Zərdab rayonu yüksək templə inkişaf edir

 

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramırayonun daha sürətli inkişafına stimul verib

Bakıdan 285 km qərbdə yerləşən Zərdab şəhəri haqqında ilkin məlumatlar orta əsrlər Şirvanşahlar dövrünə təsadüf edir. Dəniz səviyyəsindən 11 metr alçaqda yerləşən Zərdab Kür çayının sahilindədir. Ərazisi 86,6 kv.km, əhalisi isə 53770 nəfərdir. Rayonun 42 yaşayış məntəqəsi var - 40 kənd, bir şəhər, bir qəsəbə. O cümlədən, rayon ərazisində 41 bələdiyyə, 28 icra nümayəndəliyi fəaliyyət göstərir. Rayonun iqtisadiyyatında kənd təsərrüfatı xüsusi rol oynayır. Kənd təsərrüfatının əsasını isə pambıqçılıq, taxılçılıq, baramaçılıq heyvandarlıq təşkil edir. Bundan başqa rayonda bir sıra sənaye müəssisələri fəaliyyət göstərir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikası regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” (2004-2008) ölkəmizin inkişafı tarixində mühüm əhəmiyyətə malikdir. Bu proqram çərçivəsində görülən quruculuq, abadlıq işləri bölgələrin inkişaf tempinin yüksəlməsində əsas dönüş nöqtəsi sayıla bilər. Bu mənada proqramın icrası Zərdab rayonunun da həyatında mühüm yeniliklərlə müşahidə olunub.

 

Rayonda pambıqçılıq və baramaçılıq inkişaf etdirilir

 

Son beş ildə Zərdabda əkin dövriyyəsinə cəlb olunan torpaq sahələrinin həcmi, kənd təsərrüfatında bitkiçilik məhsullarının istehsalı və məhsuldarlıq nəzərəçarpacaq dərəcədə artıb. Əkin sahələrinə mineral və üzvü gübrələrin verilməsi, növbəli əkinin aparılması və optimal müddətlərdə suvarma suyunun verilməsi, dövlət tərəfindən taxıl istehsalçılarına göstərilən dəstək son beş ildə əkin sahələrinin həcminin 1,9 dəfə artmasına gətirib çıxarıb. 2004-cü ildə 9577 ha olan taxıl sahələri hər il orta hesabla 1000-1350 ha artaraq 2008-ci ildə 14780 hektara çatdırılıb. Bunun isə 10322 hektarını buğda, 4458 hektarını arpa təşkil edib. Son beş ildə məhsuldarlıq hər hektardan 25,4 sentnerdən 27,1 sentnerə qalxıb. Rayonun bir sıra kəndlərində özəl toxumçuluq təsərrüfatları yaradılıb. Həmin təsərrüfatlarda 2008-ci ildə 637,5 ha taxıl əkilib.

2004-cü ildə 2145 ha-dan 3200 ton, 2005-cı ildə ısə 2873 ha-dan 4526 ton pambıq tədarük edilib. Son beş ildə baramaçılığın inkişafı üçün isə bələdiyyələrin ərazilərində 49 ha tut bağları salınıb, köhnə tut bağlarında bərpa işlərinin aparılması məqsədilə hər il əvəzsiz olaraq mülkiyyətçilərə 10 minlərlə tut tingləri paylanıb. 2005-2006-cı illərdə Yuxarı Seyidlər, Körpükənd, Təzəkənd, Çallı, Gəlmə kəndlərındə qurdun dirildilməsi üçün nəzərdə tutulan inkubasiya kameraları yaradılıb. Hazırda rayonda baramaçılığın inkişafını “Şəki-ipək” ATSC həyata keçirir.

 

Zərdabda heyvandarlığın və quşçuluğun inkişafı diqqət mərkəzindədir

 

Dövlət Proqramının icra edildiyi zaman kəsiyində rayonda heyvandarlığın inkişafı istiqamətində mühüm işlər görülüb. Köhnə yonca əkini sahələri ilə yanaşı, yeni yonca əkini sahələri də yaradılıb. Bu baxımdan, yonca əkini sahələrı 1,8 dəfə artıb. Qaba yem tədarükü 2008-ci ildə 102304 tona çatdırılıb. Heyvandarlığın inkişaf etdirilməsi və örüş sahələrinin artırılması məqsədilə 19867 ha qış otlaq sahəsi 2006-cı ildən istifadəyə qaytarılıb. Qış otlaq sahəsi heyvandarlıqla məşğul olan mülkiyyətçilərə icarəyə verilir. Hesabat dövrü ərzində süd və süd məhsulları emalı zavodunun tikintisi yekunlaşıb. Rayonda iribuynuzlu və xırdabuynuzlu heyvanların artırılması istiqamətində də əsaslı işlər görülüb. 2008-ci ilin sonunda rayonda iribuynuzlu malların sayı 51935 baş, xırdabuynuzlu heyvanların sayı 104566 baş olub. Bundan əlavə rayon üzrə quşçuluq da inkişaf etdirilib. Dövr ərzində quşların sayı artırılaraq 175618 baş olub. 2004-2008-ci illərdə heyvandarlıq məhsulları istehsalının da həcmi xeyli artıb. Ət istehsalı 2620 tondan 2820 tona, süd istehsalı 20400 tondan 21600 tona, yumurta istehsalı 7300 min ədəddən 7700 min ədədə, yun istehsalı 143 tondan 155 tona çatdırılıb. Rayon Baytarlıq Diaqnostika Kabineti nəzdində bütün avadanlıq nəqliyyat vasitələri ilə təmin olunan 4 süni mayalanma texniki fəaliyyət göstərir. 2008-ci ildə İsaqbağı bələdiyyəsi ərazisindəNamiq-Sdamazlıq heyvandarlıq fermer təsərrüfatı yaradılıb. Ümumiyyətlə, son beş ildə 29 fermer təsərrüfatı yaradılıb. Əhalinin ət məhsuluna olan tələbatını ödəmək məqsədilə Zərdab şəhər mərkəzindəki ticarət mərkəzində, şəhərin 4 yol adlanan ərazisində Pərvanlı kəndində ət kəsimi məntəqələri fəaliyyətə başlayıb.

 

Suvarma-drenaj şəbəkələri bərpa edilir

 

Zərdab rayonunun su axınını bölüşdürən və tənzimləyən Suvarma Sistemləri İdarəsi fəaliyyət göstərir. Aqrar sektorda məhsul istehsalının artırılması və məhsuldarlığın yüksəldilməsi məqsədilə torpaqların münbitliyinin bərpası, sudan səmərəli istifadənin təmin olunması, suvarma sisteminin bərpası və inkişafı, rayonun suvarma suyundan qismən korluq çəkən ayrı-ayrı kəndlərində yeni nasos stansiyalarının quraşdırılması, kanalların çəkilməsı və bərpası tədbirləri yerinə yetirilib. 2004-2008-ci illərdə suvarma kanallarında ildə orta hesabla 40 ədəd olmaqla cəmi 198 ədəd hidrotexniki qurğu, ildə orta hesabla 4-5 ədəd olmaqla 22 ədəd hidropost təmir olunub. Yuxarı Seyidlər, Bıçaqçı, Məlikli, Nəzəralılı, Cavar, Qoruqbağı nasos stansiyalarındakı mülki və istehsalat binaları emalatxana sexi təmir edilib. Bundan əlavə Kür və Türyançay çaylarının sahilində yerləşən Təzəkənd, Gəlmə, Alıcanlı, Yuxarı Seyidlər, Nəzəralılı, Yarməmmədbağı, Xanməmmədli, Şəftəhal, Əlvənd nasos stansiyalarının qoruyucu bəndləri bərkidilib, ildə 21 km olmaqla cəmi 105,7 km boru kəmərlərinin təmiri aparılıb. Suvarma Sistemləri İdarəsinin balansında olan təsərrüfatlararası suvarma kanallarının ildə orta hesabla 290 km-i, cəmi 1454 km-i lildən təmizlənərək bərpa vəziyyətinə gətirilib. Təkcə 2008-ci ildə 400 km-ə qədər kanal lildən təmizlənib. Bundan başqa, ildə orta hesabla 11 km olmaqla beş il ərzində 55,2 km beton və latok kanallarda təmir işi aparılıb. Fəaliyyət göstərən nasos stansiyalarının məhsuldarlığının artırılması məqsədilə 2004-2008-ci illərdə Körpükənd, Yuxarı Seyidlər, Gəlmə, Qoruqbağı, Bıçaqçı, Burunlu, Otmanoba nasos stansiyalarındakı 8 ədəd köhnə nasoslar yenisi ilə əvəzlənib. Əkin sahələrinin suya olan tələbatının ödənilməsi, sudan səmərəli istifadə edilməsi, torpaqların əkin dövriyyəsinə daxil edilməsi üçün Kür və Türyançay çaylarının sahilində Qoşaoba, Pərvanlı, Salahlı, Hüseynxanlı, Körpükənd, Xanməmmədli, Nəzəralılı, Çallı, Məlikumudlu, Alıcanlı, Yarməmmədbağı, Əlvənd, Otmanoba, Gəlmə bələdiyyələri ərazilərində məhsuldar nasos stansiyaları quraşdırılıb və suvarma kanalları bərpa edilib. Kür çayının tez-tez daşması panton üzərindəki su nasoslarının fasilələrlə işləməsinə səbəb olduğu üçün Təzəkənd, Nəzəralılı-2, İsaqbağı, Körpükənd-3, Gəlmə nasos stansiyaları məhz çayın sahilində quraşdırılıb. Son 5 ildə Şahhüseynli, Bıçaqçı, Körpükənd-2, Gəlmə, Seyidlər, Otmanoba, Sarıqaya, Alıcanlı nasos stansiyalarında dizel yanacağı ilə işləyən 13 su nasosu elektrikləşdirilib. Bəyimli qəsəbəsində bitkiçiliyin, heyvandarlığın inkişafı üçün Qızlıq-Qobu kanalı təmizlənərək bərpa vəziyyətinə gətirilib, qəsəbəyə suyun verilməsi təmin olunub. Bununla yanaşı, Şahhüseynlı kəndində Kür çayından 720 mm diametrində 1,4 km uzunluğunda boru kəməri çəkilib və elektrik nasos stansiyası quraşdırılıb. Türyançay çayı üzərindəki “İnqilab” nasos stansiyası elektrikləşdirilib və 4,8 km uzunluğunda yeni suvarma kanalı çəkilib. “Sarı qovaq” adlanan ərazidə yerləşən 280 ha sahənin suvarma suyu ilə təminatını yaxşılaşdırmaq üçün bir ədəd su nasos stansiyası quraşdırılıb və suvarma kanalları təmizlənib. Məhz bu addımlar son beş ildə əkin dövriyyəsinə cəlb olunan torpaq sahələrinin həcminin və məhsuldarlığın artmasına səbəb olub.

 

Rayonda aqrotexservis xidmətinin təşkili yüksək səviyyədədir

 

Aqrotexservis xidmətinin təşkilinin dövlət səviyyəsində həlli zərdablıların bu mənada işini olduqca asanlaşdırıb. “Aqrolizinq” ASC-nin təsərrüfat hesablı Zərdab filialı 2006-cı ilin birinci yarısında yaradılıb. Ötən dövr ərzində filialın maddi-texniki bazası genişləndirilib, torpaq istifadəçilərinə göstərilən xidmətin həcmi artırılıb. 2009-cu ilə cəmiyyətin balansında 42 ədəd kənd təsərrüfatı texnikası və avadanlıq var ki, bunun da 7-si taxıl kombaynı, 10-u şum traktoru, 3-ü isə otçalandır. Mülkiyyətçilərə 2006-cı ildə 50 ton superfosfat, 2007-ci ildə güzəştli qiymətlə 50 ton azot, 50 ton superfosfat, 2008-ci ildə isə güzəştli qiymətlə 199,3 ton azot gübrəsi satılıb. “Aqrolizinq” ASC-nin Zərdab filialı yarandığı gündən istifadəsində olan texnikalarla torpaq istifadəçilərinə kənd təsərrüfatı işlərinin aparılmasında xidmət göstərib. 2006-cı ildə 10 ha sahənin taxılı biçilib, 700 ha torpaq sahəsi şumlanıb. 2007-ci ildə isə 809 ha sahədə şum aparılıb, 819 ha sahənin taxılı biçilib, 177 ha sahənin otu çalınıb. İl ərzində 46400 ədəd ot preslənib. Cəmiyyət tərəfindən 2008-ci ildə 1137 ha sahənin taxılı biçilib, 1046 ha sahədə şum aparılıb. 343 ha sahədə isə taxıl səpini həyata keçirilib, 227 ha sahənin otu çalınıb. Çalınan ot sahələrindən 46056 ədəd ot kipi bağlanıb. Mineral gübrələrin və bitki mühafizəsi preparatlarının rayon Bitki Mühafizə Mərkəzi və “Aqrolizinq” ASC tərəfindən satışı təşkil olunub.

 

Təhsilin inkişafı üçün geniş tədbirlər görülür

 

Dövlət Proqramının icra olunduğu dövr ərzində Zərdab rayonunda təhsil müəssisələrinin-məktəblərin təmiri, texniki təchizatı tədbirləri yüksək səviyyədə aparılıb. Rayonun Alıcanlı və Dəkkəoba kənd orta məktəblərində əsaslı, Gəlmə, Şıxbağı və Məmmədqasımlı kənd orta məktəblərində isə cari təmir işləri həyata keçirilib. Dəkkəoba, İsaqbağı, Qaravəlli, Körpükənd kənd məktəblərində əlavə sinif otaqlarının tikintisi aparılıb. Bundan başqa Şəftəhal, Əlibəyli, İsaqbağı, Körpükənd kənd orta, Körpükənd kənd əsas, Aşağı Seyidlər əsas məktəblərində əsaslı və cari təmir işləri görülüb. Məmmədqasımlı kənd orta məktəbinin üst örtüyündə və idman zalında təmir işləri aparılıb. 2006-cı il ərzində Şahmat məktəbi, Əlvənd kənd orta məktəbi, Şahhüseynli, Bıçaqçı kənd orta məktəblərində əsaslı təmir işləri, Salahlı kənd əsas məktəbində isə yarımçıq tikilinin başa çatdırılması işləri həyata keçirilib. 2007-ci ildə Gödəkqobu, Bıçaqçı kənd, şəhər 3 saylı orta, Siləyli kənd ibtidai məktəbində cari təmir işi aparılıb. Peşə liseyində emalatxana binasının üst örtüyünün bir hissəsi dəyişdirilib. Gödəkqobu kəndindəki orta məktəbdə 1 sinif otağı, Körpükənd kəndindəki orta məktəbdə müəllimlər otağı, şəhər 3 saylı orta məktəbdə idman zalı təmir edilib. Rayonun Cilovxanlı kəndində Kənd Təsərrüfatı Nazirliyinin kənd təsərrüfatı kreditləri üzrə kənd investisiya layihəsi əsasında 6 sinif otaqlı məktəb binası tikilib istifadəyə verilib. 2008-ci ildə isə Sarıqaya, Kəndəbil, Çallı kənd orta məktəblərində cari təmir işləri aparılıb. Ötən il şəhər 3 saylı orta məktəbində də əsaslı təmir işləri görülüb. Rayonun Xanməmmədli və Cilovxanlı kəndlərində ibtidai məktəb binalarının tikintisinə başlanılıb. Şəhər və kənd məktəblərinin texniki təchizatını yaxşılaşdırmaq məqsədilə son 3 il ərzində məktəblərə 104561 manatlıq inventar və avadanlıqlar paylanılıb. Dövlət Proqramının icrası dövründə rayonun Yarməmmədbağı kəndində 264 yerlik orta, Körpükənd kəndində isə Heydər Əliyev Fondunun vəsaiti hesabına 100 yerlik məktəb binaları tikilib istifadəyə verilib. Qoruqbağı kəndində isə 200 yerlik orta məktəb binası tikilib istifadəyə verilib. Yuxarı Seyidlər kənd orta məktəbində əsaslı təmir işləri aparılıb. 2006-cı ildə Dəkkəoba kəndində Heydər Əliyev Fondunun vəsaiti hesabına 180 yerlik məktəb binası tikilib istifadəyə verilib. Yüksək keyfiyyətlə inşa edilən məktəb ən müasir avadanlıqlarla təmin olunub, məktəbin ətrafında geniş abadlıq yaşıllaşdırma işləri aparılıb. 2008-ci ildə Məlikumudlu kəndində orta məktəb binası tikilib istifadəyə verilib.

Təhsil sahəsindəki uğurlar da az deyil. Şəhər iki saylı orta məktəbinin pedaqoqu, əməkdar müəllimə Çimnaz Məlikova 2008-ci ildə ilin ən yaxşı müəllimi nominasiyasında qalib olub. Şəhər bir saylı orta məktəbi isə ilin ən yaxşı məktəbləri sırasında yer alıb. Zərdabın Gəlmə kənd orta məktəbininCəsurlarhərbi idman oyunları komandası isə respublika tarixində ilk dəfə kənd məktəbi olaraq finalda birinci yeri tutub. Bundan başqa idman sahəsində böyük nailiyyətlər əldə olunub. Rayon sakini İzzət Rəhimli şahmat üzrə dünya çempionatında beşinci yerə sahib çıxıb. Nərmin Camalzadə Taekvonda üzrə qara kəmər ustası adını alıb, Nihalə Camalzadə isə eyni idman növü üzrə beynəlxalq turnirin qızıl medalını qazanıb.

 

Yaşayış məntəqələrinin su təchizatı və kanalizasiya sistemi bərpa edilir

 

Şəhər əhalisinin içməli su ilə təminatının yaxşılaşdırılması məqsədilə su anbarında əsaslı təmir işləri aparılıb, Kür çayının şəhər ərazisindən keçən hissəsində 1 ədəd 1500 dövriyyədə 55 kv-luq elektrik mühərriki quraşdırılıb. Su anbarında 1 ədəd xlorator və zəyləmə qurğusu quraşdırılıb. Şəhərin B.Allahverdiyev, R.Kərimov, H.Aslanov və B.İsmayılov küçələrində su xətlərində əsaslı təmir işləri aparılıb. Dədə Qorqud meydanından Fəhlə qəsəbəsinə qədər yeni su xətti çəkilib, S.Mahmudov küçəsinin xeyli hissəsi yenisi ilə əvəz edilib.

Fəhlə qəsəbəsinə 1 km uzunluğunda su xətti çəkilib. Z.Bəkirov, Füzuli küçələrində və Rayon Mərkəzi Xəstəxanasında olan su xətləri təmir edilib. Dədə Qorqud meydanından M.Hüseyn küçəsinə keçən su xəttinin 41 p/m hissəsi yenidən çəkilib istifadəyə verilib. Kür çayı sahilində yerləşən üzən nasos qurğusunda elektrik nasosları vaxtaşırı təmir olunub, əlavə 5 elektrik mühərriki alınaraq suyun nəzərdə tutulan vaxtlarda əhaliyə çatdırılması təmin edilib. Rayonda ilk mərhələdə 6 kənddə, 2008-ci ilin dördüncü rübü ərzində isə daha bir kənddə modul tipli sutəmizləyici qurğular tikilib istifadəyə verilib.

Əlvənd, Şahhüseynli, Qoruqbağı, Pərvanlı, Məlikumudlu, Körpükənd və Bıçaqçı kəndlərində tikilən sutəmizləyici qurğulardan qidalanan bulaqlar vasitəsilə həmin kəndlərin əhalisi ekoloji cəhətdən təmiz içməli su ilə təmin edilib. Şəhərin mərkəzi küçələrində 22 km uzunluğunda açıq tipli kanalizasiya xətləri əsaslı təmir olunaraq yenidən qurulub. Rayon ərazisində yaşayan qaçqın və məcburi köçkünlərin su təminatı su daşıyan maşınlarla həyata keçirilir.

 

Nəqliyyat infrastrukturu yenilənir

 

“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” (2004-2008) çərçivəsində Zərdabda rayonlararası və rayondaxili yolların bərpası məsələsi də öz həllini tapıb. Şəhərin M.Hüseyn küçəsinə 0,37 km məsafədə asfalt örtüyü döşənib. B.İsmayılov küçəsinin əsaslı təmiri başa çatdırılıb, Bəyimli qəsəbəsınə gedən yol təmir edilib. Məlikli və Sarıqaya kəndlərinin hər birində 2 km uzunluğunda kənddaxili yollar təmir olunub. Şəhərin Azərbaycan, Nizami, 20 Yanvar küçələrində səkilərə 2 km məsafədə üzlük beton plitə döşənib, Heydər ƏIiyev, Zərdabi, Nizami, R.Kərimov və Azərbaycan küçələrində küçə boyu divarların rənglənməsi və memarlıq baxımından köhnələn barıların sökülərək yeniləri ilə əvəz olunması təmin edilib. 2005-ci ildə Ucar-Zərdab-Ağcabədi avtomobil yolunda 3,95 km məsafədə orta və carı təmir işləri aparılıb. Zərdab-Mollakənd avtomobil yolunda 8 km məsafəyə, Zərdab-Pirəzə avtomobil yolunda isə 3 km uzunluğunda yola çınqıl tökülərək təmir olunub. R.Kərimov küçəsi istiqamətində 2,1 km məsafədə səkilərə beton plitə döşənib, Azərbaycan küçəsində 0,55 km məsafədə səki yanlarına beton fiqurların düzülməsi başa çatdırılıb.

Qumlu yaşayış massivində 0,66 km, M.Məhərrəmov küçəsində 0,6 km məsafəyə asfalt örtük döşənib. Şəhər ərazisində müxtəlif küçələrə 1645 m3 çınqıl daşınaraq təmir işləri görülüb. Aşağı Şirvan kanalı üzərində quraşdırılan körpü əsaslı təmir edilib, piyada hissəsi betonlanıb, ətəklər çay daşları ilə bərkidilib. Şəhərin Fəhlə qəsəbəsinin, Şəhriyar, Babək, C.Cabbarlı, M.Zalov, Axundov küçələrinə, Təzəkənd kəndindəki mərkəzi küçəyə, 6-cı yaşayış massivindəkı küçə və dalanlara çınqıl örtüyü döşənib.

Heydər Əliyev prospekti istiqamətində 3,6 km məsafədə bardyürlər betonlanıb, səkilərə 6000 kv.m beton plitə döşənib.

2007-ci ildə rayonun Gödəkqobu, Sarıqaya, Hüseynxanlı, Dəkkəoba, Burunlu kəndlərində cari təmir işləri aparılıb, Şıxbağı və Qaravəlli kəndlərində yol üstündəki körpülər təmir edilib.

2008-ci ildə şəhərin C.Cabbarlı, M.F.Axundov, Z.Bəkirov, S.Mahmudov, Malik Xəlilov, Məmməd Xəlilov, Ş.Şükürov, Babək, Rəsulzadə küçələrində və 6-cı məhəllənin daxili yollarında 4,5 km məsafədə asfalt örtüyü döşənib. Rayonun inzibati ərazilərində 2008-ci il ərzində 2150 m3 çınqıl daşınaraq kəndarası yollarda 60 km məsafədə cari təmir işləri aparılıb.

 

Əhalinin elektrik enerjisi və qazla təminatındakı problemlər həll olunur

 

Hesabat dövründə rayonun elektrik təsərrüfatında əhalini və iqtisadiyyatı fasiləsiz, keyfiyyətli elektrik enerjisi ilə təmin etmək üçün təmir və xidmətin səviyyəsinin yüksəldilməsinə diqqət daha da artırılıb. 2005-ci ildə Sarıqaya kəndində yeni qurulan nasos stansiyası üçün 100 kv-lıq transformator quraşdırılıb, Otmanoba kəndində 160 kv-lıq transformator 400 kv-lıq transformatorla, Əlvənd kəndində 63 kv-lıq transformator 160 kv-lıq transformatorla, Su-kanal idarəsinin nasos stansiyasında 160 kv-lıq transformator 250 kv-lıq transformatorla əvəz edilib. Yeni tikilən Heydər Əliyev adına parkda, Uşaq Əyləncə mərkəzində, Heydər Əliyev küçəsində, şəhərin giriş hissəsində işıqlanma sistemi yenidən qurulub. Paylayıcı Elektrik Şəbəkəsi 2005-ci ildə 17 imkansız ailəyə 2,5 km uzunluğunda 0,4 kv-luq elektrik verilişi xətti çəkilib. 2007-2008-ci illərdə rayon üzrə əhali və digər istehlakçıların dayanıqlı enerji təminatının yaradılması üçün 0,4 kv-luq hava xətlərində 563 ədəd, 10 kv-luq hava xətlərində isə 58 ədəd yeni dayaq bərkidilib. Şəftəhal və Körpükənd kəndləri ərazisində Kür çayı sahilində yeni quraşdırılan nasos yarımstansiyalarında 10 kv elektrik verilişi xətləri çəkilərək elektrik enerjisi təchizatı təmin edilib. Qısa məcburi fasilələr istisna olmaqla son 3 il ərzində fasiləsiz elektrik enerjisi ilə təminat yaradılması və sayğaclaşma işləri başa çatdırılıb.

Əhalinin fasiləsiz və keyfiyyətli təbii qazla təmin edilməsi üçün də bir sıra tədbirlər həyata keçirilib. 2004-cü ildə rayonun qaz təminatının yaxşılaşdırılması üçün “Azəriqaznəql” İstehsalat Birliyi tərəfindən Ucar-Zərdab qaz kəmərinin 5 km hissəsi yeni boru kəməri ilə əvəz edilib. Şəhər ərazisində I mərhələ üzrə “Qumlu” yaşayış sahəsində D-89 mm-lik 4500 p/m aşağı təzyiqli, 1000 pm orta təzyiqli qaz kəməri xətti çəkilib. Bundan başqa, şəhər daxilində köhnə qaz boruları yeniləri ilə əvəz edilib.

Yeni tikilən 50 tonluq asfalt zavodunun qazlaşdırılması təmin edilib, şəhid ailələri və Qarabağ əlilləri üçün tikilən 32 mənzilli yaşayış binasını sayğaclaşdırmaqla qazlaşdırılması başa çatdırılıb. Hesabat dövründə əhali abunəçilərinin sayı 1938-dən 2315-ə çatdırılıb, əhali və qeyri-əhali sektoru üzrə sayğaclaşma başa çatdırılıb. Qaçqın və məcburi köçkünlərin məskunlaşdığı binalar tam olaraq qazla təmin olunub.

Rayonun rabitə xidməti sahəsində də əsaslı fəaliyyət nümayiş etdirilib. Rayon Telekommunikasiya Qovşağının Mərkəzi ATS-nin elektronlaşdırılması məqsədilə təmir-tikinti işləri başa çatdırılıb. Bu məqsədlə 57 km məsafədə Göyçay-Ucar-Zərdab magistral xəttinin fiber-optik kabellə tikintisi reallaşdırılıb. Rayonun Gödəkqobu kəndində 256 nömrə tutumlu EATS istifadəyə verilib, Qaravəlli və Pərvanlı kəndlərinin hər birində 256 nömrə tutumlu EATS avadanlıqlarının quraşdırılması işləri yekunlaşdırılıb. Rayonda poçt rabitəsi 4 il ərzində 21 növdən 27-ə çatdırılıb.

Bundan başqa şəhər 1 və 2 saylı orta məktəblərində, şəhər əsas məktəbində və Rayon İcra Hakimiyyətinin yeni inzibati binasında istilik sistemi yenidən qurulub.

 

Zərdabda səhiyyə ocaqlarına dövlət qayğısı yüksək səviyyədədir

 

Rayon Mərkəzi Xəstəxanasında son beş ildə əsaslı təmir işləri aparılıb. Məlikumudlu kənd həkim məntəqəsində, Çallı, Körpükənd, Əlvənd kənd sahə xəstəxanalarında təmir işləri görülüb. 2004-cü ildə rayon Mədəniyyət evində əsaslı təmir işləri başa çatdırılıb. Mərkəzləşdirilmiş Kitabxana Sistemində təmir işləri aparılıb, 2007-ci ildə isə üst örtüyünün dəyişdirilib. Həsən bəy Zərdabi muzeyi yenidən qurulub. Tarix Diyarşünaslıq muzeyində 2004-2005-ci illərdə əsaslı və cari təmir işləri aparılıb, ətrafında abadlıq işləri görülüb. Gəlmə kənd mədəniyyət evində cari təmir işləri aparılıb. 2004-cü ildə 5 ha sahədə Heydər Əliyev adına parkın tikintisinə başlanılıb, ulu öndərin abidəsi ucaldılıb, parkda sonrakı illərdə mütəmadi olaraq abadlıq və yenidənqurma işləri aparılıb. Şəhər mərkəzindəki inzibati bina, Rayon İcra Hakimiyyəti Başçısı Aparatının və kollecin, mədəniyyət və təhsil şöbələrinin yerləşdiyi binalar təmir olunub, memarlıq baxımından şəhərin görünüşü yaxşılaşdırılıb. Heydər Əliyev küçəsi ilə Zərdabi adına küçənin kəsişməsində yerləşən ərazidə yeni park salınıb, fəvvarə kompleksi quraşdırılıb. Azərbaycan küçəsi istiqamətində Uşaq Əyləncə Mərkəzi tikilib istifadəyə verilib. Fəhlə qəsəbəsində bərbad vəziyyətdə olan 2 mərtəbəli binada yenidənqurma işləri aparılıb və bina 8 mənzilli yaşayış binasına çevrilib.

2006-cı ildə Heydər Əliyev adına parkın ərazisində Heydər Əliyev İdeologiya Mərkəzi istifadəyə verilib. Həmin parkın qarşısında yeni Meydanın tikintisi aparılıb. Şəhərin 4 yol adlanan dairəsində dəmir konstruksiyadan milli üslubda kompleks quraşdırılıb. Şəhər Avtovağzalının binasında və ətrafında təmizlik və abadlıq işləri aparılıb.

Şəhər mərkəzi stadionunda əsalı təmir və yenidənqurma işləri aparılıb. Şəhid ailələri və Qarabağ əlilləri üçün 32 mənzilli yaşayış evində yenidənqurma işləri görülüb.

2006-cı ildə rayonda saatda 5 ton asfalt istehsal edən zavod tikilib istifadəyə verilib. Əlibəyli, Gəlmə kənd uşaq bağçalarında əsaslı təmir işləri aparılıb.

Cari ildə şəhərin R.Kərimov küçəsi istiqamətində Prokurorluq binası istifadəyə verilib. Bundan başqa, Qarabağ müharibəsi əlilləri şəhid ailələri üçün 16 mənzilli yaşayış binasının tikintisi başa çatdırılıb. Rayon İcra Hakimiyyətinin inzibati binasının tikintisi başa çatıb bina istifadəyə verilib. 200 yerlik uşaq incəsənət məktəbinin tikintisi başa çatdırılıb.

Zərdab sakinləri ulu öndər Heydər Əliyevin siyasi kursunun sadiq müdafiəçiləridir

Zərdablılar Ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunun sadiq müdafiəçiləridir. Ulu öndərin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatı 1993-cü ilin avqust ayında yaranıb. Yaranan zaman 6 ilk təşkilatı 112 üzvü öz ətrafında birləşdirən YAP Zərdab rayon təşkilatı hər zaman aktivliyi ilə seçilib. Hazırda rayonda partiya üzvlərinin sayı 3370 nəfərdir. Onların 1000 nəfərdən çoxu gənclərdir. Partiya rayon təşkilatı rayonun ictimai həyatında baş verən hadisələrdə hər zaman öndə gedir yüksək fəallığı ilə seçilir. Ötən il keçirilən prezident seçkilərində YAP Zərdab rayon təşkilatı yüksək fəallıq nümayiş etdirib. Bundan başqa bu ilin martında keçirilən referendum da Zərdabda yüksək seçici fəallığı ilə müşahidə olunub.

Zərdablılar hər zaman ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan inkişaf prosesində fəal yer tutmağa çalışır. Rayon sakinləri inanır ki, ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi altında daha böyük uğurlara imza atacaq.

 

 

Pərviz SADAYOĞLU

 

Yeni Azərbaycan.- 2009.- 6 iyun.- S.10-11.