Görkəmli alim Heydər Hüseynovun 100 illiyinə
həsr olunmuş konfrans keçirilib
Azərbaycan Milli Elmlər Akademiyası
(AMEA) Rəyasət Heyətinin
binasında görkəmli
filosof, ədəbiyyatşünas,
elm təşkilatçısı, ictimai xadim, SSRİ Dövlət Mükafatı
laureatı, akademik Heydər Hüseynovun anadan olmasının 100 illiyinə həsr edilmiş konfrans keçirilib.
Tanınmış alimlərin,
ictimaiyyət nümayəndələrinin iştirak etdikləri
tədbirdə çıxış edən AMEA-nın birinci
vitse-prezidenti, akademik Arif Həşimov Prezident İlham Əliyevin
Heydər Hüseynovun 100 illik yubileyinin keçirilməsi
haqqında müvafiq Sərəncamının əhəmiyyətini
vurğulayıb.
Alimin elm sahəsində
səmərəli xidmətlərini qeyd edən A.Həşimov,
onun xatirəsinin daim əziz tutulacağını bildirib.
Məruzələrlə
çıxış edən fəlsəfə elmləri
doktorları İlham Məmmədzadə və Zümrüd
Quluzadə H.Hüseynovun mənalı ömür yolundan,
geniş elmi yaradıcılığından bəhs edib, Azərbaycan
Elmlər Akademiyasının ilk akademiklərindən biri kimi
onun ictimai və humanitar elmlərin, xüsusilə fəlsəfənin
inkişafındakı böyük xidmətlərini diqqətə
çatdırıblar. H.Hüseynov 1931-ci ildə Azərbaycan
Dövlət Pedaqoji İnstitutunu (indiki ADPU) bitirib, Dövlət
Elmi Tədqiqat İnstitutunun aspirantı olub. 1939-cu ildə fəlsəfə
elmləri namizədi, 1944-cü ildə elmlər doktoru alimlik
dərəcəsi alıb, professor elmi adına layiq
görülüb. O, 1945-ci ildə Azərbaycan SSR Elmlər
Akademiyasının həqiqi üzvü seçilib. Uzun
müddət ali məktəblərdə və elm müəssisələrində
məsul vəzifələrdə çalışıb, Azərbaycan
Elmlər Akademiyasının vitse-prezidenti olub. 300-dək
monoqrafiya, kitab və məqalələrin müəllifi olan
H.Hüseynov ölkəmizdə elmin, təhsilin
inkişafına çox dəyərli töhfələr
verib. Akademik Fuad Qasımzadə və digər alimlər də
akademik Heydər Hüseynovun əsərlərinin əhəmiyyətindən
danışıblar.
Yeni Azərbaycan.- 2009.- 18 iyun.- S.8.