Şuşalı gənclər referendumda fəal iştirak edəcəklər

 

“Yeni Azərbaycan” təşviqat qrupu səsvermə hüququna malik olan şuşalı gənclərlə görüş keçirib

Dünən martın 18-də keçiriləcək referendumla əlaqədar “Yeni Azərbaycan” təşviqat qrupu səsvermə hüququna malik olan şuşalı gənclərlə görüş keçirib. Görüşdə iştirak edən Yeni Azərbaycan Partiyasının Şuşa rayon təşkilatının Gənclər Birliyinin sədri Anar Xəlilov xatırladıb ki, martın 18-də Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsi ilə bağlı ümumxalq səsverməsi keçiriləcək. Mövcud Konstitusiyanın 1995-ci ildə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlandığını və ümumxalq səsverməsi ilə qəbul olunduğunu vurğulayan natiq deyib ki, ötən zaman kəsiyində Azərbaycan böyük inkişaf yolu keçib, dövlətimiz xeyli inkişaf edib. Bu da şübhəsiz ki, bütün digər sahələrdə olduğu kimi, hüquq sistemində də müəyyən islahatların aparılmasını zəruri edir. Bu dəyişikliklərin zamanın tələbi olduğunu diqqətə çatdıran A.Xəlilov ümidvar olduğunu bildirib ki, mart ayının 18-də bütün səsvermə hüququna malik olan gənclər seçki məntəqələrinə gələrək bu dəyişikliklərin lehinə səs verəcəklər.

Daha sonra gənc seçicilərin çoxsaylı sualları cavablandırılıb və onlara dəyişikliklərlə bağlı ətraflı məlumat verilib.

Qeyd edək ki, tədbirdən sonra martın 18-də Konstitusiyaya əlavə və dəyişikliklərlə əlaqədar keçiriləcək referendumla bağlı gənclər arasında rəy sorğusu keçirdik. Həmin sorğunu oxucularımıza təqdim edirik.

 

 

Ramil VƏLİBƏYOV

 

Yeni Azərbaycan.- 2009.- 5 mart.- S.7.