Kinoda çalışanlar həqiqi qəhrəmanlardılar
Oktay Mir-Qasım: Müstəqillik hər bir xalqın ən uca, ən
ülvi və ən romantik duyğusudur
Dosye əvəzi:
Oktay Mir-Qasım - rejissor, ssenarist. 1943-cü ildə Bakıda anadan olub. 1963-1968-ci illərdə
Moskvada ÜDKİ-nun rejissorluq fakültəsində təhsil
alıb. Bir çox sənədli və bədii filmlərin
quruluşçu rejissoru və ssenari müəllifidir. Filmləri
Ümumittifaq festivallarında mükafat alıb. Azərbaycanın
Xalq artistidir. AMEA-nın ilk prezidenti, tibb elmləri doktoru Mir Əsədulla
Mirqasımovun nəvəsidir. Aktrisa Ayan Mirqasımovanın
atasıdır.
- Oqtay sözü “aq tay”, yəni, ağ day, ağ at deməkdir. Mənə Aktay deyə
müraciət edirlər. Bəziləri isə adımın
ağ dağ mənasını verən “ak tau”dan gəldiyini
iddia eləyirlər.
- Amma indi sizə ağ dağ
daha çox yaraşır (diktofona düşməyən
söhbətdən).
Biz kinomuzun qocaman
dağı ilə üz-üzəyik. Ayın 12-də
doğum gününü qeyd edəcək bu adama hələ
bundan sonra da uzun on illər arzulayırıq.
- “Günaydın mələyim”
filmi istehsalata buraxılsa da, böyük baxışı keçirilmədi...
...
- Televiziya ekranlarına buraxılması, kütləvi
istehsala verilməsi nə zamana planlaşdırılır?
- Mənim tərbiyəmi
çox ləyaqətli insanlar verib. Yəqin ki, bir az
qüsurludu...
- Film?
- Yox...
aldığım tərbiyə... Çünki bu məsələni
qaldırmağı özüm üçün çox
xoş və doğru hesab etmirəm. Yayım məsələləri
ilə məşğul olmaq nə ssenari müəllifinin, nə
rejissorun öhdəsinə düşür. Sualınızın
cavabında bunu deyə bilərəm. Öz işi
üçün kiminsə qapısını döymək mənim
adətim deyil. Gözləyirəm. Hər halda, film var və
o, cəmiyyətə təqdim olunmalıdı.
- Filmdən özünüz razı qaldınız?
- Mən bunu heç
zaman demirəm.
- Bəs prosesdən?
- Prosesə mən nifrət
edirəm... Mənim üçün ən sevmədiyim iş
kino istehsalı prosesidir.
- Çox
maraqlıdır...
- Çox maraqlı və
ekzotik səslənsə də, bu belədir. Amma filmdən
razı qalmaq məsələsinə gəlincə, ata öz
övladını yalnız sevə bilər. Bu məsələ
haqqında danışsam, obyektiv olmayacağımdan
ehtiyatlanıram. Amma reaksiyalar və baxışlar məni qane
edir. Filmin ilk baxışı zamanı mən
tamaşaçıların gözlərindəki yaşdan,
edilən telefon zənglərindən, mətbuatda dərc
olunan yazılardan belə qənaətə gəldim ki,
razılıq edə bilərəm. Filmin istehsalı bir
neçə mərhələdən ibarətdir. Çox
sevdiyim birinci mərhələ insanın daxilində baş
verir, müxtəlif bağlantılar, duyğular,
düşüncələr və planlar harmonik şəklə
gəlir. Bu hiss çox maraqlıdı və əsas məsələdi.
Təqdim edəcəyin əsər artıq səndə
hazırdır. Layihənin kağıza köçməsi də
rahat və insana zövq verən bir prosesdir. Rejissor ssenarisi isə
artıq texniki işlənmədir. Kadrların uzunluğu,
obyektlər və sairə. Yəni, bu, dözülməli
prosesdir. Hazırlıq dövrü isə işgəncələrin
başlamasıdır. Maliyyə məsələləri,
görüşlər, yorucu ünsiyyət...
Mən bu gün kinoda
çalışanları qəhrəman hesab edirəm. Təsəvvür
edin ki, sən öz düşüncələrini, fikirlərini
başqalarının köməyi ilə həyata
keçirirsən. Amma bu başqaları nə qədər səy
göstərsələr də, hər şey yüzə-yüz
yerinə oturmur. Bəlkə paralellərim bir qədər
kobud səslənir. Amma rəssamda, şairdə, başqa
yaradıcı insanlarda ortadakı məhsul onların istedadına
bağlıdır. Kino yaradıcılığı isə tək
ssenaristin, rejissorun istedadına əsaslanmır. Çəkilişlər
zamanı faydalı iş əmsalı sıfra yaxın olur. Xəyalınızda
yaratdıqlarınızı tam olaraq
reallaşdırmalısınız, təqdim olunan isə...
İndi mənzərəni təsəvvür edin. İki insan
heç vaxt eyni notda, eyni dalğada çalışa bilməz.
Bu, kinonun qaçmaq mümkün olmayan, labüd çətinlikləridi.
Və bu çətinliklərdən sonra final mərhələsi
başlayır-montaj. Yəni, çəkə bildiyin, ortaya
qoyduğun budu. Həyəcan, gərginlik bitdi. İndi əlindəki
məhsuldan istifadə edib son kompozisiyanı müəyyənləşdirmək
artıq sənin peşəkarlağından
asılıdı. Artıq burda hakim sən olduğundan
işgəncələr də yoxdu.
- Amma eyni zamanda, bu mərhələ
rejissora bir qədər də zövq verməlidir. Çünki
o işgəncələrin qayçılanıb kəsilməsi
başlanır.
- Amma
ağrılıdı həm də. O qədər işgəncə
çəkəndən sonra məcbursan ki, çəkdiklərini
kəsəsən və tullayasan. O daha lazım deyil.
- Hər bir rejissor həmişə
yeni bir film haqqında düşünür. Siz isə
artıq təqdim etmək haqqında
düşündüyünüz yeniliklərdən
danışın.
- Əlimdə sənədli bir filmim vardı. Texniki və maliyyə problemləri üzündən
yarımçıq qalıb. Mövzusu
1930-40-50-ci illərdə azərbaycanlıların
sürgün olunması ilə bağlıdır. Bu
çox köklü bir proses idi və kökündə
Qafqazı türk və müsəlman faktorundan təmizləmək
siyasəti dururdu. Filmdə, həm də azərbaycanlıların
böyük əksəriyyətinin sürgün olunduğu
Qazaxıstanla bağlı bilgilər də yer
almalıdır. Yəni, sırf arxiv sənədləri
ilə işlənmiş üç novelladan ibarət
böyük bir filmdi. Azərbaycanlıların
başına gələn faciə ilə bərabər
onların yaşamaq üçün apardıqları
mübarizə və qazax xalqının belə çətin
durumda onlara yardımçı olması yer alacaq. Filmdə yaşadığım son tarixi hadisələr
də yer alacaq. İki ölkənin-Azərbaycanın
və Qazaxıstanın dövlət
başçılarının görüşləri, TRASEKA
və “İpək Yolu” kimi nəhəng layihələrin
reallaşması üçün addımlar və sair. Mənim düşüncələrimə görə,
bu iki xalq arasındakı münasibətlər haqqında
böyük bir epopeya olacaq. Daha bir sənədli
filmin üzərində işləyirəm, bu isə teatr fəlsəfəsi
ilə bağlıdır. Tammetrajlı beş
bədii filmlə bağlı layihələri isə təqdim
etmişəm.
- “Bilyardçı”
filmi ilə bağlı hazırlıqlar da
görülürdü...
-
Görülürdü, amma yarımçıq qaldı. Öz
povestim əsasında çəkilirdi, Rusiya ilə
müştərək işləyəcəkdik.
- Oktay Mir-Qasım kinoya öz möhürünü Qara
Qarayev haqqında çəkdiyi sənədli filmlə vurdu. Və
bütün yaradıcılığınız boyu, necə
deyərlər, formada olmusunuz, bədii film çəkməyəndə
sənədli filmlər çəkmisiniz. Sənədli və
bədii janr. Bədii janrın ası hesab edilən bir
rejissorun sənədli janra sevgisini necə izah edərdiniz?
- Sənədli film çox zəngin bir sahəni əhatə edir. Orda janr, stilistika fərqləri var. Ekranlaşdırma, epik və kamera filmləri var. Hər bir müəllif kinoda bir dünyadır. Və eləcə də, sənədli filmdə də müxtəlif istiqamətlər - reportaj, faktların üzərində qurulmuş quru və əksinə, bədii-sənədli filmlər var. Bəzən bir görüntünü almaq üçün on günlərlə dayanıb məqam gözləyirsən. Və sənədli film çəkmək mürəkkəb bir prosesdir. Ssenaridə yazılmış məqamın həyatın ifadəsindən oğurlamaqdı. Sənədli kino sahəsində çox uğurlu tapıntıların müəllifi, İngiltərə rejissoru Robert Flayertinin “Aranlı adam” və yapon rejissoru Kaneto Sindonun “Çılpaq ada” filmini xatırlayaq. “Aranlı adam” filmi və “Çılpaq ada” çox üst-üstə düşən və oxşayan filmlərdi. Halbuki, birinci film sırf sənədli, ikinci film isə bədii janrın nümunəsidir. Əsl sənədli film çox böyük, özündə poeziya qədər güclü bir yükü daşıyan janrdı.
- Dünya kino sahəsində
sevdiyiniz rejissorlar kimlərdi?
- Birini dedim - bəlkə də ən çox sevdiyim,
izlədiyim Robert Flayerti. Mixail
- “Adi
faşizm” filmini...
- Bəli. Məncə, bu iki adla kifayətlənək. Bədii filmdə ən böyük həyəcanla
Federiko Fellininin, Alen Renenin, böyük yapon sənətkarı
Akira Kurasavanın adını çəkərdim. Bir də
Miloş Forman...
- O polyak əsilli yəhudiydi
gərək ki...
-Yox, çexiyalı yəhudi.
Çexiya ilə bağlı bəzi şeyləri deyim. 1965-ci
ildə Praqada oldum. Kino sahəsində ilk böyük
uğura imza atmışdım. Moskvada keçirilən ilk
Ümumittifaq Tələbə Filmləri Festivalının
Qran-Pri mükafatına layiq görülmüşdüm. Və
əlavə olaraq şərtlərə görə,
Çexiyaya səfərlə
mükafatlandırılmışdım. Bax, onda
tanıdım Miloşu. Miloş o vaxt bütün Avropada səs-küy
qaldıran film çəkmişdi. O, əsl dissident idi. Sonra
Miloş Amerikaya getdi. Avropa, o cümlədən, Amerika incəsənəti
- ədəbiyyatı və kino sənəti mənəvi
baxımdan, mentalitet baxımından fərqlidi. Amerika
formatında olan qələbə - düşmənə qalib
gəlmək, onu məhv etmək deməkdi. Avropa
variantında isə katarsis, özünü qurban
olmalıdı. Bu mənim düşüncəmdir. Amerika filmlərinin
terminologiyası xoşbəxt sonluq-mütləq qələbədir.
Avropa incəsənəti isə daxili qələbəni sevir.
Janna Dark, İsa peyğəmbər qələbəsi.
Tarkovskinin filmlərini xatırlayaq. Ona görə də,
Forman kimi Amerikaya köçmüş avropalıların
yaradıcılığı bir mənada bu cəmiyyət
üçün töhfə idi.
- Bu dediklərinizdən hansı Azərbaycan kinosuna
xasdır?
- Mən bizim kino dedikdə,
bilmirəm nəyi nəzərdə tuta bilərəm. Təbii,
mən yuxarıda qeyd etdim, kinoda çalışan hər kəs
mənim üçün qəhrəmandır. Amma yəqin
ki, bir az vaxt keçəndən sonra imtina edəcəm bu
dediklərimdən.
- Ölkənin öz sənət
adamına verə biləcəyi ən böyük fəxri
adın daşıyıcısı olan Oktay Mir-Qasım, həm
də bir vətəndaş kimi son illərin
dinamikasını necə qiymətləndirir? Son illərin
yaddaqalan ən mədəni hadisəsi, sizcə?
-Bakı İslam Mədəniyyətinin
paytaxtı elan edildi. Bir neçə ay öncə Beynəlxalq
Muğam Festivalı keçirildi. Məncə, son illərin ən
uğurlu sənət layihəsi məhz Muğam Festivalı
oldu. Əsrlər boyu öz mədəni irsimizi zənginləşdirsək
də, bunu qabartmaq, nümayiş etdirmək fikrində
olmamışıq. Muğam Azərbaycan xalqının
etnosunu özündə əks etdirən və dünya mədəni
irsinə verdiyimiz ən böyük töhfədir. Ona görə
də, məncə, Beynəlxalq Muğam Festivalının
keçirilməsi ölkəmizin mədəni həyatında
ən böyük və uğurlu bir addım idi. Biz
bütün dünya ilə danışırdıq. Amma nə
avanqard, nə də modern yox, özümüzün qədim
xalq dilimizdə. Və maraqlısı bu idi ki, dünya bizi
anlamağı bir yana, bu dilə vurğun belə olmuşdu. Bu
imkana görə, Heydər Əliyev Fondunun prezidenti, millət
vəkili Mehriban xanım Əliyevaya minnətdar
olmalıyıq həm də. Bilirsiniz, bütün sahələrdə
görülən işlər Ümummilli liderimiz Heydər Əliyevin
müəyyənləşdirdiyi, yön verdiyi böyük mədəni
siyasətin davamıdır. Baxın, Heydər Əliyev ikinci
dəfə hakimiyyətə gəldi və ilk
görüşdüyü adamlar kinematoqrafçılar və
ədəbiyyatçılar oldu. Bu nə deməkdi? Bu, o deməkdi
ki, o, sənətin və sənətkarın həqiqi qiymətini
çox gözəl bilirdi. Yaxud mən, xatırlayıram, hələ
Heydər Əliyev sovetlərin rəhbərlərindən biri
olanda sovet kinosu da onun kurasiyasında idi. O vaxt təkcə
milli kinomuzun texniki bazasının
yaxşılaşdırılması üçün ən
böyük işi gördü. Mən indi ayrı-ayrı
rejissorların və filmlərin taleyində Onun
oynadığı rol haqqında hamının bildiyi şeyləri
təkrar etmək istəmirəm. Yaxud müstəqillik illərində
kinoya dövlət yardımı məsələsinin əsasını
məhz ulu öndər Heydər Əliyev qoydu.
Allah ona rəhmət eləsin!
- Bu il ölkəmizin müstəqilliyinin 18 ili tamam olur. Hansı
hissləri keçirirsiniz?
- Bizim ailəmizdə
ölkənin müstəqillik məsələsinə
çox həssas yanaşıblar. Anamın atası İsgəndər
bəy Axundov Azərbaycan Xalq Cümhuriyyəti zamanı
parlamentin üzvü olub. Əmim Mir-Zeynalabdin siyasətçi
və Cümhuriyyət zamanında Parisdə təhsil
almağa göndərilmiş azərbaycanlılardan biri idi. Vətənə
dönə bilməyəcəyini anlayanda intihar etdi. Müstəqillik
hər bir xalqın ən uca, ən ülvi və ən
romantik duyğusudur. O duyğunu gerçəkləşdirən,
o arzunu reallaşdıran xalq xoşbəxtdir.
KƏBUTƏR
Səlim BABULLAOĞLU
Yeni Azərbaycan.- 2009.- 6 iyun.-S.7.