15 İyun-Müstəqil Azərbaycanın Qurtuluş Günü

 

Müasir Azərbaycan dövlətinin banisi, Ulu öndər Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtmaqla ölkəmizin suverenliyini, müstəqilliyini xilas etdi. Həmin tarixdən cəmi 16 il keçməsinə baxmayaraq Milli Qurtuluş Günü, bu günün səbəbləri, nəticələri hər zaman maraqla müzakirə olunur. Çünki hazırda Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın varlığı məhz 1993-cü ilin 15 iyunundan başlayır. “Yeni Azərbaycan” qəzeti olaraq 15 İyun - Milli Qurtuluş Gününə bir daha işıq tutduq. Milli Məclisin üzvləri Məlahət İbrahimqızı və Hüseynbala Mirələmov 15 İyunun Azərbaycan tarixindəki yerindən söhbət açdılar.

Məlahət İbrahimqızı: Öncə bütün Azərbaycan xalqını 15 İyun - Milli Qurtuluş Günü münasibətilə təbrik edirəm. Müasir Azərbaycan dövlətçiliyi tarixinin başlanğıcı sayılan bu gün ilə bağlı geniş araşdırmalar aparılıb, yazılar yazılıb. İnanıram ki, hələ uzun müddət bu mövzu araşdırılacaq və hər dəfəsində də yeni məqamlar ortaya çıxacaq. Çünki biz 15 iyundan məsafəcə uzaqlaşdıqca və paralel olaraq müasir Azərbaycanın sürətli inkişafını gördükcə, Milli Qurtuluş Gününün həm dövlətimizin, həm də xalqımızın taleyindəki mahiyyəti, yeri daha aydın görünür. 15 iyun Azərbaycanın tərəqqisinin başlanğıcı idi. 1993-cü ilin birinci yarısında həm dövlətçiliyimiz, həm xalqımız, həm cəmiyyətimiz, həm də milli-mənəvi dəyərlərimiz uçurumun kənarında idi, siyasi-iqtisadi tənəzzülün bir addımlığında dayanmışdıq. 1993-cü ilin iyununda Azərbaycan vətəndaş müharibəsinin astanasında idi, qardaş qanı tökülürdü. Ölkə separatçılar tərəfindən faktiki olaraq bölüşdürülürdü. İki ildə 4-5 dəfə hökumət dəyişikliyi baş vermişdi. İqtisadiyyatdan danışmağa isə, məncə, dəyməz. Çünki insanlar saatlarla, bəzən günlərlə çörək növbələrində gözləyirdilər. Hətta o vaxtkı dövlət rəhbərləri televiziya vasitəsilə bəyan etmişdilər ki, cəmi birgünlük taxıl ehtiyatımız qalıb. Cəbhədə durum daha pis idi. Bir sözlə, bütövlükdə Azərbaycan iflic vəziyyətdə idi. 15 iyun bütün parametrlərdə xalqın və dövlətin xilasına yol açdı. Milli Qurtuluş Günü xalqımız bütün şər qüvvələrə birdəfəlik “yox” dedi. Bu tarix, Heydər Əliyevlə xalqın bütövləşdiyi gündür. 1993-cü ilin 15 iyunu Azərbaycan tarixində yeni bir eranın başlanğıcı idi.

Hüseynbala Mirələmov: 15 iyunun fəlsəfəsi inkişafın təməlidir. Bu gün zərurət idi və Milli Qurtuluşumuzun qarşısını almaq, sadəcə, mümkün deyildi.

- 1992-ci ildə zor gücü ilə hakimiyyətə gələn AXC-Müsavat cütlüyünün səriştəsiz siyasəti Azərbaycanı məhv olmaq təhlükəsi qarşısında qoymuşdu. Bəs, ümumiyyətlə, Azərbaycanın bu təhlükə ilə üzləşməməsi mümkün idimi?

 M. Həmin dövrü, yəni, 1988-ci ildən bəri başlanan prosesi göz önünə gətirsək, görərik ki, SSRİ-nin dağılması mütləq idi. Bu imperiyada zorla birləşdirilən xalqların azadlıq eşqi püskürmək üzrə olan vulkanı xatırladırdı. İnsanların azadlıq təşnəsi aşıb-daşırdı. O vaxtkı AXC rəhbərləri də xalqın bu azadlıq istəyindən sui-istifadə edərək siyasi səhnəyə gəldilər. Sanki böyük çay daşqını çör-çöpü vurub sahilə çıxartmışdı. Onlar da məhz həmin dalğanın üstündə hakimiyyəti zəbt etdilər. Hakimiyyətə təsadüfən gəldikləri üçün getmələri də zərurətə çevrildi. Mənim Ulu öndər Heydər Əliyev haqqında yazdığım kitabda belə bir məqam yer alır ki, 1993-cü ildə Ulu öndər Bakıya gəlir və o vaxtkı parlament sədri İsa Qəmbərlə görüşür. Heydər Əliyev İsa Qəmbərə öz iradlarını bildirir və xalqın taleyi ilə oynadıqlarını deyir. İsa Qəmbər isə cavabında bildirir ki, “biz səriştəni öyrənirik, kim bacarmasa, işdən çıxarıb yenisi ilə əvəzləyəcəyik”. Onda Heydər Əliyev İsa Qəmbərə deyir ki, xalqın üzərində təcrübə keçmək olmaz. Bu adamlar xalqın üzərində təcrübə keçirdilər, bir milləti regionlara, xırda qruplaşmalara bölüb qarşı-qarşıya qoyurdular. Xalq isə səbir kasası dolduqdan sonra dövləti və milləti təhqir edən bu adamları gərəksiz bir əşya kimi tarixin qaranlıq küncünə tulladı. Təbii ki, səriştəsiz, idarəçilik qabiliyyəti və iradəsi olmayan insanlardan dövlət rəhbəri çıxmaz. Məhz sadaladığımız bu amillər 1993-cü ilin iyununda xalqı və dövləti təhlükəyə sürüklədi. Ulu öndər Heydər Əliyev xilaskar qismində öz dövlətinə və millətinə sahib çıxdı. Xatırlamaq olar ki, həmin dövrdə hakimiyyətdə olanların özlərinin də taleyi qaranlıq idi və onların aqibətinin necə olacağı bəlli deyildi. Bu mənada 15 İyun - Milli Qurtuluş Günü eyni zamanda həmin vaxt hakimiyyətdə olan təsadüfi insanların özlərinin xilası idi.

M.İ. Bu bizim çağdaş tariximizdir və Azərbaycanın ziyalıları həmin tarixi öz gözləri ilə görüblər. Xatırlayıram ki, televiziyada tez-tez Surət Hüseynovun Bakıya yaxınlaşdığı, hansısa rayona müdaxilə etdiyi ilə bağlı informasiyalar səslənirdi. Bu, təsadüfən deyildi. Hakimiyyətdə olan o zamankı iqtidar nümayəndələri həddindən artıq böyük qorxu içində idilər. Çünki, AXC-Müsavat cütlüyündən intiqam almağı qarşısına məqsəd qoyan Surət Hüseynov bəyan etmişdi ki, onları Azadlıq meydanında dar ağacından asacaq. Heydər Əliyev həqiqətən də bütövlükdə xalqını, vətəndaşlarını, o cümlədən, həmin iqtidardakı şəxsləri xilas etdi. Bu gün həmin şəxslər də müzakirələr aparırlar. Bu, instinktiv müzakirədir, özünümüdafiə xarakteri daşıyır. Hüseynbala müəllim onların hakimiyyətə gəlişini çox gözəl bir şəkildə izah etdi. O vaxtlar SSRİ-nin bütün xalqları öz azadlıqlarını əldə etmək üçün mübarizəyə qalxmışdı. Yəni, millətin azadlıq əldə etməsi heç də bugünkü müxalifətin adı ilə bağlana bilməz. Bu, proses idi. Əksinə, Azərbaycan öz müstəqilliyini çox ağrılı bir vəziyyətdə qazandı. 20 Yanvar faciəsi, torpaqlarımızın işğalı, müharibə nəticəsində verdiyimiz şəhidlər, bir milyona yaxın qaçqın və köçkün. Mən o dövr haqqında fikirləşəndə biz ziyalıların da səhvlərinin olduğunu düşünürəm. Təsəvvür edin ki, Azərbaycanda hakimiyyət boşluğu yaranıb, bu ölkə anlaşılmaz bir vəziyyətdədir, sabaha ümid yoxdur və Allahın Azərbaycana lütfü olan bir Lideri var. Mən bu sözləri Yeni Azərbaycan Partiyasının funksioneri kimi yox, bir Azərbaycan vətəndaşı kimi deyirəm ki, o zamanlar SSRİ-nin hər bir ölkəsində Heydər Əliyevi dövlət başçısı qismində görməyi arzulayırdılar. Əgər Heydər Əliyev siyasi hakimiyyətə daha tez gəlsəydi Azərbaycanın başı bu bəlaları çəkməyəcəkdi. Biz 80-ci illərin sonunda Heydər Əliyevin Azərbaycana gəlməsini təmin etməli idik. Çünki həmin illərdə dünyada bütün siyasi prosesləri liderlərin siyasi çəkisi müəyyənləşdirirdi. XX əsrin ən böyük liderlərindən biri olan Heydər Əliyev məhz öz siyasi gücünün, qüdrətinin sayəsində bu xalqı, dövləti bəlalardan xilas edə, yaşada bildi. 1993-cü ilin birinci yarısına qədər bütün evlərdə bir fikir səslənirdi ki, niyə bizim xalq yiyəsizdir? 15 iyunda Ulu öndər Heydər Əliyev öz xalqına, dövlətinə sahib çıxdı, öz tarixi missiyasını yerinə yetirdi.

 Hüseynbala müəllim, bayaq səriştə məsələsinə toxundunuz. Maraqlıdır ki, həmin dövrdə problem tək səriştəsizlik deyildi. Hər hansı siyasi partiyanın rəhbəri adı altında fəaliyyət göstərən xüsusi şəxslər vardı ki, ətraflarında böyük silahlı qruplaşmalar saxlayırdı. Onlar bunun da adını “özünümüdafiə dəstəsi” qoymuşdu, ürəyi istəyən məqamda öz dəstəsini cəbhə xəttindən çıxarıb paytaxta - Bakıya çağırırdı. Bu isə hələ də girdabından xilas ola bilmədiyimiz Dağlıq Qarabağ münaqişəsinin genişlənməsinə və torpaqlarımızın 20 faizinin işğalına gətirib çıxardı.

H.M. Çox incə bir məqama toxundunuz. Bunun arxasında bir məsələ dayanırdı. Həmin “özünümüdafiə dəstələri” yalnız bir niyyətə, bir mərama xidmət edirdi: kim əlində olan silahın və ordunun gücü ilə hakimiyyətə gələcək. Onları Şuşa, Laçın deyil, yalnız və yalnız Bakıda hakimiyyəti zəbt etmək maraqlandırırdı. AXC-Müsavat cütlüyünün bu çirkin oyunu Azərbaycan xalqının kürəyinə sancılan bir xəncərdir. Həmin silahlı qruplaşmalar hər an dövlət çevrilişinə hazırlaşırdılar. Hakimiyyətdə təmsil olunanların hər biri dərk edirdi ki, qətiyyətsiz Əbülfəz Elçibəy yalnız müqəvva kimi “taxta” otuzdurulub. Arxa fonda isə çirkin planlar həyata keçirilirdi. Hakimiyyətdə təmsil olunanların hər biri özünü gələcək prezident hesab edirdi. Amma onların arzuları ürəklərində qaldı. Mən bir məqama da toxunmaq istəyirəm. Ulu öndər Heydər Əliyev Moskvadan Azərbaycana qayıdarkən heç də dövlət rəhbərliyinə gəlmək və ya yenidən vəzifə tutmaq istəmirdi. Ümummilli liderimiz öz xatirələrində də bunu qeyd edib. Amma Azərbaycan həqiqətən böyük bir bəlaya düşmüşdü. Hətta Naxçıvanda Ali Sovetin sədri seçilərkən Heydər Əliyev yalnız blokadada olan, çətin vəziyyətdə yaşayan, hər an işğal təhlükəsi qarşısında dayanan Muxtar Respublikanın xilasına çalışırdı. Heydər Əliyev İrandan Naxçıvana qaz çəkilməsinə nail oldu. Türkiyə ilə “Ümid körpüsü” açıldı və nəticədə Naxçıvan xilas oldu. Bir haşiyəyə çıxmaq istəyirəm. Həmin vaxtlarda Naxçıvan Ali Sovetinin aparat rəhbəri Əli Həsənov adlı bir şəxs idi. O mənə dedi ki, Naxçıvana qaz çəkiləndən sonra artıq neft lampasına ehtiyac qalmadı. Mən Heydər Əliyevin kabinetindəki yarımçıq şamı və neft lampasını gizlətdim və bildim ki, onlar gələcəkdə muzeyin ən qiymətli eksponatlarından birinə çevriləcək. Bu, belə də oldu. Həmin vaxt xalqla yanaşı, hakimiyyətdə olan qüvvələr də dərk edirdi ki, Azərbaycanı düşdüyü bəladan yalnız Heydər Əliyev xilas edə bilər. Elçibəy, Pənah Hüseynov və o dövrün digər dövlət rəhbərləri Heydər Əliyevə Bakıya gəlməsi üçün yalvarırdılar. Prezident təyyarəsi Heydər Əliyevi gətirmək üçün üç dəfə Naxçıvana uçmuşdu. Amma Heydər Əliyev başa düşürdü ki, bu da onların çirkin oyunlarının bir hissəsidir. 1993-cü ilin iyununda Azərbaycanın suverenliyi, dövlətçiliyi təhlükə qarşısındaydı, vətəndaş müharibəsi başlamışdı və qardaş qanı axıdılırdı. Heydər Əliyevin Bakıya qayıtması zərurətə çevrildi. Çünki bu böyük şəxsiyyətin çiyinlərində xalqının və dövlətinin xilası məsuliyyəti vardı. O zamanlar Heydər Əliyevə Elçibəy tərəfindən baş nazir vəzifəsi təklif edilmişdi. Heydər Əliyev isə qəti şəkildə öz etirazını bildirmişdi. Heydər Əliyev uzun illər böyük bir dövlətin başında dayanmışdı, vəzifənin nə olduğunu bilirdi. Həmin anda Ulu öndəri düşündürən yalnız xalqın taleyi idi. Gəncədə həqiqətən vəziyyət pis idi. Milli qvardiya ilə Surət Hüseynovun başçılıq etdiyi silahlı dəstə qarşı-qarşıya gəlmişdi. Təkcə bir gündə 68 hərbçi qətlə yetirilmişdi. Bundan başqa, Surət Hüseynovu tərksilah etmək üçün Gəncəyə göndərilən qüvvələrin 130 zabiti qarşı tərəfə keçmişdi. Heydər Əliyev məhz bu cür ağır və çətin prosesin qarşısını almaq üçün Gəncəyə yollandı. Ulu öndərin Gəncədə keçirdiyi görüşlər öz effektini verdi. AXC rəhbərləri gördü ki, bu prosesin qarşısını yalnız Heydər Əliyev ala bilər. Heydər Əliyevin Azərbaycan Ali Sovetinin sədri seçilməsindən iki gün sonra Əbülfəz Elçibəy paytaxtı tərk etdi, Kələkiyə qaçdı. Beləliklə, Azərbaycan dövlətinin xilası və gələcəyinin müəyyənləşdirilməsi məsuliyyəti Heydər Əliyevin üzərində qaldı. Böyük alman filosofu Nitsşe deyirdi ki, insan yalnız öz yükünü çəkməyə qadir olsa, qəhrəmandır. Heydər Əliyev isə bütöv bir xalqın məsuliyyətini öz üzərinə götürdü və dağılmaq üzrə olan, parçalanan Azərbaycanı birləşdirdi.

M.İ. 1992-ci ildə hakimiyyətə gələn AXC-Müsavat rəhbərlərini nə xalq, nə dövlət, nə də torpaq düşündürürdü. Onlar əllərinə düşən bu təsadüfdən maksimum istifadə etmək istəyirdilər. Bu şəxsləri yalnız hakimiyyəti əldə saxlamaq düşündürürdü. May ayının 15-17-də o vaxtkı müdafiə naziri Rəhim Qazıyev başının qoçu dəstəsi ilə parlamentin binasını mühasirəyə almışdı. Onlar, sadəcə, yalan və pafoslu bəyanatlar verməklə məşğul idilər. Biri deyirdi, Şuşa işğal olunsa, özümü öldürərəm, digəri iddia edirdi ki, ermənilər Kəlbəcəri alsalar, özümü güllə ilə vuracam. Amma heç biri bu dediyini eləmədi. Əksinə, gülünc şəkildə bildirdilər ki, erməni torpağı alıb, vaxt gələr biz də geri qaytararıq. Mən fikirləşəndə ki, bu sözləri bir dövlətin rəhbər strukturlarında oturan rəhbər şəxslər deyirdilər, həqiqətən utanıram...

H.M. Məlahət xanımın fikirləri yadıma bir əhvalatı saldı. 1992-ci ildə prezident seçkiləri kampaniyasında Əbülfəz Elçibəyə sual verdilər ki, Dağlıq Qarabağ münaqişəsini necə həll edəcəksən? Cavab verdi ki, “zaboru” çəkdirəcəm, Dağlıq Qarabağ bizim olacaq. O biri tərəf də ermənilərin. Bu, bir ölkənin prezidenti olacaq şəxsin düşüncə və danışıq tərzi idi.

- Bütün bu qarmaqarışıqlığın içində qalan xalqın yeganə ümidi Ulu öndər Heydər Əliyev idi. Bakıya dönən Ulu öndər müasir, inkişafı hədəfləyən Azərbaycanın əsasını qoydu. Bu baxımdan 15 İyun - Milli Qurtuluş Gününü dəyərləndirmənizi istərdik.

H.M. Xalqın tələbi ilə siyasi hakimiyyətə qayıdan Heydər Əliyev 1993-cü ildə hansı vəziyyətdə olan Azərbaycana rəhbər seçildiyini başa düşürdü. Ölkədə daxili sabitliklə yanaşı, iqtisadiyyat da çökmüşdü. Bunun üstünə xarici təzyiqləri də gəlsək, yaranan mənzərəni göz önündə canlandırmaq o qədər də çətin olmaz. AXC-Müsavat rəhbərləri bəzi ölkələrlə neft danışıqları aparmışdı, hətta müqavilələr də bağlamışdı. Amma bu müqavilələr Azərbaycanın yeraltı sərvətinin oğurlanması, tar-mar edilməsi ilə nəticələnəcəkdi. Bu müqavilələrin heç biri milli maraqlara söykənmirdi. Heydər Əliyev bütün addımlarını və siyasətini yalnız xalqın və dövlətin maraqları əsasında qurdu. Məhz xalqın mənafeyindən çıxış etməsi, milli sərvətlərimizə sahib çıxmaq istəyi sonradan Heydər Əliyevi bir neçə dövlət çevrilişinə cəhdlə üz-üzə qoydu. O adamlar çevrilişə cəhd edirdi ki, arxasında duran qüvvələr milyardlar itirirdi. Amma Heydər Əliyev - Xalq birliyi milli maraqlarımızın tapdanmasına yol vermədi. Məhz bu birlik ölkəni daxili və xarici düşmənlərin caynağından xilas etdi. Heydər Əliyev atəşkəs müqaviləsini imzalamaqla ölkəsini müharibədən xilas etdi. Bugünkü inkişafın əsasında həmin dövrdə verilən qərarlar, atılan qəti addımlar dayanır. Sabit Azərbaycanın əsası məhz 15 iyunda qoyuldu. Mənim yadımdadır ki, İsgəndər Həmidov daxili işlər naziri olarkən onun əlinin altında olan quldur dəstələri hətta toylara girib camaatın pulunu soyurdu...

M.İ. Nəinki pulu, hətta qadınların zinyət əşyalarını zor gücünə əllərindən alırdılar. Sadəcə, özbaşınalıq idi...

H.M. İnsanlar qorxularından küçədə gəzə bilmirdilər, bulvar boz, qaranlıq bir səhranı xatırladırdı.

- Milli qurtuluşumuzun banisi, Ulu öndər hakimiyyətə gələrkən artıq 6 ay öncə yaranan Yeni Azərbaycan Partiyasının Sədri idi. Həmin vaxt dövlət quruculuğu prosesində Ulu öndərə kömək, dəstək olan YAP artıq 16 ildir ki, monolitliyini qoruyur, inkişaf edir və güclənir...

M.İ. Yeni Azərbaycan Partiyası Azərbaycanda yeni sistemin əsasını qoydu, demokratik dövlətçiliyin yaranmasında mühüm rol oynadı. Amma Yeni Azərbaycan Partiyası hələ yaranmamışdan Heydər Əliyev-Xalq birliyi mövcud idi və məhz bu birlik partiyamızın güclənməsində müstəsna rola malikdir. Azərbaycanda Heydər Əliyevçilərin sayı YAP-ın üzvlərindən dəfələrlə çox idi və bu gün də İlham Əliyevsevərlərin sayı YAP üzvlərindən dəfələrlə çoxdur, biz bu faktın son prezident seçkilərində də şahidi olduq. Bəli, bu bir həqiqətdir ki, yeni yaranan bir partiyanın cəmisi 6 aydan sonra hakimiyyətə gəlməsi dünyada analoqu olmayan hadisəydi. Bu isə bir daha sübut edir ki, Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır. Bu gün də partiyamız Prezident İlham Əliyevin rəhbərliyi altında Ulu öndər Heydər Əliyev ideyalarını yaymaqda davam edir. Mən inanıram ki, biz, Yeni Azərbaycan Partiyasının üzvləri hələ uzun illər Sədrimizin, Liderimizin-Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında xalqımızın, dövlətimizin inkişafına yardımçı olacağıq, ölkəmizin çiçəklənməsi prosesində ön sırada yer alacağıq.

H.M. Həmin dövrdə bəziləri pafosla, yalanla insanları ətraflarında birləşdirmək istəyirdilər. Sovet ittifaqının dağılması, qeyri-müəyyən situasiya insanlarda çaşqınlıq yaratmışdı. Mən həmin vaxt Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının yaranacağı haqda “Səs” qəzetində dərc edilən informasiyanı oxudum və təcili təsis qurultayında iştirak etmək üçün təyyarə ilə Naxçıvana uçdum. Bu gün də qürurla deyirəm ki, partiyanın təsis qurultayında iştirak etmişəm. Yeni Azərbaycan Partiyası hər zaman xalqla vəhdət təşkil etməyi bacarıb. Bunun səbəbi isə partiyanın başında Heydər Əliyev kimi bir dühanın dayanması idi. Yeni Azərbaycan Partiyası hər zaman Heydər Əliyev ideyalarını inkişaf etdirib və bu gün də inkişaf etdirir. Yeni Azərbaycan Partiyası daim inkişafdadır və son prezident seçkilərində də monolit siyasi qüvvə kimi iştirak etdik, Namizədimiz, Sədrmiz, cənab İlham Əliyev ölkə Prezidenti seçildi. Mən inanıram ki, Yeni Azərbaycan Partiyası öz Lideri, Prezident İlham Əliyevin rəhbərliyi altında gələcəkdə də böyük qələbə sevincləri yaşayacaq.

- 15 İyun - Milli Qurtuluş Günü Ulu öndər Heydər Əliyevin bütünlüklə xalqı azərbaycançılıq ideyası ətrafında birləşdirməsinin bariz sübutu oldu. Bu ideya ölkəmizin inkişafında, keçdiyi yolda hər zaman vətəndaşlarımızın bir amal uğrunda birləşdirilməsində müstəsna rol oynayıb. Bu gün həmin ideyalar Prezidentimiz İlham Əliyev tərəfindən inkişaf etdirilir...

M.İ. Heydər Əliyevin ən böyük məramı, məqsədi Azərbaycanda vətəndaş cəmiyyətinin qurulması idi ki, bu sistem artıq demokratik Azərbaycanda formalaşıb. Heydər Əliyev Azərbaycanda vətəndaş birliyinin yaranmasına nail oldu. Bu birliyin yaranması isə böyük azərbaycançılıq ideyasının təməlinin qoyulmasına xidmət edirdi. Mən hər zaman Ümummilli liderimizin bir aforizmini təkrar edirəm. Ulu öndərimiz böyük azərbaycançılıq ideyasını belə ifadə edirdi: “Hər bir millət öz milli mənsubiyyəti ilə qürur duyur. Mən hər zaman fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”. Bu söz Heydər Əliyev ideyalarının əsasıdır və hər bir Azərbaycan vətəndaşı üçün amal, məqsəd, mayakdır.

H.M. Azərbaycançılıq ideyasının tarixi qədimdir. Hələ Sovet İttifaqı zamanı təhlükəsizlik orqanlarına rəhbərlik etdiyi dövrdə azərbaycançılıq ideyası Heydər Əliyev tərəfindən genişləndirilirdi. Sovet Azərbaycanının hüquq-mühafizə orqanlarında, təhlükəsizlik xidmətində azərbaycanlı kadrlardan geniş istifadə edilməsi, azərbaycanlıların irəli çəkilməsi məhz Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrlərdən başladı. Sonradan respublika rəhbərliyinə gətirilən Heydər Əliyev azərbaycançılıq ideyasının daha geniş miqyasda inkişafına yol açdı. Məsələn, SSRİ dövründə Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan dili dövlət dili kimi Konstitusiyada öz əksini tapdı. Halbuki, buna qədər insanlar Azərbaycan dilində müzakirələr aparmağa, hətta danışmağa qorxurdular. Heydər Əliyev bu xofu aradan qaldırdı və insanlara milli kimliklərini tanıtdı. Biz məhz Heydər Əliyevin dövründə respublika rəhbərinin əyalətlərdə sadə vətəndaşlarla Azərbaycan dilində söhbətlərinin şahidi olduq. Bu, böyük bir addım idi. Azərbaycanlı tələbələr məhz Heydər Əliyevin dövründə SSRİ-nin aparıcı ali təhsil ocaqlarında təhsil almaq imkanı qazandılar. O cür çətin şəraitdə Heydər Əliyev bütün bu nailiyyətləri əldə etdi, milli mənəviyyatımızı qorudu. Müstəqillik əldə olunduqdan sonra 1993-cü ildə Heydər Əliyevin yenidən xalqın tələbi ilə siyasi hakimiyyətə gəlişindən sonra bu proses davam və inkişaf etdirildi. Heydər Əliyev böyük bir missiyanı həyata keçirdi. Mən bir də Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı son borcundan danışmaq istəyirəm. Bu addım da böyük azərbaycançılıq ideyasından irəli gəlirdi. 2003-cü ildə Heydər Əliyev ABŞ-da Klivlend xəstəxanasında yatarkən xalqına müraciət ünvanladı. Heydər Əliyev bu dövləti iki dəfə sıfırdan inkişaf etdirib dünya səviyyəsinə çatdırmış şəxsiyyətdir və O, istəyirdi ki, bu addımlar davam etdirilsin. Təbii ki, bu məsuliyyətin kimə etibar edilməsi çətin bir vəzifə idi. Və Heydər Əliyev bir daha ən böyük Azərbaycanlı olduğunu sübuta yetirdi. Heydər Əliyev bu məsuliyyəti Azərbaycan Prezidenti İlham Əliyevə, ən çox inandığı şəxsiyyətə etibar etdi. “Mən Ona Özüm qədər inanıram”. Bu fikirlər böyük etibardan, gələcək inkişafdan xəbər verirdi. Prezident İlham Əliyev də Ulu öndərin bu sözlərinin həqiqət olduğunu sübuta yetirdi və Heydər Əliyevdən miras qalan Azərbaycan dövlətçiliyini daha da inkişaf etdirdi. Bu gün Azərbaycan xalqı öz Liderinin ətrafında sıx birləşib və dövlətimiz günü-gündən güclənir, qüdrətlənir. Böyük Türk dünyasının dahi şəxsiyyətlərindən biri Çingiz Aytmatovun dili ilə desək, Prezident İlham Əliyev qloballaşan dünyanın müasir lideridir.

 

 

Pərviz SADAYOĞLU

 

Yeni Azərbaycan.- 2009.- 13 iyun.- S.10.