Azərbaycanın qazandığı uğurlar Ulu öndər Heydər Əliyev ideyalarının təntənəsidir

 

Dünən Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu rayon təşkilatının yeni binasının açılış mərasimi keçirilib. Mərasimdə millət vəkilləri, partiya fəalları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva qeyd edib ki, hakim partiya monolit siyasi qüvvədir və cəmiyyətdə öz mövqeyini daim gücləndirməkdədir. Yeni qərargahın rayon təşkilatının üzvləri üçün böyük töhfə olduğunu deyən M.Abasquliyeva bu diqqətə görə YAP rəhbərliyinə təşəkkür edib.

Mərasimdə çıxış edən Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi, millət vəkili Əli Əhmədov yeni qərargahın tikilib istifadəyə verilməsi münasibətilə partiya üzvlərini təbrik edib. O, bildirib ki, 15 İyun - Milli Qurtuluş Günü ərəfəsində YAP Sabunçu rayon təşkilatının yeni binasının tikilib istifadəyə verilməsi rayon təşkilatının bütövlükdə partiyaya, Ulu öndər Heydər Əliyevin ideyalarına və Prezident İlham Əliyevə olan dərin  hörmət və ehtiramının ifadəsidir: “Bu, partiyanın evidir. Hər kəsin evi yaxşı, geniş olanda özünü nə qədər rahat və inamlı hiss edirsə, partiyanın da evi geniş, gözəl və rahat olanda YAP üzvləri özlərini bir o qədər inamlı hiss edirlər. Düşünürəm ki, partiyamızın yeni binalarının tikilməsi, həm də onun gücünün, möhkəmliyinin və birliyinin ifadəsidir. Bu binanın tikilib ərsəyə gəlməsi YAP üzvlərinin Heydər Əliyev ideyalarına, partiyaya rəhbərlik edən Prezident  İlham Əliyevə hörmət, məhəbbət və ehtiramının nümunəsidir”. YAP-ın Sədr müavini binanın tikilib istifadəyə verilməsində Sabunçu rayon rəhbərliyinin fəaliyyətini xüsusi qeyd edib. Onun sözlərinə görə, bu gün ölkəmizin bütün bölgələrində quruculuq işləri həyata keçirilir. Bu quruculuq işlərinin tərkib hissəsi olaraq YAP-ın yerli təşkilatları üçün binalar tikilib və bu yöndə işlər davam etməkdədir. Əli Əhmədov qeyd edib ki, Azərbaycanda son bir neçə il ərzində gedən inkişaf Sabunçu rayonunda da müşahidə edilir: “Bütün bunların hamısı Azərbaycanda Ulu öndər Heydər Əliyev ideyalarının təntənəsidir. Bu ideyaların həyata keçirilməsi Prezident İlham Əliyevin yürütdüyü siyasətin uğurlarıdır. İnanıram ki, partiyamızın Sabunçu rayon təşkilatının yeni binasının istifadəyə verilməsi bu təşkilatın fəaliyyətini daha da genişləndirəcək, gücləndirəcək”.

Rəmzi qırmızı lent kəsildikdən sonra qərargahın foyesində Ümummilli lider Heydər Əliyevin büstünün açılışı olub, büstün önünə gül dəstələri düzülüb.

Eyni zamanda, mərasim iştirakçıları ikimərtəbəli binanın müasir avadanlıqla təchiz olunan iş otaqlarına baxış keçirib, buradakı şəraitlə tanış olublar.

Daha sonra qərargahın akt zalında 15 İyun - Milli Qurtuluş Gününə həsr olunan toplantı keçirilib. YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva bildirib ki, 15 iyun tariximizin ən şərəfli səhifələrindəndir: “1993-cü ildə Azərbaycanın uçurumun kənarına atıldığı, parçalanma təhlükəsi ilə üz-üzə olduğu bir vaxtda Ümummilli lider Heydər Əliyev xalqın çağırışını cavabsız qoymadı. Ulu öndər Heydər Əliyev xalqın təkidi ilə ikinci dəfə hakimiyyətə qayıtdı və Azərbaycanı təhlükələrdən, bəlalardan qurtardı. Yaranan böhranlı vəziyyətdən çıxış yolu tapan Ümummilli lider Heydər Əliyev ölkədə qardaş qırğınının qarşısını aldı, siyasi sabitliyi bərqərar etdi, Azərbaycanı inkişaf, tərəqqi yoluna çıxardı”.

YAP-ın Sədr müavini-İcra katibi, millət vəkili Əli Əhmədov 15 İyun - Milli Qurtuluş Günü münasibətilə toplantı iştirakçılarını təbrik edərək bildirib ki, Azərbaycanın indiki uğurlarının əsasını milli qurtuluş məfkurəsi təşkil edir. Əli Əhmədov deyib ki, milli qurtuluş Azərbaycanın yeni mərhələdə milli dövlət quruculuğunun ideya əsası kimi çıxış edir: “Dövlətçilik ənənələrinin formalaşdırılması və milli dövlətçiliyin əsaslarının yaradılaraq möhkəmləndirilməsi ilkin olaraq qurtuluş məfkurəsinə istinad edirdi. Hesab edirəm ki, Azərbaycanın milli dövlətçilik ənənələrinin bərpa edilməsi və milli dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində atılan addımların qurtuluş məfkurəsinə istinad etməsi heç də təsadüfi deyil. Bu, Azərbaycanda 1990-cı illərin əvvəllərində yaranmış tarixi şəraitdə milli dövlət quruculuğunun üzləşdiyi spesifik xüsusiyyətlərlə və tarixi şərtlərlə bilavasitə əlaqədar idi. Milli qurtuluş məfkurəsinin mahiyyəti də ilk növbədə, Azərbaycanın milli və dövlət müstəqilliyinin başının üstünü almış təhlükədən xilas etmək, Azərbaycanda milli dövlət quruculuğu istiqamətində səmərəli və sistemli şəkildə addımlar atmaq, layihələr həyata keçirmək, bu yöndə müvafiq siyasət reallaşdırmaq, Azərbaycanın iqtisadiyyatını və həyatın digər sahələrini möhkəmləndirmək zəminində dövlətçilik ənənələrini formalaşdırıb inkişaf etdirməkdən ibarət idi ki, bütün bunların hamısı milli dövlət quruculuğu prosesinin milli qurtuluş fəlsəfəsinə əsaslandığını sübuta yetirir”.

Onun fikrincə,  Ulu öndər Heydər Əliyevin yenidən Azərbaycanda siyasi hakimiyyətə dəvət edilməsi məhz bu məntiqə və gözləntilərə istinad edirdi. Azərbaycan xalqı Heydər Əliyevi hakimiyyətə dəvət edərkən ilk növbədə dövlətimizin xilasını nəzərdə tuturdu.

“Çünki bu vəzifələrin yerinə yetirilməsindən kənarda Azərbaycanda müstəqillik, dövlətçilik ideyasının həyata keçirilməsi, sadəcə, mümkün deyildi” deyən YAP-ın Sədr müavini vurğulayıb ki, məhz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət nəticəsində Azərbaycan sürətlə inkişaf edir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bütün bölgələrində quruculuq işləri həyata keçirilir. Eyni zamanda, iqtisadi inkişaf baxımından ölkəmiz dünyada öndə gedən dövlətlərdən biridir. Əli Əhmədov qeyd edib ki, ötən müddət ərzində Ulu öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası da böyük inkişaf yolu keçib. Hər il YAP-ın sıralarına 25-30 min insanın qoşulduğunu deyən Əli Əhmədovun sözlərinə görə, bir neçə aydan sonra partiya üzvlərinin sayı 500 min nəfərə çatacaq. Bu amil isə insanların partiyanın ideyalarına, onun rəhbərinin fəaliyyətinə olan inamının ifadəsidir.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, YAP Siyasi Şurasının üzvü Eldar İbrahimov isə vurğulayıb ki, 1990-cı illərin əvvəlindəki hadisələrin şahidi olan insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycanda ölüm-dirim mübarizəsinin tarixidir: “Tale elə gətirdi ki, 1992-1993-cü illər müstəqilliyimizin ilk illərinə təsadüf etsə də, ölkəmizin müasir tarixinə hərc-mərclik, özbaşınalıq, avantürist eksperimentlər dövrü kimi daxil olub. Bütün bunlar isə həmin dövrlərdə yeni yaradılmış suveren dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək imkanlarından məhrum, adi vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan şəxslərin rəhbərlik etməsindən irəli gəlirdi. O dövr iqtidarının səbatsızlığı ucbatından xalqın milli arzuları puça çıxmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Bu dövrdə bütün ölkə vətəndaşlarının nəzəri Azərbaycanın dövlət müstəqilliyi üçün böyük xidmətlər göstərmiş Naxçıvana yönəlmişdi. Hamı Heydər Əliyevin Naxçıvanda başladığı milli qurtuluş savaşının zəfər yürüşünü səbirsizliklə gözləyirdi. Ölkədə vətəndaş müharibəsinin başlanması və respublikanın parçalanması təhlükəsinin artması xalqın və müstəqil Azərbaycan dövlətinin gələcəyini sual altına qoymuşdu. Bu çıxılmaz vəziyyətdə Azərbaycan xalqının gözü Naxçıvana, yeganə ümid yeri olan Heydər Əliyevə dikilmişdi. Ölkənin hər yerində izdihamlı mitinqlər keçirilir, Heydər Əliyevin təcili olaraq Azərbaycan Respublikasında rəhbərliyə gətirilməsi tələb olunurdu. Ehtimallar, ümidlər özünü doğrultdu və Heydər Əliyev qayıtdı. Bu qayıdış Azərbaycan dövlətini, müstəqilliyini, xalqımızın qürurunu, tarixini, bu gününü özünə qaytardı”.

Millət vəkili Fərrux Zeynalov da çıxışında Ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri nəticəsində Azərbaycanın böhrandan qurtularaq inkişaf və tərəqqi yoluna çıxdığını bildirib.

YAP Siyasi Şurasının üzvü, Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Əlibaba Əliyev rayon ictimaiyyətinin ölkənin ictimai-siyasi həyatında fəal rol aldığını bildirib. Onun sözlərinə görə, YAP Sabunçu rayon təşkilatı siyasi proseslərdə bundan sonra da uğurlara imza atacaq.

Tədbirdə, həmçinin, partiya sıralarına yeni qoşulan şəxslərə üzvlük vəsiqələri təqdim olunub.

Sonda toplantı iştirakçıları adından Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevə müraciət qəbul edilib.

 

 

Nardar BAYRAMLI

 

Yeni Azərbaycan.- 2009.- 13 iyun.- S.2.