Ulu öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin
xilaskarıdır
1993-cü il
4 iyun hadisələrindən 16 il ötdü
Bu gün-4 iyun
1993-cü il Gəncə hadisələrindən 16 il
ötür. Ümumiyyətlə, hər bir ölkənin
tarixində dönüş nöqtəsi sayıla biləcək
məqamları mövcuddur. Məhz belə məqamlarda
xalqın qəbul etdiyi doğru qərar, həm millətin, həm
də dövlətin gələcəyini, müəyyənləşdirir.
Necə ki, bunu məlum 4 iyun hadisələrindən dərhal
sonra Azərbaycan xalqı etdi.
Bir əsrdə iki dəfə
istiqlaliyyətə qovuşmuş Azərbaycanın müstəqillik
taleyi o qədər də ürəkaçan olmadı. 1918-ci
ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin
varlığına bolşevik Rusiyasının
işğalı son qoydu, 1991-ci ildə ikinci dəfə
azadlığına qovuşmuş ölkəmizi isə təhlükəyə
sürükləyən hakimiyyətdəki səriştəsiz
insanlar oldu. Öz müstəqilliyini yenicə əldə
etmiş Azərbaycan təbii olaraq çətin, iqtisadi-siyasi
cəhətdən çökmüş bir vəziyyətdə
idi. Bununla yanaşı, SSRİ rəhbərliyinin təhriki
ilə Dağlıq Qarabağda yaradılan münaqişə
gənc Azərbaycan dövlətini çətin bir imtahanla
üz-üzə qoymuşdu. İkinci müstəqillik
dövrünə bu cür çətinliklərlə, məhrumiyyətlərlə
qədəm qoyduq və az keçmədi ki, bu problemlərin
sırasına daha biri əlavə olundu: hakimiyyət
böhranı...
Hakimiyyətdə olan
AXC-Müsavat cütlüyünün “səriştəsi sayəsində”
ictimai həyatın bütün sahələrində xaos, hərc-mərclik
baş alıb gedirdi. Orduda vəziyyət günü-gündən
ağırlaşır, fərarilik halları getdikcə
artırdı. Silahlı qüvvələr adlanan
könüllü qruplaşmalar mərkəzi hakimiyyətə
tabe olmur, özlərini sərbəst aparır, düşmənlə
vuruşmaqdansa şəxsi maraqların və maddi mənafeyin
girovuna çevrilirdilər. Təbii ki, bu cür hakimiyyət
boşluğundan hər zaman yararlanmaq istəyənlər
tapılır. Həmin vaxt hərəkətə keçən
düşmənlərin əsas məqsəd isə Azərbaycanın
müstəqilliyinə son qoymaq idi. Bu azmış kimi, ölkədə
hakimiyyətə yiyələnmək üçün
ayrı-ayrı şəxslər və qruplar arasında
qızğın mübarizə gedirdi.
1992-ci il mayın 14-də
hakimiyyəti ələ keçirən Xalq Cəbhəsi ilk
gündən qeyri-sağlam fəaliyyəti ilə yadda
qaldı. Məntiqsiz, bir-birini təkzib edən qərarlar,
özbaşınalıqlar hakimiyyətdə təmsil
olunanların ölkəni idarə edə bilməyəcəyini
göstərirdi. Problemlər getdikcə artırdı.
Artıq hakimiyyətin ən yüksək ranqlarında
qruplaşmaların yarandığı açıq-aydın
görünürdü və həmin qruplaşmalar
arasındakı rəqabət silahlı qarşıdurma həddinə
çatmışdı. Nəticə isə
açınacaqlı oldu. Belə ki, hakimiyyət
strukturlarına, o cümlədən, silahlı birləşmələrə
nəzarəti itirən o zamankı Azərbaycan iqtidarı
1993-cü ilin yayında ölkəni vətəndaş
müharibəsi təhlükəsi ilə üz-üzə
qoydu. Problemlər məngənəsində sıxılan gənc
Azərbaycan dövləti xəritədən silinmək təhlükəsilə
üzləşdi. Artıq Lənkəranda, Qusarda və digər
regionlarda bəzi silahlı birliklər separatçı
iddialarla çıxış edib mərkəzi hakimiyyətə
tabe olmadıqlarını bildirirdilər.
Belə bir məqamda Azərbaycan
hakimiyyəti vəziyyətin daha da kəskinləşməsinə
yol açan məntiqsiz qərarlar verməkdə davam edir,
silahlı birləşmələri, demək olar ki, zorla vətəndaş
qarşıdurmasına sürükləyirdi. 1993-cü il
iyunun 4-də Gəncədə sabiq korpus komandiri və o zamankı
dövlət başçısının Qarabağ üzrə
xüsusi nümayəndəsi Surət Hüseynovun rəhbərlik
etdiyi 709-cu briqadanın ləğvi ilə bağlı qərar
imzalandı. Həmin vaxt müdafiə naziri olan Dadaş
Rzayevin imzaladığı qərara tabe olmayan Surət
Hüseynov isə tabeçiliyindəki qoşun hissəsinə
Bakıya doğru istiqamət götürmək əmrini
verdi. Gəncədə, o cümlədən, Bakıya qədər
bəzi rayonlarda silahlı qarşıdurmalar
yaşanırdı. Vəziyyət get-gedə pisliyə
doğru dəyişirdi. 709-cu briqadanı tərk-silah etmək
üçün Gəncəyə göndərilən Milli
Qvardiya hissələri ilə Surət Hüseynovun rəhbərliyi
altında olan silahlı birlik arasında döyüş oldu. Belə
bir çıxılmaz vəziyyətə düşən Azərbaycanın
bir xilas yolu vardı...
Daha doğrusu, xalqın
yeganə ümidi Naxçıvana, ulu öndər Heydər Əliyevə
idi. Vətənin bu ağır günündə xalq Azərbaycanın
görkəmli oğlu Heydər Əliyevi Naxçıvandan
Bakıya dəvət etdi. Ulu öndər Heydər Əliyev
xalqın və respublikanın hakim dairələrinin təkidli
dəvətini qəbul edərək iyunun 9-da Bakıya gəldi
və qısa vaxt ərzində Azərbaycanda vətəndaş
müharibəsinin qarşısını ala bildi. 1993-cü
il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası
Ali Sovetinin sədri seçildi. Məhz Ümummilli liderimiz
Heydər Əliyev müasir Azərbaycan dövlətinin
varlığını qorudu. Xalqının xilaskarına
çevrilən ulu öndər Heydər Əliyev Azərbaycan
qarşısında tarixi bir missiyaya imza atdı. Ulu öndər
Heydər Əliyev sonralar bu məsələ ilə
bağlı bildirirdi: “1993-cü ilin iyun ayında Azərbaycanda
böyük dövlət böhranı yarandı. Azərbaycan
dağılmağa başladı, o vaxtkı iqtidar ölkəni
idarə edə bilmədi. Gəncədə toqquşma baş
verdi, qan töküldü. Gəncədə başlayan hərəkat
Azərbaycanın ərazisinin, demək olar ki,
yarısından çoxunda hakimiyyəti öz əlinə
aldı. Vaxtilə məni
təqib edən, Naxçıvanda məni devirmək, məni
Azərbaycandan sıxışdırıb çıxarmaq istəyən
o vaxtkı iqtidar belə bir zamanda əlacsız qaldı və
mənə müraciət etdi. Ancaq ondan əvvəl mənə
müraciət edənlər bizim partiyanın üzvləri,
Azərbaycanın müxtəlif təbəqələrinin
nümayəndələri, ziyalıları oldu. Onlar məni
yenidən Bakıya dəvət etdilər”.
Bəli, məhz o
vaxtkı iqtidarın ölkəni idarə edə bilməməsi
Azərbaycanı məhv olmaq təhlükəsi ilə
baş-başa qoymuşdu. Həmin gərgin günləri
xatırlayan, sözügedən vaxtlarda AXC-Müsavat hökumətinin
özbaşınalıqlarına qarşı ən radikal
çıxışlar edən millət vəkillərindən
biri, hazırda parlamentin Regional məsələlər komitəsinin
sədri Arif Rəhimzadənin də qeyd etdiyi kimi, 1993-cü
ilin iyununda yaranan siyasi böhranın əsas səbəbi
hakimiyyətdə olanların səriştəsiz idarəçiliyindən
qaynaqlanırdı: “Köhnə quruluş ləğv
olunmuşdu, təzə quruluşu yaratmağa, onu idarə etməyə
də iqtidarda olanların heç birinin nə
bacarığı, nə siyasi səriştəsi
çatırdı. Elə təsəvvür edin ki,
sükanı olmayan bir maşını kələ -
kötür yolda idarə etmək lazım idi. Nə Əbdürrəhman
Vəzirov, nə Ayaz Mütəllibov, nə Yaqub Məmmədov,
nə də Elçibəy bunu edəcək potensiala sahib idilər.
İnsanlarda ümidsizlik yaranmışdı. Heç kəs
bu məsuliyyətin altına girmək istəmirdi. Yeganə
ümid Heydər Əliyev idi. Dövlətçilik təcrübəsi,
siyasi səriştəsi, böyük
dünyagörüşü məhz ulu öndərin ölkəni
bu böhrandan çıxarmağa yeganə qadir şəxsiyyət
olduğunu deməyə əsas verirdi. Sonrakı hadisələr
də göstərdi ki, xalqımız düzgün seçim
etdi. Nəticəsini isə bu gün hamımız
görürük. O zamanlar Heydər Əliyevin yeganə
çıxış yolu olduğunu çox adam fikirləşirdi.
Amma kiminsə bunu söyləməyə iradəsi
çatmırdı. Bu istək xalqda
formalaşmışdı”.
Ümummilli liderimiz Heydər
Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə
parçalanmaq, dövlətçiliyini itirmək vəziyyətində
olan, hərc-mərcliyin baş alıb getdiyi, vətəndaş
müharibəsi ilə üz-üzə dayanan Azərbaycanın
mustəqil, dinamik iqtisadi inkişafa malik, demokratik bir dövlətə
çevirdiyini deyən millət vəkili qeyd etdi ki, ölkəmiz
məhz ulu öndərin dövründə öz demokratik təsisatlarını
qurdu: “Ölkəmizin Konstitusiyası qəbul edildi, parlamentlə
icra orqanları arasında qarşılıqlı əlaqə
yarandı. Bundan başqa, ulu öndər Azərbaycanın
beynəlxalq aləmdə tanınması üçün səy
göstərdi, regionda aparıcı bir dövlət kimi bərqərar
olmasını təmin etdi. Ulu öndər Heydər Əliyev
Azərbaycan xalqına özünəinamı qaytardı.
Açığı, insanlar özlərini təhqir
olunmuş, alçalmış halda hiss edirdilər, sabahkı
gün haqda təsəvvür yox idi. Kim harada nə
görürdüsə ələ keçirmək
üçün can atırdı. Bütün bunlara son
qoyuldu. Heydər Əliyev Azərbaycanın bu
gününü yaratdı. Sevindiricidir ki, Ümummilli
liderimizin apardığı bu quruculuq, sabitliyə yönəlik
siyasət Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilir. Əsası Heydər Əliyev tərəfindən qoyulan
dövlətçilik prinsipləri bu gün Prezident İlham Əliyev
tərəfindən uğurla inkişaf etdirilir”.
O zamanlar parlamentin
üzvü olmuş politoloq Cümşüd Nuriyev də
1993-cü ilin iyununda ulu öndər Heydər Əliyevin Azərbaycanı
böyük bəlalardan xilas etdiyini dilə gətirdi:
“1993-cü ildə inflyasiya 1800 faizə
çatmışdı. Dövlət büdcəsi 100 dəfəyə
qədər artmışdı ki, bu da çox təhlükəli
idi. Pulun emisiyası çox yüksək idi. Borcu borcla
bağlayırdılar. Əməkhaqqının 45 faizi itirdi.
Xarici ticarət dövriyyəsi 1 il ərzində 5 dəfə
azalmışdı. Yəni
Azərbaycan iqtisadi cəhətdən suverenliyini itirirdi. Digər
tərəfdən, Azərbaycanda qarşıdurmalar səngimirdi.
Bu gün çoxları Surət Hüseynovun
başlatdığı qiyamı hərbi qiyam
adlandırırlar. Ölkədə özbaşınalıq
halları baş alıb gedirdi. Bu faktlar özü sübut
edir ki, Azərbaycan hansı uçurumun kənarında idi.
Ümummilli liderimiz Heydər Əliyevin siyasi hakimiyyətə
qayıdışı Azərbaycanı bu bəlalardan
qurtarırdı. Azərbaycanda sabitliyin səfərbər
olunmuş formadan dayanıqlı formaya keçməsi baş
verdi. Bundan başqa, Azərbaycana hakimiyyətin sivil
ötürülməsi praktikası gətirildi, anarxiyaya son
qoyuldu, azad iqtisadiyyat gündəmə gəldi. Bütün
Azərbaycan vahid ideologiya- azərbaycançılıq ətrafında
birləşdi. Separatizmin
qarşısını almaq və dövlət idarəçiliyində
anarxiya yaranmaması və tolerantlıq məsələsini
gündəmə gətirmək üçün vahid azərbaycançılıq
ideologiyası yaradıldı. Beynəlxalq aləmdə isə
özünə hörmət etdirən, bərabərhüquqlu
çıxış edən bir dövlət statusu qazandırdı.
Artıq Azərbaycan bütün dövlətlərlə bərabərhüquqlu
səviyyədə danışıqlar aparır. Bu uğurlar
Heydər Əliyevin 1993-cü ildən sonra Azərbaycana bəxş
etdikləridir”.
Son olaraq bir daha qeyd etmək
yerinə düşər ki, həmin vaxt ölkədə cərəyan
edən mənfi proseslərdən ən çox əziyyət
çəkən xalq idi. Bu baxımdan ulu öndər Heydər
Əliyev dövlətin xilaskarı olmaqla yanaşı, həm
də millətinin taleyinin xilaskarıdır. Ulu öndərin
uzaqgörən siyasəti nəticəsində Azərbaycan bu
gün öz inkişafının ən sürətli
dövrünü yaşayır. Demokratik təsisatların
kövrək addım atdığı, vətəndaş cəmiyyəti
institutlarının hələ formalaşmadığı,
üstəlik, xarici işğala məruz qalan ölkəni
yalnız və yalnız Ümummilli liderimiz Heydər Əliyev
xilas edə bilərdi və etdi də. Bu gün ulu öndər
Heydər Əliyev dühasının bəhrəsi olan
müstəqil Azərbaycan dövlətinin inkişafı millət-dövlət
tandeminin üzərində qurulduğu üçün
sarsılmazdır.
Pərviz SADAYOĞLU
Yeni Azərbaycan.- 2009.- 4 iyun.- S.4.