Tarixə işıq salacaq əsər

 

Dünən Atatürk Mərkəzində tanınmış tarixçi alim, professor Musa Qasımlının “SSRİ-Türkiyə münasibətləri (Türkiyədə 1960-cı il çevrilişindən SSRİ-nin dağılmasınadək)” kitabının 1979-1991-ci illəri əhatə edən ikinci cildinin təqdimetmə mərasimi keçirilib. Monoqrafiya Türkiyədə 1980-ci il 12 sentyabr tarixində baş vermiş hərbi çevrilişdən SSRİ-nin dağılmasınadək olan dövrdə iki ölkə arasında diplomatik-siyasi münasibətlərin vəziyyətinin, mövcud problemlərin, bu münasibətlərdə Azərbaycanın yerinin və rolunun araşdırılmasına həsr edilib. Müəllif uzun illər boyu “məxfi”, “tam məxfi”, “xidməti istifadə üçün” qrifləri altında saxlanılmış ən mötəbər mənbələri araşdıraraq, oxucunun diqqətinə çatdırıb. Zəngin ədəbiyyat əsasında qələmə alınmış monoqrafiyanın birinci cildi artıq Moskvada Rusiya Federasiyasının Mədəniyyət Fondu tərəfindən rus dilində çap edilib. Azərbaycan tarix elminin ciddi uğurlarından biri hesab edilən monoqrafiya diplomatlar, siyasətçilər, beynəlxalq münasibətlər tarixi ilə maraqlanan şəxslər üçün böyük əhəmiyyət kəsb edir.

Tədbirdə çıxış edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin kafedra müdiri, əməkdar elm xadimi, tarix elmləri doktoru, professor Süleyman Məmmədov kitabı həm də bəşəriyyət tarixinin maraqlı səhifələrindən biri hesab etdiyini gizlətməyib: “Musa Qasımlı həmişə beynəlxalq aləmdə böyük maraq kəsb edən rus-Osmanlı münasibətlərinin indiyə qədər açılmamış səhifələrinə işıq salıb. Ümumiyyətlə, bu tarix türklərin özündə də az tədqiq olunub. Bizim tərəfdən isə həmişə erməni tarixçilərinə imkan yaradıldığından təhriflərlə dolu bir səhifə yazılıb”.

Azərbaycan Respublikası Prezidenti yanında Ali İdarəçilik Akademiyasının dosenti, tarix elmləri namizədi Firdovsiyyə Əhmədova da bu mənada Musa Qasımlının ikicildlik kitabını yüksək qiymətləndirib. O söyləyib ki, xarici həmkarları monoqrafiyalara müraciət edərkən azərbaycanlı alimlərin yox, ermənilərin tədqiqatları ilə qarşılaşıblar: “Artıq azərbaycanlı alimlər də bu sahədə böyük işlər görməyə başlayıblar. Professor Musa Qasımlı isə onların arasında ən zəhmətkeşi və məhsuldar çalışanıdır”.

Tədbirdə Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfirinin birinci müavini Erkan Özoral, Bakı Söhbət Toplantıları Klubu İdarə heyətinin üzvü, doktor Bataçar Baysal da çıxış edərək əsərin tarixi əhəmiyyətindən danışıblar. Onlar qeyd ediblər ki, əsərin daha bir mühüm cəhəti türk-sovet münasibətlərində Azərbaycanın tutduğu yerin və oynadığı rolun təhlil edilməsidir. Məlumat üçün qeyd edək ki, indiyədək müəllifin “Beynəlxalq münasibətlərdə Azərbaycan məsələsi”, “Azərbaycanın xarici siyasəti”, “Azərbaycan beynəlxalq münasibətlər sistemində”, “Azərbaycan-Türkiyə diplomatik-siyasi münasibətləri”, “Xarici dövlətlər və Azərbaycan” kitabları işıq üzü görüb. Bundan başqa, professor Musa Qasımlı “I Dünya Müharibəsi illərində böyük dövlətlərin Azərbaycan siyasəti” adlı üçcildliyinin, Elmira Hüseynova və Cavid Hüseynovla müştərək qələmə alınmış “Xarici işlər nazirləri” və “Azərbaycan baş nazirləri” kitablarının da müəllifidir.

Onun rus və fars dillərində çap olunmuş əsərləri arasında Türkiyədə işıq üzü görən “Türklərin Milli Mücadilə Tarihi 1920-1945” kitabı xüsusi əhəmiyyət kəsb edir.

M.Qasımlının “Heydər Əliyev - İstiqlala gedən yol-1969-87” kitabı isə müasir tariximizin araşdırılmasında əhəmiyyətli rol oynayır.

 

 

KƏBUTƏR

 

Yeni Azərbaycan.- 2009.- 1 mart.- S.7.