“Regionların sosial-iqtisadi
inkişafı Dövlət
Proqramı”nın birinci mərhələsi Lənkəranda yüksək
göstəricilərlə yekunlaşdırılıb
Dövlət Proqramının
davamı olaraq
2009-2013-cü illər üçün
rayonun sosial-iqtisadi inkişafı ilə bağlı yeni tədbirlər planı hazırlanıb və görüləcək işlər
proqnozlaşdırılıb
Ləngərməkandan Lənkəranadək...
Lənkəran Azərbaycanın
çox qədim yaşayış məskənlərindən
biridir. Bölgə ərazisində aparılmış
arxeoloji qazıntılar bu yerlərdə hələ tünc
dövründən, yəni, eramızdan əvvəl III-II
minilliklərdə insanların yaşadığını təsdiq
edib. Əlverişli iqtisadi-coğrafi mövqeyi, füsunkar təbiəti,
geniş əlaqələri, Qərblə Şərqi birləşdirən
əsas karvan yollarının üstündə və Xəzər
dənizi sahillərində yerləşməsi onun
inkişafını xeyli sürətləndirib.
Xatırladaq ki, 1747-ci
ildən Lənkəran Talış xanlığının mərkəzi
şəhərinə çevrilib. Münbit torpaqları, bol
suyu və mülayim iqlimi olan Lənkəranda əhalinin ən
qədim məşğuliyyəti əkinçilik,
maldarlıq, bağçılıq,
balıqçılıq, ipəkçilik və
arıçılıq olub. Lənkəranda dəmirçilik,
misgərlik, dulusçuluq və başqa sənətlər
geniş yayılıb, xanlığın iqtisadi
inkişafında ticarət mühüm rol oynayıb, İran,
Türkiyə, Rusiya, Orta Asiya dövlətləri ilə,
Çin, Pakistan, Hindistanla ticarət əlaqələri
yaradılıb.
1813-cü il
“Gülüstan” sülh müqaviləsi ilə Azərbaycanın
şimal hissəsi Rusiyaya qatıldıqdan sonra Lənkəran
rus imperiyasının ucqarlarındakı əsas şəhərlərindən
birinə çevrilib. Şəhərdə taxta, kirəmit, kərpic
zavodları, şəkər qamışından qənd,
üzüm, balıq məhsulları istehsal edən sənaye
müəssisələri yaradılıb. XVIII-XIX əsrlərdə
Lənkəran xarici ölkələrə düyü, kətan,
ipək, tərəvəz, meşə materialları,
balıqçılıq məhsulları ixrac edib. Bu məhsullar
əsasən Rusiyaya ixrac olunub. Azərbaycanda sovet hakimiyyəti
illərində Lənkəran iqtisadiyyat, mədəniyyət,
təhsil, səhiyyə və digər sahələrdə
böyük uğurlar qazanıb.
Ümumiyyətlə, Lənkəran
rayonunun adı ilə bağlı alimlər bir çox
versiyalar irəli sürürlər. Amma biz daha çox Lənkəranın
gözəl təbiəti və əhəmiyyətli ticarət
yollarının üzərində yerləşməsi
ehtimalı ilə əlaqədar rayonun adının
etimologiyasını araşdırmağa üstünlük
veririk. Çünki, Şərqlə Qərb arasında yerləşən
Azərbaycan mühüm ticarət yollarının mərkəzində
qərar tutduğundan bu ərazidən tacirlər tez-tez
keçib digər ölkələrə gedirdilər. Əlbəttə
ki, füsunkar təbiəti, soyuq bulaqları, müalicəvi
suları həmin tacirləri, eyni zamanda, Lənkəranda ləngiməyə
vadar edirdi. Bu baxımdan rayonun ilkin adlarından biri kimi Ləngərməkan
adlandırılmağa başlandı...
Nəzərdə tutulan
işlər yüksək keyfiyyətlə tamamlanıb...
Prezident İlham Əliyev
tərəfindən təsdiqlənmiş “Regionların
sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın
(2004-2008-ci illər) icrası istiqamətində
görülmüş işlər nəticəsində
2004-cü ildən bəri ölkəmizdə yüzlərlə
irihəcmli layihələr həyata keçirilib, 766 min
iş yeri açılıb, 1600 məktəb, 240 tibb müəssisəsi,
14 Olimpiya İdman Kompleksi, 4 beynəlxalq aeroport tikilib istifadəyə
verilib.
Qeyd edək ki, 5 illik
üçün qəbul olunmuş Dövlət
Proqramının ölkəmizin sürətli
inkişafında misilsiz rolu olub. Dövlət Proqramında nəzərdə
tutulmuş işlərin vaxtında görülməsi nəticəsində
Azərbaycanın bütün bölgələri kimi, Lənkəran
şəhərinin və bütövlükdə rayonun da
siması tamamilə dəyişib.
Ötən müddət
ərzində rayonda geniş quruculuq-abadlıq işləri
görülüb, yeni müəssisələr, emal sexləri,
sosial-mədəni obyektlər, turizm mərkəzləri
tikilib, yol infrastrukturu yaxşılaşdırılıb, minlərlə
iş yeri açılıb.
Son 5 il ərzində
rayonda 18 təzə məktəb binası tikilib istifadəyə
verilib, bir məktəbin və bir uşaq
bağçasının tikintisinə başlanılıb. Bu
məktəblərdən 14-ü son 3 il ərzində tikilib
istifadəyə verilib. Yeni tikilən məktəblərdən
9-u Heydər Əliyev Fondunun hesabına inşa olunub.
Müqayisə
üçün deyək ki, son 25 il ərzində Lənkəranda
26 məktəb tikilib, onlardan 18-i son 5 ildə tikilib istifadəyə
verilib. Osman Mirzəyev adına uşaq evi Heydər Əliyev
Fondunun hesabına əsaslı təmir edilərək yenidən
qurulub, ən müasir avadanlıqlar və dərs ləvazimatları
ilə təchiz edilib.
Heydər Əliyev
Fondunun hesabına Siyavar kənd orta məktəbində 60
yerlik 3 sinif otağı əsaslı təmir edilib, Separadi kənd
orta məktəbində 180, Liman 2 saylı orta məktəbində
60, dövlət vəsaiti hesabına Şıxəkəran kənd
orta məktəbində 180, Sirinsu qəsəbə orta məktəbində
120 şagird yerlik əlavə sinif otaqları tikilib, şəhər
5 saylı orta məktəb və Lənkəran Dövlət
Universitetinin humanitar fakültəsinin binası təmir olunub,
Lənkəran Humanitar Kollecinin binası isə əsaslı təmirdən
sonra alkaponla örtülüb.
Rayonda əhaliyə
göstərilən səhiyyə xidmətini
yaxşılaşdırmaq üçün son 3 il ərzində
Regional Müalicə Diaqnostika Mərkəzi, Uşaq
Sağlamlıq Mərkəzi, Əlillərin Regional Bərpa
Mərkəzi, o cümlədən, 14 kənd feldşer-mama məntəqəsi
və həkim ambulatoriyası tikilib. Tibb məntəqələrinin
böyük əksəriyyəti son 2 il ərzində ucqar kənd
ərazilərində tikilib, dağ kəndlərinin əhalisinə
xidmət etmək üçün 2 ədəd təcili tibbi
yardım maşını verilib.
Son 3 ildə şəhərdə
Tikiş fabriki, emal sexləri, müxtəlif istehsal və xidmət
müəssisələri, beynəlxalq hava limanı, futbol
stadionu, süd zavodu, 16, 24 və 40 mənzilli
yaşayış evləri, Fövqəladə Hallar
Nazirliyinin regional inzibati binası, Heydər Əliyev xatirə
müzeyi, Heydər Əliyev xatirə parkı, Əsgər Əliyev
adına “Dostluq” parkı, həmin parkda Azərbaycanın
iqtisadi rayonlarının göstəricilərini əks etdirən
lövhələr quraşdırılıb, azərbaycanlıların
soyqırımı qurbanlarına abidə ucaldılıb, ətrafında
park salınıb, Həzi Aslanov parkı əsaslı bərpa
olunub, orada yeni işıqlandırıcılar qurulub, Dənizkənarı
park, Xalq Sənətkarlığı Şəhərciyi,
Göyşaban dairəsində qədim Lənkəran
qalasının rəmzi divarı və ətrafında abidələr
kompleksi tikilib, Qumbaşı, Göyşaban və Gərmətük
yol dairələrində mənzərəli guşələr
yaradılıb, “Qafqaz sahil” oteli, Palıdlı sahil, Bəşəru
turizm obyektləri tikilib, tarixi abidələr bərpa olunub,
yeni xiyabanlar salınıb, yollar, körpülər təmir
edilib, yeni küçə
işıqlandırıcıları qurulub.
Eyni zamanda, Dövlət
Proqramına uyğun olaraq kənd təsərrüfatının
inkişafı məqsədilə Aqrotexservis xidməti
yaradılıb, bəzi kəndlərə təbii qazın
verilməsi bərpa olunub, şəhərdə
qazlaşdırma işi davam etdirilib. Bütün bunlar rayonun
sürətli sosial-iqtisadi inkişafının göstəriciləridir.
Rayonun sosial-iqtisadi
inkişafını əks etdirən digər statistik göstəricilər
də 5 il əvvəlki dövrlə müqayisədə
çox yüksəkdir. Bu dövrdə rayon üzrə orta
aylıq əmək haqqı ilbəil artıb. Rayonda orta
aylıq əmək haqqı 2004-cü ildə 37 manat, 2005-ci
ildə 54 manat, 2006-cı ildə 71 manat, 2007-ci ildə 99
manat, 2008-ci ildə isə 140 manat olub.
2008-ci ildə rayonda
sosial-iqtisadi inkişafın sürətlənməsində
sahibkarlıq fəaliyyətinin güclənməsinin
mühüm rolu olub. Sahibkarlarla işin
canlandırılması, bu sahədə mövcud olan çətinliklərin
aradan qaldırılması onları daha da ruhlandırıb və
fəaliyyətlərini genişləndirməyə həvəsləndirib.
İl ərzində sahibkarlara və fərdi əməklə
məşğul olanlara bank-kredit təşkilatlarından 9
milyon 665 min manat kredit verilib. Sahibkarlığın
inkişafı üçün yaradılmış əlverişli
şəraitin nəticəsidir ki, 2008-ci ildə rayonda
ümumi məhsul buraxılışı 5,4 faiz
çoxalıb.
2008-ci ildə
bütün maliyyə mənbələri hesabına rayon iqtisadiyyatının
inkişafına 53,7 milyon manat və ya, 2007-ci illə
müqayisədə 24,1 faiz çox əsas kapitala investisiya
yönəldilib. Ümumi investisiyanın
tikinti-quraşdırma işlərində istifadə
edilmiş həcmi 12,6 faiz artaraq 43,1 milyon manat təşkil
edib.
Sənayeləşmə
sürətlənir...
Sənayedə
istehsalın 91,5 faizi, aqrar bölmədə 99,9 faizi və
pullu xidmətlərin 83,2 faizi özəl bölmənin
payına düşür. İl ərzində rayonda 6,4 milyon
manatlıq və ya ötən ildəkindən 29,4 faiz
çox sənaye məhsulu istehsal olunub.
Sənayenin qeyri-dövlət
sektorunda istehsalın həcmi 32,1 faiz artıb və sənaye
məhsulunun ümumi həcmində onun xüsusi çəkisi
91,5 faiz təşkil edib. Sənaye müəssisələrində
1609 nəfər əməyə cəlb olunub. Bu da keçən
ildən 10,4 faiz çoxdur. Sənayedə işləyənlərin
orta aylıq əməkhaqqı 16,4 faiz artaraq 121 manat təşkil
edib.
Balıq sənayesində
“Xəzərbalıq” MMC, “Sara” MMC, “Kaspi” müəssisələri
tərəfindən 560 ton müxtəlif növ balıq və
balıq məhsulları istehsal edilib.
“Nur-süd” MMC-nin fəaliyyətə
başlaması rayonda yeyinti məhsullarının həm
çeşidini, həm də keyfiyyətini yüksəldib. Müəssisə
tərəfindən il ərzində 2 milyon 417 min litr süd
emal olunub və 7 adda süd məhsulları istehsal edilib. Müəssisədə
200-ə qədər insan çalışır.
“Lənkəran konserv”
MMC-də, “Çinar” firmasında, “Optimal” MMC-də 2004 ton
tomat pastası, 9615 ton konservləşdirilmiş tərəvəz,
meyvə şirəsi və kompot, “Ümman” MMC-də xarici
ölkələrə ixrac olunmaq üçün 735 min ədəd
şərti banka nar şirəsi istehsal olunub.
Rayonda tikintinin geniş
vüsət alması kərpic istehsalını 2 dəfə
artırıb. İl ərzində 3 milyon ədəd kərpic
və kərpic bloku istehsal edilib.
Kənd təsərrüfatında
irəliləyişlər...
Digər sahələrdə
olduğu kimi, Lənkəran da aqrar sferada yüksək
göstəricilərlə diqqəti cəlb etməkdədir.
Rayonda Aqrotexservis kənd təsərrüfatı məhsulları
istehsalçılarına güzəştli qaydada 328 ton
mineral gübrə, hər hektar əkin sahəsinə görə
isə 40 manat olmaqla, 1559 nəfərə 130434 manat subsidiya
verilib.
İl ərzində
heyvandarlıq sahəsində də inkişaf davam edib. Həm
mal-qaranın baş sayı və həm də məhsul
istehsalı dinamik olaraq artıb.
Hazırda rayonda kənd
təsərrüfatı məhsulları emalı zavodunun
tikintisi davam etdirilir. Zavod təkcə Lənkəranda deyil, ətraf
rayonlarda istehsal olunan məhsulları da emal üçün qəbul
edəcək. Zavodun fəaliyyət dairəsi öz işçilərindən
əlavə minlərlə torpaq sahibi üçün də
iş yeri olacaq. Torpaq sahibləri şəxsi təsərrüfatlarında
yetişdirdikləri məhsulu əlverişli qiymətə
zavoda satacaqlar. Bundan başqa, zavodun yaxınlığında
məhsul tutumu 6700 ton olan soyuducu saxlama anbarı tikilib. Bu da
sahibkarlara yetişdirdiyi məhsulu istənilən müddətə
saxlamağa imkan verəcək.
Bu məsələ həm
Prezident İlham Əliyevin imzaladığı “2008-2015-ci illərdə
Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları
ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın,
həm də 2009-2013-cü illər üçün rayonun
sosial-iqtisadi inkişafı ilə bağlı qəbul olunan
yeni Dövlət Proqramının icrasında mühüm rol
oynayacaq. Bu səbəbdən də rayonda ilk növbədə
əkin sahələri genişləndirilir.
Yol tikintisi və təmiri...
Ötən il şəhərin
bəzi küçələrində, magistral yollarda təmir-bərpa
işləri aparılıb, lazımi yerlərə
çınqıl döşənib. Lənkəran
çayı üzərindəki körpü, Mərkəzi Xəstəxanaya
gedən yol asfaltla örtülüb, 3 istiqamətdə
dağ kəndlərinə gedən yolların əsaslı təmiri
başa çatdırılıb. Ümumilikdə, son 3 ildə
rayon ərazisində 67 km respublika və yerli əhəmiyyətli,
habelə kəndlərarası yollar əsaslı şəkildə
təmir olunaraq asfaltlaşdırılıb. Şəhərin
turizm zonasına daxil olan Tofiq İsmayılov küçəsinin
4,6 kilometrlik hissəsi yenidən asfaltlanıb, yol boyu səkilərə
keramik üzlük döşənib, ətrafı
naxışlı dəmir şəbəkələrlə
hörülüb, müasir küçə
işıqlandırıcıları
quraşdırılıb. Bundan başqa, şəhərin Məmmədəmin
Rəsulzadə, Füzuli, Nəsimi, Şirəli Axundov,
Paşa Təhməzov, Axundzadə, Fikrət Məmmədov və
Koroğlu küçələri
asfaltlaşdırılıb, Qala və Şəhidlər
Xiyabanları əsaslı şəkildə yenidən qurulub, əraziyə
mərmər üzlük döşənib, təyyarə
limanına gedən yolda müasir
işıqlandırıcılar quraşdırılıb,
piyadalar üçün səkilər tikilib və əraziyə
asfalt döşənib. Liman şəhəri, Qumbaşı,
Ürgə kəndləri ərazisində və Tofiq
İsmayılov küçəsində 5 körpü əsaslı
təmir olunub, üstündə yeni məhəccərlər
və işıqlandırıcılar
quraşdırılıb.
Rayonun giriş hissəsi
olan Qumbaşı kəndi ərazisindən başlayaraq Astara
rayonu sərhəddinə qədər magistral yollar boyunca və
şəhərdə, habelə təyyarə limanı ərazisində
hasarlar və evlərin barıları başdan-başa
suvaqlanıb, bəzi yerlərdə hasarlar yenidən tikilib və
ya bərpa edilib, qapılar, hasarlar və evlər rənglənib.
Həmin ərazilərdə mövcud olan köhnə,
yöndəmsiz şəxsi evlər, şəhərdə 4,
5 və 9 mərtəbəli 3 yaşayış binası əsaslı
təmir edilib. Magistral yollar boyunca yaşayış məntəqələrinin
adlarını bildirən müasir göstəricilər
qurulub.
Məşğulluq və
sosial müdafiə məsələləri prioritet olaraq
qalır...
Lənkəran rayonunda,
eyni zamanda, əhalinin yüksək maaşlı iş yerləri
ilə təmin edilməsi məsələsi də prioritet
xarakter daşıyır. Qeyd edək ki, ötən
il əhalinin işlə təmini sahəsində fəaliyyətlər
davam etdirilib, əmək yarmarkası keçirilib, məşğulluq
mərkəzi tərəfindən
25 nəfərə işsiz
statusu verilib, 801 nəfər işlə təmin edilib. Ümumiyyətlə isə,
2008-ci ildə rayonda
4312 iş yeri açılıb. Onlardan
da 2178-i daimi iş yerləridir. Ümumilikdə, Dövlət
Proqramının icrasına
başlanandan bu günə qədər
24035 yeni iş yeri açılıb. Bunlardan 13230-u daimi iş yerləridir.
Əhalinin sosial
müdafiəsinin gücləndirilməsi, ünvanlı
dövlət sosial yardımın, pensiyaların vaxtında
verilməsi, aztəminatlı ailələrə
qayğının artırılması daim diqqət mərkəzində
olub.
Məlumat
üçün bildirək ki, 2008-ci ildə rayon Sosial
Müdafiə Fondu üçün yeni inzibati bina tikilib
istifadəyə verilib. İl ərzində əmək
pensiyalarının və müavinətlərin ödənilməsinə
26 milyon 88 min manat vəsait yönəldilib. Məcburi dövlət
sosial sığorta haqqlarının yığımı
üzrə proqnoza 94,5 faiz əməl olunub. Hər ay vətəndaşlara
pensiyaların vaxtında ödənilməsi təmin edilib.
Rayonda 27089 nəfər pensiyaçıya vəsait plastik
kartlar vasitəsilə ödənilir, bu da ümumi
pensiyaçıların 95 faizini təşkil edir.
2008-ci ildə 4410 aztəminatlı
ailəyə ünvanlı sosial yardım ödənilib, 8 nəfər
imtiyazlı şəxsə OKA avtomobili, 48 nəfərə
kompensasiya verilib, Qarabağ əlilləri və şəhid
ailələri üçün 24 mənzilli
yaşayış evi, Əmək və Əhalinin Sosial
Müdafiə Mərkəzi üçün inzibati bina tikilib
istifadəyə verilib, Qarabağ əlilləri və şəhid
ailələri üçün daha bir 36 mənzilli
yaşayış evinin tikintisinə başlanılıb.
Hesabat ilində şəhərdə
və rayon ərazisində əhalinin fasiləsiz elektrik
enerjisi və təbii qazla təmin olunması
üçün zəruri tədbirlər də davam etdirilib. 2008-ci
ildə rayon Paylayıcı Elektrik Şəbəkəsi
istehlakçı qruplara 6 milyon 779 min 411 manat dəyərində
112 milyon 990 min 191 kvt/ saat elektrik enerjisi satıb, ödəniş
isə 4 milyon 978 min 811 manat olub. Bu da enerji dəyərinin 73,4
faizini təşkil edib. Əhali sektorunda isə ödəniş
93,1 faiz olub.
Rayon Qaz İstismar
İdarəsi il ərzində 11665 abonentə 1 milyon 392 min 794
manat dəyərində 28 milyon 591 min 700 kub/metr təbii qaz
verib, ödəniş isə 737 min 526 manat olub. Bu da ümumi
dəyərin 53 faizini təşkil edir. Kənd yerlərində
qazlaşma işi davam etdirilir. Lənkəran və Liman şəhərlərindən
başqa rayonun Digah, Şilavar, Xarxatan, Şağlaser, Separadi
və Vilvan kəndlərinə qazın verilməsi bərpa
edilib. Hazırda şəhərin mövcud qaz kəmərlərinin
yeniləşdirilməsi və qaz xətti bərpa edilməyən
küçələrinə yeni xətlərin çəkilməsi
ilə əlaqədar quraşdırma işləri davam
etdirilir.
Bununla yanaşı, rayonda su-kanal idarəsi tərəfindən
2008-ci ildə əhalinin içməli su ilə təmini
işini yaxşılaşdırmaq üçün Xanbulan-Lənkəran
ana su xətti üzərində iş davam etdirilib, 3 km
uzunluqda diametri 530 mm olan su borusu yenisi ilə əvəz edilərək
suyun şəhərə öz axını ilə gəlməsi
təmin olunub, 4 km uzunluqda diametri 530 mm olan su boruları təmir
edilib və suyun səmərəsiz yerə axmasının
qarşısı alınıb. Bu işlərdən başqa,
“Regionların sosial-iqtisadi inkişafı Dövlət
Proqramı”nda nəzərdə tutulmuş tədbirlər
planına əsasən şəhərin Koroğlu, Nizami və
2-ci mikrorayon ərazisində diametri 300 mm-lik plastik borularla 1,4
km uzunluqda kanalizasiya xətti yenisi ilə əvəz edilib. Şəhərin
mikrorayon ərazisində yaşayan sakinlərinin içməli
su ilə təchizatı müəyyən qədər
yaxşılaşıb. Hazırda 6900 abonentə içməli
su verilir, 7083 abonentə isə kanalizasiya xidməti göstərilir.
İl ərzində abonentlərə 60 min 814 manat dəyərində
su xidməti göstərilib, ödəniş isə 35447
manat təşkil edib.
Məlumat
üçün bildirək ki, Dövlət Proqramının
davamı olaraq 2009-2013-cü illər üçün rayonun
sosial-iqtisadi inkişafı ilə bağlı yeni proqram layihəsi
tərtib olunub və görüləcək işlər
proqnozlaşdırılıb. Layihədə rayonda turizmin
inkişafı ilə əlaqədar dənizsahili zonada yeni
turizm istirahət mərkəzlərinin yaradılması,
şəhərin su-kanalizasiya sisteminin yenidən qurulması,
yol infrastrukturunun yaxşılaşdırılması, şəhər
daxilində 178 km, rayon daxilində və kəndlərarası
yollarda 750 km asfaltlaşma işi, Sutamurdov, Qumbaşı, Girdəni,
Velədi və Veravul körpülərinin yenidən
qurulması və əsaslı təmiri, şəhərdə
yeni avtovağzal kompleksinin tikintisi nəzərdə tutulub. Mədəniyyət,
təhsil, səhiyyə və idmanın inkişafı ilə
bağlı tədbirlərin davam etdirilməsi, mədəniyyət
ocaqlarının təmiri, yeni səhiyyə obyektlərinin, məktəb
binalarının tikintisi, Olimpiya İdman Kompleksinin əsaslı
təmiri və orada üzgüçülük hovuzunun
tikintisi, rabitə xidmətinin
yaxşılaşdırılması üçün elektron
ATS-lərin və yeni nəsil elektron telefon şəbəkəsinin
quraşdırılması, yeni poçt binalarının, sənaye
və kənd təsərrüfatının
inkişafından ötrü tara müəssisəsinin,
soyuducu anbarların tikintisi, xaçaçılıq sexinin
yenidən qurulması nəzərdə tutulub. Eyni zamanda,
imtiyazlı ailələr üçün yeni
yaşayış binalarının tikintisi, mövcud çoxmərtəbəli
yaşayış binalarının əsaslı təmiri
planlaşdırılıb.
Lənkəranlılar
Ümummilli lider Heydər Əliyevin ideyalarına daim sadiqdirlər...
Qlobal böhranın təsirinə
baxmayaraq, inkişafı ləngiməyən Azərbaycanın
tərəqqisinin təcəssümü olan Lənkəranın
əhalisi hər zaman dövlətçiliyə sadiq olublar. Lənkəranlılar
Ümummilli lider Heydər Əliyevin ideyalarına sadiqliklərini
2008-ci ildə keçirilmiş prezident seçkilərində
və bu il baş tutmuş referendumda bir daha təsdiq ediblər.
Bütün bu işlərin həyata keçirilməsində,
həmçinin, YAP Lənkəran rayon təşkilatının
da rolunu qeyd etmək yerinə düşər.
Məlumat
üçün bildirək ki, YAP Lənkəran rayon təşkilatının
8543 nəfər üzvü var ki, onların 3095-ni qadın, 2813-nü
isə gənclər təşkil edir. 2009-cu ilin 5 ayı ərzində
rayon təşkilatının sıralarına 118 nəfər
daxil olub.
YAP Lənkəran rayon təşkilatının
sədri İlqar Mikayılovun sözlərinə görə,
lənkəranlılar Prezident İlham Əliyevin
yürütdüyü uğurlu daxili və xarici siyasəti dəstəkləyir:
“Lənkəranlıların siyasi proseslərdə aktiv
iştirak etməsi və Ulu öndər Heydər Əliyev
ideyalarına dəstək verməsi cənub zonasının
sakinlərinin dövlətçiliklə sıx bağlı
olduqlarını sübut edir”.
Ramil VƏLİBƏYOV
Yeni Azərbaycan.- 2009.- 18 iyun.- S.4-5.