Qurtuluşdan başlanan yol
Yeni Azərbaycan Partiyasının təşkilatçılığı
ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş konfrans keçirilib
İyunun 13-də “Hyatt Regency” otelində Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluşdan başlanan yol” adlı konfrans keçirilib. Tədbir iştirakçıları əvvəlcə Fəxri Xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər.
Konfransı giriş sözü ilə açan Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi, millət vəkili Əli Əhmədov öncə tədbir iştirakçılarını bayram münasibətilə
təbrik edib. O, 15 iyun tarixinin xalqımızın
və dövlətimizin
həyatında əhəmiyyətindən
bəhs edərək bildirib ki, Milli
Qurtuluş Azərbaycanın
yeni mərhələdə
milli dövlət quruculuğunun ideya əsası kimi çıxış edir.
Onun sözlərinə görə,
Azərbaycanın milli
dövlətçilik ənənələrinin
bərpa edilməsi və milli dövlətçiliyin
möhkəmləndirilməsi istiqamətində atılan
addımların qurtuluş
məfkurəsinə istinad
etməsi heç də təsadüfi deyil. Bu, Azərbaycanda 1990-cı illərin əvvəllərində
yaranmış tarixi şəraitdə milli dövlət quruculuğunun
üzləşdiyi spesifik
xüsusiyyətlərlə və tarixi şərtlərlə bilavasitə
əlaqədar idi.
YAP-ın Sədr
müavini - İcra katibi Əli Əhmədov məhz Ulu
öndər Heydər Əliyevin xilaskarlıq missiyası nəticəsində
Azərbaycanın təhlükələrdən qurtulduğunu
qeyd edib. 15 iyunun Azərbaycan tarixində tutduğu yerdən
danışan millət vəkilinin sözlərinə görə,
bu gün xalqımızın taleyində dönüş
anı olub: “Hər bir xalqın tarixində onun taleyinin
dönüş nöqtəsi funksiyasını yerinə yetirən
günlər olur. Azərbaycan xalqının tarixində belə
günlərdən biri Ulu öndər Heydər Əliyevin
tarixi qayıdışından başlayan Milli Qurtuluş
Günüdür. Qurtuluş məfkurəsi təkcə Azərbaycanın
1990-cı illərin əvvəlində düşdüyü
bəlalardan xilas olması ilə ifadə olunmur. Heydər Əliyevin
Azərbaycanda hakimiyyətə qayıdışını həm
arzu edən, həm də təkidli tələbini Heydər Əliyevə
ünvanlayan Azərbaycan xalqı ilk növbədə faciələri
sovuşdurmaqdan ötrü Onun qətiyyətinə ehtiyac
duyurdu. Amma Heydər Əliyev öz missiyasını təkcə
Azərbaycanın bu bəlalardan xilas olmasında
görmürdü. Ümummilli liderimiz Heydər Əliyevin
hakimiyyətə qayıdışı ilə başlayan
qurtuluş məfkurəsi ilk növbədə Azərbaycanı
faciələrdən xilas etməklə yanaşı, ölkəmizin
sürətli dinamik inkişafının da çox
etibarlı təməlini yaratdı. Bu mənada, qurtuluş təkcə
Azərbaycanın yaxın tarixinin keçmişi deyil, həm
də Azərbaycanın bu günüdür. Azərbaycanda
bugünkü sabitlik və əmin-amanlıqdır. Bundan da əhəmiyyətlisi
qurtuluşun Azərbaycanın sabahı olmasındadır. Azərbaycan
vətəndaşının öz gələcəyinə
nikbin baxması üçün etibarlı zəminin
yaranmasıdır. Qurtuluş Azərbaycanın müasir
tarixinin dönüş nöqtəsi olmaqla yanaşı, həm
də hər bir Azərbaycan vətəndaşının
taleyində dönüş nöqtəsi olub. Ümummilli
lider Heydər Əliyevin xalqımızın təkidli tələbi
ilə hakimiyyətə qayıdışı müstəqil
dövlətçiliyimizi anarxiyadan, parçalanmaq və məhv
olmaq təhlükəsindən, iqtisadi tənəzzüldən,
beynəlxalq təcriddən xilas etdi. Milli Qurtuluş
Günü Azərbaycanın indiki reallıqlarının və
xoşbəxt gələcəyinin rəhnidir. Ulu öndərin
işləyib hazırladığı müstəqil dövlət
quruculuğu konsepsiyası müasir Azərbaycan dövlətinin
uğurlarının bünövrəsində dayanaraq gələcək
inkişafın, misli görünməmiş uğurların əsasını
qoyub”.
Əli Əhmədov Ulu
öndər Heydər Əliyevin əsasını qoyduğu
siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirildiyini diqqətə çatdırıb. O
qeyd edib ki, hazırda Azərbaycanın dünya birliyi tərəfindən
etiraf olunan dinamik inkişafı ilk növbədə vətəndaşlarımızın
maddi rifah halının yaxşılaşmasına xidmət
edir, paytaxtla bərabər, regionlar da sürətli tərəqqi
yolu ilə inamla addımlayır.
Konfransda Baş nazirin birinci müavini, YAP Siyasi
Şurasının üzvü Yaqub Eyyubov “Qurtuluş
günü” mövzusunda məruzə ilə
çıxış edib. XX əsrin sonlarında xalqımızın
başına gətirilən müsibətləri xatırladan
Y.Eyyubov qeyd edib ki, o ağır illərdən əvvəl Azərbaycan
tarixinin taleyüklü məsələlərlə dolu bir
dövrü də xalqımızın müdrik oğlu Heydər
Əliyevin adı ilə bağlı olub. Azərbaycanda ilk dəfə
1969-1982-ci illərdə hakimiyyətdə olan Ulu öndər
xalqımızı zamanın ən çətin
sınaqlarından çıxararaq, ölkənin iqtisadi,
siyasi və mədəni tərəqqisinə nail olub,
geniş vüsət almış inkişaf proseslərinə
təkan verib. Ümummilli liderin ömrü boyu Azərbaycan
xalqının rifahı naminə çalışdığını
vurğulayan məruzəçi deyib ki, Heydər Əliyev
keçmiş sovet dövründə dövlət təhlükəsizliyi
orqanlarında ən yüksək vəzifə tutmuş və
general rütbəsi almış ilk azərbaycanlı idi. Ulu
öndər Heydər Əliyev hansı sahədə
çalışmasından asılı olmayaraq,
bacarığı, qabiliyyəti, fitri istedadı ilə diqqəti
cəlb edib.
Ümummilli lider Heydər
Əliyevin milli kadrların yetişməsinə həmişə
böyük qayğı və diqqətlə
yanaşdığını qeyd edən Baş nazirin birinci
müavini, öz timsalında Ulu öndərin gənclərə
münasibətinin canlı şahidi olduğunu
xatırladıb. Onun sözlərinə görə,
Ümummilli liderimiz milli kadrların hazırlanmasını
xüsusi diqqətdə saxlayır, onların sonrakı
inkişafını da izləyirdi. Məhz Heydər Əliyevin
rəhbərliyi altında 13 il ardıcıl olaraq
keçmiş SSRİ-nin keçici Qırmızı Bayrağına
layiq görülmüş Azərbaycan geridə qalmış
kənd təsərrüfatı respublikasından qabaqcıl sənaye
ölkəsinə çevrildi.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin də Heydər Əliyev hakimiyyətdən
məcburi uzaqlaşdırıldıqdan sonra baş verdiyini
xatırladan Y.Eyyubov vurğulayıb ki, xalqımızın
müdrik oğlu vəzifədə olarkən heç kim bu
barədə danışmağa belə cürət edə
bilmirdi: “1990-cı ilin yanvarında xalqımıza
qarşı törədilən qanlı faciəyə dözə
bilməyən Heydər Əliyev hadisələrin gərginliyinə,
müxtəlif təhlükələrə baxmayaraq, Azərbaycanın
Moskvadakı Daimi nümayəndəliyinə gələrək,
sovet rəhbərliyinə qarşı kəskin bəyanatla
çıxış etdi. Onun həmin tarixi
çıxışı Azərbaycanın siyasi həyatında
yeni dövrün başlandığını göstərən
ilk çağırış idi”.
Onun sözlərinə
görə, Ulu öndər Heydər Əliyevin
qayıdışı Vətənin xilası, xalqın
qurtuluşu idi. Baş nazirin birinci müavini qeyd edib ki,
Ümummilli liderimiz hakimiyyətə qayıdandan cəmi bir il
sonra - 1994-cü ildə dərindən
düşünülmüş neft strategiyasının
reallaşdırılmasını təmin edən “Əsrin
müqaviləsi”nin imzalanmasına nail oldu. Bu müqavilə
ölkəmizin tarixində yeni dövr açaraq, dinamik
inkişafın təməlini qoydu. Müstəqilliyimizin
iqtisadi bünövrəsinin möhkəmlənməsinə və
Azərbaycanın bu gün dünyada bənzəri olmayan
sürətlə davamlı inkişafına zəmin
yaratdı.
Ulu öndər Heydər
Əliyevin siyasətdə, iqtisadiyyatda və mədəniyyətdə
qoyduğu izlərin heç vaxt silinməyəcəyini deyən
Y.Eyyubov vurğulayıb ki, Azərbaycan xalqı unudulmaz rəhbərin
xoşbəxt gələcəyimiz üçün
açdığı yolla qətiyyətlə addımlayır.
Məruzəçi qeyd edib ki, bu gün də mövcud
iqtidarın monolit birliyi nəticəsində Ümummilli
liderimizin qurub-yaratdığı azad, müstəqil, demokratik
Azərbaycan Onun müəyyən etdiyi strateji xətlə
inamla irəliləməkdə, inkişafını davam etdirməkdədir.
Bu xətti əzmlə, dəyanətlə irəli aparan isə,
Ulu öndərin siyasi varisi, praqmatik dövlət xadimi,
bütün dünya miqyasında böyük hörmətə
və nüfuza malik Prezident İlham Əliyevdir.
Baş nazirin birinci
müavini vurğulayıb ki, dövlətimiz və
xalqımızın həyatı üçün ən
mühüm əhəmiyyət kəsb edən prinsipial məsələlərdə
Prezident İlham Əliyev də Heydər Əliyevə xas olan
möhkəm iradə və qətiyyətli mövqe
nümayiş etdirir, Azərbaycan dövlətinin qüdrətini,
sarsılmaz təmələ malik olduğunu öz məhsuldar
fəaliyyəti ilə sübut edir: “Prezidentimizin
apardığı dərin düşünülmüş,
uzaqgörən daxili və xarici siyasət, Onun xalqa olan səmimi
məhəbbəti və doğma Vətənimiz naminə səmərəli
fəaliyyəti hər birimizdə qürur hissi oyadır. Xalqımızın
firavan gələcəyinin təminatına hesablanmış
praqmatik siyasi strategiya sayəsində Azərbaycan regionun lider
dövlətinə çevrilib, ölkəmizin nüfuzu daha
da artıb. Prezident İlham Əliyevin səriştəli idarəetmə
qabiliyyətinin nəticəsidir ki, indi respublikamız iqtisadi
inkişaf tempinə görə dünyanın ən
qabaqcıl ölkələrindən biridir”.
Konfransda Heydər Əliyevin
müəyyənləşdirdiyi neft strategiyasının həyata
keçirilməsi və bu strategiyanın
qazandırdığı uğurlar barədə məruzə
ilə çıxış edən sənaye və energetika
naziri Natiq Əliyev bildirib ki, dünya siyasət tarixinə
adı əbədi həkk olunmuş Ulu öndərimizin
dövlət quruculuğunun hər bir sahəsindəki səmərəli
və məhsuldar fəaliyyəti xalqımıza yaxşı
məlumdur: “Heydər Əliyev müdriklik, uzaqgörənlik,
zəngin təcrübə və ölkə
iqtisadiyyatının bütün sahələrinin müqayisəli
təhlili əsasında Azərbaycanın iqtisadi dirçəlişi
üçün neft sənayesinin inkişafı yolunu
seçdi. Bununla da, müstəqil Azərbaycanın
iqtisadiyyatı sürətli inkişaf yoluna qədəm
qoydu”.
Nazirin sözlərinə
görə, “Əsrin müqaviləsi”nin imzalanması
heç də asan olmayıb. Sazişin imzalanmasından sonra
Heydər Əliyevə qarşı xarici və daxili təzyiqlərin
artmağa başladığını deyən N.Əliyev o
dövrdə ölkədə sabitliyi pozmağa da cəhd
göstərildiyini xatırladıb: “Sazişin həyata
keçirilməməsi üçün bütün qüvvələr
çalışdılar. Sazişlərin beynəlxalq səviyyədə
tanınmaması üçün Xəzər dənizinin
hüquqi statusu məsələsi ortaya atıldı, guya Azərbaycanın
neft ehtiyatlarının tükənməsi və s. haqqında
şayiələr yayılırdı. Lakin Ulu öndər
Heydər Əliyev neft strategiyasının xalq
üçün əhəmiyyətli və dövlət
müstəqilliyini qoruyub saxlamaq üçün mühüm
amil olduğunu nəzərə alaraq yolundan dönmədi və
qalib gəldi. Azərbaycan hazırda bu siyasətin bəhrəsindən
faydalanmaqdadır. Neft strategiyasının uğurları ilk
növbədə Ümummilli lider Heydər Əliyevin yorulmaz
və fədakar əməyinin nəticəsidir. Strategiyanın
mərhələlərlə həyata keçirilməsi və
Azərbaycanın Xəzər-Qafqaz regionunda sürətlə
artan rolu ölkəmizin beynəlxalq neft mərkəzlərinin
birinə çevrilməsilə nəticələnib. Cəsarətlə
deyə bilərik ki, milli maraqlara söykənən neft
strategiyası xalqın öz milli sərvətlərinin sahibi
olmasının rəmzidir”.
Nazirin sözlərinə
görə, hazırda neft strategiyası Prezident İlham Əliyev
tərəfindən uğurla davam etdirilir: “Son 5 il ərzində
Azərbaycan misilsiz nailiyyətlər qazanıb. Dünya
ölkələri qlobal böhrana məruz qalıb. Bizimlə
qonşu olan ölkələrdə sənaye istehsalı
aşağı düşür, xarici maliyyə
yardımlarına böyük ehtiyacları var. Prezident
İlham Əliyev tərəfindən həyata keçirilən
qabaqlayıcı tədbirlər nəticəsində ölkəmizdə
böhranın təsiri güclü müşahidə olunmadı.
Beynəlxalq təşkilatların hesabatlarında Azərbaycan
iqtisadiyyatı böhrana davamlı ölkələrin
sırasındadır. Azərbaycanın xarici şirkətlərlə
bağladığı 30-a yaxın hasilat-pay
bölgüsü sazişləri çərçivəsində
indiyədək neft sənayesinə 25 milyard ABŞ dollarından
artıq sərmayə qoyulub. Bunun nəticəsində Azərbaycanda
neft və qaz hasilatının həcminin kəskin
artımına nail olunub. Azərbaycan qısa zamanda həm
maliyyə baxımından, həm də yerli resurslar
baxımından özünü təmin edən ölkəyə
çevrilib”.
“Şahdəniz”
yatağının hazırda işləndiyini deyən N.Əliyev
qeyd edib ki, 2012-ci ilədək “Şahdəniz”
yatağından ildə təxminən 9 milyard kubmetr qaz və
gündə 40 min barel kondensat çıxarılması
gözlənilir. Hazırda isə bu yataqdan gün ərzində
4 quyu vasitəsilə 23 milyon kubmetr qaz və 6 min ton kondensat
hasil olunur. 5-ci quyu bu yaxınlarda istismara veriləcək.
N.Əliyev, həmçinin,
vurğulayıb ki, 2006-cı ildə istismara verilmiş
Bakı-Tbilisi-Ceyhan (BTC) kəmərindən Ceyhan limanına
bugünədək 80 milyon ton neft ötürülüb. Nazirin
sözlərinə görə, BTC-nin gündəlik nəqletmə
gücü 1 milyon bareldir: “Texniki və texnoloji tədbirlər
sayəsində BTC-nin ötürücülük qabiliyyəti
20 faiz artırılıb və hazırda kəmər vasitəsilə
gün ərzində 1,2 milyon barel neftin nəqli
üçün imkan yaranıb. Vaxtilə bu layihə qiymətləndirilərkən
1 milyon barel həcmində götürülürdü. O vaxt
rəqiblərimiz deyirdi ki, Azərbaycan bu kəməri doldura
bilməz. Amma biz sübut etdik ki, Heydər Əliyev siyasəti
qalib gəldi. Gələn il isə kəmərin
nəqletmə gücü
1,6 milyon barelə çatdırılacaq”.
Milli Məclisin Regional məsələlər
komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü
Arif Rəhimzadə məruzəsində ötən əsrin
90-cı illərinin əvvəllərində Azərbaycanda
gedən prosesləri xatırladaraq, səriştəsiz
insanların hakimiyyətə yiyələnməsi nəticəsində
baş verənləri konkret faktlarla göstərib. A.Rəhimzadə
vurğulayıb ki, məhz bu cür siyasət o zamankı
iqtidarı iflic vəziyyətə saldı, ölkədə
vətəndaş müharibəsi başladı. Səriştəsiz
rəhbərlik nəticəsində müstəqilliyimiz
süquta uğramaq təhlükəsi ilə üzləşdi.
Xaos və anarxiyadan cana doymuş xalqın səbir
kasasını dolduran son damla isə Gəncə hadisələri
oldu. Bu, AXC-Müsavat hakimiyyətinin məntiqi süqutunu
yaxınlaşdıran hadisə idi.
Gəncədə
baş verən faciənin təfərrüatı haqqında ətraflı
məlumat verən məruzəçi qeyd edib ki, tarixin bu
böhranlı məqamında xalq gözünü
böyük oğlu, daim qəlbində və yaddaşında
yaşatdığı Heydər Əliyevə dikmişdi:
“Hamı başa düşürdü ki, xalqı bu fəlakətdən
yalnız Heydər Əliyev xilas edə bilərdi. Ulu öndərin
hakimiyyətə gətirilməsinin legitim yolu haqqında
düşünən ziyalılar Ona yeni yaradılacaq siyasi
partiyaya rəhbərlik etməyi təklif etdilər. Canı qədər
sevdiyi Vətəninin və xalqının taleyinə biganə
qala bilməyən Ulu öndər bu
çağırışa müsbət cavab verdi. 1992-cü
ilin noyabrında Naxçıvanda təsis konfransı
keçirilən Yeni Azərbaycan Partiyasının digər
rayonlarda təşkilatları görünməmiş sürətlə
yaranırdı. Ölkədə mövcud olan vəziyyət
Ulu öndərin hakimiyyətə qayıdışını
və xalqın qurtuluşunu təmin etdi”.
Onun sözlərinə
görə, Ümummilli liderimizin böyük uzaqgörənliklə
müəyyən etdiyi strateji xətt bu gün Azərbaycanı
regionun lider dövlətinə çevirib. Məhz bu xəttin
uğurla həyata keçirilməsi nəticəsində
respublikamızda aparılan islahatlar sürətlə davam
etdirilir, paytaxtla yanaşı rayonlarda da böyük quruculuq
işləri aparılır.
“Milli Qurtuluş: xaosdan
sabitliyə” adlı məruzəsində Mili Məclisin Aqrar
siyasət komitəsinin sədri, YAP Siyasi Şurasının
üzvü Eldar İbrahimov 15 İyun - Milli Qurtuluş
Gününün mahiyyəti, onun müstəqil Azərbaycan
dövlətinin formalaşmasında və inkişafında
rolu barədə geniş danışıb. E.İbrahimov
böyük qayıdışı doğuran səbəbləri,
həmin vaxt cərəyan edən hadisələrin siyasi mahiyyətini
açaraq vurğulayıb ki, Ulu öndər Heydər Əliyev
öz liderlik keyfiyyətləri ilə dünyanın siyasi
elitasının ən uca zirvəsində duran nəhəng
şəxsiyyətlərdəndir. Bu zirvədən
bütöv bir xalqın - Azərbaycan xalqının dünəni,
bu günü və sabahı görünür. Bu dahi şəxsiyyətin
fəaliyyətinin hər səhifəsi Azərbaycanın son
yarıməsrlik tarixinin mərhələləri ilə
üst-üstə düşür. Ona görə də, ən
yeni tariximizi Ümummilli lider Heydər Əliyevdən ayrı
təsəvvür etmək mümkün deyil.
Milli Qurtuluş Günündən sonra Ümummilli lider Heydər
Əliyevin hüquqi, demokratik və dünyəvi dövlət
quruculuğu yolunu tutmasından, buna qədər
Naxçıvanda Ali Məclisin sədri olarkən həyata
keçirdiyi islahatlardan danışan komitə sədri
bildirib ki, Ulu öndər demokratik Azərbaycanın gələcək
inkişaf istiqamətlərinin əsasını məhz bu qədim
torpağımızda başlamışdı: “Blokada şəraitində
olan, heç kimdən yardım və kömək almayan,
öz taleyi ilə baş-başa qalıb həddindən
çox ağır şəraitdə yaşayan
Naxçıvanda Heydər Əliyev gələcəyə nur
kimi işıq saçmağa başladı. İlk növbədə,
Naxçıvanın müdafiəsini təmin etmək məqsədi
ilə Onun rəhbərliyi altında Müdafiə Komitəsi
yaradıldı və erməni hücumlarına tutarlı
cavablar verildi. Respublikada ilk dəfə olaraq sovet ordu hissələri
bütün əmlakını qoyaraq muxtar respublikanın ərazisini
tərk etdi. Qonşu Türkiyə və İranla münasibətlər
normallaşdırıldı, əlaqələr genişləndirildi,
Sədərəkdə “Ümid körpüsü” inşa
olundu. Muxtar respublikada siyasi və iqtisadi sabitlik bərpa edildi.
İlk dəfə məhz burada torpaq islahatlarına və
bazar iqtisadiyyatının ayrılmaz atributu olan dövlət əmlakının
özəlləşdirilməsinə başlanıldı”.
E.İbrahimov Ulu öndər
Heydər Əliyevin hakimiyyətə qayıtdıqdan sonra həmin
islahatları daha geniş çərçivədə tətbiq
etdiyini, məhz bunun nəticəsində də bu gün
ölkəmizin qüdrətli dövlətə
çevrildiyini vurğulayıb.
Azərbaycanın gələcəyinin
daha işıqlı və firavan göründüyünü
qeyd edən natiq bunun Ulu öndərin siyasi xəttinin
ardıcıl və davamlı şəkildə həyata
keçirilməsi sayəsində əldə
olunacağını qeyd edib.
Konfransı
yekunlaşdıran YAP-ın Sədr müavini-İcra katibi Əli
Əhmədov vurğulayıb ki, hakimiyyətə
qayıtdıqdan sonra həyata keçirdiyi islahatlar, yeritdiyi
siyasət nəticəsində Azərbaycanı bütün
dünyaya tanıdan Ümummilli lider xalqımızın
öz seçimində yanılmadığını sübut
edib: “Sevindirici haldır ki, Ulu öndərin əsasını
qoyduğu ideyalar bu gün Prezident İlham Əliyev tərəfindən
uğurla həyata keçirilir, Azərbaycan xalqı Onun rəhbərliyi
altında xoşbəxt gələcəyə doğru qətiyyətlə
addımlayır. Qurtuluş məfkurəsi də Azərbaycan
tarixində daim yaşayacaq”.
Nardar BAYRAMLI
Yeni Azərbaycan.- 2009.- 17 iyun.- S.3.