İstanbul Aydın Universitetində “Heydər Əliyev və Azərbaycan Neft Strategiyası” mövzusunda konfrans keçirilib

 

Azərbaycanın İstanbuldakı baş konsulluğunun təşəbbüsü ilə İstanbul Aydın Universitetində “Heydər Əliyev və Azərbaycanın neft strategiyası” mövzusunda konfrans keçirilib. Türk dünyasının dahi şəxsiyyəti olan Heydər Əliyevin neft strategiyası və misilsiz xidmətlərindən ətraflı bəhs edən baş konsul Səyyad Aran bildirib ki, məhz xalqımızın Ümummilli lideri Heydər Əliyevin uzaqgörənliyi və yorulmaz fəaliyyəti ölkəmizi ötən əsrin 90-cı illərinin ortalarında iqtisadi problemlərdən qurtarıb və dünyada iqtisadiyyatı ən dinamik inkişaf edən dövlətə çevirib. Ulu öndərimiz bütün nəhəng enerji və kommunikasiya layihələrini qardaş Türkiyə ilə birlikdə həyata keçirib. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz və Bakı-Tbilisi-Qars dəmiryolu layihələri xalqlarımızın rifahının yüksəlməsinə xidmət edir. Apreldə Bakı-Tbilisi-Qars dəmiryolunun Türkiyə hissəsinin tikintisinin başa çatması ilə Böyük İpək yolu yenidən canlanacaq. Konfransda çıxış edən Milli Məclisin üzvü Gülər Əhmədova ermənilərin Azərbaycanın Xocalı şəhərində dinc əhaliyə qarşı törətdiyi vəhşi qətliamdan bəhs edib. Bildirib ki, Xocalıda qətlə yetirilənlərin yeganə “günahı” onların türk olmaları idi. Biz bundan sonra da bu “günahı” qürürla daşıyacağıq.

Sonra İstanbul Aydın Universitetinin rektoru, professor Salih Çelikkale Səyyad Aran və Gülər Əhmədovaya xatirə hədiyyəsi təqdim edib. Konfrans iştirakçılarına Heydər Əliyev Fondunun hazırladığı, Xocalı soyqırımını əks etdirən film nümayiş etdirilib. Müəllim və tələbələrə Xocalı soyqırımı ilə bağlı Heydər Əliyev Fondunun hazırladığı kitablar, bröşürlər paylanıb.

 

 

Yeni Azərbaycan.- 2009.- 1 mart.- S. 2.