Xalq Azərbaycandakı inkişafın davamlı olması üçün Konstitusiya islahatlarını vacib sayır

 

Gələcəkdə də iqtisadiyyatın inkişaf etdirilməsi, bütün sosial proqramların uğurla icra olunması üçün Prezident İlham Əliyevin başladığı islahatlar proqramı mütləq davam etdirilməlidir

 

Xalq cəmiyyətə qarşı aparılan qeyri səmimi siyasətin altında yatan sönməmiş vulkandır. O daim közərir və lazım bildiyi anda, heç kimin qarşı dura bilməyəcəyi bir təkanla püskürür, hər şeyi yerbəyer edir. Tutduğu mövqedən asılı olaraq bu proseslərdə yanıb külə çevrilənlər də olur, layiq olduğu yerdə qalıb tərəqqiyə, rifaha xidməti davam etdirənlər də. Bütün hallarda püskürmədən sonra yeni bir çiçəklənmə, yeni bir inkişaf mərhələsi başlayır. Kimlər ki, bu amili nəzərə alır, onlar cəmiyyətə münasibətdə qeyri-standart siyasi gedişlərə bel bağlamır. Bu amili unudanlar isə müəyyən dövrdən bir onu nəinki xatırlamalı, siyasi karyerasında daha bir krizis şəklində hiss etməli olurlar.

Azərbaycan tarixinin müasir mərhələsində belə püskürmələr artıq bir neçə dəfə baş verib. Ötən əsrin sonlarında sovet imperiyasına qarşı qalxan xalq öz iradəsini ortaya qoyub qanı bahasına istədiyinə nail olsa da, bundan sonra bir neçə dəfə yenidən hər kəsi və hər şeyi yerbəyer etməli oldu. 1993-cü ildə kimin nə düşünməsinə, kimə xidmət etməsində və ölkəni ümidsiz vəziyyətə salmasına baxmayaraq, sonda xalq öz iradəsini ortaya qoydu və göstərdi ki, çıxış yolu həmişə var və onun harada olduğunu siyasətçilər görməyə və ya görmək istəməyə bilər. Amma cəmiyyət hər şeyi və hər kəsi yaxşı görür. O vaxt Azərbaycan xalqı Ümummilli liderimiz Heydər Əliyevi hakimiyyətə gətirəndə çoxlarının siyasi karyerası bir daha çıxılması mümkün olmayan siyasi krizisə düçar oldu. Bundan sonra, xalq öz iradəsini dəfələrlə Heydər Əliyevi qorumaq üçün də ortaya qoymalı oldu. Azərbaycan xalqını passiv, iradəsiz hesab edənlər, bu iradənin nəyə qadir olduğunu 2003-cü ilin oktyabrında keçirilən prezident seçkilərində yenidən hiss etməli oldular. Heydər Əliyevdən sonra hakimiyyətə gələcəklərinə ümid edənlər daha bir krizis yaşamalı oldular. 2008-ci ilin prezident seçkilərində də ümidləri puça çıxanlar Ümummilli liderin siyasi kursunun layiqli davamçısı İlham Əliyevin “onsuz da sonuncu prezidentlik dönəmidir” deyib ümidlərini növbəti - 2013-cü ilin seçkilərinə bağlamışdılar ki, xalq onu nəzərə almayanlara bir daha özünü yenidən xatırlatdı.
İctimaiyyət uzun müddət müxtəlif dairələrdə müzakirə etdiyi məsələnin nəhayət ki, parlamentdə müzakirəsinə və qəbuluna nail oldu.  Məntiq çox sadədir. Xalq öz inandığı Liderini daim öndə görmək istəyir və Azərbaycanı əbədi inkişaf yoluna çıxaran ulu öndər Heydər Əliyev siyasətinin bundan sonra da yeni mərhələdə çiçəklənməsini, siyasi xəttin davam etdirilməsini istəyir. Beləliklə, 2009-cu il martın 18-i Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi üçün referendum təyin edilməsi xalqın və milli dövlətçiliyinin yeni inkişaf mərhələsində doğan təbii tələbatından irəli gəlir. Bəzi siyasi dairələr bu hadisənin siyasi sifariş olduğunu iddia edirlər. Amma ölkədə görülən işlərin  məhz belə bir sosial sifarişə səbəb olacağını görməmək də mümkün deyildi. Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi müddətdə demək olar ki, hər ay xalqa verdiyi hesabatlar ilin sonunda da yekun hesabatı formasında bir daha təkrarlanırdı. Bütün bunlar məhdud dairədə yox, cəmiyyətin gözü qarşısında baş verirdi.

Nazirlər Kabinetində Onun sədrliyi ilə keçirilən 2008-ci ilin sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş iclası da belə hesabatlardandır. Dövlət başçısı çıxışında dedi ki, “2008-ci il dünya tarixində maliyyə və iqtisadi böhran ili kimi qalacaqdır. Azərbaycan üçün isə 2008-ci il növbəti uğurlu il olmuşdur. 2008-ci ildə nəzərdə tutulmuş bütün proqramlar uğurla icra edilmişdir. Azərbaycan iqtisadiyyatı yüksək sürətlə inkişafını davam etdirmiş, ölkədə infrastruktur və digər layihələr vaxtlı-vaxtında icra olunmuşdur. Bir sözlə, Azərbaycanda son illər ərzində aparılan uğurlu iqtisadi islahatlar 2008-ci ilin yekunlarında da özünü göstərmişdir”.

Dünyanı bürümüş maliyyə və iqtisadi böhranın fonunda - iri dövlətlərin bir-birinin ardınca iflasa uğrayan nəhəng müəssisələri, maliyyə strukturlarını xilas etmək üçün hələlik nəticə verməyən proqramlar işləyib hazırladıqları bir vaxtda Azərbaycanda yeni müəssisələr, iş yerləri açıldığını görən xalqın bütün bunlara nail olan siyasətçini daha uzun müddətə özünün rəhbəri kimi görmək istəməsi təsadüfi deyil. Əslində, xalqın bu istəyinin üstünə kölgə salan, onun guya ki, hakimiyyət nümayəndələrinin istəyi olduğunu iddia edənlər üçün də bu hadisə təsadüfi deyil. Onlar xalqın bu tələb və istəklə çıxış edəcəyini çoxdan anlayırdılar. Elə buna görə də, mövcud hakimiyyətə qarşı çıxanlar, heç bir əsas olmadan inflyasiyadan, qiymətlərin artmasından danışaraq xalqın diqqətini gerçəklikdən yayındırmağa çalışırdılar. Əhali isə problemləri görməklə bərabər pul gəlirlərinin ildən-ilə nəzərəçarpacaq dərəcədə artmasını, ölkədə yoxsulluğun sürətlə azalmasını müşahidə edir, müsbət dəyişiklikləri ilk növbədə öz yaşayışında hiss edir. Digər tərəfdən isə keçirdiyi müşavirələrdə Prezident İlham Əliyev özü xalqa obyektiv gerçəkliyi, problemləri və irəliləyişləri ilə birlikdə bir daha xatırladır: “Bizi narahat edən yeganə məsələ inflyasiyanın yüksək səviyyədə - 20 faizdən çox olmasıdır. Ancaq bununla bərabər, əhalinin pul gəlirləri ondan qat-qat çoxdur, daha böyük rəqəmlərlə ölçülür. Əhalinin pul gəlirləri 2008-ci ildə 36 faiz artmışdır. Bu, çox yaxşı göstəricidir. Nəzərə alsaq ki, son illər ərzində bu rəqəm təxminən bu həddədir, demək olar ki, insanların rifah halının yaxşılaşdırılması istiqamətində atılan addımlar öz gözəl nəticələrini verir. Bunun əyani təzahürü ondan ibarətdir ki, 2008-ci ilin yekunlarına görə, Azərbaycanda yoxsulluğun səviyyəsi daha da aşağı düşübdür. Bu gün Azərbaycanda yoxsulluğun səviyyəsi 13,2 faiz təşkil edir. Nəzərə alsaq ki, 2003-cü ildə yoxsulluğun səviyyəsi 49 faiz idi, bu 13,2 faiz böyük nailiyyətdir. Bu, bir daha onu göstərir ki, ölkədə aparılan əsaslı, köklü iqtisadi islahatlar həm ölkənin iqtisadi potensialının möhkəmlənməsinə yönəldilib, həm də eyni zamanda ilk növbədə, insanların rifah halının yaxşılaşmasında özünü göstərir. Biz öz sosial siyasətimizi bundan sonra da uğurla davam etdirəcəyik”.

Bütün bu deyilənlərin yalnız söz yox həm də real iş, konkret əməl olduğunu görən xalq niyə də Azərbaycan konstitusiyasına dəyişikliklər olunmasını, xüsusilə, bir şəxsin iki dəfədən artıq prezident seçilməsinə qoyulan məhdudiyyətin aradan qaldırılmasını istəməsin?    

Azərbaycanın son dövrlər imza atdığı uğurlar heç də təsadüfi deyil. İlham Əliyevin idarəçilik keyfiyyətlərinə görə, regionda lider dövlət başçısı olduğunu Onun əcnəbi həmkarları da etiraf edir, Azərbaycanın müasir dövrdə bütün parametrlərinə görə, Qafqazın öndər dövləti olduğunu hər kəs yaxşı anlayır. Xalq da bunu düşünür. Bilir ki, Azərbaycanda gələcəkdə də iqtisadiyyatın inkişaf etdirilməsi, bütün sosial proqramların uğurla icra olunması üçün Prezident İlham Əliyevin başladığı islahatlar proqramı mütləq davam etdirilməlidir. Belə həyati əhəmiyyətli məsələdən ötrü isə xalqın nəinki Konstitusiyaya əlavə və dəyişiklik etmək, hətta bütövlükdə onu dəyişmək haqqı da var. Çünki xalqlar konstitusiyaları öz taleləri üçün qəbul edirlər. Və zaman, mövcud tarixi şərait, dövlətin üzləşdiyi gerçəklik onun redaktəsini diktə edirsə, tərəddüdə yer qalmır.

Tarixi boyu məhrumiyyətlərə, ədalətsizliyə, ikili standartlarla yaşayan dünyanın haqsızlıqlarına məruz qalan Azərbaycan vətəndaşı bu gün olduğu kimi gələcəkdə də qürur duyulacaq prezidentinin olmasını istəyir. Onun bu istəyini də təmin edən Prezident İlham Əliyevdir. “Regionların sosial iqtisadi inkişafı” Dövlət Proqramının icrasını yerlərdə şəxsən yoxlamaq üçün bölgələrə səfər edən ölkə Prezidenti rayonların ictimaiyyəti qarşısında çıxış edir və Ona münasibətindən asılı olmayaraq hər bir azərbaycanlının Prezidenti olduğunu bəyan edir. Bir vaxtlar Prezident İlham Əliyevin bölgələrə səfəri zamanı kimdənsə, nədənsə şikayət etmək üçün Ona məktub verməyə çalışan əhali indi dövlət başçısına öz məhəbbətini ifadə etmək istəyinə çatmaq üçün Ona yaxınlaşmağa çalışır. Bir çox hallarda isə dövlət başçısı özü əhalinin içərisinə girərək xalqın bu istəyini də cavabsız qoymur. Xalqın bu cür münasibətini qazanmaq üçün populist çıxışlar yox iş görmək lazımdır. İş görmək üçünsə Prezidentin özünün də dediyi kimi, təməlində düşünülmüş iqtisadi-siyasi islahatlar, demokratik proseslər dayanan addımlar atmaq lazımdır.

Enerji təhlükəsizliyini hələ də təmin edə bilməyən inkişaf etmiş dövlətlərin bu məsələdə böhran keçirdiyi, hətta qarşıdurmaların yaşandığı bir vaxtda Azərbaycan bu sahədə də uğurlu addımlar ataraq həm siyasi, həm də iqtisadi cəhətdən güclənir. Bu gün neft və qaz hasilatçısı olmaqla yanaşı, həm neft-qaz ixrac edən, həm də tranzit ölkə olan Azərbaycan dünyada etibarlı tərəfdaş, dost ölkə kimi tanınır. Bütün bunlara milli maraqları qorumaq şərtilə nail olunması heç də asan məsələ deyildi. Amma Prezident İlham Əliyev bunu bacardı. Dövlət başçısı bu barədə danışarkən deyir: “Azərbaycan müstəqil dövlətdir. Azərbaycanın müstəqil siyasəti var. Bu siyasət Azərbaycanı son beş ildə böyük dərəcədə gücləndirmişdir. Bugünkü və beş il bundan əvvəlki Azərbaycan başqa-başqa ölkələrdir. Həm iqtisadi, həm siyasi baxımdan bölgədəki rolumuzun artması - bütün bunlar Azərbaycanı çox yüksək pilləyə qaldırıb”.

Heç kimə sirr deyil ki, bugünkü Azərbaycanı 5 il bundan əvvəlki Azərbaycandan fərqli edən məhz Azərbaycan xalqıdır. Belə nailiyyətlər qazanmaq istəyən xalq ilk növbədə düzgün seçim etməyi bacarmalıdır. Nəticə göz qabağındadır. Xalq yanılmayıb, indi də artıq 5 il bundan sonrakı Azərbaycanı indikindən fərqləndirmək məsələsini 2008-ci ilin prezident seçkilərində həll etmiş xalq bu inkişafın davamlı olması üçün Konstitusiyaya dəyişiklik etmək istəyir və edəcək. Çünki  bu dəyişiklik milli maraqlara, dövlətçilik maraqlarına xidmət edir. Xalqa populist çıxışların fonunda vədlər verməkdən başqa bir şey bacarmayanların deyil, təşəbbüskar, ideya, fikir irəli sürüb onları gerçəkliyə çevirən, nəhəng transmilli, dünya üçün böyük əhəmiyyət kəsb edən enerji, nəqliyyat layihələrini icra edən lider lazımdır. Ən azı öz övladlarının gələcəyini etibarlı etmək üçün. Xalqın İlham Əliyevə növbəti Prezident seçkilərində namizəd kimi iştirak etmək imkanının yaradılması istəyinə qarşı çıxan xarici qüvvələrin də narahatlığını anlamaq çətin deyil. Çünki həmin qüvvələr bu illər ərzində yalnız özlərinin maraqlarına xidmət edən heç bir təklifi, istək və arzunu Azərbaycan Prezidentinə qəbul etdirə bilməyiblər. Və sonradan Azərbaycanda əldə edilən müsbət  nəticələr - iqtisadi inkişaf, siyasi sabitlik, xalqla hakimiyyətin birliyinin qorunub saxlanması da onlara bir daha sübut edib ki, İlham Əliyevin inadkarlığı adi prezident xarakterinin yox, vəziyyəti düzgün qiymətləndirməyi bacaran, vətəninin və xalqının rifahını hər şeydən uca tutan siyasi xadimin uzaqgörənliyinin təzahürüdür. Prezident özü bu barədə danışarkən düşünülmədən qəbul edilən xarici maliyyə yardımının törədə billəcəyi fəsadları da cəmiyyətə izah edir: “Xarici maliyyə yardımının başqa tərəfləri də var. Heç kim heç kimə havayı, hədiyyə kimi pul vermir. Bəzi hallarda kimsə kiməsə müftə nəsə verir. Bəzən açıq, bəzənsə gizli şəkildə. Amma indiki zəmanədə heç nəyi gizlətmək mümkün deyil. Bu yardımlardan istifadə edənlər, əlbəttə ki, sonra o borcu artıqlaması ilə bu və ya digər şəkildə qaytarmalıdırlar. Bəziləri iqtisadi, bəziləri siyasi yollarla, bəziləri öz dövlət müstəqilliyini azaltmaqla, yaxud da ki, məhdudiyyətlərlə. Azərbaycan o ölkələrdəndir ki, öz dövlət müstəqilliyini özü həll edir, heç kimə və heç nəyə möhtac deyildir. Heç kimdən asılı deyil, heç kimdən heç bir hədiyyə ummur, gözləmir və olsa da qəbul etmir”.

Azərbaycana öz maraqları naminə kömək təklif edən dövlətlər artıq dərk edirlər ki, indiyə qədər gördükləri idarəçilik bundan sonra da davam etdiriləcək. Çünki bunu Azərbaycan xalqı istəyir. Deməli bundan sonra da onlar Azərbaycanda qonşu dövlətlərdə olduğu kimi necə deyərlər “at oynada” bilməyəcəklər. Bax, bunun narahatçılığını keçirənləri anlamaq olar. Bəs daxili siyasi qüvvələr, onlar niyə xalqı öz marağına qarşı çıxmağa çağırırlar? Bilə-bilə ki, referendum qərarı verən xalq hansısa çağırışlara qulaq asıb niyyətindən əl çəkməyəcək. Heç şübhəsiz ki, bu qüvvələr həmin referendumda xalqın həm də onların mövcudluğuna “yox” deyəcəyini anlayırlar. Ancaq xalqın da bu qərarı verməsi birdən-birə olmayıb. Azərbaycan xalqının referenduma gedib öz Prezidentini bu posta iki dəfədən artıq seçmək üçün Konstitusiyaya dəyişiklik etmək istəyinin bir səbəbi İlham Əliyevin dövlət başçısı olduğu müddətdə inanılmaz nailiyyətlər qazanmasıdırsa, digər səbəbi onun müntəzəm olaraq bəzi müxalif qüvvələrin iddia və ittihamlarının nəinki əsassız, bir çox hallarda təhlükəli olduğunun şahidinə çevrilməsi idi. Bu fikri əsaslandırmaq üçün təkcə bir faktı xatırlatmaq kifayətdir. Prezident İlham Əliyev Dağlıq Qarabağ məsələsindən danışanda həmişə birmənalı olaraq deyib ki, bu problemin həlli indi Azərbaycanın qarşısında dayanan ən vacib məsələdir. Və problem yalnız və yalnız milli maraqlar çərçivəsində həll olunacaq. Bu işdən ötrü bütün addımlar atılmaqla yanaşı hərbi xərclər də ilbəil artırılır. Zərurət yaransa lazımi anda Azərbaycanın ərazi bütövlüyü hərbi yolla bərpa ediləcək. Dövlət başçısı bu haqda əminliklə deyir: “2009-cu ildə hərbi xərclərimiz 2,3 milyard dollar təşkil etməlidir. Bu, böyük rəqəmdir. Ancaq bizim qarşımızda böyük vəzifələr dayanır. Biz istənilən anda, istənilən yolla öz doğma torpaqlarımızı azad etməyə hazır olmalıyıq, hazırıq, ancaq özümüzü daha da gücləndirməliyik”.

Tarix səhnəsinin əsas obrazı, baş qəhrəmanı xalqdır. İstər komediya olsun, istər faciə. Süjet xəttini məntiqli sonluğa yalnız xalq aparıb çıxarır. Əgər son qaranlıq qalırsa deməli orada xalq - əsas qəhrəman ya iştirak etməyib, ya da öz işinin öhdəsindən gələ bilməyib. Azərbaycan xalqı artıq müasir tarixin səhnəsində bir neçə dəfə baş rolun ifaçılığını özündə saxladığını hamıya sübut edib. Bunu başa düşməyənləri başa salıb. Özü də bir çox hallarda emosional şəkildə. O gah Azadlıq meydanında Vətənini imperiyanın caynağından qurtarmaq üçün canını fəda edib, gah da gecə yarı Prezident Aparatının ətrafına toplaşaraq Ümummilli liderimiz Heydər Əliyevi daxili düşməndən qorumaq üçün səhərə qədər yatmayıb ayaq üstə qalıb. İndi artıq bu xalq öz maraqlarını təmin etmək üçün küçələrə, meydanlara çıxmaq mərhələsini arxada buraxaraq arzularını daha müasir formada həll etməyə üstünlük verir. Həyatını dəyişəcək addımları hansısa siyasi qüvvənin tövsiyəsinə və ya cığallığına məhəl qoymadan - öz bildiyi kimi qanuni şəkildə həll edir. Müasir dünyanın məqbul saydığı qaydada öz Konstitusiyasında islahatlar aparmaqla gerçəkləşdirir. 2009-cu ilin martın 18-də də belə olacaq.

 

 

Qalib Həsənov

 

Yeni Azərbaycan.-2009.- 6 mart.- S.7.