26 İyun Azərbaycanın Silahlı Qüvvələri Günüdür

 

Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu siyasəti gələcək uğurlarımızın təməlidir

Mərkəzləşdirilmiş ordunun yaradılması, Azərbaycanın XX əsrdə ordu quruculuğu sahəsində əldə etdiyi nailiyyətlər yalnız böyük tarixi şəxsiyyət, Ulu öndər, görkəmli siyasi xadim Heydər Əliyevin adı ilə bağlıdır. 1918-ci ildə müstəqillik əldə edən Azərbaycan Xalq Cümhuriyyətinin az müddət sonra bolşevik Rusiyası tərəfindən işğalı və Sovet İttifaqına ilhaqı Cümhuriyyət dönəmində başlanan ordu quruculuğu prosesini yarıda qoymuşdu. II Dünya Müharibəsindən sonra isə azərbaycanlılar hər zaman sovet ordusunda ikinci dərəcəli qeyri-peşəkar işlərə cəlb edilirdilər. Bu proses Ümummilli liderimiz Heydər Əliyevin ilk  dəfə Azərbaycanda hakimiyyətə gəlişinə qədər davam etmişdi.

Məlum olduğu kimi, sovet nomenklaturası Azərbaycanın hüdudlarında hərbi məktəblərin açılmasına və azərbaycanlıların peşəkar hərbçi kimi yetişməsinə imkan vermirdi. 1969-cu ildə Azərbaycanın rəhbəri seçilən Ulu öndər Heydər Əliyev isə nə qədər çətin də olsa bu prosesin əsasını qoydu.

Ümummilli liderimiz Heydər Əliyev milli hərbi kadrların yetişdirilməsi siyasətinin banisidir

Ümummilli liderimiz Heydər Əliyevin respublikaya rəhbər seçilməsi milli hərbi kadr hazırlığı sahəsində vəziyyəti yaxşılığa doğru dəyişməyə başladı. Zəngin siyasi və ictimai fəaliyyətinin əsas qayəsi Azərbaycan xalqının daha yaxşı yaşamasını təmin etmək, vətənini inkişaf etdirmək olan Ulu öndər Heydər Əliyevi sovetlər dönəmində düşündürən əsas məsələlərdən biri bütün istiqamətlərdə, o cümlədən, hərbi sahədə azərbaycanlı kadrların yetişdirilməsi idi. Məlum olduğu kimi, Azərbaycan SSRİ tərkibində olduğu illərdə azərbaycanlıların hərbi məktəblərə daxil olmasına və ya orduda xidmət edən azərbaycanlı zabitlərin vəzifələrə irəli çəkilməsinə süni maneələr yaradılırdı. İstisnasız demək olar ki, sovet ordusunda azərbaycanlı zabit kadrlarının sayının artmasında Ümummilli liderimiz Heydər Əliyevin böyük rolu oldu. Ulu öndərin o zaman şəxsi təşəbbüsü və rəhbərliyi ilə əsası qoyulan Cəmşid Naxçıvanski adına hərbi təmayüllü ixtisaslaşdırılmış orta məktəbi Azərbaycanın hərbi təhsil tarixində yeni bir səhifə açdı. İndi hərbi lisey kimi fəaliyyət göstərən bu məktəbin təsis edilməsi respublikamızda milli zabit kadr hazırlığının yüksəlməsinə, azərbaycanlıların hərb sənətinə marağının artmasına təkan verdi. Cəmşid Naxçıvanski adına hərbi məktəbin açılması ilə Bakı Ali Ümumqoşun Komandirləri Məktəbinə daxil olan azərbaycanlıların sayında da nəzərəçarpacaq dərəcədə artım müşahidə olundu. Ümummilli lider həmin günləri hər zaman xatırlayırdı və necə çətin bir dövrdə hansı əziyyətlərə qatlaşdığını belə ifadə edirdi: “Biz 1970-ci illərin əvvəllərində azərbaycanlılardan ibarət peşəkar hərbi kadrların hazırlanması məsələsini xalqımızın əsas vəzifələrindən biri kimi ortaya atdıq. Nə üçün? Birincisi, mən bu gün açıq deməliyəm ki, bizim, xalqımızın şərəfinə toxunurdu ki, orduda azərbaycanlı zabit, general ya yoxdur, ya da azdır. İkinci tərəfdən, bu, bizə ona görə toxunurdu ki, səfərbər olunanların əksəriyyəti ikinci-üçüncü dərəcəli hissələrə, inşaat batalyonlarına göndərilirdi. Əgər XIX əsrdə millətimizin orduda xidmət etməsinə məhdudiyyət qoyulduğu halda, Azərbaycan xanları generallar hazırlanmasına xüsusi diqqət verirdilərsə, bəs XX əsrin ikinci yarısında nə üçün biz azərbaycanlılardan generallar, yüksək rütbəli zabitlər hazırlamamalıyıq? Ona görə də, biz bu işlə çox ciddi məşğul olduq və 1972-ci ildə Cəmşid Naxçıvanski adına orta hərbi məktəb yarandı. Ancaq biz təkcə bununla kifayətlənmədik”.

Bəli, bu uğurlu addımlar artıq ardıcıl proses halını aldı. Həmin dövrdə Ulu öndər Heydər Əliyevin birbaşa rəhbərliyi ilə keçmiş ittifaqın ayrı-ayrı hərbi məktəblərinə oxumaq üçün azərbaycanlı gənclərin göndərilməsinə başlanıldı. 1972-ci ildən etibarən hər il 300-400, 1970-ci illərin axırlarına doğru isə hər il ittifaqın müxtəlif şəhərlərində yerləşən təxminən 45-dən artıq hərbi məktəbə təhsil almaq üçün ümumən 800-900 gənc kadr göndərilirdi.

1977-ci ildə Ulu öndər Heydər Əliyevin şəxsi təşəbbüsü ilə milli maraqlarımızın xilası istiqamətində daha böyük və tarixi addım atıldı. Uzun illərdən bəri ilk dəfə idi ki, Bakı Ali Ümumqoşun Komandirləri Məktəbinə məhz azərbaycanlı rəis-general Valeh Bərşadlı rəhbər təyin olundu. Çünki Bakıda yerləşməsinə baxmayaraq, bu məktəbin rəisləri həmişə rus millətindən olurdu. Ulu öndərin bu uzaqgörənliyi azərbaycanlı kursantların sayına böyük təsir göstərdi. 1978-ci ildən başlayaraq azərbaycanlı kursantların sayı ilbəil daha da artmağa başladı. Ulu öndər həmin illəri belə xatırlayırdı: “Azərbaycanda 1939-cu ildə sovet ordusunun iki hərbi məktəbi yaranıbdır. Ancaq mən 1970-ci ildə bu məktəblərin işi ilə tanış olarkən gördüm ki, hər bir məktəb ildə 300 müdavim qəbul etdiyi halda, Bakı Ali Ümumqoşun Komandirləri Məktəbində cəmi 10-15 nəfər azərbaycanlı təhsil alır, Hərbi Dəniz Donanması Məktəbində isə 1-2 nəfər azərbaycanlı oxuyur. Bu, bir tərəfdən o vaxt aparılan siyasət-sovet hakimiyyətinin siyasəti idi. Onlar o vaxt orduda yüksək vəzifələrdə başqa millətlərdən və xüsusən Azərbaycan millətindən olan insanları görmək istəmirdilər. İkinci tərəfdən də, Azərbaycanda hərbi peşəyə soyuq münasibət var idi. Biz bunların aradan qaldırılması üçün tədbirlər gördük. Biz Naxçıvanski adına hərbi məktəbi yaratmaqla yanaşı, Azərbaycanda yerləşən iki ali hərbi məktəbə - baxmayaraq ki, onlar birbaşa Moskvaya, Sovet İttifaqı Müdafiə Nazirliyinə tabe idilər - hər il azərbaycanlıların qəbul edilməsinə nail olduq”.

 

Tarixi qayıdış və davam edən tarix...

 

Ağır sovet rejiminin mövcud olduğu bir dövrdə milli maraqlarımızın qorunması, onun inkişaf etdirilməsi istiqamətində bu cür vacib, tarixi addımların atılması Ulu öndər Heydər Əliyevin xalqı qarşısında xidmətlərinin bəlkə də ön sıralarında dayanır. Çünki əsası məhz həmin illərdə qoyulan ordu quruculuğu siyasəti sonradan müstəqil Azərbaycanda mərkəzləşdirilmiş nizami ordunun yaranmasına yardım etdi.

Düzdür, 1991-ci ildə öz müstəqilliyini yenidən bərpa edən Azərbaycan mürəkkəb sosial-iqtisadi, ictimai-siyasi vəziyyətlə üzləşdi. Müstəqilliyimizin ilk illərində ordu siyasəti səriştəsiz insanların “köməyi ilə” səhv istiqamətə yönləndirildi. Ordu daxili siyasi mübarizəyə cəlb olundu, ayrı-ayrı şəxslərə və siyasi qruplara xidmət edən silahlı dəstələrə çevrildi. Bunun nəticəsində də böyük hərbi potensiala malik, amma hakimiyyətdə oturan şəxsi mənfəət güdükçülərinin kreslo savaşının qurbanına çevrilən Azərbaycanın 20 faiz torpağı ermənilər tərəfindən işgal edildi, 1 milyona yaxın soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. Həmin vaxt ordu deyiləndə yalnız başıpozuq hərbi dəstələr göz önündə canlanırdı. Ermənistan sovet ordu hissələrinin yardımı və iştirakı ilə torpaqlarımızı işğal etdiyi bir zamanda Azərbaycanın Müdafiə Nazirliyinə təsadüfi, hərb sənətindən konkret anlayışı olmayan insanlar başçılıq edirdi.

Təbii ki, təsadüfən hakimiyyətə gələn insanların tez bir zamanda siyasi səhnəni tərk etməsi zərurət idi və bu baş verdi. 1993-cü ildə Ümummilli liderimiz Heydər Əliyevin xalqın tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışı isə məhz Onun birinci dəfə hakimiyyətdə olduğu illərdə Azərbaycanda aparılan quruculuq siyasətinin davam etdirilməsinə şərait yaratdı. Eyni zamanda ordu quruculuğu siyasəti də banisi olduğu Şəxsiyyət tərəfindən daha şövqlə inkişaf etdirildı. Ulu öndər Heydər Əliyev səyi ilə qısa müddətdə vahid komandanlığa tabe olan nizami ordu formalaşdı.

Möhkəm nizam-intizama malik ordunun yaradılması, Silahlı Qüvvələrdə vahid komandanlığın təmin edilməsi sahəsində görülmüş məqsədyönlü tədbirlər nəticəsində 1994-cü ilin may ayında Azərbaycan üçün həyati əhəmiyyət kəsb edən atəşkəsə nail olundu. 1993-cü ilin iyun ayınadək ordudan fərarilik edən 47 mindən çox hərbi qulluqçu Ümummilli liderin bir çağırışı ilə Milli Ordunun sıralarına qayıtdı. Ulu öndər Heydər Əliyevin Silahlı Qüvvələrə göstərdiyi diqqət və qayğı nəticəsində ordunun mərkəzləşdirilmiş maddi-texniki təminatı əvvəlki illərdən fərqli olaraq əhəmiyyətli dərəcədə yaxşılaşdırıldı, hərbi birləşmə və hərbi hissələrin maddi-texniki, tibbi və digər vasitələrlə təmin edilməsi təşkil olundu, maliyyə təsərrüfat fəaliyyəti nizama salındı. Silahlı Qüvvələrin ehtiyaclarının təminatı istiqamətində Azərbaycanın müxtəlif müəssisələrində məqsədyönlü iş aparıldı. Orduda şəxsi heyətin mənəvi-psixoloji hazırlığına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı, hərbi vətənpərvərlik tərbiyəsi gücləndirildi.

Ulu öndər Heydər Əliyev güclü və intizamlı ordunun yaradılmasının, həm də yüksək ixtisaslı milli zabit kadrların mövcudluğundan asılı olduğunu nəzərə alaraq bu məsələni daim diqqət mərkəzində saxlayırdı. Bu məqsədlə 1999-cu il fevralın 20-də Hərbi Akademiyanın yaradılması barədə Fərman imzalandı. Azərbaycan Silahlı Qüvvələri üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər Heydər Əliyevin 20 avqust 2001-ci il tarixli Fərmanı ilə müvafiq olaraq Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırıldı.

Ulu öndər 2002-ci ildə imzaladığı Fərmana əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fondu yaradıldı. Silahlı Qüvvələrimizin müasir texnika ilə təmin edilməsi, maddi-texniki bazanın yeniləşdirilməsi, hərbi qulluqçuların məişət problemlərinin həlli işinə müsbət təsir göstərdi.

 

Azərbaycan Silahlı Qüvvələri Cənubi Qafqazın ən güclü ordusudur

 

Ulu öndər Heydər Əliyevin dövlətçilik və idarəçilik məktəbinin layiqli davamçısı, fəaliyyət göstərdiyi bütün sahələrdə özünün təcrübəli siyasətçi və dövlət xadimi olduğunu sübut edən cənab İlham Əliyevin 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilməsi aparılan quruculuq siyasətinin davamlı şəkil almasına stimul verdi. İşğal olunan Azərbaycan torpaqlarının düşməndən azad edilməsi istiqamətində Ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan məqsədyönlü daxili və xarici siyasət kursunu layiqli bir şəkildə davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında həm Dağlıq Qarabağ münaqişəsinin həlli, həm də digər sahələrdə böyük nailiyyətlər əldə olunub. Ötən il keçirilən hərbi parad Azərbaycanın Ordu potensialını bütün dünyaya nümayiş etdirdi. Məhz Prezident İlham Əliyevin səyi nəticəsində ölkənin dövlət büdcəsindən ən böyük maliyyə ordunun xərclərinə yönəldilir. Müharibə vəziyyətində, torpaqları işğal altında olan bir dövlət kimi Azərbaycan öz ordusunu günün tələbinə uyğun şəkildə qurur. Artıq ölkəmizin hərbi xərcləri Ermənistanın dövlət büdcəsinə bərabərdir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev bundan sonra da ölkənin müdafiə potensialının artırılacağına, Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan ordu quruculuğu siyasətinin davam etdiriləcəyinə əminliyini ifadə edib: “Böyük məmnunluq hissi ilə deyə bilərəm ki, son bir neçə il ərzində Azərbaycanda müasir və çox güclü hərbi sənaye kompleksi yaradılmışdır. Hərbi sənaye kompleksinin yeni tərkib hissəsi olan zavodun açılışında olarkən bir daha gördüm ki, Azərbaycanda bu sahədə istehsal olunan məhsullar dünyanın ən yüksək standartlarına cavab verir. Biz qısa müddət ərzində Azərbaycanda güclü hərbi sənaye kompleksinin yaradılmasına nail olmalıyıq. Biz bunun ilkin nəticələrini görürük və bu, çox sevindirici haldır. Bu onu göstərir ki, qəbul edilmiş bütün qərarlar çox böyük keyfiyyətlə və qısa müddət ərzində həyatda öz əksini tapır. Biz təbii ki, hələ silah-sursatın, hərbi texnikanın, döyüş təyyarələrinin böyük əksəriyyətini xaricdən alırıq. Bu proses davam etdirilir və bizim dost ölkələrlə bu sahədəki əməkdaşlığımız güclənir. Ancaq biz istəyirik ki, Azərbaycana lazım olan hərbi texnika və silah-sursat maksimum dərəcədə Azərbaycanda istehsal olunsun. Mən demişdim ki, Azərbaycanın hərbi xərcləri artmalıdır, bu, prioritet məsələ olmalıdır. Bu gün bir daha qeyd etmək istəyirəm ki, dövlət büdcəsinin əsas xərcləri bu məqsədlərə yönəldilir. Eyni zamanda, demişdim ki, ordu quruculuğuna nə qədər vəsait lazımdır, o qədər də ayrılacaqdır. Onu da xatırlayıram ki, bir müddət əvvəl demişdim ki, Azərbaycanın hərbi xərcləri Ermənistanın bütün dövlət xərclərinə bərabər olmalıdır. Biz bu gün bunu görürük. Bu gün bütün hərbi məsələlərə ayrılan xərclər 2 milyard dollardan çoxdur. Biz bu məbləği gələn illərdə artıracağıq”.

 

 

Pərviz SADAYOĞLU

 

Yeni Azərbaycan.- 2009.- 23 iyun.- S.4.