Beyləqanlılar daim dövlətçiliyimizin
keşiyində dayanıblar
Rayon
sakinləri martın 18-də Konstitusiya islahatlarına səs
verəcəklər
“Yeni Azərbaycan” təşviqat
qrupu martın 18-də keçiriləcək referendumla əlaqədar
təbliğat və təşviqat kampaniyası çərçivəsində
rayonlarda görüşləri davam etdirir. Növbəti
görüşlər fevralın 27-i və 28-də Beyləqan
rayonunda baş tutub. İlk olaraq, rayonun Dünyamalılar kəndində
keçirilən görüşdə qrupun rayon şöbəsinin
sədri Rəfail Pəsiyev referenduma hazırlıqla əlaqədar
Beyləqanda görülən işlər barəsində
ictimaiyyətə ətraflı məlumat verib, “Yeni Azərbaycan”
təşviqat qrupunun Beyləqan rayon şöbəsinin
göstərdiyi fəallıqdan danışıb. O qeyd edib
ki, şöbənin əməkdaşları və referendum
prosesinə könüllü cəlb olunmuş rayon sakinləri
yerlərdə vətəndaşlarla görüşlər
keçirir, təklif olunan əlavə və dəyişikliklərin
tam mahiyyəti barədə məlumat verirlər.
Daha sonra R.Pəsiyev
deyib ki, dünyanın bütün demokratik dövlətlərində
Əsas Qanuna dəyişikliklər ümumxalq səsverməsi
yolu ilə edilir. Azərbaycanda 1995-ci ildə Konstitusiya qəbul
olunarkən ümumxalq səsverməsi keçirilib və Azərbaycan
xalqı bu Əsas Qanunla bağlı iradəsini ortaya qoyub. Bundan
başqa, 2002-ci ildə yenə də ümumxalq səsverməsi
yolu ilə Konstitusiyaya dəyişiklik edilib. Bu gün isə
Konstitusiyaya növbəti dəfə dəyişikliklərin
edilməsi üçün referenduma hazırlıq gedir. O
Beyləqan rayon sakinlərinin daim dövlətçiliyimizin
keşiyində dayandıqlarını, taleyüklü məsələlərdə
hər zaman öndə olduqlarını vurğulayaraq,
onları xalqımız və dövlətimizin gələcəyi
üçün böyük əhəmiyyət
daşıyan və martın 18-də keçiriləcək
referendumda fəal iştirak etməyə
çağırıb.
Yeni Azərbaycan
Partiyası tərəfindən Konstitusiyaya təklif olunan əlavə
və dəyişikliklərin dövlətçiliyimizin
möhkəmlənməsi, inkişafı baxımından
mühüm əhəmiyyət kəsb etdiyini vurğulayan R.Pəsiyev,
həmçinin, qeyd edib ki, bu dəyişikliklər
zamanın tələbidir: “Azərbaycan son 15 ildə
böyük inkişaf yolu keçib. Bu ayrı-ayrı sahələrin
inkişafında özünü açıq-aşkar
göstərir. Eyni zamanda, ölkəmizin mövcud iqtisadi
potensialı, siyasi sistemin də təkmilləşməsinə,
güclənməsinə imkan verib. Bu gün Azərbaycan
dünyanın eneri təhlükəsizliyində, eləcə
də Cənubi Qafqaz regionunun inkişafında fəal rol
oynayır. Azərbaycanın təşəbbüsü və
birbaşa iştirakı ilə reallaşan nəhəng iqtisadi,
enerji, nəqliyyat layihələri təkcə ölkəmizin
deyil, eyni zamanda, regionun inkişafına şərait
yaradıb. Hazırda iqtisadi inkişaf sürətinə
görə dünyada lider dövlət olan Azərbaycanla
bütün beynəlxalq ictimaiyyət hesablaşır. Bu
gün Azərbaycan dövlətinin sahib olduğu potensial,
iqtisadi güc imkan verir ki, ölkəmiz öz vətəndaşlarının
layiqli həyat səviyyəsini təmin etsin. Həmçinin,
qarşımıza yeni problemlər, yeni şərtlər
çıxıb. Ona görə də, bütün sahələrdə
olduğu kimi, hüquq sistemində də dəyişikliklər
dövrün, zəmanənin diktə etdiyi zərurətdir. Bir
sıra hüquqi aktların, qanunların yenidən işlənməsinə,
bəzi işlək qanunlara korrektələr edilməsinə
ehtiyac yaranıb. Bunun üçün isə ilk olaraq,
bütün qanunların qidalandığı Azərbaycan
Respublikası Konstitusiyasına da dəyişiklik etmək
vacibdir. Həmçinin, Konstitusiyaya təqdim olunan layihə də
məhz bu inkişafın daha da sürətləndirilməsinə,
dövlətin qüdrətlənməsinə xidmət
göstərir”.
Azərbaycan
Respublikasının Konstitusiyasının 1995-ci ildə
Ümummilli liderimiz Heydər Əliyevin
başçılığı ilə
hazırlandığını xatırladan vəkil Ana
Yasamızın dövlətimizin inkişafında mütərəqqi
rol oynadığını bildirib. Onun sözlərinə
görə, qəbul olunan qanunlarımız məhz
Konstitusiyamızın maddələrinin bazasında
formalaşdırılır. Ona görə də, təklif
olunan əlavə və dəyişikliklər zamanın tələbinə
uyğun qanunların qəbulunda da müstəsna rol oynacaq. Eyni
zamanda, 1995-ci ildə qəbul olunmuş Konstitusiyamızda
obyektiv səbəblərdən yer almayan bir sıra yeni
nüanslar da təklif olunan Konstitusiya Aktında yer alacaq: “Təklif
olunan bütün dəyişikliklər vətəndaşlarımızın
sosial vəziyyətinin
yaxşılaşdırılmasına, insan hüquq və
azadlıqlarının möhkəmlənməsinə xidmət
edir. Eyni zamanda, bu dəyişiklikləri Azərbaycanın
beynəlxalq münasibətlər sistemində möhkəmlənən
yeri və rolu şərtləndirir. Bilirsiniz ki, Azərbaycan
hazırda Avropaya inteqrasiya edir və bu məqsədlə
Avropanın böyük təşkilatlarına üzv olub. Bu
da yeni münasibətlər, yeni şərtlər ortaya
çıxarır. Əsas Qanunumuzun bu şərtlərə
uyğunlaşdırılması vacibdir”.
Növbəti
görüş isə rayonun 1-ci Şahsevən kəndində
olub. Burada seçicilərlə təklif olunan ayrı-ayrı dəyişikliklər barəsində
danışan “Yeni Azərbaycan” təşviqat
qrupunun Beyləqan rayon şöbəsinin sədri qeyd edib ki, 17-ci maddəyə təklif olunan dəyişiklikdə
uşaq hüquqlarının
daha da möhkəmlənməsi,
uşaqlara dövlət
qayğısının artırılması,
uşaq əməyinin
istismarına qarşı
mübarizənin gücləndirilməsi
nəzərdə tutulur:
“Mən hesab edirəm ki, bu, Azərbaycanın gələcəyi olacaq uşaqlarımızın daha
sağlam mühitdə
böyüməsinə, onların
peşəkar, istedadlı
kadr kimi yetişməsinə şərait
yaradacaq. Bundan başqa, dəyişikliklər
sırasında 18-ci maddəyə
təklif olunan əlavələr də var. Burada göstərilir ki,
insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin və dini cərəyanların
yayılması və
təbliği qadağandır.
Əgər nəzərə
alsaq ki, bu gün bir
sıra dini cərəyanlar hansısa
təhlükəli fəaliyyətlərlə
məşğul olmaq
niyyətindədir, onda
belə bir dəyişikliyin nə dərəcədə əhəmiyyətli
olduğu ortaya çıxar”.
R.Pəsiyev deyib ki, dəyişiklikləri
diqqətlə təhlil etdikdə, onların hər birinin nə
dərəcədə əhəmiyyətli olduğunu görmək
mümkündür.
Sonda Rəfail Pəsiyev
seçicilərin suallarını cavablandırıb və
bütün Beyləqan seçicilərini referendumda fəallıq
göstərməyə çağırıb.
Qeyd edək ki, “Yeni Azərbaycan”
təşviqat qrupunun üzvləri Beyləqan rayonunun
Yuxarıaran, Təzəkənd, Öyrənqala kəndlərində
və rayon mərkəzində də seçicilərlə
görüşüb, onlara Konstitusiyaya təklif olunan əlavə
və dəyişikliklər barəsində ətraflı məlumat
veriblər.
Müşfiq Səfərov
- Beyləqan sakini:
- Mən Referendum
Aktı ilə tanışam və bu dəyişiklikləri dəstəkləyirəm.
İnanıram ki, bütün bu təkliflərin
hamısı Azərbaycanın inkişafına, dövlətimizin
möhkəmlənməsinə, insan hüquq və
azadlıqlarının artırılmasına xidmət edir.
Əlyar Həsənov -
Beyləqan sakini:
- Konstitusiyaya təklif
olunan əlavə və dəyişikliklər dövlətimizin
inkişafına xidmət edir. Məni dini sahədə olan
problemlər həmişə narahat edib. Dünyanın
müxtəlif nöqtələrində dini missioner təşkilatlar
hansısa dövlətdə təxribat törədir, ya da bu
dini yönümlü qurumlar kamikadzelər yaradaraq dövlətlərin
əleyhinə fəaliyyət göstərirlər. Azərbaycanda
bu problemlərin qarşısının alınması
üçün Konstitusiyaya xüsusi bəndin əlavə
edilməsi məni sevindirir. Hesab edirəm ki, digər dəyişikliklər
də kifayət qədər ciddi və ölkəmizin
maraqlarına uyğundur.
Gülbəniz
Qasımova - Beyləqan sakini:
- Konstitusiyaya təklif
olunan əlavə və dəyişiklikləri dəstəkləyirəm.
Martın 18-də keçiriləcək referendumda bu dəyişikliklərin
lehinə səs verəcəyəm. Çünki bu dəyişikliklər
Azərbaycanımız üçün inkişaf, xoşbəxtlik
gətirəcək.
Baxşeyş Şirinov
- “Mil” qəzetinin əməkdaşı:
- Referendumun keçirilməsinə
qeyri-adi hadisə kimi yanaşmaq doğru deyil. Dünyanın hər
bir yerində Əsas Qanuna dəyişikliklər edilmək
üçün ümumxalq səsverməsi keçirilir və
referendum günü də xalq öz rəyini, iradəsini
qutuya atdığı bülletenlə bildirir. Azərbaycan da
bu normal hadisəni yaşayır və əminəm ki,
xalqımız bu Konstitusiya islahatlarının lehinə səs
verəcək. Çünki bu referendum Azərbaycanın gələcək
inkişafı baxımından olduqca vacib mərhələlərdən
biridir və əhəmiyyətlidir.
Bakir Həsənov - Beyləqan
sakini:
- Biz beyləqanlılar
Konstitusiyaya dəyişikliklər edilməsi təşəbbüsünü
dəstəkləyirik. Çünki bu islahatlar
xalqımızın güzəranının daha da
yaxşılaşması, insan hüquq və
azadlıqlarının möhkəmlənməsi, dövlətimizin
inkişafı üçün olduqca vacib və əhəmiyyətlidir.
Nüşabə Əliyeva
- Beyləqan sakini:
- Mən
Konstitusiyamıza təklif olunan əlavə və dəyişikliklər
layihəsi ilə tanış olmuşam və şəxsən
bu dəyişikliklərin edilməsi ilə bağlı
ideyanı müsbət qarşılayıram. Çünki bu
günə qədər xeyli problemlərlə üzləşmişik
və hüquq sistemindəki boşluqlar bu problemlərin aradan
qaldırılmasına imkan verməyib.
Nazim Mirzəyev - Mədəniyyət
işçisi:
- Mən bu dəyişiklikləri
Azərbaycanın gücləndirilməsi, iqtisadi
potensialının artırılması və
insanlarımızın güzəranının
yaxşılaşdırılması istiqamətində
atılan növbəti addım kimi qiymətləndirirəm.
Təklif olunan dəyişikliyə əsasən, dövlətimiz
vətəndaşlarımızın sosial vəziyyətinin
daha da yaxşılaşdırılmasını bir ali məqsəd
kimi müəyyənləşdirib və bu istiqamətdə
fəaliyyətini daha fəal şəkildə davam etdirəcək.
Aqşin ŞAHİN
Yeni Azərbaycan.- 2009.- 1 mart.- S.5.