Müasirləşən, abadlaşan Göyçay
Regionların sosial-iqtisadi inkişafı
Dövlət Proqramı”
rayonun əsas inkişaf istiqamətlərini
müəyyənləşdirib
“Göy” çayın sahilində yerləşən
ecazkar Göyçay
Göyçay rayonu Azərbaycan Respublikasının mərkəzində, Şirvan düzünün şimal hissəsində Böyük Qafqaz dağlarının ətəklərində yerləşir. Rayon şimaldan cənuba təxminən 25 km, şərqdən qərbə isə 40 km uzanaraq 736 km2 sahəni əhatə edir. Rayonun tərkibinə 1 şəhər, 55 kənd daxildir. Rayon mərkəzi Göyçay şəhəri Bakı-Qazax magistral yolunun 216 kilometrliyində, Ucar dəmir yolu stansiyasından 18 kilometr məsafədə yerləşir. Göyçay rayonu şimal-şərqdən İsmayıllı, cənub-şərqdən Kürdəmir, cənubdan Ucar və qərbdən Ağdaş rayonu ilə həmsərhəddir. Rayonun adı sahilində yerləşdiyi çayın adından götürülüb. Çayın suyu həddindən artıq şəffaf olduğuna və göy (mavi) rənginə çaldığına görə belə adlandırılıb. Bəzi tarixi mənbələrə görə, rayon əhalisi, əsasən, XV əsrdə Türkiyədən köçmüş Qaraman bəylərbəyliyinin əhalisi hesabına formalaşıb. Eyni zamanda XIX əsrin 50-ci illərində Şamaxıda baş verən zəlzələdən zərər çəkən əhalinin bir hissəsi Göyçayın ərazisinə köçüb və bununla da yaşayış məntəqəsi genişlənməyə başlayıb. Çar Rusiyasının Qafqazda apardığı inzibati islahatlar çərçivəsində 1867-ci ilin dekabr ayında Bakı quberniyasının tərkibində Göyçay qəzası yaradılıb. Qəza mərkəzi olan Göyçay yaşayış məntəqəsi isə 1916-cı ildən şəhər adlandırılıb. Azərbaycanın rayonlaşdırılması ilə əlaqədar 1930-cu il avqust ayının 8-də Göyçay rayonu təşkil edilib. Göyçay şəhərinin inkişafı təxminən XX əsrin 30-cu illərindən başlayıb. Rayonun ərazisində xalqımızın tarixi keçmişini əks etdirən bir sıra abidələr mövcuddur. Ərəbcəbirli kəndi ərazisində XII-XIV əsrdə inşa edilən və Ərəb xilafəti dövrünə aid “Surxay” qalası, İnçə və Ərəbcəbirli kəndləri ərazisində tapılan və bizim eradan əvvəl II əsrə aid küp qəbirlərinin qalıqları bu ərazidə qədim insan məskənlərinin mövcud olduğunu sübut edir. XIX əsrin axırlarında inşa edilən yer hamamı və 4 məscid də rayonun tarixi abidələri sırasına daxildir. Göyçay iki geoloji rayona - dağlıq və düzənliyə ayrılır. Dağlıq zonaya Bozdağ Qaraməryəm tirəsini, düzənliklərə isə rayonun qalan ərazisini aid etmək olar. Rayon ərazisindən Göyçay çayı və Yuxarı Şirvan kanalı keçir. Bitki örtüyündə çöl formasiyası geniş yer tutur. Heyvanat aləmi o qədər də zəngin deyil. Rayonun ərazisi tikinti sənayesində istifadə olunan təbii ehtiyatlarla zəngindir. Göyçay çayı dərəsində və Cəyirli kəndinin yaxınlığında çay daşı, çınqıl, qum çıxarılır. Rayonun Qarabaqqal kəndinin ərazisində zəngin gil yataqları var ki, bundan da yüksək keyfiyyətli kərpic istehsal olunur. Qarabağın Ermənistan silahlı birləşmələrindən azad olunması uğrunda döyüşlərdə göyçaylılar 163 şəhid verib, 44 nəfər itkin düşüb, 106 nəfər əlil olub.
Kənd təsərrüfatı
yüksək templə inkişaf edir
“Azərbaycan
Respublikası regionlarının sosial-iqtisadi inkişafı
Dövlət Proqramı”nda Göyçay rayonu üzrə nəzərdə
tutulan tədbirlər, demək olar ki, tam yerinə yetirilib. Bu
dövrdə kənd təsərrüfatı yüksək
templə inkişaf edib. Meyvə bağlarının sahəsini
artırmaq məqsədi ilə 2008-ci ildə 325 hektar sahədə
yeni bağ salınıb və meyvə bağlarının
ümumi sahəsi 4021 hektara çatdırılıb. Taxılçılığı
inkişaf etdirmək məqsədi ilə 8, o cümlədən,
keçən il 5 toxumçuluq təsərrüfatı
yaradılıb. 2008-ci ildə rayonda 43069 ton taxıl istehsal
edilib ki, bu da 2003-cü ilə nisbətən 8,1 faiz
çoxdur. Rayonda üzümçülüyün inkişaf
etdirilməsi məqsədi ilə 10,5 hektar sahədə
üzüm bağı salınıb. “Şəki-İpək””
ASC-nin Göyçay barama idarəsi yaradılıb, son iki ildə
rayona 31000 ədəd gər tingi gətirilərək əkilməsi
təmin olunub, cari ildə rayonda 2750 kq. barama istehsal olunub. Rayonun
kənd təsərrüfatında ümumi məhsul
istehsalının həcmi 2008-ci ildə 2007-ci ilə nisbətən
42 faiz artaraq 69232,5 min manata çatıb. 2009-cu ilin yanvar-mart
aylarında rayon üzrə məhsul istehsalının
ümumi həcmi isə 21,3 milyon manat olub ki, bu da keçən
ilin müvafiq dövrünə nisbətən 1,1 milyon manat və
ya 5,2 faiz çoxdur. Bu, iqtisadi inkişafın davamlı
olmasının göstəricisi sayıla bilər.
Heyvandarlıq sahəsinin inkişafına da diqqət
artırılıb. Mal-qaranın baş sayı 2009-cu ilin əvvəlində
46407-yə, qoyun və keçilərin baş sayı isə
62663-ə çatdırılıb. Bu isə keçən ilə
nisbətən müvafiq olaraq 177 və 1450 baş çoxdur.
2008-ci ildə rayon üzrə istifadə etdikləri yanacaq və
motor yağlarına görə dövlət büdcəsinin
vəsaiti hesabına kənd təsərrüfatı məhsulları
istehsalçılarına 737395 manat, həmçinin,
buğda istehsalçılarının maddi
marağının artırılması və buğda
istehsalının stimullaşdırılması məqsədi
ilə 2009-cu ilin məhsulu üçün əkilən
buğda əkinlərinə görə 404145 manat yardım
verilib. 580 nəfərə isə güzəştli qaydada 750
ton müxtəlif növ mineral gübrələr
satılıb.
Rayonda quşçuluq sənayesi
müəssisələrinin fəaliyyətinin
canlandırılması üçün əməli tədbirlər
görülüb. Uzun illər fəaliyyətsiz olan 528 min
başlıq Göyçay-Broyler quşçuluq fabrikində
əsaslı yenidənqurma işləri aparılıb, yeni kəsim
və qablaşdırma sexləri istifadəyə verilib. Hazırda
burada bazar rəqabətli məhsul istehsalına
başlanılıb.
2006-cı ilin yanvar
ayında “Aqrolizinq”in rayon şöbəsi, 2007-ci ildə
“Aqrolizinq”in Bığır, Qaraməryəm mexanikləşdirilmiş
dəstələri yaradılıb, hazırda lizinq
qaydasında alınan 30-dan artıq Çin və Rusiya
istehsalı müasir kənd təsərrüfatı
texnikası rayon fermerlərinə və ayrı-ayrı torpaq
mülkiyyətçilərinə güzəştli qaydalarla
xidmət göstəir. “Aqrotexservis” ASC-nin sərəncamındakı
20-yə yaxın müxtəlif markalı kənd təsərrüfatı
texnikası əsaslı təmir edilərək yararlı hala
salınıb və torpaq mülkiyyətçilərinin xidmətinə
verilib.
Sənayeləşən
Göyçay yeni texnologiya mərkəzinə çevrilir
Dövlət
Proqramının əhatə etdiyi zaman kəsiyində rayonun
sənaye müəssisələrinin fəaliyyəti də nəzərəçarpacaq
dərəcədə güclənib. Göyçay Tikiş
fabrikinin fəaliyyəti bərpa edilib, 200 nəfərə
yaxın işçi işlə təmin edilib. Rayonda şərab,
konserv və digər ərzaq sənaye məhsulları
istehsalının inkişaf etdirilməsi üçün tədbirlər
davam etdirilib. Mirzəhüseynli kəndində yerləşən
“Göyçay-Şərab “Açıq Tipli Səhmdar Cəmiyyətinin
fəaliyyəti bərpa olunub, müəssisədə yeni qazanxana
inşa edilib, 4 ədəd k-5 m markalı spirtçəkən
aqreqatlar quraşdırılıb, məhsul qəbulu xətlərində
əsaslı yenidənqurma işləri aparılıb. Göyçay
Konyak zavodunda spirt istehsalı sexində avadanlıqlar
quraşdırılıb, yeni şərabdoldurma sexi istifadəyə
verilib.
Konserv zavodunda yeni
konserv, meyvə konsentratları sexi və qazanxana istifadəyə
verilib. Müəssisədə mövcud olan avadanlıq və
axın xətlərinin İtaliyadan alınan ən müasir
texnologiya ilə əvəz edilməsi təmin olunub. Zavodun
laboratoriyasında əsaslı yenidənqurma işləri
aparılıb və laboratoriya müasir avadanlıqlarla təchiz
olunub. Göyçay Qida məhsulları kombinatında nar
emalı sexində yenidənqurma işləri aparılıb və
yeni axın xətti quraşdırılıb. Göyçay
Süd zavodunda müasir standartlara cavab verən, dünya bazarlarına
çıxarılmağa layiq süd məhsulları və
meyvə şirələri istehsalı təşkil edilib. Burada
istehsal olunan məhsullar MDB dövlətlərinə, həmçinin,
Almaniya və İsrailə ixrac edilir.
Şəhərin sənaye
zonasında “Garnet” Açıq Tipli Səhmdar Cəmiyyətinə
məxsus,ümumi sahəsi 6300 kv.m.,gün ərzində 150
ton meyvə emal edən müəssisə istifadəyə
verilib. Burada ən müasir süzmə və avtomatik
qablaşdırma xətləri quraşdırılıb.
Rayonda təbii ehtiyatlardan səmərəli istifadə edilməsi
üçün əməli tədbirlər
görülür. Kərpic istehsalı sahəsində
ixtisaslaşmış türk iş adamlarına məxsus “Kərpic-SAN”
Məhdud Məsuliyyətli Cəmiyyətinin Kərpic zavodunda
məhsul istehsalını artırmaq məqsədilə yenidənqurma
işləri aparılıb, müəssisədə yeni
kürələr və talvar istifadəyə verilib, əraziyə
asfalt-beton döşənib. Müəssisəyə müasir
texnika və nəqliyyat vəsaitləri alınıb. 2008-ci
ildə zavodda ümumi sahəsi 3600 kv.m.olan yeni talvar istifadəyə
verilib. Bununla yanaşı, rayonun Qarabaqqal kəndinin ərazisində
yeni kərpic sexi istifadəyə verilib. Şəhərin sənaye
zonasında iş adamlarının vəsaiti hesabına
istehsal gücü saatda 45 ton olan müasir asfalt zavodu işə
salınıb. Rayonun Cəyirli kəndinin ərazisində
illik məhsuldarlığı 0,8-1,0 milyon kub metrə bərabər
olan müasirtipli daşdoğrayan qurğu kompleksi, həmçinin,
sənaye zonasında 2 yeni çınqıl-qum karxanası,
Göyçay mebel sexi istifadəyə verilib.
Su, elektrik və qaz
problemləri aradan qaldırılır
2004-2008-ci illər
“Regionların sosial-iqtisadi inkişafı Dövlət
Proqramı”nın əhatə etdiyi dövrdə rayonda əsaslı
yenidənqurma işləri aparılıb. Bu dövrdə
Göyçay şəhərinin su təchizatı və
kanalizasiya sisteminin yenidən qurulması layihəsinin
icrasına başlanılıb. Layihənin həyata
keçirilməsi, idarə olunması, mühəndis cizgilərinin
hazırlanması, tikinti-quraşdırma işlərinə nəzarət
üzrə məsləhət xidmətlərinin göstərilməsi
üçün məsləhətçi şirkətin cəlb
edilməsi məqsədi ilə tender prosesi keçirilib. Artezian
quyularının, su ambarının, təmizləyici
qurğuların və yeni inzibati binanın tikintisi
üçün torpaq sahələri ayrılıb. 2008-ci ildə
3 artezian quyusu qazılıb, daşıyıcı su kəmərinin,
istehsalat bazasının və idarə binasının
tikintisinə başlanılıb. Göyçay şəhərinin
sel sularından mühafizəsi üçün 2000 p/m
artıq daş-beton bənd çəkilib. Kənd
yaşayış məntəqələrinin suvarma suyu təminatının
etibarlılığını artırmaq məqsədilə
Göyçay çayının məcrasında
nizamlayıcı qurğunun tikintisində işlər başa
çatdırılıb, obyektdə 2 milyon manata yaxın
tikinti quraşdırma işləri görülüb.
“Kənd
investisiyaları” layihəsi çərçivəsində
Qarayazı, Kürdəmiş, Çayarxı, Cəyirli, Məlikkənd,
Hacalıkənd, Potu, Yeniarx, Çərəcə,
İnçə, Aşağı Qaraməryəm, Qaraməryəm,
Qızılağac kəndlərinin içməli su ilə təminatının
yaxşılaşdırılması məqsədilə bir
sıra tədbirlər həyata keçirilib.
Göyçay şəhərinin
H.Z.Tağıyev küçəsindəki və İnternat məktəbinin
həyətindəki artezian quyuları bərpa edilib, sahil
zonasının içməli su ilə təminatını
yaxşılaşdırmaq məqsədi ilə 8 saylı məktəbin
həyətində yeni artezian quyusu istifadəyə verilib.
Rayonun elektrik enerjisi ilə
təminatı məsələsində də əsaslı
dönüş əldə olunub. Göyçay
yarımstansiyasında 20 mva-lıq transformator
quraşdırılaraq yarımstansiyanın ümumi
gücü 45 mva-ya çatdırılıb. 35 kv-luq
“Şirvan” yarımstansiyasında yenidənqurma işləri
aparılıb, 35 kv-luq “Çörək zavodu”
yarımstansiyasında 4 mva-lıq transformator 5,6 mva-lıq
transformatorla əvəz edilib. Şəhər və kənd
yaşayış məntəqələrində mövcud
transformatorların daha güclü transformatorlarla əvəz
edilməsinə, transformatorlara və elektrik
avadanlıqlarına texniki xidmət göstərilməsinə
diqqət artırılıb, şəhərdə və
rayonun bir sıra kənd yaşayış məntəqələrində
sıradan çıxan və ya gücü az olan
transformatorlar yeniləri ilə əvəz olunub. Sayğaclaşma
işi başa çatdırılıb.
Rayonun enerji təminatının
etibarlılığını artırmaq məqsədi ilə
110 kv-luq 2-ci Göyçay hava xətti çəkilib,
110/35/10 kv-luq Göyçay yarımstansiyasında 3 komplekt 110
kv-luq yeni yağ açarı quraşdırılıb. Bundan
əlavə, 110 kv-luq Göyçay-Qəbələ hava xətti
əsaslı təmirdən sonra istifadəyə verilib. Bütün
bunlar rayonun iki mənbədən - Mingəçevir,
Şirvan şəhərlərindən fasiləsiz elektrik
enerjisi götürməsinə imkan yaradıb.
2008-ci ildə şəhərin
qaz kəmərlərinə 2007-ci illə müqayisədə
6,5 milyon kub metr çox qaz verilib, bir neçə
küçə istisna olmaqla şəhər əhalisinin
normal təbii qazla təchizatı tam təmin olunub.
Şəhər əhalisinin
təbii qazla təminatının
yaxşılaşdırılması məqsədi ilə 1
nömrəli qazpaylayıcı stansiyadan 214 mm-lik
daşıyıcı kəmər, 2 nömrəli
qazpaylayıcı stansiyadan isə 114 mm-lik borularla yeni qaz kəməri,
Sabir və Ə.Kərim küçələrinə 1,6
km.uzunluğunda yeni orta təzyiqli qaz xətti çəkilib.
Bütün abonentlər qaz sayğacları ilə təmin
olunub. Şəhərə yaxın kənd yaşayış
məntəqələrinə təbii qaz verilişini bərpa
etmək üçün kənddaxili qaz kəmərlərində
təmir işləri aparılır.
Bütün şəhər
məktəblərinin qazanxana sistemləri yenidən qurulub. Mirzəhüseynli,
Qarabağlar və Ərəbcəbirli kənd məktəbləri
üçün yeni qazanxanalar istifadəyə verilib.
2007-2008-ci illərdə Göyçay şəhərində
572, Bığır kəndində 512 nömrəlik, Cəyirli,
Qaraməryəm kəndlərində 256 nömrəlik elektron
tipli avtomat telefon stansiyaları istifadəyə verilib. Şəhərdə
3 yerdə yeni poçt şöbəsi açılıb.
Bununla yanaşı, Qarabaqqal, Qızılağac,
Kürdşaban, Alpoud, Potu, İnçə, Məlikkənd,
Qaraman, Müskürlü və Qarayazı kəndlərində
də yeni poçt şöbələri istifadəyə
verilib. Şəhər Avtomat Telefon Stansiyasının tam
elektronlaşdırılması üçün əsaslı
yenidənqurma işlərinə başlanılıb.
2008-ci ildə əhaliyə
723,6 min manatlıq rabitə və poçt xidmətləri
göstərilib ki, bu da 2007-ci illə müqayisədə 4
faiz çoxdur. Rayon ATS-nin tutumu 2007-ci ilə nisbətən
604 vahid artırılaraq 10794-ə yüksəlib.
Təhsil, səhiyyə
və idman hər zaman diqqət mərkəzindədir
2004-cü ilin avqust
ayında Azərbaycan Respublikası Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə
Göyçay şəhərində inşa edilən 21 mənzilli
yaşayış binası istifadəyə verilib, Qarabağ
müharibəsində həlak olan vətəndaşların
ailə üzvlərinin, Qarabağ müharibəsi əlillərinin
mənzil şəraiti yaxşılaşdırılıb. 2008-ci
ildə rayon İcra Hakimiyyətinin sifarişi ilə inşa
edilən Qarabağ müharibəsi əlilləri və şəhid
ailələrinə 24 mənzilli yaşayış
binasında tikinti işləri başa
çatdırılıb.
2005-ci ildə şəhər
8 saylı əsas məktəbi üçün 192 şagird
yeri olan məktəb binası istifadəyə verilib, rayonun
Çaxırlı kəndində 5, şəhər 2
saylı orta məktəbində isə 10 əlavə sinif
otağı inşa edilib. 2007-ci ilin sentyabr ayında Ərəbcəbirli
kəndində 132 şagird yerlik məktəb binası və
Şəkər kəndində 80 yerlik 4 əlavə sinif
otağı istifadəyə verilib.
Heydər Əliyev
Fondunun vəsaiti hesabına rayonun Bəydövül kəndində
200 yerlik, Kürdşaban kəndində 240 yerlik məktəb
binası istifadəyə verilib. 2008-ci ildə Yekəxana kəndində
360 yerlik, Mirzəhüseynli kəndində 140 yerlik məktəb
binası məktəblilərin istifadəsinə təqdim
olunub. Şəhər 1, 4 saylı orta məktəblərində
və Qarabağlar kənd orta məktəbində əsaslı
təmir işləri aparılıb.
Bütün məktəblər
kompyuterlə təmin olunub, 19 məktəbdə kompyuter sinifləri
təşkil edilib. 3 məktəb İnternet şəbəkəsinə
qoşulub.
Rayonun səhiyyə sahəsində
aparılan islahatlar çərçivəsində 2005-ci ildə
Qaraməryəm, İnçə, Ləkçıplaq,
Bığır, Çərəkə, Məlikkənd kənd
həkim ambulatoriyalarının, Qızılağac kənd xəstəxanasının
və şəhər poliklinikasının nəzdində
sağlamlıq mərkəzləri yaradılıb. Digər
sağlamlıq mərkəzlərində aparılan təmir
işləri isə başa çatdırılıb. 2007-ci ildə
Şəhadət kəndində feldşer-mama məntəqəsi,
Göyçay şəhərində Ailə
planlaşdırma mərkəzi inşa olunub. 2008-ci ilin may ayında rayonun Çaxırlı kəndində “Naftalan sağlamlıq” MMC-nin 80 çarpayılıq naftalan
nefti ilə müalicə sağlamlıq
mərkəzi istifadəyə
verilib.
Olimpiya İdman kompleksinin tikintisinə başlanılıb. Bundan başqa, şəhərin 7 saylı orta məktəbində süni örtüklü mini futbol meydançası istifadəyə verilib. Şəhər stadionunda təmir işləri aparılıb, yeni oturacaqlar quraşdırılıb. 2006-cı ildə Heydər Əliyev prospektində Ulu öndərin xatirə muzeyi inşa olunub. Bundan başqa, Göyçay şəhərində Tədris İstehsalat Kombinatı, 9 saylı ərazi vergilər İdarəsi üçün yeni inzibati bina istifadəyə verilib. 2005-ci ildə Göyçay şəhərində Uşaq əyləncə mərkəzi, 2006-cı ildə Regional pasport xidməti üçün inzibati bina istifadəyə verilib. 2005-ci ildə Xalq şairi Rəsul Rzanın doğulduğu evdə onun ev muzeyi açılıb.
Göyçay
günü-gündən yenilənir
Rayonun yolları da
Dövlət Proqramına əsasən əsaslı şəkildə
yenilənib və təmir olunub. Heydər Əliyev prospektində
19850 kv.m. asfalt örtüyü vurulub, Yeniarx, Xəlitli və
Hacağabəyli kəndlərində 5 km. uzunluğunda kəndarası
yol əsaslı təmir olunub. Bununla yanaşı, Qarabaqqal və
Kürdşaban kəndlərində kəndarası yollara 3
km. asfalt örtüyü vurulub. Şəhərin
M.Hüseynzadə, Nizami, Natəvan, Əli Kərim
küçələrində əsaslı yenidənqurma
işləri aparılıb, şəhərdə 270 min kv.m-ə
yaxın yeni asvalt örtüyü salınıb. “Kənd
investisiyaları” layihəsi çərçivəsində
Şəkər, Qaraxıdır, Mırtı,
Şahsoltanlı, Mirzəhüseynli, Ləkçıplaq,
Bığır, Müskürlü, Mallı-şıxlı,
Ünkütlü kəndlərində daxili yollar bərpa
edilib. Potu, Ərəb, Mirzəhüseynli, Ünkütlü,
Qızılağac və Yalman kəndlərində isə
40,7 min kv.m yola yeni asfalt örtüyü salınıb.
Şəhərə
giriş qapısı inşa olunub. Şəhərin ərazisindəki
ictimai binaların fasadları yenilənib, 40-a yaxın ictimai
binanın dam örtüyü yeniləri ilə əvəz
edilib. 2007-ci ildə Heydər Əliyev Muzeyinin
qarşısında musiqili fəvvarənin tikintisi başa
çatdırılıb, Heydər Əliyev parkında
kürəvi fəvvarə istifadəyə verilib. Ulu öndərin
abidə kompleksi, Heydər Əliyev adına park əsaslı
şəkildə yenidən qurulub. Şəhidlər
xiyabanında şəhidlərin xatirəsini əbədiləşdirmək
üçün yeni kompleks inşa olunub. Sabir adına mədəniyyət
və istirahət parkı genişləndirilib. Böyük
şairin adını daşıyan parkda uşaqlar
üçün istirahət mərkəzi inşa edilib. Heydər
Əliyev prospektində Ulu öndərin adını
daşıyacaq mərkəzin tikintisinə
başlanılıb.
Göyçaylılar
Yeni Azərbaycan Partiyasını dəstəkləyirlər
Göyçay rayonu hər
zaman öz siyasi aktivliyi ilə seçilib və Ümummilli
liderimiz Heydər Əliyev ideyalarına sadiqlik nümayiş
etdirib. Regionun böyük rayonlarından biri kimi
Göyçay bütün siyasi proseslərdə fəal
şəkildə iştirak edir və xalqımızın,
dövlətimizin gələcəyinin müəyyənləşməsində
aktiv rol oynayır. İndiyə qədər keçirilən
bütün seçkilərdə Ümummilli liderimiz Heydər
Əliyev siyasətinə, Yeni Azərbaycan Partiyasına sədaqət
nümayiş etdirən Göyçay seçiciləri həm
2008-ci il prezident seçkilərində, həm də
ümumrespublika səsverməsi-referendumda fəal surətdə
iştirak ediblər. Rayon seçiciləri yekdilliklə Azərbaycanın
gələcək inkişafına, sabitliyə, tərəqqiyə,
Ulu öndər Heydər Əliyev siyasi kursuna - bu kursun layiqli
davamçısı Prezident İlham Əliyevə səs
veriblər. Rayonun əsas aparıcı siyasi qüvvəsi
Yeni Azərbaycan Partiyasıdır. 1993-cü ilin mart
ayının 6-da təsis olunan Yeni Azərbaycan Partiyası
Göyçay rayon təşkilatı ölkədə ilk
yaranan yerli təşkilatlardandır. Hazırda Yeni Azərbaycan
Partiyası Göyçay rayon təşkilatı 141 ilk ərazi
təşkilatına malikdir və özündə 5741
üzvü birləşdirir. Rayon təşkilatı üzvlərinin
53 faizi qadınlardan, 33 faizi isə gənclərdən ibarətdir.
Rayon təşkilatının binası yüksək səviyyədə
təmir edilib və bu gün Yeni Azərbaycan Partiyası
Göyçay rayon təşkilatı öz inkişaf
dövrünü yaşayır.
Pərviz SADAYOĞLU
Yeni Azərbaycan.- 2009.- 26 iyun.- S.10-11.