Yeni Azərbaycan təşviqat qrupu Sumqayıtda tədbir
keçirib
Tədbirdə iştirak edən seçicilər
martın 18-də keçiriləcək Referendumda Konstitusiyaya
təklif olunan əlavə və dəyişikliklərin lehinə
səs verəcəklərini bildiriblər
Martın 18-də
Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərlə
bağlı keçiriləcək Referendumla əlaqədar
“Yeni Azərbaycan” təşviqat qrupu Sumqayıtda tədbir
keçirib. Görüşdə çıxış edən
“Yeni Azərbaycan” təşviqat qrupunun Sumqayıt şəhər
şöbəsinin sədri Asif İmaməliyev bildirib ki,
ölkə Konstitusiyasına təklif olunan əlavə və
dəyişikliklər dövlətçiliyimizin möhkəmlənməsinə,
insan hüquq və azadlıqlarının genişləndirilməsinə
xidmət edir: “Azərbaycanın beynəlxalq aləmdə
mövqeyi möhkəmlənib, bir sıra beynəlxalq
qurumlara üzv qəbul edilmişik. Digər tərəfdən,
Azərbaycan bir sıra insan hüquq və azadlıqları ilə
bağlı konvensiyalara qoşulub. Məhz bu yeniliklər
Konstitusiyamızda müəyyən dəyişikliklərin
edilməsini zərurət halına gətirib
çıxarıb. Dünyanın hər bir ölkəsində
qanunlar dəyişilir, yenilənir, zamanın tələbinə
uyğun şəklə salınır. Bildiyiniz kimi,
Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi
ilə bağlı xalqın tələbi Yeni Azərbaycan
Partiyası tərəfindən ümumiləşdirilərək
parlament səviyyəsində səsləndirilib. Parlamentin
razılığı ilə məsələ Konstitusiya Məhkəməsinə
təqdim edilib və xalqın ümumi müzakirəsinə
verilib. İnanıram ki, martın 18-də keçiriləcək
referenduma çıxarılan məsələlər xalq tərəfindən
dəstəklənəcək, seçicilərimiz hər
zaman olduğu kimi, bu dəfə də dövlətimizin
inkişafına, qüdrətlənməsinə, yeniliyə səs
verəcək”.
“Yeni Azərbaycan” təşviqat
qrupunun səlahiyyətli nümayəndəsi, millət vəkili
Nizami İsgəndərov çıxışında bildirib
ki, Sumqayıt seçiciləri son prezident seçkilərində
olduğu kimi, martın 18-də keçiriləcək
refendumda da fəal iştirak edəcəklər:
“Sumqayıtlılar hər zaman ictimai-siyasi proseslərdə fəal
olublar, ulu öndərimiz Heydər Əliyevin müəyyənləşdirdiyi
siyasəti və bu siyasəti uğurla həyata keçirən
Prezident İlham Əliyevi dəstəkləyirlər. Bu mənada
101-ci maddəyə təklif olunan dəyişiklik seçicilər
tərəfindən dəstəklənir. “Xalqın
seçimini məhdudlaşdırmaq olmaz. Bu dəyişiklik məhz
xalqın istək və arzusunu ifadə edir” - deyən səlahiyyətli
nümayəndənin fikrincə, müxalifətin əks-təbliğatı
uğursuzluğa düçar olacaq. Çünki xalq onların
yalan üzərində qurulmuş siyasətinə inanmır.
N.İsgəndərov vurğulayıb ki, bu layihə
xalqımızın sosial rifahının yüksəldilməsinə
yaxından kömək edəcək: “Ulu öndərimizin
siyasi kursu Azərbaycanı yaşatdı. Bu siyasi kursu davam
etdirən Prezidentimiz İlham Əliyev dövlət
başçısı olduğu dövrdə dövlətin
inkişaf xəttini müəyyənləşdirib və bu
strategiyanı uğurla həyata keçirir. Biz məhz bu səbəbdən
Peferendum Aktını dəstəkləməklə
Prezidentimizə dayaq olmalıyıq”.
Referenduma
çıxarılan əlavə və dəyişikliklərlə
bağlı geniş izahat verən millət vəkili bu sənəddə
yer alan bütün müddəaların xalqın həyatının
yüksəldilməsinə xidmət etdiyini bildirib.
Çıxış edən
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət
Babaoğlu Azərbaycan xalqının mühüm tarixi hadisə
ərəfəsində olduğunu deyib. Onun sözlərinə
görə, dövlət institutlarında, qanunvericiliklərdə
vaxtaşırı təkmilləşdirmələrin
aparılması inkişaf xəttinin əsas meyarıdır. Azərbaycanın
son illərdə böyük inkişaf yolu keçdiyini
önə çəkən natiq bu inkişaf nəticəsində
ortaya çıxan yeni münasibətlərin tələbindən
irəli gələrək hüquq sistemində də müəyyən
əlavə və dəyişikliklərə ehtiyac
yarandığını qeyd edib: “Xalqdan gələn təkliflər
ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyası tərəfindən
Milli Məclisdə səsləndirilib və parlamentimiz bu
yeniliklər layihəsinin ümumxalq səsverməsinə
çıxarılmasına səs verib. Hazırda reallaşan
görüşlər, təşviqat kampaniyası da məhz
bu əlavə və dəyişikliklərin izahı,
xalqın bu yeniliklərlə daha yaxından tanış edilməsi
xarakteri daşıyır. Həyata keçiriləcək əlavə
və dəyişikliklər ölkəmizdə yeni hüquqi
münasibətlərin əsasını qoyacaq və
qanunlarımızın daha da təkmilləşməsinə
stimul verəcək. Hər bir dövlətin idarə
olunmasında qanunlar əsas rola malikdir. Bu qanunların qəbulunun,
işlənib hazırlanmasının əsasında isə
Konstitusiya dayanır”.
Martın 18-də
keçiriləcək referenduma çıxarılan 41 əlavə
və dəyişikliyi Azərbaycan vətəndaşlarının
hüquq və azadlıqlarının genişlənməsinə,
onun sosial rifahının yaxşılaşmasına, vətəndaş-dövlət
münasibətlərinin daha da təkmilləşməsinə,
eyni zamanda, insanların dini azadlıqlarının təmin
olunmasına xidmət edəcək yeniliklər adlandıran
baş redaktor qeyd edib ki, bəzi insanların bu məsələyə
qara yaxmağa çalışması onların hüquqi
arqumentlərə malik olmamasından irəli gəlir: “O
baxımdan həmin insanlar yalnız kortəbii halda, pafoslu
çıxışlarla diqqəti əsas məsələdən
yayındırmağa çalışırlar. Bəzi
qüvvələr iddia edirlər ki, Konstitusiyaya əlavələr
edilməsi ilə bağlı referendumun keçirilməsi
qanuna ziddir. Amma Konstitusiyanı oxumayan bu insanlar unudurlar ki, Ana
Yasamızın 3-cü maddəsində göstərilir ki, Azərbaycan
xalqı öz hüquqları və mənafeləri ilə
bağlı hər bir məsələni referenduma
çıxararaq müzakirə edə bilər. Bu, bir daha
göstərir ki, xalqın sosial sifarişi kimi meydana gələn
bu əlavə və dəyişikliklər Azərbaycanda
hakimiyyət-xalq birliyinə kölgə salmaq istəyənlərin
maraqlarına xidmət etmir. Çünki bu dəyişikliklər
birbaşa xalqın mənafeyinə xidmət edir”.
Konstitusiyaya edilməsi nəzərdə
tutulan dəyişikliklərin bir neçə qrupda birləşdiyini
deyən H.Babaoğlu burada həm bizim sosial həyatımızı,
həm siyasi sferanı, həm dini-əxlaqi meyarları, həm
də idarəetmə sistemini əhatə edən maddələrin
yer aldığını söyləyib: “Məsələn,
Konstitusiyanın 18-ci və 48-ci maddələrinə nəzərdə
tutulan əlavə və dəyişikliklər din və
dövlət münasibətlərini, o cümlədən,
insanların vicdan azadlıqlarını özündə
ehtiva edir. Bu iki məsələ bir-biri ilə sıx əlaqədardır.
Düzdür, bizim Konstitusiyamıza görə, Azərbaycan
müasir, dünyəvi dövlətdir. Eyni zamanda, bu gün
Azərbaycanda münasibətlərin formalaşmasında din
amili olduqca böyük rola malikdir. O baxımdan, bu gün Azərbaycanda
dini ritualların nə qədər sərbəst,
tolerantcasına həyata keçirildiyi göz önündədir.
Təəssüf ki, bəzən bundan fərqli istiqamətlərdə
istifadə etməyə cəhd göstərmək arzusunda
olanlar da tapılır. 1995-ci ildə qəbul olunan
Konstitusiyada dinlərin sərbəst təbliğinə icazə
verilirdi, amma 18-ci maddədə insan ləyaqətini
alçaldan və ya insanpərvərlik prinsiplərinə
zidd olan dinlərin yayılması qadağan olunurdu. Yeni əlavədə
bu tip dini cərəyanların da təbliği qadağan
edilir. Bu dini cərəyanlar, hətta yarandığı
dövlətlərdə qadağan edilir. Bu cür hallara
qarşı mübarizə aparmaq üçün
Konstitusiyamızda belə bir qadağanın olması vacibdir. 48-ci
maddədə göstərilən vicdan azadlığı məsələsi
də tolerantlığı nəzərdə tutan,
insanların azad şəkildə yaşamasını
özündə ehtiva edən başlıca amillərdəndir.
Bu maddəyə olunan əlavədə insanların hansısa
dini rituallara məcbur edilməsi qadağan olunur. Bu, insan
hüquq və azadlıqlarının artırılmasına
xidmət edir”.
Konstitusiyanın 101-ci
maddəsinə təklif olunan dəyişikliklə
bağlı geniş izahat verən baş redaktor bu müddəanın
Azərbaycan dövlətçiliyinin inkişafına yeni
töhfə verəcəyini bildirib və insan
hüquqlarının genişləndirilməsi istiqamətində
atılan mühüm addım kimi qiymətləndirib: “Təklif
olunan düzəlişi Azərbaycan vətəndaşlarının
hüquqlarının artırılması istiqamətində
atılan addım kimi dəyərləndirmək daha
düzgün olar. Referenduma təqdim olunan əlavə və dəyişikliklərin
hamısı vacib xarakterə malikdir, amma 101-ci maddənin
beşinci bəndi xüsusi əhəmiyyət
daşıyır. Dəyişiklikdə bir şəxsin iki dəfədən
artıq prezident seçilməsinə qoyulan məhdudiyyətin
aradan qaldırılması nəzərdə tutulur. Bu, bir
sıra Avropa ölkələrinin də təcrübəsində
var. Hətta demokratiyanın beşiyi sayılan ABŞ-da XX əsrin
birinci yarısının sonuna qədər belə bir
qadağa olmayıb. Ali icraedici orqanın başında baş
nazir dayanan dövlətlərdə hökumət rəhbəri
xalqın dəstəyini nə qədər qazansa, o qədər
də hökumət başçısı olur. Azərbaycanda
ali icraedici orqanın başında dayanan prezidentlik institutuna
isə məhdudiyyət qoyulur. Bu, insan haqlarına ziddir. Digər
tərəfdən, bu maddə sadəcə bir şəxsin Azərbaycan
prezidentliyinə üçüncü dəfə namizəd
olmasına şərait yaradır. Son qərar
xalqındır. Bununla yanaşı, fövqəladə
hallarda, müharibə vəziyyətində prezidentin və
parlamentin səlahiyyət müddətinin uzadılması
olduqca əhəmiyyətli bir məsələdir. Biz belə
bir acı hadisə ilə rastlaşmışıq.
Şuşa şəhəri ermənilər tərəfindən
işğal olunan zaman bir tərəfdən Azərbaycan
müharibə aparır, digər tərəfdən
seçkilərə hazırlaşırdı. Bu isə
anormallıq yaradır. Bu səbəbdən müharibə
şəraitində həm ali qanunverici, həm də ali
icraedici orqanın səlahiyyətlərinin
artırılması mühüm bir məsələdir”.
Hikmət Babaoğlu
Sumqayıt seçicilərinin hər zaman dövlətçiliyi
müdafiə etdiklərini vurğulayaraq onları
hamılıqla martın 18-də xalqımızın, dövlətimizin
daha da güclənməsinə, qüdrətlənməsinə
kömək edəcək məsələlərə səs
verməyə çağırıb.
Ramil VƏLİBƏYOV
Yeni Azərbaycan.- 2009.- 6 mart.- S.4.