinə
göndərilir.
Ötən müddət
ərzində rayonda 10907 iş yeri yaradılıb
Azərbaycan
“Regionlarının sosial-iqtisadi inkişafı Dövlət
Proqramı”nın həyata keçirilməsi nəticəsində
ötən müddətdə rayonda 10907 iş yeri
yaradılıb ki, onun da 3873-ü daimi iş yeridir.
Yaradılmış daimi iş yerlərinin 3792-si yeni
yaradılmış müəssisə, təşkilat və
xidmət obyektlərinin, 81-i isə mövcud müəssisələrin
payına düşür.
Onu da bildirmək yerinə
düşər ki, 2008-ci ildə Ağdaş rayonunun
sosial-iqtisadi inkişafı daha sürətli olub. Nəticədə,
rayonda ümumi daxili məhsul istehsalı 125,7 milyon manat, sənaye
istehsalı 8,5 milyon manat, pərakəndə əmtəə
dövriyyəsi 110 milyon manat, əhalinin gəlirləri 96,9
milyon manat, adambaşına düşən gəlirlər
984,5 manat, orta aylıq əməkhaqqı isə 182 manat təşkil
edib. Bu, ümumi daxili məhsulun 24,5 faiz, sənaye məhsullarının
18,0 faiz, pərakəndə əmtəə dövriyyəsinin
80,1 faiz, əhalinin gəlirlərinin 146,5 faiz,
adambaşına düşən gəlirlərin 144,6 faiz, orta
aylıq əməkhaqqının isə 172,9 faiz artması
deməkdir.
Ötən il
bütün maliyyə mənbələri hesabına əsas
kapitala 38,9 milyon manat həcmində - keçən ilin
müvafiq dövrünə nisbətən 3 dəfə
çox investisiya qoyulub. Rayonda 2471 ailəyə 255 min manat
ünvanlı sosial-yardım təyin olunub. Dövlət Sosial
Müdafiə Fondunun rayon şöbəsi tərəfindən
10300 nəfər fərdi qeydiyyata götürülüb və
onlara sosial-sığorta şəhadətnamələri
verilib. Məşğulluq Strategiyasından irəli gələn
vəzifələrin həyata keçirilməsi nəticəsində
650 nəfər işlə təmin edilib.
Ağdaşlıların
yeganə seçimi - Yeni Azərbaycan Partiyasıdır
Ağdaş rayon
ictimaiyyəti hər zaman öz siyasi aktivliyi ilə
seçilib. Ümummilli liderimiz Heydər Əliyev
ideyalarına sadiqlik nümayiş etdirən rayon sakinləri
bütün siyasi proseslərdə fəal şəkildə
iştirak edir və xalqımızın, dövlətimizin gələcəyinin
müəyyənləşməsində aktiv rol oynayır. İndiyə
qədər keçirilən bütün seçkilərdə
Ümummilli liderimiz Heydər Əliyev siyasətinə, bu siyasəti
uğurla davam etdirən Prezident İlham Əliyevə və
Yeni Azərbaycan Partiyasına sədaqət nümayiş etdirən
Ağdaş seçiciləri bunu 2008-ci il prezident seçkilərində
bir daha təsdiqləyiblər. Belə ki, rayon seçiciləri
yekdilliklə Azərbaycanın gələcək
inkişafına, sabitliyə, tərəqqiyə, Ulu öndər
Heydər Əliyev siyasi kursuna-Prezident İlham Əliyevə səs
veriblər.
Ümummilli liderin
yaratdığı və Prezident İlham Əliyevin rəhbərlik
etdiyi Yeni Azərbaycan Partiyası rayon ictimaiyyətinin
inandığı və etibar etdiyi yeganə siyasi təşkilatdır.
1995-ci il yanvarın 29-da yaradılan, hazırda özündə
11000 nəfər üzvü, 77 ərazi partiya təşkilatını
birləşdirən YAP Ağdaş rayon təşkilatı
Prezident İlham Əliyevin müəyyənləşdirdiyi
tapşırıqların yerinə yetirilməsi
üçün ardıcıl iş aparır. YAP
Ağdaş rayon təşkilatının sədri Cavid
Osmanovun sözlərinə görə, rayon təşkilatında
təmsil olunan partiya üzvlərindən 5695 nəfəri (təxminən
52 faizə yaxın) qadınlar, 4522 nəfəri isə gənclərdir
(təxminən 42 faiz). Təkcə 2009-cu ilin birinci
yarısında 700 nəfər partiya sıralarına qəbul
edilib.
Cavid Osmanov onu da deyib ki,
YAP Ağdaş rayon təşkilatı 2008-ci il oktyabrın
15-də keçirilmiş prezident seçkiləri və
2009-cu ilin martında keçirilmiş referendum ərəfəsində
müxtəlif tədbirlər həyata keçirib:
“Hazırda isə qarşıdan bələdiyyə
seçkiləri gəlir. Bunu nəzərə alaraq namizədlərin
ilkin siyahısı hazırlanır. Bütün seçkilərdə
olduğu kimi bu seçkilərdə də YAP-ın qalib gələcəyinə
əminik. Çünki bunu rayondakı əhval-ruhiyyə,
insanların partiyaya olan inamı da təsdiqləyir”.
Nadir AZƏRİ
Yeni Azərbaycan.- 2009.- 25 iyul.- S.8-9.