İnkişaf edən, abadlaşan, yeniləşən Siyəzən

 

Regionların sosial-iqtisadi inkişafı Dövlət ProqramıSiyəzəndə öz bəhrələrini verir

 

İqtisadi inkişafın yeni mərhələsini yaşayan Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası uğurla davam etdirilir. Son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən kompleks tədbirlər Azərbaycanı yeni inkişaf yoluna çıxarıb. Yüksəliş dövrünü yaşayan dövlətimiz təkcə Cənubi Qafqazda deyil, bütün post-sovet məkanında ən aparıcı dövlətlərdən birinə çevrilib. Müstəqil Dövlətlər Birliyi beynəlxalq maliyyə institutlarının hesabatlarında qeyd olunur ki, cari ilin ilk rübü üzrə ən yüksək göstəricilər respublikamızda qeydə alınıb. Ümumilikdə bu il sosial iqtisadi sferalarda dinamik inkişafın geniş vüsət alması fonunda dünya iqtisadi böhranının respublikamıza təsirini məhdudlaşdırmaq mümkün olacaq.

Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi son illər iqtisadiyyatın bütün sahələrində böyük nailiyyətlərin əldə olunmasını, həmçinin, makroiqtisadi sabitliyin möhkəmləndirilməsini və tarazlı iqtisadi inkişafı təmin edib.

“Azərbaycan Respublikası regionlarının 2004-2008-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası nəticəsində Azərbaycanın bütün iqtisadi potensialı tam hərəkətə gətirildi. Ölkə başçısı tərəfindən təsdiq olunan Dövlət Proqramı ayrı-ayrı rayonlarda iqtisadiyyatın inkişafını sürətləndirməklə yanaşı, dövlət siyasətinin və dəstəyinin əsas istiqamətlərini də müəyyən etdi. Proqram çərçivəsində görülən işlərin nəticəsi olaraq Azərbaycanda əlverişli investisiya mühiti yaradıldı.

Dövlət başçısı İlham Əliyevin 14 aprel 2009-cu il tarixdə “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında imzaladığı Fərman isə mövcud potensialdan daha səmərəli istifadə etməklə bölgələrdə sənayenin, kənd təsərrüfatının və qeyri-neft sektorunun bütün sahələrinin inkişafını daha da sürətləndirməyə əhəmiyyətli baza yaradır. Belə ki, yeni Dövlət Proqramı sahibkarlara dəstək olmaq və əhalinin yaşayış səviyyəsini daha da yaxşılaşdırmaqla yoxsulluq probleminin həllinə nail olmağa xidmət edəcək.

Qeyd etmək lazımdır ki, regionların sosial-iqtisadi inkişafını daim diqqət mərkəzində saxlayan Prezident İlham Əliyev əvvəlki Dövlət Proqramının icrasına bilavasitə nəzarət etmək məqsədilə bu müddət ərzində regionlara 50-dən artıq səfər edib. Hər bir səfər də öz növbəsində yeni müəssisənin istifadəyə verilməsi və ya təməlinin qoyulması ilə əlamətdar olub. Ölkə başçısı Dövlət Proqramının icrası ilə yerindəcə tanış olub, bu səfərlərin nəticəsi olaraq ayrı-ayrı bölgələrin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə çoxsaylı Sərəncam imzalayıb.

 

Abadlaşan, yeniləşən Siyəzən...

 

Ölkəmizdəki sosial-iqtisadi inkişaf Siyəzən rayonunda da öz əksini tapıb. Belə ki, cari ilin birinci rübündə rayonda iqtisadi inkişafı xarakterizə edən əsas makroiqtisadi göstərici - ümumi daxili məhsul istehsalı əvvəlki illə müqayisədə 12,5 faiz artıb. ÜDM-də qeyri-dövlət sektorunun xüsusi çəkisi isə 76,9 faiz təşkil edib. Rayonda iqtisadiyyatın əsas sahələri üzrə istehsalın 66,1 faizi kənd təsərrüfatının, 17,4 faizi sənayenin, 16,5 faizi isə digər sektorların payına düşüb.

Azərbaycan Prezidentinin 2005-ci il 3 avqust tarixli Sərəncamı ilə Siyəzən Kondensator zavodu “Siyəzən Sənaye-Cihaz” ASC-yə, Böyük Həmyə Şərab Emalı zavodu isə “Siyəzən - Şərab” ASC-yə çevrilərək fəaliyyətə başlayıb.

Ötən il Siyəzən şəhərinin girişində Ümummilli lider Heydər Əliyevin adını daşıyan parkın tikintisinə başlanıb, Ulu öndərin möhtəşəm abidəsi ucaldılıb, Heydər Əliyev Muzeyinin tikintisi və eksponatlarla təmin olunması başa çatdırılıb. Bu ərazidə 5500 kvadrat metr yaşıllıq örtüyü salınıb, 6000-dən çox dekorativ ağac, işıqlanma sistemi qurulub və geniş abadlıq işləri aparılıb. Şəhərin Heydər Əliyevin adını daşıyan küçəsində işıqlanma sistemi tamamilə müasir tələblərə uyğun olaraq yenidən qurulub. Bu küçədə 4000 metr uzunluğunda məhəccərli hasar tikilib, bir sıra yerlərdə piyada yollarına tamet döşənib. Küçədəki ictimai binaların dam örtüklərinin dəyişdirilməsi və fasadlarının əsaslı təmiri, mərkəzi yolda şəhərin arxitekturasına xələl gətirən obyektlərin sökülməsi və digərlərinin yenidən qurulması işləri davam etdirilir.

Rayonda fəaliyyət göstərən və qəza təhlükəsi qarşısında qalan Mədəniyyət Sarayı da əsaslı təmir olunaraq istifadəyə verilib. Sarayın ətrafında 1700 kvadrat metr yeni yaşıllıq örtüyü salınıb. Dahi Azərbaycan şairi Nizami Gəncəvinin heykəlinin postamentinə yeni mərmər üzlük düzülüb və ərazi tamamilə abadlaşdırılıb. Şəhər istirahət və mədəniyyət parkı genişləndirilib və ətrafına dekorativ hasar çəkilib.

Rayon İcra Hakimiyyətinin inzibati binasının dam örtüyü dəyişdirilib, həyətində və ətraf ərazidə 3500-dən artıq dekorativ ağac və kol əkilib. 2008-ci il ərzində ümumilikdə bütün maliyyə mənbələri hesabına 4,327 min manatdan artıq yol təmir-tikintisi və abadlıq işləri görülüb.

Gil-gilçay stansiya əsas məktəbi üçün 260 şagird yerlik müasir məktəb binası, Notariat kontoru və Qeydiyyat şöbəsi, Rayon Prokurorluğu, Qazma Ekspedisiyası üçün yeni müasir tipli binalar tikilərək istifadəyə verilib. Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün bütün kommunikasiya və istilik sistemi ilə təchiz olunan 16 mənzilli bina tikilərək vətəndaşların istifadəsinə verilib. Siyəzən şəhərində 640 şagird yerlik yeni məktəb binası isə istismara hazır vəziyyətdədir.

Telekommunikasiya Qovşağı və Rayon Maliyyə Şöbəsi üçün tikilən inzibati binalarda son tamamlama işləri aparılır. Baytarlıq və Statistika idarələri üçün tikilən inzibati binalarda, eləcə də Eynibulaq kəndində 220 şagird yerlik məktəb binasında, Uşaq incəsənət və yaradıcılıq məktəbində tikinti quraşdırma işləri davam etdirilir.

Rayon büdcəsi hesabına Babək, H.Talıbov, T.İsmayılov küçələrinə və ictimai binaların həyətlərinə, şəhər qəbiristanlığına gedən yollara ümumilikdə 25012 kvadrat metr həcmində asvalt örtüyü döşənərək təmir işləri aparılıb.

Şəhərin içməli su ilə təminatını yaxşılaşdırmaq məqsədilə 1-ci Bakı Su kəməri üzərindəki nasosxana yenidən qurulub və 2 ədəd daha güclü yeni nasos quraşdırılaraq istismara buraxılıb. Ötən müddət ərzində şəhərin T.İsmayılov və H.Talıbov küçələrindəki çoxmərtəbəli yaşayış binalarının zirzəmiləri uzun illər yığılıb qalmış çirkab sulardan təmizlənib, kanalizasiya və digər kommunikasiya xətləri təmir edilib. Bundan başqa, ATS olmayan kəndlərdə, “Delta-telekom”un 14 ədəd peyk rabitə avadanlığı quraşdırılıb.

 

Rayonun iqtisadiyyatının əsasını neft-qazçıxarma sahəsi təşkil edir

 

Siyəzən rayonu üzrə ümumi məhsul istehsalında qeyri-dövlət sektorunun xüsusi çəkisi 22,6 faiz təşkil edib. Bu, özünü əsasən rayonda quşçuluğun sürətli inkişafı sahəsində göstərib. Sahibkarlığın inkişafına köməklik göstərilməsi ilə əlaqədar rayonda “Siyəzən-Biznes İnkişaf Mərkəzi” fəaliyyət göstərir. Mərkəz mütəmadi olaraq yerli sahibkarlar üçün müxtəlif seminarlar keçirib, onlara marketinq, biznes planlarının tərtib edilməsi, internetdən istifadə etməklə informasiya əldə edilməsi üzrə xidmətlər göstərib. Rayonda ümumilikdə 930 sahibkarlıq subyekti qeydə alınıb. Onlardan 115-i hüquqi, 815-i fiziki şəxslərdir. Ötən il rayonda sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara Sahibkarlığa Kömək Milli Fondu tərəfindən qısamüddətli kreditlər verilib.

Rayonda iqtisadi və sosial inkişafı əks etdirən makroiqtisadi göstərici, əsas sahələr üzrə ümumi məhsul istehsalı 307,1 milyon manat olmaqla əvvəlki illə müqayisədə 4 dəfə artıb. Rayonda 15,365 min manatlıq sənaye məhsulu istehsal edilib.

Rayonun iqtisadiyyatının əsasını təşkil edən neft-qazçıxarma sahəsində 48,534 ton neft, 10,755 min m3 qaz hasil edilərək dövlətə təhvil verilib.

Siyəzən rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində 2008-ci ildə ünvanlı sosial yardım almaq məqsədilə 350 ailə sorğu anketi doldurub ki, onlardan 234-nə yardım təyin olunub. Mərkəzdən müavinət alan 960 nəfərin müavinəti artırılıb. Qeyd edək ki, hazırda rayonda 1090 nəfər sosial müavinət alır. Rayon üzrə əmək pensiyaçılarının sayı 2008-ci ilin sonuna 4701 nəfər olub. Əhalinin məşğulluq məsələləri, rayonda fəaliyyət göstərən idarə və müəssisələrdə müvafiq işlə təmin olunmaları hər zaman diqqət mərkəzində saxlanılıb. Təkcə son ildə rayon Məşğulluq Mərkəzinə 313 nəfər işaxtaran müraciət edib ki, onlardan 250-si işlə təmin olunub.

Ötən ilin yanvar-dekabr aylarında iqtisadi sahədə çalışan əhalinin ümumi sayından 44,4 faizi muzdla işləyənlər olub. Muzdla işləyənlərin orta aylıq əməkhaqqı əvvəlki illə müqayisədə 32,2 faiz çox olub. 2009-cu ilin yanvar-mart aylarında isə rayon iqtisadiyyatında məşğul əhalinin ümumi sayından 6745 nəfəri muzdla işləyib. İqtisadi fəallığın nəticəsi olaraq rayonda 6 yeni müəssisə qeydiyyatdan keçərək fəaliyyətə başlayıb. Dövlət Proqramı qəbul edildikdən sonra 1327, o cümlədən, keçən il 80 daimi iş yeri yaradılıb.

Rayon ərazisində əhalinin və iqtisadiyyatın bütün sahələrini elektrik enerjisi ilə Siyəzən Elektrik Şəbəkəsi təmin edir. Şəbəkə tərəfindən ilboyu 93,455 min kvt saat, o cümlədən, əhaliyə 16,901 min kvt saat elektrik enerjisi ötürülüb. Satılmış enerjinin dəyərinin 91 faizi, o cümlədən, əhaliyə satılan enerjinin 82,2 faizi toplanaraq təhvil verilib. Rayon Qaz İstismar İdarəsi tərəfindən isə ötən il ərzində 33,501 min kubmetr, o cümlədən, əhaliyə 18,964 min kubmetr təbii qaz istehlak edilib. Satılmış qazın dəyərinin 79,3 faizi, o cümlədən, əhalidən 65,8 faizi toplanaraq təhvil verilib. Əhalinin təbii qaz təminatı daim diqqət mərkəzində saxlanılır və Qaz İstismar İdarəsi tərəfindən bu istiqamətdə müəyyən işlər görülüb. Ümumilikdə qeyd etmək lazımdır ki, rayon əhalisinin elektrik enerjisi, qaz, içməli su ilə təminatının yaxşılaşdırılması və əhali tərfindən ödəniş vəziyyətinin yaxşılaşdırılmasının vacibliyini nəzərə alaraq Rayon İcra Hakimiyyəti başçısının rəhbərliyi altında yaradılan qərargahın mütəmadi keçirilən iclaslarında qarşıya çıxan problemlər araşdırılır və aradan qaldırılır. Onu da qeyd edək ki, rayonda “Siyəzən-Şərab” ASC-də bərpa və yenidənqurma işləri, o cümlədən, şərab emalı ilə əlaqədar texnoloji xətt və digər avadanlıqlar quraşdırılmaqla yanaşı, bu gün müəssisədə müxtəlif çeşidli məişət avadanlıqları istehsal edilməklə yeni iş yerləri yaradılıb.

Nəqliyyat sektoru Siyəzənin sosial-iqtisadi inkişafını xarakterizə edən mühüm infrastruktur sahələrindən biridir. 2009-cu ilin I rübündə rayon üzrə nəqliyyat sektorunda 161,4 min ton və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,7 faiz çox yük daşınıb. Ötən müddət ərzində nəqliyyat üzrə daşınmalardan 129,1 min manat daxil olub ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4 faiz çoxdur. Bazar iqtisadiyyatının inkişafı, qiymətlərin liberallaşması, aparılan iqtisadi islahatlar, istehlak bazarının geniş çeşiddə əmtəə ehtiyatları ilə təmin olunması, əhalinin alıcılıq qabiliyyətinin artması, rayonda bu sahədə aparılan əməli işlər ticarət və xidmət sahələrində inkişafı təmin edib. Onu da qeyd edək ki, cari il üçün rayonun yerli gəlirlərinin həcmi 691,2 min manat, xərcləri 1991,1 min manat, dotasiya məbləği isə 4016,7 min manat nəzərdə tutulub. 2009-cu ilin 1-ci rübündə rayon büdcəsinin gəlirləri 1461,0 min manat, xərcləri isə 1084 min manat təşkil edib.

Bu nailiyyətlər ölkə Prezidenti Cənab İlham Əliyevin apardığı düzgün və ardıcıl iqtisadi siyasətin nəticəsində əldə edilib. Ölkə rəhbərinin imzaladığı yeni Dövlət Proqramının uğurlu icrası isə regionların iqtisadiyyatının tarazlı, davamlı və çoxşaxəli inkişafını təmin edəcək. Respublikamızda baş verən köklü müsbət dəyişikliklər bir daha deməyə əsas verir ki, hər yerdə olduğu kimi Siyəzəndə də ölkə rəhbərliyi tərəfindən qarşıya qoyulan vəzifələrin ardıcıl və davamlı yerinə yetirilməsi üçün bütün imkanlar səfərbər ediləcək.

 

Heyvandarlıq və quşçulq sahəsi sürətlə inkişaf edir

 

“Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramının hazırlanması haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə əlaqədar rayonda aqrar sahədə bir sıra tədbirlər həyata keçirilib. Belə ki, kənd təsərrüfatı məhsullarının istehsalı üçün sərf olunan yanacaq və motor yağlarının, mineral gübrələrin dəyərinin orta hesabla 50 faizinin dövlət tərəfindən ödənilməsi əhali arasında ciddi stimul yaradıb. Artıq bu Sərəncamın icrası nəticəsində 486 nəfər rayon sakini 54 min manata yaxın vəsait alıb.

Rayonda kənd təsərrüfatında üstünlük təşkil edən heyvandarlıq sahəsi, xüsusilə quşçuluğun dəstəklənməsi bu sahənin inkişafına təkan verib. Ötən il rayon üzrə iribuynuzlu mal-qaranın baş sayı ilin əvvəlindən 1,1 faiz artaraq 10,517 başa çatıb, diri çəkidə 21381 ton ət, 8048 ton süd istehsal edilib, 72 ton yun qırxılıb. “Siyəzən-Broyler” ASC-də 15,030 ton quş əti, 19,1 milyon ədəd yumurta istehsal edilib. 2009-cu ilin 1-ci rübündə isə rayon üzrə 14,9 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilib. İstehsalın həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 36,6 faiz artıb.
Kənd təsərrüfatında üstünlük təşkil edən heyvandarlıq sahəsinin, xüsusilə quşçuluğun dəstəklənməsi bu bölmənin sürətlə inkişafına təkan verib. Rayonda heyvandarlıq və heyvandarlıq məhsulları istehsalı sabit olaraq inkişaf etdirilir. Mal-qaranın sahibkar və ailə-kəndli təsərrüfatlarında cəmləşməsi rayonda iribuynuzlu mal-qara və davarların baş sayının artmasına zəmin yaradıb.

2009-cu il aprelin 1-i vəziyyətinə rayon üzrə iribuynuzlu mal-qaranın baş sayı ilin əvvəlindən 2,7 faiz artaraq 10914 başa, o cümlədən, inək və camışların sayı 1,7 faiz artaraq 5290 başa, qoyun və keçilərin sayı 7,2 faiz artaraq 45589 başa çatıb. Buna müvafiq olaraq, heyvandarlıq məhsullarının istehsalında artım müşahidə olunub. İlin əvvəlindən 5255 ton ət, o cümlədən, 4889 ton quş əti, 2412 ton süd, 10,6 milyon ədəd yumurta istehsal edilib.

 

Sosialyönümlü tədbirlər uğurla icra edilməkdədir

 

Siyəzəndə 2004-2008-ci illərə dair Dövlət Proqramının icrası zamanı bütün sahələrdə olduğu kimi təhsilə də böyük önəm verilib. Belə ki, rayon Təhsil Şöbəsi tərəfindən gənc nəslin təlim-tərbiyəsi istiqamətində bir sıra işlər görülüb. Qeyd edək ki, Təhsil Şöbəsinin tabeliyində 24 ümumtəhsil məktəbi, o cümlədən, 14 orta, 7 əsas (onlardan biri internat məktəbi), 3 ibtidai məktəb, 2 məktəbdənkənar (Uşaq Yaradıcılıq Mərkəzi, Uşaq Gənclər İdman Məktəbi) və 4 məktəbəqədər tərbiyə müəssisəsi fəaliyyət göstərir.

Ötən il rayonun ümumtəhsil məktəblərini bitirən 415 şagirddən 103 nəfər məzun ali məktəblərə qəbul olub. Siyəzən şəhər 2 saylı orta məktəbin 4 nəfər məzunu isə 600-dən çox bal toplayıb ki, onlardan 2 nəfəri Prezident təqaüdünə layiq görülüb. Rayonda “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində müasir standartlara cavab verən məktəblər tikilib və texniki avadanlıqlarla təmin olunub.

Rayon əhalisinin sağlamlığının qorunub saxlanılmasında Rayon Mərkəzi Xəstəxanası, Rayon Gigiyena və Epidemiologiya Mərkəzi və digər səhiyyə müəssisələrinin üzərinə mühüm vəzifələr düşür. 2004-cü ildə Dövlət Neft Şirkətinin vəsaiti hesabına tikilən və açılış mərasimində Prezident İlham Əliyevin iştirak etdiyi ən müasir standartlara cavab verən Siyəzən Rayon Regional Diaqnostika Mərkəzi də əhalinin istifadəsindədir.

Rayon Gənclər və İdman İdarəsi tərəfindən dövlət gənclər siyasətinin həyata keçirilməsi, gənclər arasında idmanın kütləviliyinin artırılması, gənc idmançıların yetişdirilməsi, həmçinin, kütləvi idman yarışlarının və hərbi idman oyunlarının keçirilməsi istiqamətində də mühüm addımlar atılıb. Müxtəlif idman növləri üzrə rayonun idmançıları respublika və beynəlxalq miqyaslı yarışlarda uğurlar qazanıblar.

Siyəzən rayonu ərazisində 14 yerli özünüidarəetmə orqanı olan bələdiyyə yaradılıb. “Bir bələdiyyə-azı bir layihə” ümumrespublika təşəbbüsünə qoşulan rayon bələdiyyələri rayonun sosial-iqtisadi inkişafında, abadlıq-quruculuq işlərində və rayon əhəmiyyətli məsələlərin həllində yaxından iştirak ediblər. 2008-ci ildə bələdiyyələrin gəlirlərinin 57,3 faizi tikinti və təmir işlərinə sərf edilib. Bu sahədə Siyəzən Şəhər, Böyük Həmyə, Sədan, Balaca Həmyə, Beşdam, Yenikənd və Zarat kənd bələdiyyələri fərqləniblər.

2008-ci ildə Siyəzən Rayon İcra Hakimiyyəti Başçısı Aparatına vətəndaşlar tərəfindən 805 müraciət daxil olub. Siyəzən Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın iclasında vətəndaşların müraciətlərinə baxılması ilə əlaqədar 4 məsələyə dair müvafiq qərarlar qəbul olunub. Onu da qeyd edək ki, Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən rayonun ayrı-ayrı yaşayış məntəqələrində mütəmadi olaraq keçirilən səyyar görüşlərdə əhali tərəfindən qaldırılan məsələlər əsasən enerji, qaz, su təminatı, kənd təsərrüfatına aid problemlər, işsizlik, infrastruktur və digər sahələrlə bağlı olub. Ölkə rəhbərliyi tərəfindən işsizliyin aradan qaldırılması ilə əlaqədar görülən işlər rayona öz təsirini göstərib və işsizlərin kəskin azalması müşahidə olunub.

Rayonda dövlət qulluğunda çalışa bilən və müasir tələblərə cavab verən kadr bazasının yaradılması istiqamətində məqsədyönlü iş aparılır. Azərbaycan Respublikası Prezidentinin 27 iyul 2006-cı il 432 nömrəli Fərmanı ilə təsdiq edilən “Azərbaycan Respublikasının dövlət orqanlarında dövlət qulluğunun rəhbər vəzifələrinin tutulması üçün ehtiyat kadrların formalaşdırılması Qaydaları”na və Prezident Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin tövsiyələrinə uyğun olaraq ötən il Rayon İcra Hakimiyyəti başçısının müavinləri və Aparatın şöbə müdirləri vəzifələrinin tutulması üçün ehtiyat kadrlar seçilib. Ehtiyat kadrların formalaşdırılması işində ixtisasartırma, təkmilləşdirmə və əlavə təhsilin digər formalarının tətbiqinə diqqət artırılıb.

 

Düzgün və davamlı siyasət Siyəzəndə YAP-ın etimadını artırır

 

Siyəzən rayonunda 7 siyasi partiyanın yerli təşkilatı fəaliyyət göstərir. Siyasi partiyaların yerli təşkilatları arasında Yeni Azərbaycan Partiyası Siyəzən rayon təşkilatı öz nüfuzu və fəallığı ilə seçilir. Yeni Azərbaycan Partiyası Siyəzən rayon təşkilatı 1995-ci ildə təsis olunub. Hazırda 39 yerli təşkilatda 2530 partiya üzvü var. Rayon təşkilatı Siyəzən şəhərinin mərkəzində inzibati bina ilə təmin olunub. Təşkilat rayonun ictimai-siyasi həyatında mühüm rol oynamaqla yanaşı, müstəqil olaraq çoxsaylı tədbirlər həyata keçirir.

Məlum olduğu kimi, ötən il oktyabrın 15-də ölkədə növbəti prezident seçkiləri keçirildi. Seçkilərdə yüksək fəallıq nümayiş etdirən Azərbaycan xalqı siyasi sabitliyə, iqtisadi inkişafa, sosial rifaha, demokratik cəmiyyətə - Prezident İlham Əliyevə səs verdi.

Onu da qeyd etmək yerinə düşər ki, Ümummilli lider Heydər Əliyev ideyalarına sadiq olan Siyəzən rayonunun əhalisi də bu siyasi kampaniyada böyük fəallıq göstərib. Bayram əhval-ruhiyyəsi ilə keçirilən seçkilərdə böyük həvəslə iştirak edən siyəzənli seçicilərin 83,8 faizi cənab İlham Əliyevə səs verib. 18 mart 2009-cu il tarixində isə Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi üçün ümumxalq səsverməsi keçirildi. Respublikamızın bütün bölgələrində olduğu kimi siyəzənlilər də ümumxalq səsverməsində yüksək aktivlik nümayiş etdirdilər.

 

 

Zahid İLHAMOĞLU

 

Yeni Azərbaycan.- 2009.- 20 iyun.- S.6-7.