Müasir Azərbaycan
Ulu öndər Heydər Əliyevin şah əsəridir
Əsrlər
keçəcək, nəsillər
dəyişəcək, amma
Ulu öndər Heydər Əliyev xalqımızın yaddaşında,
tariximizdə daim yaşayacaq. Təkcə
ona görə yox ki, Heydər
Əliyev dühası,
Onun siyasi kursu, ölkəmizə rəhbərliyi Azərbaycana,
xalqımıza yalnız
tərəqqi, inkişaf
bəxş etmişdir,
Heydər Əliyev öz bilik və
bacarığını rəhbərlik
etdiyi bu dövlətin xoşbəxt
gələcəyinin qurulmasına
yönəltmişdir. Həm də
ona görə ki, Heydər Əliyev bütün ömrünü, həyatını
dövlətinin, xalqının
rifahı, intibahı üçün həsr edən, bu yolda
canını belə əsirgəməyən liderdir.
Bu böyük şəxsiyyət Azərbaycanın
ən çətin və mürəkkəb dövrlərində hakimiyyətə
gələrək dövlətini
xilas etmiş, millətinin gələcəyini
təmin etmişdir.
Heydər Əliyev öz
əməlləri, fəaliyyəti,
xalqımıza, dövlətimizə
bəxş etdiyi azadlıqlarla əsil xilaskarlıq örnəyi
nümayiş etdirmişdir.
İki dəfə -1969-cu ildə
və 1993-cü ildə
Azərbaycanın ən
ağır dövrlərində
hakimiyyət sükanına
əyləşən Ulu
öndər Heydər
Əliyev həm də zəngin bir dövlət idarəçiliyi ənənəsi
formalaşdırmışdır. Bu
baxımdan 1969-cu il Azərbaycan tarixində daşıdığı
missiya və spesifikliyi ilə öz layiqli və şərəfli yerini tutmuşdur. Bu dövrdə iqtisadi,
sosial, ideoloji sahələrdə böyük
problemlər yaşayan
Azərbaycan keçmiş
ittifaq dövlətləri
sırasında ən
geridə qalmışlardan
biri idi. Mərkəzi hakimiyyət bu
durumu düzəltmək
və böhranı aradan qaldırmaq üçün müxtəlif
addımlar atsa da, bu, faktiki
olaraq mümkün olmamışdı. Yalnız Azərbaycan
Kommunist Partiyası Mərkəzi Komitəsinin
plenumunun qərarı
ilə Heydər Əlirza oğlu Əliyevin Mərkəzi Komitənin birinci katibi seçilməsi ilə respublikada köklü, inqilabi dəyişikliklərin edilməsi
üçün zəmin
yaranmışdır.
Ulu öndər Heydər
Əliyev uzun müddət Dövlət Təhlükəsizlik
Komitəsinin sədri işlədiyindən respublikadakı
bütün problemləri və onların aradan
qaldırılması yollarını yaxşı bilirdi. Bu
işlərin görülməsi isə rəhbərdən
yalnız işgüzarlıq deyil, həm də
prinsipiallıq və qətiyyət tələb edirdi. Bunlar isə
Heydər Əliyev siyasi portretinin prioritet ştrixləri idi. Məhz
elə bu səbədən Ulu öndərimiz qısa zaman
çərçivəsində respublikanın həyatında
müsbət dönüş yarada bilmişdir. Onun
respublikamıza rəhbərlik etdiyi 1969-82-ci illərdə Azərbaycan
üçün strateji əhəmiyyət kəsb edən
bütün bu məsələlər müvəffəqiyyətlə
həyata keçirildi. İlk olaraq, respublikanın
inkişafını təmin edəcək böyük sənaye
potensialı formalaşdırıldı. Bu dövrlər ərzində
yaradılmış çoxsaylı sənaye müəssisələri,
həmin dövr üçün ən müasir texnologiyalara əsaslanan
istehsal sahələri respublikanın iqtisadi infrastrukturunu
köklü surətdə dəyişdirdi, onun
aqraryönümlü respublikadan daha çox sənayeyönümlü
respublikaya çevrilməsinə zəmin hazırladı. Həmin
illərdə analoqu olmayan istehsal sahələri inşa edilərək
istifadəyə verildi. Bunlardan Bakı kondisionerləri zavodu,
“Ozon” Elmi İstehsalat Birliyi, Elektron hesablayıcı
maşınlar zavodu, Dərin özüllər zavodu, Azərbaycan
DRES-i, Sumqayıt Kompressor zavodu, Üst trikotaj fabriki, Bakı
Tikiş və ayaqqabı fabriki, Gəncə Əlvan metallar
emalı zavodu, Naxçıvan Şüşə qablar zavodu,
Əli-Bayramlı Məişət cihazları zavodu və s.
istehsal müəssisələrinin adını xüsusi qeyd
etmək lazımdır. İri sənaye və kənd təsərrüfatı
müəssisələrinin istifadəyə verilməsi, ilk
növbədə, həm bu müəssisələrdə
işləyənlərin, həm də respublikanın digər
vətəndaşlarının maddi rifah halının daha da
yüksəlməsinə səbəb oldu.
Ümummilli lider Heydər
Əliyevin rəhbərliyi illərində, Azərbaycanın ənənəvi
təsərrüfat sahələrinin - aqrar bölmənin
sürətli inkişafı, respublikanın əlverişli
üstünlüklərindən bacarıqla istifadə edilməsi
70-ci illərin iqtisadi strategiyasının mühüm tərkib
hissələrindən biri oldu. Əsası 1969-cu ildə
qoyulan strateji xətt çox qısa vaxtda öz bəhrəsini
verməyə başladı. Azərbaycan keçmiş
SSRİ-nin ən böyük üzümçülük
respublikasına çevrildi. Pambıqçılıq,
bağçılıq-bostançılıq, heyvandarlıq
sahələrində böyük uğurlar qazanıldı.
Heydər Əliyevin
böyük diqqət və qətiyyətlə həyata
keçirdiyi məsələlərdən biri də
xalqımızın öz milli, tarixi köklərinə, ənənələrinə
qayıdışı, dəyərlərimizin yenidən bərpası
idi. Bu mənada illərdir ki, qadağan olunmuş tarixi
bayramlarımızın yenidən qeyd olunmağa
başlanması, dini dəyərlərin bərpası kimi o
zamankı dövrün reallaqları ilə qeyri-mümkün
görünən işləri Heydər Əliyev cəsarətlə
görə bilmişdi. Digər tərəfdən, Azərbaycan
dilinin dövlət dili kimi elan olunması və bu məsələnin
1978-ci ildə qəbul olunmuş Konstitusiyada təsbit
olunması Azərbaycan xalqının milli kimliyinin
özünə qaytarılması baxımından
atılmış ən önəmli addımlardan biri idi. Tarixi
şəxsiyyətlərə münasibətin dəyişdirilməsi,
Azərbaycan tarixində öz xidmətlərinə görə
fərqlənmiş, seçilmiş insanların layiqincə
dəyərləndirilməsi Ulu öndərin “Qoy ədalət
zəfər çalsın” şüarı altında göstərdiyi
genişmiqyaslı və çoxşaxəli fəaliyyətinin
başlıca istiqamətləri idi.
Həmçinin, respublikanın
hərbi kadr potensialının gücləndirilməsi və
azərbaycanlı gənclərin daha sağlam şəraitdə
yetişməsi üçün Bakıda milli hərbi kadrlar
hazırlayan C.Naxçıvanski adına məktəb fəaliyyətə
başladı.
Beləliklə,
görülən bütün bu işlər respublikadakı həyat
tərzini, standart əxlaq, davranış qaydalarını,
ünsiyyət, qarşılıqlı münasibətlərin
keyfiyyətini son dərəcə dəyişdirdi.
Taleyini,
ömrünü Azərbaycana, xalqımıza həsr edən
Heydər Əliyev 1982-ci ildə SSRİ Nazirlər Soveti sədrinin
birinci müavini vəzifəsinə təyin olunaraq Moskvaya gedərkən
də, fəaliyyətinin sonrakı dövrlərində də
daimi Azərbaycanla bağlı olmuş, fəaliyyətini
konkret bu mərama yönəltmişdi. Bakıda 1990-cı il
20 yanvar hadisələri, buna paralel olaraq, Ermənistan
silahlı qüvvələrinin öz himayədarlarının
köməyi ilə Azərbaycan torpaqlarını
işğal etməsi, ölkədaxili çaxnaşmalar,
silahlı qiyamlar, iqtisadi böhran yeni yaranmış bir
dövlətdə yaşana biləcək çox ağır
hadisələr idi. Lakin ən ağırı dövlət
nümayəndələrinin dövlət idarəçiliyindəki
səriştəsizliyi, bacarıqsızlığı, hadisələri
düzgün qiymətləndirməməsi və qəbul
etdiyi qərarlardakı yalnışlıqlar idi. Belə bir məqamda
xalqın nəzər və diqqəti yenə də xilaskar
oğluna, böyük liderə-Heydər Əliyevə yönəlmişdi.
Həmin dövrdə xalqın müxtəlif təbəqələrinin
neçə-neçə nümayəndə heyəti
Naxçıvana gedərək Heydər Əliyevdən
Bakıya dönüb respublikaya rəhbərlik etməsini
xahiş etmişdi. Azərbaycanın bütün guşələrindən
Naxçıvana vurulan teleqramların, göndərilən məktubların
sayı-hesabı yox idi. Ölkəni idarə etmək
iqtidarında olmayan mövcud iqtidar da Heydər Əliyevin
Bakıya gəlməsini ondan inadla xahiş edirdi. Heydər Əliyev
isə yenə də çox sevdiyi xalqının tələb
və təkidlərinə müsbət cavab verdi, növbəti
dəfə tarixin axarını dəyişdirmək
üçün Azərbaycana, doğma vətəninə
qayıtdı.
Ulu öndər Heydər
Əliyevin 1993-cü ilin iyununda hakimiyyətə
qayıdışını Azərbaycan müstəqilliyinin
yeni tarixində ikinci mərhələnin - dirçəliş
mərhələsinin başlanğıcı kimi səciyyələndirmək
lazımdır. Bu günün xalq tərəfindən əziz
bayram kimi - Milli Qurtuluş Günü kimi qeyd olunması da
tarixin bu qısa zaman kəsiyinin xalqın taleyində, müstəqilliyin
qorunub saxlanmasında necə müstəsna rol
oynadığını aydın göstərir. O, ölkəni
təhdid edən vətəndaş müharibəsinin,
qardaş qırğınının qarşısını
aldı. Ulu öndər xilas yolunu, ilk növbədə,
qarşılıqlı ittihamlara, hakimiyyət uğrunda gedən
çəkişmələrə, qruplararası ziddiyyətlərə
son qoymaqda, ədavət hissini unutmaqda və bununla da,
xalqın milli birliyinə, vətəndaş həmrəyliyinə
nail olmaqda görür və haqlı olaraq məhz bu istiqamətdə
uğurlu tədbirlər həyata keçirirdi. Ölkə
daxilində dövlətçiliyin möhkəmləndirilməsi,
onun qüdrət və əzəmətinin nümayişi Azərbaycan
dövlətinə beynəlxalq aləmdə də hörmət
və inamı artırdı. Bir sıra ölkələr
yalnız bundan sonra ölkəmizlə iqtisadi-siyasi münasibətləri
genişləndirməyə başladılar...
Tarix sübut edib ki,
yalnız Heydər Əliyev nüfuzu, Heydər Əliyev siyasəti
Azərbaycanı bütün bəlalardan qorumaq, müstəqil
dövlətçiliyimizi yaradıb-möhkəmləndirmək
qüdrətinə malik idi. Böyük öndərin
dühasının yenilməzliyi onda idi ki, O, ömrü boyu
xalqa arxalanmış, həyatının mənasını
xalqa xidmətdə görmüşdü. Şübhəsiz
ki, bundan sonra da Azərbaycana böyük siyasətçilər
gələcək, bu torpaq bundan sonra da çox böyük və
dahi şəxsiyyətlər yetişdirəcək. Ancaq onlar
böyük xilaskar Heydər Əliyev zirvəsinə, Heydər
Əliyev ucalığına nəinki qalxa, bu zirvələri
fəth edə bilməyəcəklər. O zirvələr ki,
zaman keçdikcə, hadisələrin istiliyi soyuduqca, daha
aydın görünür. Təəssüflər olsun ki, bu
gün bəziləri tarixi dəyərləndirərkən
öz maraqlarından çıxış edirlər və cəmiyyətimizin
qəbul etdiyi həqiqətləri təkzib etməyə
çalışırlar. O cümlədən, Ulu öndərin
ölkəmizə ilk dəfə rəhbərlik etməsinin
40 illiyi ilə bağlı danışarkən ən sadə
siyasətçiyə belə başucalığı gətirməyən
formada obyektivliyi bir kənara qoyurlar, xalqımızın
Ümummilli lideri Heydər Əliyevin fəaliyyətinə
münasibətdə həqiqətə uyğun olmayan fikirlər
işlədirlər. Amma unudurlar ki, bu gün
yaşadıqları bu güclü, qüdrətli Azərbaycanı
məhz Heydər Əliyev yaradıb, bu əmin-amanlığı,
firavanlığı, sabitliyi məhz Ulu öndərimiz təmin
edib. Ömründə bir ağac belə əkməyən
insanların bu gün Ümummilli lider Heydər Əliyevin fəaliyyətinə
nəinki qiymət vermək, heç Onun geniş irsini təhlil
etməyə mənəvi haqları çatmır.
Çox sevindirici
haldır ki, Ümummilli lider Heydər Əliyev tərəfindən
əsası qoyulmuş və bu gün Prezident İlham Əliyevin
uğurla davam etdirdiyi inkişaf strategiyası öz bəhrələrini
verməkdədir. Bu gün Azərbaycan dünyada bir nömrəli
islahatçı ölkə hesab olunur. Sabitliyinə və
inkişafına görə, böhranlı vəziyyətdə
belə xarici investorlar ölkəmizə sərmayə
yatırırlar. Ümumiyyətlə, bu inkişaf
strategiyası hərtərəfli şəkildə Azərbaycanı
tərəqqiyə aparır.
Vaqif HÜSEYNOV,
YAP Siyasi Şurasının üzvü,
iqtisad elmləri namizədi
Yeni Azərbaycan.- 2009.- 25 iyul.- S.3.