Bu gün Azərbaycan Silahlı Qüvvələri
Günüdür
Vətəndaşlarımız sərhədlərimizin etibarlı əllərdə olduğuna, hər bir əsgər və zabitimiz isə arxasında böyük, qüdrətli Azərbaycan dövlətinin dayandığına əmindir
“Ordu cəmiyyətin və dövlətin güzgüsüdür”,
deyiblər. Bir ölkənin ordusu həmin ölkənin özü haqqında geniş məlumat sahibi olmağa imkan verir. Əgər bu prizmadan yanaşsaq, belə bir nəticə hasil olur ki, Azərbaycan dövlətinin yüksək iqtisadi nailiyyətləri ordu quruculuğu sahəsində də özünü göstərir. Bu gün Azərbaycanın çox güclü, dövlətimizi müdafiə etməyə, ərazi bütövlüyümüzü qorumağa qadir olan ordusu var.
Birmənalı olaraq qeyd edilməlidir ki, 1993-cü ildə Ümummilli lider Heydər Əliyevin xalqın təkidi və tələbi ilə siyasi hakimiyyətə qayıdışından sonra çox qısa zaman kəsiyində Azərbaycanda nizami ordunun yaradılması istiqamətində böyük işlər görüldü. Ulu öndər bütün digər sahələrdə olduğu kimi, ordu quruculuğu sahəsində də misilsiz xidmətlər göstərdi. Və
bunun nəticəsində Azərbaycan Ordusu həm maddi - texniki bazası möhkəmləndirildi, həm Silahlı Qüvvələrin hərbi hazırlıq səviyyəsi artırıldı, həm də beynəlxalq əlaqələr yeni mərhələdə inkişaf etdirilməyə başladı.
Ulu öndərin əsasını qoyduğu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin də fəaliyyətində ordu quruculuğu prioritet təşkil edir. Dövlət başçısının birbaşa rəhbərliyi ilə Azərbaycanda Silahlı Qüvvələrin inkişaf etdirilməsi, onun maddi-texniki potensialının artırılması yönündə ciddi tədbirlər görülüb. Dövlət büdcəsindən hərbi xərclər üçün nəzərdə tutulan vəsait ildən-ilə artır. Son 5 il ərzində Azərbaycanda hərbi sahəyə ayrılan vəsait 6,5 milyard dollar təşkil edib. Ölkə
başçısı İlham Əliyev iki gün öncə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 91-ci ildönümü münasibətilə Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və Daxili Qoşunların birləşmə və hissələrinin irimiqyaslı birgə əməliyyat-taktiki təlimi zamanı söylədiyi nitqində bunu hərbi gücümüzün böyük dərəcədə artması kimi qiymətləndirib: “Bu il hərbi büdcəmiz 2 milyard dollardır. Gələcək illərdə bu məbləğ daha da artacaqdır. Görülən bütün bu işlərin nəticələrini biz görürük. Ordumuzun döyüş qabiliyyəti artır. Ordumuz istənilən vəzifəni icra etməyə qadirdir”.
Azərbaycan yaxın gələcəkdə öz hərbi sənaye məhsullarını nümayiş etdirəcək
Azərbaycan öz hərbi sənaye gücünü artırmaq üçün tam qüvvəsini ortaya qoyub və cəmi bir neçə il ərzində müasir, güclü hərbi sənaye kompleksi yaradılmasına nail ola bilib. Bir neçə il bundan əvvəl yaradılmış Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin nəzdində 19 müəssisə fəaliyyət göstərir ki, bu müəssisələrdə 400 növdən artıq müdafiə təyinatlı məmulat istehsal olunur.
Artıq Azərbaycan bir sıra hallarda özünün istehsal etdiyi hərbi vasitələrdən və təchizatlardan istifadə edir. Ölkəmiz hətta güclü hərbi sənaye potensialına sahib olan Türkiyə, Ukrayna, Belarus kimi ölkələrlə geniş əməkdaşlıq qurub, bu dövlətlərlə birgə layihələr həyata keçirir. Lakin Azərbaycan hökuməti bunlarla kifayətlənmək istəmir. Əksinə, daha böyük nailiyyətlər əldə olunması, ordumuzun potensialının daha da artırılması üçün yeni layihələrə imza atılacağını bəyan edir. Azərbaycan Prezidenti İlham Əliyev də dəfələrlə ölkəmizin daha güclü hərbi sənaye kompleksinin yaradılmasına nail olmaq üçün geniş fəaliyyət ortaya qoyacağını bildirib. Dövlət başçısı növbəti təlimlər zamanı Azərbaycanın özünün istehsal etdiyi hərbi sənaye məhsullarını nümayiş etdirəcəyini də bəyan edib.
Ordumuz NATO standartlarına uyğunlaşdırılır
2003-cü ildə BMT Təhlükəsizlik Şurası
İraqda sülhməramlı qüvvələrin yerləşdirilməsi
haqqında qərar qəbul edərkən bir sıra ölkələr
bu prosesdə iştirak etməkdən boyun qaçırdı.
Hətta NATO-ya üzv olan ölkələrin bir qismi BMT-nin bu qərarını sərt şəkildə tənqid edərək həmin addımın atılmasına qarşı çıxış etdi. Xüsusilə, Almaniya, Fransa, Hindistan, Çin kimi dövlətlər özlərini prosesdən kənarda qoydular. Buna baxmayaraq, Azərbaycan Ulu öndər Heydər Əliyevin qərarı ilə bu prosesdə yer aldı. Azərbaycan Silahlı Qüvvələrinin kontingenti 15 avqust 2003-cü il tarixdən Milli Məclisin qərarı əsasında İraqda beynəlxalq koalisiya qüvvələri tərkibində fəaliyyət göstərməyə başladı. Azərbaycan sülhməramlıları ABŞ komandanlığı altında Əl-Haditə şəhəri yaxınlığındakı su anbarını və İraqın 30 faizini elektrik enerjisi ilə təmin edən su elektrik stansiyasını qorumağı öz üzərinə götürdü. Həmçinin, Əl-Haditədə 15 kvadrat kilometr ərazini mühafizə etmək işi də Azərbaycan sülhməramlılarının vəzifələri sırasına daxil edildi. İraqda xidmət keçdiyi dövrdə yüksək peşəkarlıq və intizam göstərən Azərbaycanın Sülhməramlı Qüvvələri Milli Məclisin bir neçə ay öncə qəbul etdiyi qərarla bu ölkədəki missiyasını tamamladı.
Həmçinin, Azərbaycan sülhməramlıları Kosovoda baş verən hərbi böhranın ardından bir neçə il bu ölkədə sülhyaratma əməliyyatlarında fəal yer alıb. NATO ordusunun tərkibində Əfqanıstanda da əməliyyatlara qatılan əsgərlərimiz yüksək peşəkarlığı və hərbi hazırlığı ilə bütün dünyanın təqdirini qazanıb.
Hazırda ordumuzun Avropa standartlarını mənimsəməsi, beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi hökumətin bu sahədəki siyasətinin öncüllüklərindəndir. Bu məqsədlə Azərbaycan dünyanın ən böyük hərbi alyansı olan NATO ilə müxtəlif proqramlar çərçivəsində əməkdaşlıq edir. Bu isə ordumuzun peşəkarlığının daha da artırılmasına, hərbi-texniki bazanın mükəmməlləşdirilməsinə geniş imkanlar açır.
Orduya dövlət qayğısı şəxsi heyətdə ruh yüksəkliyi yaradır
Azərbaycan hökuməti vətəndaşlarda hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi, gənclərin orduya marağının artırılması üçün müxtəlif tədbirlər həyata keçirir. Bu tədbirlərdən biri də Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə, cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı, həmçinin, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən sağlamlıqlarını itirərək əlil olan şəxslərin mərdlik və şücaətlərini qeyd edərək, onların sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilməsidir.
Təbii ki, Ali Baş Komandanın bu addımı ilk olaraq, vətən uğrunda gedən döyüşlərdə sağlamlığını
itirmiş vətəndaşlarımızın sosial müdafiəsinin güclənməsinə, onların həyat şəraitinin yaxşılaşmasına köməklik göstərir. Amma bu məsələnin psixoloji tərəfi də var ki, hər halda bu detalın üzərində daha çox dayanmağa ehtiyac duyulur. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hələ bitməyib və müharibənin ikinci raundunun başlanması ehtimalı həmişə var. Əgər bu ehtimal nə vaxtsa reallaşarsa, bu müharibədə iştirak edəcək əsgərlər yenə də Azərbaycan oğulları olacaq. Dövlətin bu yanaşması isə bütün hallarda öz əsgərinin yanında olduğu mesajını verir.
Bununla yanaşı, Ali Baş Komandan İlham Əliyev mütəmadi olaraq cəbhə bölgələrinə baş çəkir, Tərtər, Ağdam, Füzuli rayonlarının ərazisində, Naxçıvanda və digər sərhəd bölgələrində zabitlərlə, əsgərlərlə görüşür. Bu, orduya diqqətin başqa bir nümunəsidir. Bu da Ulu öndərimiz Heydər Əliyevin qoyduğu ənənənin davamıdır və artıq nəticə ortadadır. Ölkə Prezidenti açıq şəkildə bəyan edir: “Azərbaycan Ordusunda ruh yüksəkliyinin artırılması, peşəkarlıq, müasir standartlara uyğunlaşma prosesi çox sürətlə gedir. Əlbəttə ki, biz bunu böyük qürur hissi ilə qeyd edirik. Hərbçilərin sosial məsələlərinin, məişət problemlərinin həlli həmişə diqqət mərkəzində olub, bu, bu gün də belədir. Gələcəkdə bizim maddi imkanlarımız artdıqca, əlbəttə ki, biz bunu daha böyük həcmdə təmin edəcəyik”.
Silahlı qüvvə, hərbi güc bizim tərəfimizdədir
Yuxarıda qeyd olunanlardan da göründüyü kimi, Azərbaycan ordusu son 16 ildə böyük inkişaf yolu keçib. Dövlətin diqqət və qayğısı sahəsində artıq Azərbaycanın bütün vəzifələrin öhdəsindən layiqincə gələ biləcək, müharibə şəraitində qələbələr qazana biləcək nizam-intizamlı, peşəkar ordusu formalaşıb. Məqsəd isə birdir - nə olursa olsun, torpaqlarımızı düşmən işğalından azad etmək. Azərbaycan Prezidenti İlham Əliyevin də dəyişməz və prinsipial mövqeyi belədir ki, Dağlıq Qarabağa heç vaxt müstəqillik verilməyəcək. Çünki Dağlıq Qarabağın Azərbaycandan ayrılması mexanizmi yoxdur. Danışıqların mahiyyəti Azərbaycanın bütün işğal olunmuş torpaqlarının qaytarılmasıdır, qaçqın, köçkün soydaşlarımızın öz doğma torpaqlarına qayıtmasıdır, təhlükəsizlik tədbirlərinin təmin olunmasıdır və Azərbaycanın ərazi bütövlüyünün bərpasıdır: “Bizim ərazi bütövlüyümüz pozulubdur. Uzun illərdir ki, torpaqlarımız işğal altındadır. Biz
çalışırıq və çalışacağıq ki, məsələni danışıqlar yolu ilə həll edək. Ancaq 15 il ərzində
- atəşkəs rejimi bağlanandan sonra aparılan danışıqlar heç bir nəticə vermir. Belə olan halda, təbii ki, biz ordumuzun gücünə güvənməliyik. Məhz bu məqsədlə son illər ərzində mütəmadi qaydada ordu potensialının gücləndirilməsi üçün praktiki tədbirlər görülübdür. Bu gün bizim ordumuz bölgədə ən qüdrətli ordudur. Azərbaycanda istənilən vəzifəni icra etməyə qadir olan silahlı birləşmələr fəaliyyət göstərir və Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün biz lazım olan halda hərbi gücdən də istifadə edə bilərik. Bu, bizim suveren hüququmuzdur. Beynəlxalq hüquq normaları da bizə bu imkanı verir.
Mən şübhə etmirəm ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaqdır. Bu ədalətsizliyə son qoyulacaqdır. Çünki bütün beynəlxalq hüquq normaları bizim tərəfimizdədir. Mötəbər beynəlxalq təşkilatların qərarları, qətnamələri Azərbaycanın mövqeyini əks etdirir. Silahlı qüvvə, hərbi güc bizim tərəfimizdədir. İqtisadi potensial bizim tərəfimizdədir”.
Bu gün hər bir vətəndaşımızda artıq bu inam formalaşıb: - Azərbaycan gec-tez öz torpaqlarının işğaldan azad olunmasına nail olacaq. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyi bu inamı daha da möhkəmləndirir. Azərbaycan vətəndaşı artıq sərhədlərimizin əmin əllərdə olduğunu, hər bir əsgər və zabitimiz isə arxasında böyük, qüdrətli dövlətin dayandığını hiss edir.
Aqşin ŞAHİNOĞLU
Yeni Azərbaycan.- 2009.- 26 iyun.- S.7.