Dövlət tərəfindən teatr sahəsinə xüsusi qayğı göstərilir

 

Səyavuş Məmmədağa oğlu Aslanov (Aslan) 1935-ci il sentyabr ayının 15-də Bakıda doğulub. Aktyorluğa həvəskar kimi dram dərnəyindən başlayıb. 1954-cü ildə bir müddət musiqili komediya estrada truppasında, 1958-ci ildə Quba Dövlət Dram Teatrında işləyib.

Uzun illər Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aparıcı aktyorlarından olub. Bir müddət həmin teatrın bədii rəhbəri işləyib. Teatrın səhnəsində - Bayram (“Kəndimizin mahnısı”, K.Kərimov), İbişov (“Özümüz bilərik”, Ş.Qurbanov), Füruzbala (“Altı qızın biri Pəri”, M.Əlizadə), Şubay (“Ulduz”), Dadaşbala (“Hicran”, S.Rəhman), Qəmzəli (“Qaçırılmış qız”, C.Məmmədov), Misir Nəsir (“Lənət sənə, kor şeytan”, F.Aşurov), Orduxan bəy (“Əlli yaşında cavan”, Z.Hacıbəyov) kimi obrazların öhdəsindən böyük ustalıqla gəlib.

1984-cü ildən isə Akademik Milli Dram Teatrının aktyorudur. Bu vaxta kimi teatrın səhnəsində Mindilli (“Nişanlı qız”, S.Rəhman), Luka (“Həyatın dibində”, M.Qorki), Ağaəli (“Günah”, R.Əlizadə), Romul Avqustul (“Böyük Romul”, F.Dürrenmatt), Oddamlı (“Od gəlini”, C.Cabbarlı), Fəriş (“Bizim qəribə taleyimiz”, İ.Əfəndiyev), Cabbar (“Sevgililərin cəhənnəmdə vüsalı”, İ.Əfəndiyev), Ağamusa Fərəcov (“Dəlilər və ağıllılar”, İ.Əfəndiyev), bundan başqa Vanya Koxa (“Hökmdar və qızı”, İ.Əfəndiyev), Qərib Qulam (“Mənsiz dünya”, N.Xəzri), Əsədulla (“Ah, Paris... Paris!..”), Kişi (“Mənim ərim dəlidir”, Elçin), Baş redaktor (“Mənim sevimli dəlim”, Elçin), Yoldaş tək (“Poçt şöbəsində xəyal”, Elçin),  həmçinin Poloni (“Hamlet”, V.Şekspir), Sarı (“Varlı qadın”, Ə.Əmirli), Aqabo Boqveradze (“Kaş araba aşmayaydı!..”, O.İoseliani) obrazlarını yaradıb.

Səyavuş Aslan “Romeo mənim qonşumdur” (Səməd), “Əhməd haradadır?” (Saqqal Ramiz), “Bəyin oğurlanması” (filmin direktoru), “Ulduz” (Şubay), “Evlənmək istəyirəm” (Hacı Kamyab), “Yol əhvalatı” (MİS rəisi) filmlərində və televiziya tamaşalarında yüzdən çox obraz ifa edib.

Böyk sənətkar teatr və kino  yaradıcılığındakı səmərəli fəaliyyətinə görə 1974-cü ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 1982-ci ildə Xalq artisti fəxri adları ilə təltif olunub. Prezident təqaüdçüsüdür.

Rubrikamızın qonağı bir müddət əvvəl səhhətində yarandığı problemdən dolayı bütün sevənlərini təlaşa salan, Azərbaycan realist aktyor məktəbinin görkəmli nümayəndələrindən biri olan Səyavuş Aslandır. Xalq artistinə ilk sualımız isə elə səhhəti ilə bağlıdır:

- Sağ olun, çox şükür ki, indi özümü pis hiss etmirəm. Əsəb və stressin nəticəsi olaraq gecə yatdığım yerdə insult keçirmişdim. Ona şükür edirəm ki, Allah üzümə baxıb, əlim - ayağım normal işləyir, üzümdə heç bir deformasiya olmayıb. 4-5 aydır ki, müalicə olunuram. Səhhətim nisbətən normallaşır.

Amma xəstəliyim yaradıcılığıma təsirsiz ötüşmədi. Elə əsərlər var ki, mən orada əvvəlki kimi oynaya bilmirəm. O əsərlər də teatrımızın repertuarında xüsusi yer tutduğundan mütləq nümayiş olunmalıdır. Rejissorun məsləhəti ilə rollarımı dublyorlarım oynayır. İştirak etdiyim “Varlı qadın” əsərində həyat yoldaşım masanın üzərinə çıxaraq özünü çıl-çıraqdan asır. Mən də özümü eynilə onun kimi asmaq üçün stolun üzərinə çıxmalıyam. Səhhətim imkan vermədiyindən indi bunu edə bilmirəm. “Kaş araba aşmayaydı” tamaşasında da, həmçinin, çox səhnə var idi ki, quş kimi oturub dururdum, indi çətinlik çəkirəm.

- Nə üçün Səyavuş Aslan tələbə yetişdirmir, vaxtı yoxdur, yoxsa səbri çatmır?

- Doğrusu, tələbə yetişdirməyə vaxtım yoxdur. Tələbə hazırlamaqdan ötrü dərs demək gərəkdir. Bunun üçün boş vaxt lazımdır. O isə məndə yoxdur, heç vaxt da olmayıb. Çoxsaylı tamaşalarda oynamışam. Ona görə də hər zaman teatrın qastrollarında olmuşam. Mənim üçün “Azdrama”nın (Akademik Milli Dram Teatrının) planı həmişə irəlidə olub. Öz növbəmdə bu planı yerinə yetirməyə çalışmışam. Rəhmətlik Həsənağa Turabov müdirim olmaqla yanaşı, həm də yaxın dostum idi. İstəməzdim ki, onun teatra rəhbərlik etdiyi dövrdə plan baxımından digər teatrlardan geridə qalaq. Başım bu işlərə qarışıq olduğundan dərs deməyə vaxt tapmamışam. Dəfələrlə Teymurçin müəllim (red. professor Teymurçin Əfəndiyev) məni Dövlət İncəsənət Universitetində dərs deməyə dəvət edib. Vaxt qıtlığı imkan verməyib.

- Bəs sənət aləmində ikinci Siyavuş Aslan necə yetişəcək?

- Bu gün aktyorluq sənəti seçən o qədər cavan var ki, görüb-götürsələr, böyük işdi. Zamanında mən də hesab edirdim, rəhmətlik Lütvəli Abdullayev hara mən hara? Onun yaşına görə öz dünyagörüşü var idi. Mən də görüb-götürərək bu yerlərə gəlib çıxmışam.

Artıq yaşa dolmuşam, keçirdiyim stressin nəticəsi olaraq, yaradıcılıq fəaliyyətimə fasilə də vermişəm, amma heç kimin xəstələnməsini istəməzdim. Çünki bu sənətdə xəstələnmək yarımcan olmaq deməkdir. Ona görə də, hamı can desin, can eşitsin. Bir-birilərinə xoş münasibət bəsləsinlər. Sənətdə də sənətkarcasına mübarizə aparmaq lazımdır. Kiminsə xətrinə, göstəriş naminə deyil və yaxud sataşmaq üçün mübarizə aparılmasın.

- Akademik Milli Dram Teatrı gənclərə geniş meydan verməsi ilə seçilir. Bəs siz gənc kadrların yaradıcı potensialını necə dəyərləndirirsiniz? Bu, sizi nə dərəcə də qane edir?

- Akademik Milli Dram Teatrını Azərbaycan teatr sənətinin döyünən ürəyi adlandırardım. Amma əfsuslar olsun ki, indi bizim dövrün gənclərindən yoxdur. Müasir gənclər bir başqadır. Biz də birdən-birə yaşa dolmamışıq ki. Bizim də gənc olan vaxtlarımız olub. Hətta elə vaxtlar olub ki, teatrda məvaciblərimizi ödəməyə belə pul olmayıb. Biz qonum - qonşudan pul tapıb ailəmizi birtəhər saxlamışıq. “Pul vermirlər” deyə teatrın işlərini ləngitməmişik. Gecə-gündüz məşqlərdə əziyyət çəkmişik. İndiki gənclərdə isə fədailiyi görmürəm. Çoxu düşünür ki, nə iş olur olsun, gedib pul qazansınlar. Amma bizlər aktyorluqdan başqa sənət bilməmişik. İndi teatrlarda çox vaxt məşq etməyə aktyor da tapmırlar. Biri televiziyada, biri dublyajdadır. Sırf teatr yaradıcılığı ilə məşğul olmaq istəyənlərə az-az rast gəlmək olar.

Digər tərəfdən, gəncləri qınamaq da olmur. Məsələnin kökündə müasir dövrün tələbləri, pul həvəskarlığı durur. Siyasətdən uzaq bir insanam. Amma bir sənət adamı kimi sənət haqqında olan çatışmamazlıqları deməyi özümə borc bilirəm. Prezident İlham Əliyev tərəfindən gənclərə böyük diqqət və qayğı var. Ümumiyyətlə, dövlətin mədəniyyət sahəsinə diqqəti böyükdür. Buna baxmayaraq, bu gün teatr aktyorları pərən-pərən düşüb. Təbii ki, hamı yaxşı yaşamaq istəyir. Amma bir az fədakar olmağı bacarmaq lazımdır. Həm indi elə bir dövrdə yaşayırıq ki, bu sənətə axın çoxdur və aktyorlar özlərinə məxsusluğu ilə fərqlənməlidir. Yaşından asılı olmayaraq istedadlı aktyorların əməyinə qiymət verilməlidir. Fikrimcə, zamanla bu problemlər də öz həllini tapacaq.

- Niyə məhz üstünlüyü teatr aktyorluğuna verdiniz?

- Yəqin, teatr mənə daha doğmadır. Heç vaxt rejissor aktyoru olmamışam. Yəni, hansısa obrazı rol bölgüsü olan zaman Səyavuşa uyğun görüldüyü üçün oynamamışam. Mənim üçün müəlliflər əsər yazıblar. Bilirsiniz, rejissor aktyora rol verdiyi üçün mənəm-mənəm etməməlidir. Heç bir rejissor deyə bilməz ki, hansısa rolu verməklə məni zirvəyə qaldırıb. Məni tanıdan, sevdirən və zirvəyə qaldıran yazıçılar olub.

İndi bəzi cavan rejissorlar var ki, rol bölgüsü etməklə mənəm-mənəmlik edirlər. Əsəri istədiyi kimi kəsib-doğrayır. Böyük təhrifə yol verməklə müəllifin demək istədiyndən çox-çox uzaqlaşırlar. Adını da öz rakursundan baxmaq qoyurlar. Müəllifin oxucuya çatdırmaq istədiyindən qaçaraq əsəri olduğu kimi deyil, görmək istədiyi kimi səhnələşdirirlər. Bu yaxınlarda gənc rejissorlardan biri ilə belə bir məsələdə mübahisəm də düşdü. Sevimli yazıçımız Elçin Əfəndiyev televiziya kanallarının birində müsahibə verərkən şəxsən bildirmişdi ki, Səyavuş Aslan üçün əsər yazır. Amma onun “Arılar arasında” əsərində oynamaq mənə qismət olmadı. Rejissora dedim, axı, bu əsərdəki obraz 90 yaşlı tənha bir kişidir. Kənd yerində arı saxlamaqla məşğuldur. Hərdən nəvələri şəhərdən qonaq gələrək ona baş çəkir, qayıdıb gedəndə isə yenə qalır arılar arasında tək-tənha. Ona dul bir qadın qulluq edir. 90 yaşlı kişi də tənhalıqdan qorxduğu üçün ömrünün qalan hissəsini onunla birgə yaşamaq istəyir. Onu özünə qulaq yoldaşı etmək istəyir. Əsərdə qadın kişidən nədən qorxduğunu soruşanda o cavab verir: “Tənhalıqdan qorxuram, qorxuram ki, ölərəm arılar arasında qalaram”. Bizim gənc rejissorumuz da bu qadını dingildəyən yüngül bir obraz kimi canlandırmağa çalışır. Sizcə, 90 yaşlı kişini belə bir səhnə ilə tamaşaçıya təqdim etmək nə dərəcədə doğrudur? Məncə, çox ayıbdır. Özüm o yaşa çatmasam da, artıq qadınlardan qaçmağa çalışıram (gülür). Özümə qapanıram, məni düşünməyə vadar edən o qədər problem var ki. Mən də rejissorun görmək istədiyini verə bilmədiyimdən rolu oynamadım. Sənət adamlarına bir-birilərinə məhəbbət və hörmətlə yanaşmağı məsləhət görərdim. Əsl sənətlə məşğul olsunlar. Bu gün kölgədə qalan yaxşı aktyorlarımız çoxdur. Teatrlar repertuarına belə gözəl sənətkarlara uyğun əsərlər götürsələr yaxşıdır. Nədənsə tanınmışlar qıraqda qalıb. Axı hər obrazın öz yaşı var, o yaşa uyğun aktyor seçimi olmalıdır ki, heç kim kənarda qalmasın.

- Müasir tamaşaçıların nəbzini tutmaq, nə vaxt nə istədiklərini anlaya bilmək də böyük hünər istəyir. Sizcə, müasir tamaşaçıları güldürmək çox asandır?

- Bilirsiniz, ümumiyyətlə, teatr tamaşaçının arxasınca qaçmamalıdır. Tamaşaçını öz ardınca getməyə vadar etməlidir. Tamaşaçının zövqünü də özü kökləməlidir. Güldürmək və ağlatmağa gəlincə hər ikisi çətindir. Tamaşaçı yüngüllüyü sevmir. Dəfələrlə məni gözəl gülüş ustamız Səyavuş Aslan kimi təqdim ediblər. Mənim bu sözdən heç xoşum gəlmir. Sənətkar hər bir rolu oynamalıdır. Ağlatmağı da, güldürməyi də bacarmalıdır. Sənətkar rolu olduğu kimi tamaşaçıya çatdıra bildikdə xalqın adamı olur. Özümdən götürürəm. Oynadığım rolların hər birini özümünküləşdirmişəm. Özümünküləşdirə bilməyəcəyim rolu da oynaya bilmərəm. Çünki dramaturq əsəri ədəbi dildə yazır. Bəzən, oynadığım rollarda mübtəda ilə xəbərin yerini dəyişik də söyləyə bilərəm. Məncə, bir aktyoru fərqləndirən və onu fərqliliyi ilə sevdirən bir xüsusiyyəti mütləq olmalıdır. Amma hər halda real oynamaq lazımdır.

-Belə çıxır, müasirlər təqlid ilə məşğuldur?

- Ola bilər, amma tam olaraq hamısına şamil olunmur. Onlar hamısı bir-bir zamanın sınağından çıxacaqlar. Yaxşı olmayanlar zaman keçdikcə ələnib kənarda qalacaqlar.
- Yalana münasibətiniz?

- Çox pis. Özünü, vicdanını yalana satmaq, onun quluna çevrilmək çox pis nəticəyə gətirib çıxara bilər. Fərqi yoxdur, sən yalan danışdın və ya qulaq şahidi oldun, qiymət verdinsə, sən də yalanın qulu olursan.

- Sizcə, yoldaş Mindillinin dilinə niyə heç düz söz gəlmirdi?

- (Gülür). Adından da məlumdur ki, Mindillli mindən birinin dilini mənimsəyib. Onun kimi adamlar çoxdur, amma fəxr olunası xarakter deyil.

- Ürəyinizə daha yaxın olan, sevə-sevə oynadığınız rolunuz hansı olub?

- Yazıçıların mənə uyğun görüb yazdığı rolların hamısından razıyam. Fikrimcə, rollarımın hər birini öz xarakterinə uyğun şəkildə çatdıra bilmişəm ki, tamaşaçı tərəfindən də qəbul olunub. Rollarımı sevərək oynamağım tamaşaçı tərəfindən sevilməyimə səbəb olub. Tamaşaçı isə heç vaxt yalandan sevməz. Aktyorun ürək yanğısı ilə oynamadığı, yola verdiyi rolu tamaşaçı tez sezir və bu yalanı qəbul etmir, özündən kənarlaşdırır. Tamaşaçı süniliyi sevmir.

Oynadığım sonuncu tamaşalardan biri - “Kaş araba aşmayaydı” əsərindəki rolumu isə özümə daha yaxın görürəm. Bu əsərin Türkiyədə nümayişindən sonra bir tamaşaçı xanım mənə yaxınlaşaraq oyunumuzu tərifləməyə başladı. Məni komediya janrında görüb sevdiyini, dram əsərində də uğurlu olduğumu söylədi. Sonra məndən soruşdu ki, “niyə bura gürcü əsəri ilə gəlmisiniz, Azərbaycan əsəri gətirərdiniz də”. Doğrusu, bu söz məni tutdu. Dedim, qızım, sən bura niyə gəlmisən? Dedi ailə qurmuşam. Mən də Bakıda ərə getməyə oğlan qəhət olduğunu soruşdum. Gürcü əsəri olanda nə olar ki, əsas odur ki, əsərin özü yaxşıdır.

- Çox yaxşı bir məqama toxundunuz, teatrların başlıca şikayətlərindən biri də əsər çatışmazlığı ilə bağlıdır. Bunun səbəbini nədə görürsünüz?

- Nə deyim vallah, mən yazıçıları nə tənqid edə bilərəm, nə də tərifləyə bilərəm. Necə ki, teatr aləmində təkrarolunmaz aktyorlar var, yazanlar arasında da belələri çoxdur. Doğrusu, teatr üçün niyə yeni əsərlər yazmadıqlarını bilmirəm. Bəlkə də, bəzilərini küsdürüblər. Yəqin, çoxunun da vaxtı yoxdur. Onsuz da, bu gün hamının vaxtsızlıq problemi var.

Vaxtilə Musiqili Komediya Teatrını əsərlərlə təmin edən Məhərrəm Əlizadə idi. Teatrda oynanılan tamaşaların 90 faizini elə Məhərrəm yazıb. Bir əsərin premyerasına başlanılmamış daha birini yazıb təhvil verirdi. Çünki teatr sənətini çox sevirdi, sırf teatra bağlı bir insan idi. Əlbəttə, indi də teatr üçün ürəyi yanan gənc yazarlar olsa, daha yaxşıdır. Çox vaxt deyirlər ki, dünya klassiklərindən Şekspir, Şiller var, onları tərcümə edib ortalığa çıxarsınlar. Başa düşmürəm, bu yazıçılar nə gözləyirlər, gözəçarpmayan belə əsərləri tapıb tərcümə edib ortaya çıxarsalar pis olmaz.

- Səyavuş müəllim, bu gün Azərbaycan teatrının nəyi çatışmır?

- Bu gün dövlət tərəfindən teatr sahəsinə xüsusi qayğı göstərilir. Teatr binaları əsaslı təmir və bərpa olunur. Yeni texniki avadanlıqlar ilə təchiz edilir. Buna baxmayaraq, bu gün teatrlarımızda çox şey çatmır. Çatışmamazlıqlar əsasən yaradıcılıqla bağlıdır. Ümumiyyətlə, müasir Azərbaycan teatrının yaxşı dramaturqu, yaxşı rejissoru və ümumiyyətlə, sənət fədailəri azdır.

- Bəs, sizi nə təəccübləndirir?

- Müxtəlif yollarla ad qazanmağa çalışanların əməllərinə çox təəccüblənirəm. Bizim dövrümüzdə belə şeylər yox idi. Bir də görürdün ki, artıq ya mükafat, ya da ad almısan. Həyatımda bir dəfə teatrdan küsərək ərizə yazıb çıxmışam. O da Hacıbaba Bağırova Xalq artisti adı veriləndə. Ümumiyyətlə, rəhmətlik Hacıbabanı teatra mən gətirmişəm. Bir dəfə parkda rastlaşdıq, soruşdum Gəncədə işlədiyini dedi. Dedim Gəncədə nə işin var? Gəl düzəldim səni “Muzkomediya”ya, işlə də. Səsim yoxdu deyirdi, sonra da serenada oxuyurdu (gülür). Həmişə barışıq adamı olmuşam. Çalışmışam nə şiş yansın, nə kabab. Sonra elə oldu ki, 50 yaşı olanda ona Xalq artisti adını verdilər. O vaxt katib olan İsa Məmmədov zəng vurub dedi ki, qayıt teatra, sabah sən də Həsənağa Turabov ilə birlikdə aldığın Xalq artisti adını qəzetdə oxuya biləcəksən. Sevincimdən gecə yatmamışdım. Gecəynən mətbəəyə gedib qəzetlərə baxmışdım. Yaradıcı insan belədir də, sənətinə qiymət verilməyəndə inciyir. Amma indi sağ olsun, cənab Prezident İlham Əliyev mədəniyyət və incəsənət xadimlərinə böyük diqqət və qayğı ilə yanaşır. Sənət adamlarına fəxri adlar, Prezident təqaüdləri verilir, ehtiyacı olanlar mənzil ilə təmin edilir. Mən özüm də Prezident təqaüdçüsüyəm.

- Bədnəzərə necə, inanırsınız?

- İnanmıram deyə bilməyəcəm. Hər yerdə bizi Ofeliya (Ofeliya Aslan) ilə tərifləyirdilər. Bir-birimizə yaraşmağımızdan ağızdolusu danışırdılar. Elə bil bizə göz dəydi.

Əvvəllər çox şey fərqli idi. Qastrollara daha tez-tez gedirdik. Bölgələrdə tamaşaçılar ilə sıx ünsiyyətdə olurduq. Bizim gəlişimiz toy-bayrama bərabər idi. O qədər xoş qarşılanırdıq ki, hətta təkidlə bizi evlərinə qonaq aparanlar da olurdu. Bəli, yaşın bu vaxtında tək yaşamaq mümkün deyil. Elçinin “Arılar arasında” əsərində olduğu kimi, tənhalıq çox çətindir, qorxduğum sonda başıma gəldi.

 

 

Turanə QADİR

 

Yeni Azərbaycan.- 2009.- 12 iyun.- S.7.