Gözəllik aləminə çağıran səs

 

SSRİ-nin Azərbaycanın xalq artisti Fidan Qasımova musiqini bilən, sevən dəyərləndirən Bakı tamaşaçıları qarşısında çıxış edib. Müslüm Maqomayev adına Azərbaycan Dövlət FilarmoniyasındaYay kantilenasıadlı konsert olub. Təbiətən ipək kimi yumşaq, zəngin səs çalarlarına malik müğənni artıq çoxdan öz ustalığını təsdiq edib. Əlbəttə, bu təsdiqin arxasında böyük zəhmət, kamilliyə yetişmək arzusu durur.

Həmişə olduğu kimi, bu dəfə də Fidan Qasımovanın iştirakı ilə vokal musiqisi konsertinin proqramına mürəkkəb və geniş tamaşaçı kütləsinə az tanış olan əsərlər daxil edilib. Həmin gecə sevimli müğənnimizi dinləmək üçün əsasən, peşəkarlar, musiqini bilən və layiqincə qiymətləndirməyi bacaran insanlar toplaşıb. Odur ki, Falkonyerinin, Stradellinin, Skarlattinin, Perqolezinin, Bellininin, Raxmaninovun və Məlikovun ürəkdən və həyəcanla ifa olunan əsərləri hərarətli alqışlarla qarşılanıb. Fidan Qasımova bu dəfə də belkanto üslubuna məxsus qeyri-adi ahəngdarlıq, zəriflik və virtuozluq nümayiş etdirib. Bu zərifliyi yüksək qiymətləndirən tamaşaçılar səhnəni gül-çiçəyə qərq ediblər.

İkinci hissə sürprizlə başlanıb: səhnədə quraşdırılan ekrandan unudulmaz Müslüm Maqomayev sevimli müğənnimizin sənəti barədə xoş sözlər söyləyib. Sonra ekranda oxuyan Fidan görünüb. Fidan xanım elan edib ki, bu vokal əsərini Müslümün əziz xatirəsinə həsr edib.

“Yay kantilenası” konsertində Fidan xanımı tanınmış pianoçu, Rusiyanın xalq artisti, beynəlxalq müsabiqələr laureatı Yuri Rozum incə zövq və böyük həvəslə müşayiət edib. Onun böyük ustalıqla ifa etdiyi Skarlatti, Motsart, Şopen, Raxmaninov, habelə, Fərid Axund-Qasımovun fortepiano əsərləri musiqi bilicilərinə böyük zövq verib.

Konsertin sonunda Fidan xanım Xuraman Qasımova ilə birlikdə Tofiq Quliyevin sevimli mahnılarından birini ifa edib, sonra isə Fidan Qasımovanın ifasında Lonqasın “Fiorellino” əsəri səslənib.

Fidan Qasımovanın valehedici, Qara Qarayevin dediyi kimi, fleyta kimi axıcı səsi konsertdən sonra tamaşaçıların qəlbində uzun müddət qalıb, onları gözəllik dünyasına səsləyib.

 

 

Yeni Azərbaycan.- 2009.- 26 iyun.- S.12.