“AZƏRBAYCANIM” tamaşaçıları riqqətə gətirdi

 

Milli Qurtuluş Gününə həsr olunmuş musiqili tamaşanın təqdimatı aramsız alqışlarla müşayiət olundu

 

15 İyun - Milli Qurtuluş Günü münasibətilə respublikanın hər yerində çeşidli və yaddaqalan tədbirlər keçirildi. Belə tədbirlərdən biri də Səməd Vurğun adına Dövlət Rus Dram Teatrında təşkil olundu. İki gün öncə sözügedən teatrın səhnəsində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və “İRƏLİ” İctimai Birliyinin dəstəyi, eyni zamanda, İctimai Birliyin “Yaradıcı laboratoriyası” ilə Uşaq Teatrının birgə layihəsi əsasında 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş “AZƏRBAYCANIM” adlı musiqili tamaşanın premyerası baş tutdu.

Premyeradan öncə tamaşaçılar qarşısında çıxış edən “İRƏLİ” İctimai Birliyinin sədri Ceyhun Osmanlı 15 İyun - Milli Qurtuluş Gününün əhəmiyyətindən danışdı. Onun sözlərinə görə, “İRƏLİ” İctimai Birliyinin “Yaradıcı laboratoriyası” da məhz bu günün müasir Azərbaycan dövlətçiliyinin tarixində xüsusi yer tutduğunu nəzərə alaraq “AZƏRBAYCANIM” adlı musiqili tamaşanı hazırlamağa qərar verib: “Biz hər zaman dövlətimizin tarixində xüsusi önəm daşıyan günlərlə bağlı müəyyən tədbirlər təşkil edirik. Bu dəfə isə qərara gəldik ki, “AZƏRBAYCANIM” adlı musiqili tamaşanı sizlərə təqdim edək. İnanıram ki, quruluşçu rejissoru İntiqam Soltan, rejissor assistenti Xatirə Şirəliyeva, musiqi tərtibatçısı Mahir İbrahimov olan tamaşa hər birinizin ürəyincə olacaq”.

Çıxış üçün söz alan Uşaq Teatrının rəhbəri İntiqam Soltan dedi ki, əslində, bu tamaşaya quruluş verməklə o, bir arzusunu reallaşdırıb: “Uzun müddətdir ki, Azərbaycan himnini səhnələşdirmək istəyirdim. Ümid edirəm ki, sizlərə maraqlı bir tamaşa təqdim edə biləcəyik. Yekun qiyməti isə təbii ki, sizlər, tamaşaçılar verəcək. Hamınızı tamaşaya baxmağa dəvət edirəm”.

Çıxışlardan sonra üç gənc aktyorun - Rüfət Mehman, Elvin Əhməd və Cavanşir Məhərrəmovun yer aldığı tamaşa nümayiş olundu. Tamaşada cəmi üç gənc aktyorun yer almasını xüsusi olaraq vurğulamaqda isə məqsədim var. Məsələ burasındadır ki, Azərbaycan bayrağının rənglərinə uyğun geyimlə səhnəyə çıxan bu gənc aktyorlar təxminən 30-40 dəqiqə ərzində bir kəlmə söz işlətmədən, maraqlı hərəkətləri ilə tamaşaçıya böyük bir tarixi nümayiş etdirdilər. Elə bir tarix ki, orada insanlığın yaranışından, türklüyün formalaşmasından, xalqımızın İslamı qəbul etməsindən başlayaraq bu günə kimi başımıza gələn faciələr öz əksini tapmışdı.

Tamaşanın maraqlı məqamlarından biri də keçmiş səhvlərimizdən nəticə çıxarmaq üçün bizlərə ünvanlanmış sözsüz müraciət idi. Daha doğrusu, bu tamaşa bizlərə bir daha xatırlatdı ki, istər dini, istərsə də milli baxımından öz kökündən ayrı düşən xalqı böyük faciələr, başqa dövlətlərin təsiri altına düşmək təhlükəsi gözləyir.

Bütün bunlarla yanaşı, tamaşa müsbət bir sonluqla bitir. Bu sonluq özünü üçrəngli Azərbaycan bayrağının dalğalanmasında, Azərbaycan himninin və ən nəhayət, Ümummilli lider Heydər Əliyevin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” sözlərinin səslənməsində təcəssüm etdirir.

Beləliklə, daha bir tamaşanın premyerası baş tutdu. Milli Qurtuluş Gününə həsr olunmuş musiqili tamaşanın təqdimatının aramsız alqışlarla müşayiət olunması isə çəkilən zəhmətin heç də hədər getmədiyini təsdiqlədi.

 

 

Yeni Azərbaycan.- 2009.- 17 iyun.- S.8.