Xalq şairi Vaqif Səmədoğlu Azərbaycan ədəbiyyatında yeni səhifə açıb

 

Azərbaycan Yazıçılar Birliyində (AYB) xalq şairi Vaqif Səmədoğlunun 70 illik yubileyi münasibətilə tədbir keçirilib.

AYB-in sədri, xalq yazıçısı Anar, Milli Məclisin deputatları Asim Mollazadə, Elmira Axundova, Cəmil Həsənli, xalq şairləri Fikrət Qoca, Sabir Rüstəmxanlı və digər nümayəndələr yubilyara diplom və hədiyyələr təqdim ediblər.

Şairin həyat və yaradıcılığından danışan qələm dostları bildiriblər ki, 1939-cu ildə Bakıda anadan olmuş və 40 ildən artıq  yaradıcılıqla məşğul olan yubilyarın əsərləri bir çox xarici dilə tərcümə edilib, kitabları MDB ölkələrində, Türkiyə, İran və s. xalqların dilində nəşr olunub.

Özbəkistandan gəlmiş şair-tərcüməçi Akif Azalp Azərbaycanın görkəmli şairləri N.Gəncəvi, S.Vurğun, R.Rza və başqaları ilə yanaşı, V.Səmədoğlunun şeirlərinin də ölkəsində sevilə-sevilə oxunduğunu bildirib.

Şair Ramiz Rövşən, tənqidçi Vaqif Yusifli, yazıçılar - Natiq Rəsulzadə, İntiqam Qasımzadə və başqaları V.Səmədoğlunun şerimizə yeni poetik təfəkkür gətirdiyini, onun şeirlərində Azərbaycan insanının bəşəri “yük daşıyıcısı” kimi “qlobal status” qazandığını söyləyiblər. Vurğulanıb ki, yubilyar “Yoldan teleqram”, “Mən burdayam, ilahi”, “Uzaq yaşıl ada” kitabları, “Bəxt üzüyü”, “Yaşıl eynəkli adam” kimi tamaşa və  kinofilmə yazdığı ssenariləri ilə ümumxalq məhəbbəti qazanıb. Yaradıcılığı daim yüksək qiymətləndirilən V.Səmədoğlu əməkdar incəsənət xadimi, xalq şairi, “Şöhrət” və “Şərəf” ordenləri ilə təltif olunub.

 

 

Yeni Azərbaycan.- 2009.- 9 iyun.- S.6.