Saatlı rayonu iqtisadi inkişafın təntənəsini yaşayır

 

İctimai-siyasi proseslərdə xüsusi fəallıq göstərən rayon ictimaiyyəti Konstitusiya islahatlarını dəstəkləyir

 

Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən daxili və xarici siyasət kursu ölkəmizi nəinki regionun liderinə, eyni zamanda dünyanın inkişaf etməkdə olan dövlətlərindən birinə çevirib. Bu uğurlu siyasətin nəticəsidir ki, hazırda Azərbaycanın bütün guşələrində tərəqqi hiss edilməkdədir. Prezident İlham Əliyevin imzaladığı “Regionların sosial-iqtisadi inkişafı” Dövlət Proqramı (2004-2008-ci illər) Azərbaycanın inkişafına təkan verib. Sənədin imzalanmasından sonra aparılan işlər və əldə edilən nəticələr belə deməyə əsas verir. Bundan başqa, dövlət başçısının səfər etdiyi hər bir şəhər və rayonda yerli rəhbərlərə sosial-iqtisadi inkişafa nail olmaq üçün verdiyi xüsusi tapşırıqlar da diqqət mərkəzindədir. Bu, özünü Saatlıda da qabarıq şəkildə büruzə verir. “Yeni Azərbaycan” qəzeti olaraq 2004-2008-ci illəri əhatə etmiş “Regionların sosial-iqtisadi inkişafı” Dövlət Proqramının yerlərdə necə həyata keçirilməsini, rayon, şəhər, qəsəbə və kəndlərimizin necə inkişaf etməsini oxucularımıza bir daha əyani surətdə çatdırmaq üçün başladığımız layihəni davam etdiririk.

Son beş ildə xalqımız bütün sahələrdə böyük dəyişiklik və yeniləşmənin şahidi olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2008-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasındakı nitqlərində dövlət başçısının dərin məzmunlu və proqram xarakterli tövsiyələri, sosial-iqtisadi inkişafla bağlı söylənilən faktlar və rəqəmlər belə bir fikri bir daha təsdiq etdi ki, Azərbaycan nəinki regionda, hətta bütün dünyada aparıcı ölkə, Beynəlxalq Valyuta Fondunun və Dünya Bankının hesabatlarına əsasən isə bir nömrəli islahatçı ölkə kimi tanınıb. Dünyada baş verən maliyyə və iqtisadi böhrana baxmayaraq, Azərbaycanda yüksək makroiqtisadi göstəricilərə nail olunmuşdur. Nəticədə 2008-ci ildə ümumi daxili məhsul 10,8 faiz artmış, ümumilikdə, son beş ildə iqtisadiyyatın həcmi 2,6, sənaye istehsalı isə 2,5 dəfə artıb. Ümumi daxili məhsulun adambaşına düşən nominal həcmi Azərbaycanda 2003-cü illə müqayisədə 5 dəfə artaraq 4440 manat təşkil edib. Hazırda ölkəmizdə orta aylıq əməkhaqqı 268 manat təşkil edir ki, bu da ötən ilə nisbətən 24,2 faiz çoxdur. Azərbaycan müstəqilliyini əldə etdikdən sonra ölkə iqtisadiyyatına 57 milyard dollar investisiya qoyulub ki, onun da 44 milyardı və ya 77 faizi son 5 ilin payına düşür. Onu da qeyd edək ki, ölkəmizdə müşahidə edilən hərtərəfli inkişafdan Saatlı rayonuna da pay düşüb. Qeyd etmək yerinə düşər ki, Saatlı rayon ictimaiyyəti 2008-ci ili, xüsusilə əlamətdar bir il hesab edirlər. Belə ki, Prezident İlham Əliyev ölkə başçısı kimi ilk dəfə olaraq rayona səfər edib, Saatlının sosial-iqtisadi cəhətdən daha da inkişaf etdirilməsi üçün xüsusi diqqət və qayğı göstərəcəyini bildirərək, dəyərli tövsiyə və məsləhətlərini verib.

 

Ümumi daxili məhsul istehsalında rekord göstərici

 

Azərbaycanda qeydə alınan yüksək iqtisadi inkişaf dinamikası Saatlı rayonunda da müşahidə olunmaqdadır. Bunun nəticəsidir ki, son illər rayonda ümumi daxili məhsul istehsalı xeyli artıb. 2008-ci ildə ümumi daxili məhsul istehsalının həcmi 113 milyon 162,3 min manat olub ki, bu da əvvəlki illə müqayisədə 40,7 faiz çoxdur. ÜDM-in istehsalının həcmində ötən il qeyri-dövlət sektorunun xüsusi çəkisi 90,5 faiz təşkil edib. Ümumiyyətlə, rayonda ümumi daxili məhsulun həcmi 5 ildə 2,2 dəfə artıb. Bu artım 5 ildə sənaye üzrə 10,4 faiz, kənd təsərrüfatı üzrə isə 2,1 dəfə olub.

Qeyd edək ki, makroiqtisadi sabitliyin təmin olunması, sənaye və kənd təsərrüfatında əldə edilən sürətli inkişaf və qeyri-dövlət sektorunun dəstəklənməsi, yeni iş yerlərinin açılmasını da təmin edib. 2004-2008-ci illərdə rayon üzrə 19995 yeni iş yerləri açılıb ki, bunun da 13022 daimi, 6973 isə mövsümü iş yerləridir. Təkcə 2008-ci ildə 1565 yeni iş yerləri açılıb ki, bundan da 1116 daimi iş yerləridir. Sənaye, kənd təsərrüfatı, tikinti və xidmət sahələrində inkişafın təmin olunması, xüsusilə də, özəl sektorda yeni müəssisələrin yaradılması əhalinin real pul gəlirlərinin və orta aylıq əməkhaqlarının artmasına müsbət təsir edib. Orta aylıq əməkhaqqı əvvəlki illə müqayisədə 35,2 faiz artaraq 157,4 manat olub.

Ötən il əməkqabiliyyətli əhalinin işlə təmin olunması, yaranmış boş iş yerləri haqqında vətəndaşların məlumatlandırılması, yeni açılan müəssisələrin qeydiyyata götürülməsi sahəsində işlər davam etdirilib. Rayon üzrə ilin sonuna iqtisadi fəal əhalinin sayı 53298 nəfər olub ki, bunun da 35681 nəfəri torpaq payı almış əməkqabiliyyətli vətəndaşlardır. Hesabat ilində 438 nəfər peşə və ixtisaslarına uyğun olaraq münasib işlə təmin olunub.

 

Sahibkarlığın inkişafı diqqət mərkəzindədir

 

Azərbaycanda sahibkarlığın inkişafı Prezident İlham Əliyevin diqqət mərkəzində saxladığı və xüsusi əhəmiyyət verdiyi istiqamətlərdən biridir. Dövlət başçısı dəfələrlə bəyan edib ki, Azərbaycanın inkişaf etmiş ölkəyə çevrilməsi üçün sahibkarlığın inkişafı böyük önəm daşıyır. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin bu posta seçildiyi 2003-cü ildən bəri digər sahələr kimi, sahibkarlıq da böyük inkişaf yolu keçib, bu sahədə mövcud problemlərin həlli sahəsində işlər xüsusi diqqətdə saxlanılıb, qeydiyyat probleminin həlli üçün “vahid pəncərə” sistemi tətbiq olunub. Saatlı rayonunda da ötən 5 ildə bu sahəyə böyük diqqət ayrılıb. Rayonda sahibkarlar üçün məsləhət və marketinq xidmətləri göstərilib, yerli xammallar və ehtiyatlar nəzərə alınaraq investorların rayona cəlb olunması üçün şərait yaradılmaqla qeyri-dövlət sektorunun potensialından maksimum istifadə olunub. Görülən işlərin nəticəsidir ki, 2008-ci ildə regionda analoqu olmayan “Biyan məhsulları istehsalı” zavodu istifadəyə verilib. Bundan əlavə, Əlisoltanlı kəndində “Sap əyirmə” fabrikinin inşasında işlər sürətləndirilib, Saatlı şəhər mərkəzində “Plastik” materiallar istehsal edən müəssisənin tikintisinə başlanılıb. Ümumiyyətlə, ötən 5 il ərzində pambıq emal edən “CTS-Aqro” MMC Saatlı pambıq zavodu, nar şirəsi emal edən “Yeni Texnologiya AAA” MMC, üzlük plitə müəssisəsi olan “Uzay” MMC, süd məhsulları emal edən “Şöhrət-Murad” MMC müəssisələri yaradılıb, “Aqrolizinq” ASC-nin rayon “Aqroservis” filialı açılıb, quşçuluq məhsulları istehsal edən “Broyler-quşçuluq” müəssisəsinin, 59 saylı Yol istismarı idarəsinin fəaliyyəti bərpa olunub, yeni asfalt-beton istehsalı zavodu işə salınıb. Özəl sektorda çoxsaylı ticarət, iaşə, məişət və digər xidmət obyektləri, sosial-mədəni şəbəkələr yaradılıb. Hazırda rayonda 559 hüquqi, 4236 fiziki şəxs kiçik və orta sahibkarlığın müxtəlif sahələrində fəaliyyət göstərirlər. Rayonda fəaliyyət göstərən 2 bank filialı və 4 kredit təşkilatları tərəfindən sahibkarlıq fəaliyyətinin genişləndirilməsi məqsədilə mikrokreditlər verilib ki, bu da özəl bölmənin inkişafına böyük imkanlar yaradıb.

 

Kənd təsərrüfatında dönüş

 

Azərbaycan Prezidenti İlham Əliyevin 23 yanvar 2007-ci il tarixli Sərəncamı ilə kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət büdcəsi hesabına maliyyə yardımı verilməsi kimi mühüm dövlət tədbiri kənd təsərrüfatının inkişafında əsaslı dönüş kimi qiymətləndirilə bilər. Saatlı rayonunda kənd təsərrüfatının inkişafı istiqamətində görülən işlər öz məntiqi nəticəsini verməkdədir. Belə ki, hesabat dövründə kənd təsərrüfatı üzrə ümumi dəyəri 70 milyon 982,8 min manatlıq məhsul istehsal olunub ki, bunun da 99,9 faizi özəl bölmənin payına düşür. Əvvəlki illə müqayisədə kənd təsərrüfatı məhsulları istehsalının həcmi 28,3 faiz artmaqla, ümumi məhsul buraxılışında kənd təsərrüfatı bölməsi 62,7 faiz təşkil edib.

Saatlı rayonunun sakinləri tarixən pambıq istehsalı ilə məşğul olublar və bu istiqamət üzrə Azərbaycanın qabaqcıl rayonlarından biridir. Rayon əkinçiləri bu gün də bu ənənəni davam etdirirlər. Doğrudur, son zamanlar bu sahədə qismən geriləmə qeydə alınıb. Amma saatlılılar növbəti əkin mövsümünə daha böyük həvəslə hazırlaşırlar. 2008-ci ildə isə 7447 hektar sahədə pambıq əkilib ki, nəticədə 7811,6 ton xam pambıq istehsal olunub. Bu da respublika üzrə emal müəssisələri tərəfindən tədarük edilən pambığın 20 faizi deməkdir. Ötən il taxılın hər hektarından isə məhsuldarlıq 34,7 sentner olmaqla 80923,6 ton məhsul istehsal olunub.

 Bitkiçilik də Saatlı əkinçilərinin əsas məşğuliyyət sahələrindən biridir. Ötən il sahələrdən 2860 ton qarğıdalı, 1793 ton dənli paxlalılar, 5850 ton kartof, 6594 ton tərəvəz, 37427 ton bostan məhsulları, 281 ton günəbaxan və digər bitkiçilik məhsulları istehsal edilib.

Heyvandarlıq sahəsində isə nəzərə çarpacaq irəliləyişlər qeydə alınıb. Əhali və fermer təsərrüfatlarında iribuynuzlu mal-qaranın sayı 63406 başa, qoyun-keçilərin sayı 89568 başa çatıb. 2007-ci ilin müvafiq dövrü ilə müqayisədə iribuynuzlu mal-qara 834 baş, qoyun-keçilərin sayı 3726 baş artıb. 2008-ci ildə heyvandarlıq məhsullarından ət (diri çəkidə) 6013 ton, süd 36381,5 ton istehsal edilib. Əvvəlki ilin müvafiq dövrünə nisbətən ət istehsalı 37 ton, süd istehsalı 896 ton artıb.

 

Vətəndaşların enerji və təbii qazla fasiləsiz təmin olunması başlıca hədəflərdəndir

 

Etiraf olunmalıdır ki, görülən böyük işlərə baxmayaraq, bu gün bir sıra rayonların ucqar kəndlərində vətəndaşların enerji ilə fasiləsiz təmin olunmasında müəyyən çatışmazlıqlar var. Bu da bir sıra obyektiv və subyektiv səbəblərlə bağlıdır. Amma görülən işlər onu deməyə əsas verir ki, qısa müddət sonra Azərbaycanın hər yerində əhalini enerji ilə fasiləsiz təmin etmək mümkün olacaq. Eləcə də, Saatlı rayonunun rəhbərliyinin gündəlik diqqət ayırdığı sahələrdən biri də əhalinin elektrik enerjisi, qaz, istilik və içməli su təminatının yaxşılaşdırılması, mövcud olan problemlərin müəyyən edilərək aradan qaldırılması, bu sahələrdə neqativ halların baş verməməsi üçün sayğaclaşmanın başa çatdırılması və istehlak olunan elektrik enerjisi, qaz və suyun haqqının bütünlüklə toplanılmasına nəzarətin artırılmasıdır. İlk növbədə maddi-texniki təchizatın yaxşılaşdırılması, əhalinin elektrik enerjisi, qaz və içməli su ilə daha keyfiyyətli və dayanıqlı təmin edilməsi üçün müdaxilələrin qarşısının alınması, bu xidmət sahələrində işin daha şəffaf şəkildə qurulması istiqamətində tədbirlər həyata keçirilib. Görülən işlər müəyyən dönüşün əldə olunmasına gətirib çıxarıb. Ötən müddətdə 2 ədəd yeni transformator yarımstansiyası qurulub. Əhali sektorunda sayğaclaşmanın sayı 13876 ədədə çatdırılmış istehlak olunan enerjinin haqqının ödənilməsi 89,1 faizə yüksəlib. Əhalini dayanıqlı keyfiyyətli enerji ilə təmin etmək, enerji itkisinin müdaxilələrin qarşısını almaq məqsədilə yaxın müddətdə SİB kabel sisteminə keçilməsi, elektrik təsərrüfatının bütünlüklə yenidən qurulması nəzərdə tutulub. 2009-2013-cü illər yeni Dövlət Proqramına təklif olunmuş işlər sırasında Saatlı 35/10 kv-luq yarımstansiyada 2 ədəd gücü 10 MVA olan transformatorun birinin 16 MVA kv-luq transformatorla əvəz edilməsi, Fətəlikənd 35/10 kv-luq yarımstansiyanın yenidən qurulması, Sarıcalar-Fətəlikənd yarımstansiyaları arasında 12 kilometr uzunluğunda 35 kv-luq elektrik verilişi xəttinin çəkilməsi, Araz çayının sol sahilində sabit enerjinin təmin olunması məqsədilə gücü 7,5 MVA olan 100/10 kv-luq yarımstansiyanın qurulması bir sıra zəruri tədbirlərin görülməsi müəyyən edilib.

Onu da qeyd etməliyik ki, rayon əhalisinin təbii qaza olan tələbatının normal təmin olunması üçün də xeyli işlər görülüb. Rayonda yeni qaz xətlərinin çəkilişi, mövcud kəmərlərin, qazpaylayıcı şkafların bərpa və təmiri, qaz sızmasının qarşısının alınması və normal təzyiqin təmin edilməsi, qaz haqlarının bütünlüklə yığılması işləri diqqət mərkəzində saxlanılıb, təbii qazdan istifadə edən abonentlərin sayı ilin sonunda 2134-ə çatıb. Yaxın günlərdə daha 215 abonentə təbii qazın verilməsi təmin ediləcək. Hesabat ilində 242 p/metr qaz xətləri təmir olunmuş, Saatlı şəhərinin müxtəlif küçələrini əhatə edən qaztənzimləyici şkaflar və siyirtmələr yenisi ilə əvəz olunmuş və ya təmir edilərək yararlı hala gətirilmiş, xətlərin eroziyadan qorunması üçün rənglənmə işi aparılıb.

Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 14 oktyabr 2005-ci il tarixli 1044 nömrəli Sərəncamına əsasən Saatlı rayonunda yaşayış məntəqələrinin təbii qazla təchizatının yaxşılaşdırılması əlavə tədbirlər kimi Dövlət Proqramına daxil edilib. Qeyd olunan həmin tədbirlərə uyğun olaraq “Azəriqaz” QSC-nin vəsaiti hesabına, mənbəyi Nəsimi küçəsindəki d-270 mm-lik orta təzyiqli daşıyıcı qaz kəmərindən M.Müşviq küçəsindən keçməklə A.Abuzərov küçəsinə qədər d-160 mm-lik, uzunluğu 1800 p/metr olan orta təzyiqli daşıyıcı qaz xətti çəkilir ki, bununla da A.Abuzərov, O.Rzayev, M.Əzizbəyov, M.Ə.Rəsulzadə, Nizami, M.Əzizov, M.S.Ordubadi küçələrinin, H.Əliyev prospektinin bir hissəsinin qaz təminatı yaxşılaşdırılıb. Ötən ilin ikinci yarısında “Azəriqaz” QSC-nin vəsaiti hesabına, şəhərin H.Əliyev prospektində yerləşən beşmərtəbəli yaşayış massivini və yeni istifadəyə verilən 32 mənzilli yaşayış binasını təbii qazla təmin etmək məqsədi ilə “Saatlı-İmişli” yüksək təzyiqli qaz kəmərindən müxtəlif diametrli, uzunluğu 1743 p/metr olan orta və daşıyıcı qaz boru xətləri çəkilib.

Bununla belə, qış mövsümündə qazın təzyiqinin aşağı olması, mövcud boru xətləri, şkaflar və siyirtmələrin texniki tələblərə cavab verməməsi səbəbindən bəzi istehlakçılar sayğacdan istifadə etmir ki, bu da istehlak olunan qazın dəyərinin toplanılmasında çətinliklər yaratmaqla bərabər, bir sıra abonentlərə qaz verilməsi işini çətinləşdirir.

 

İçməli su problemi də həll edilir

 

Ötən müddətdə rayon əhalisini içməli su ilə təmin etmək üçün modul tipli yeni içməli su qurğuları inşa edilib, Saatlı şəhərinin bir sıra küçələrində su xətləri çəkilib və mövcud xətlər təmir edilib, su anbarları lildən təmizlənibdir. Qaracalar, Bəylik, Genişkənd, Əliabad, Novruzlu, Musalı, Qıraqlı və Əlisoltanlı kəndlərində su qurğuları və 50 ədəd bulaq inşa edilib, digər yaşayış məntəqələrində modul tipli su qurğuları və bulaqların tikintisi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həyata keçirilən proqrama uyğun olaraq layihə-smeta sənədləri hazırlanaraq təqdim edilib. Rayon ərazisində 5700 p/metr su xətti yenidən çəkilib və təmir edilib. Şəhər mərkəzində Sabir adına kanal üzərində yerləşən 5 ədəd su vuran nasos, Nərimankənd və Əlisoltanlı məcburi köçkün yaşayış məntəqələrini içməli su ilə təmin edən su boru xətləri və nasoslar təmir edilib, H.Əliyev prospektinə və Ş.Yusif küçəsinə yeni su xətləri çəkilibdir. Saatlı şəhərində kanalizasiya sistemi qurmaq, yeni su anbarları tikmək və su xətlərinin çəkilişini təmin etmək üçün bu il Dünya Bankının xətti ilə yeni layihənin həyata keçməsi reallaşacaq. Bundan əlavə 2009-2013-cü illər Dövlət Proqramına təqdim olunan təkliflərdə şəhər mərkəzində və 43 kənd yaşayış məntəqəsində su təchizatının yaxşılaşdırılması, əhalinin təmiz içməli su ilə təmin olunması nəzərdə tutulub.

 

Təhsil sahəsində görülən işlər məntiqi nəticəsini verir

 

Azərbaycanda təhsil sahəsinin inkişafı, bacarıqlı kadrların yetişdirilməsinə diqqət daim ulu öndər Heydər Əliyevin həyata keçirdiyi siyasətin tərkib hissəsi olub. Ümummilli liderimiz deyirdi ki, “Təhsil millətin gələcəyidir”. Məhz Heydər Əliyevin bu sahədə əsasını qoyduğu işlər, onun təhsil sisteminin inkişafı üçün səyləri bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezidentimizin tapşırıq və göstərişlərinə uyğun olaraq, təhsilin inkişaf proqramları hazırlanır, Azərbaycanın təhsil sistemi qabaqcıl Avropa standartlarına uyğunlaşdırılır, təhsil müəssisələri müasirləşdirilir. Bu istiqamətdə Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Milli Məclisinin üzvü, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın da fəaliyyəti danılmazdır. Onun birbaşa təşəbbüsü və Heydər Əliyev Fondunun həyata keçirdiyi “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində yüzlərlə orta məktəb tikilib, ölkəmizin bir çox yerlərində təhsil müəssisələri yenidən qurulub, əsaslı təmir olunub. Bu işlər Saatlı rayonunda da geniş vüsət alıb. “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramında (2004-2008-ci illər)” nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi ilə əlaqədar 2008-ci ildə Saatlı rayonunda təhsil sisteminin yaxşılaşdırılması, yeni məktəb binalarının tikilməsi, mövcud məktəblərin əsaslı təmiri və təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsinə də xüsusi diqqət ayrılıb. Belə ki, ötən il rayonun Bəylər kəndində 192 şagird yerlik yeni məktəb binası tikilib və istilik sistemi qurulub, Məmmədabad kənd orta məktəbində 300 şagird yerlik 15 əlavə sinif otağının və istilik sisteminin qurulması, Hacıqasımlı kənd orta məktəbinin dam örtüyü və 6 əlavə sinif otağının tikintisi, Qarayevkənd orta məktəbində 220 şagird yerlik əlavə sinif otaqlarının inşası, S.Vurğun adına şəhər 1 saylı orta məktəbinin və Şirinbəy kənd orta məktəbinin əsaslı təmiri, şəhər 4 saylı, Varxankənd, Nərimankənd, Qıraqlı, Azadkənd orta, şəhər 1 saylı əsas, Potubəyli kənd əsas, Qıraqlı kənd əsas məktəblərində cari təmir işləri başa çatıb. Bundan başqa, rayonun Yeni Novruzlu kəndində 360 yerlik yeni məktəbin tikintisinə başlanılıb, Qıraqlı kənd orta məktəbində hazırda təmir işləri davam etdirilir. Məzrəli kəndində isə 80 yerlik yeni ibtidai məktəbin tikintisi nəzərdə tutulub. Ümumiyyətlə, ötən 5 il ərzində dövlət vəsaiti, Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana-yeni məktəb” layihəsi çərçivəsində, habelə, rayonun daxili imkanları və iş adamlarının vəsaiti hesabına 1192 şagird yerlik 6 yeni məktəb binası, 1020 şagird yerlik əlavə sinif otaqları tikilib istifadəyə verilib, əksər təhsil müəssisələri əsaslı və təmir olunaraq müasir inventar və avadanlıqlarla təchiz edilib.
Qeyd olunmalıdır ki, təhsil sahəsində görülən bu işlər şagirdlərin normal şəraitdə təhsil almalarına, dərsə davamiyyətlərinə və bilik səviyyəsinə müsbət təsir edib. Ötən tədris ilində Türkiyənin ali məktəbləri də nəzərə alınmaqla rayondan 90 nəfər abituriyent müxtəlif ali məktəblərə daxil olub, onlardan 6 nəfəri 600 baldan yuxarı, 7 nəfəri isə 500 baldan yuxarı nəticə göstəriblər.

 

Sağlam vətəndaş, sağlam nəsil naminə!!!

 

2008-ci ili Saatlının səhiyyə işçiləri üçün də əlamətdar hesab etmək olar. Çünki hesabat ilində rayonda səhiyyə obyektlərinin tikintisi və təmiri, maddi-texniki bazasının gücləndirilməsi, tibbi xidmət sahəsində keyfiyyətin yüksəldilməsi istiqamətində görülən işlər bu sahədə əsaslı dönüş yaradıb. Mərkəzi rayon xəstəxanasında əsaslı təmir və yenidənqurma işləri görülüb, xəstəxanaların demək olar ki, hamısı müasir avadanlıqlarla təmin olunub. Əhalinin sağlamlığının qorunması, rayon üçün xarakterik olan yoluxucu xəstəliklərin qarşısının alınması, güzəştli xəstələrə və uşaqlara göstərilən tibbi xidmətin səviyyəsinin artırılması sahəsində bir sıra zəruri tədbirlər yerinə yetirilib ki, nəticədə rayonda yoluxucu xəstəliklərin sayı azalıb.

2008-ci ildə rayon Mədəniyyət və Turizm şöbəsinin nəzdində olan müəssisələr tərəfindən bir sıra işlər görülüb. Bülbül adına uşaq musiqi məktəbi, mərkəzləşdirilmiş kitabxana sistemi və rayon mədəniyyət sarayının binalarında təmir işləri aparılıb, Dövlət Rəsm Qalereyasına yeni bina verilib və həmin binada cari təmir işləri aparılıb, yeni inşa olunmuş Heydər Əliyev Muzeyi rayon Mədəniyyət və Turizm şöbəsinin balansına verilib. Tarix-Diyarşünaslıq Muzeyinə qədim eksponatlar toplanaraq muzeyin fondu 8 min ədədə çatdırılıb. Rayon ərazisində olan mövcud tarixi abidələrin qorunması, inventarlaşdırılması, fotoşəkillərin çəkilməsi və qoruq lövhələrinin vurulması ilə əlaqədar lazımi işlər görülüb.

Onu da vurğulayaq ki, Saatlı rayonunda “Azərbaycan Gəncliyi Dövlət Proqramı (2005-2009-cu illər)”, “Bədən tərbiyəsi və idmanın inkişafı üzrə Dövlət Proqramı (2005-2009-cu illər)”nın icrası ilə əlaqədar aidiyyəti təşkilatlarla birlikdə rayon gənclərinin məşğulluğunun təmin edilməsi, onların təhsili və fiziki tərbiyəsi, asudə vaxtlarının səmərəli təşkili sahəsində də əhəmiyyətli işlər görülüb. “Gənclər günü”, “Bədən tərbiyəsi və İdman günü “ və digər əlamətdar günlər geniş şəkildə qeyd olunub, narkomaniyaya, korrupsiyaya, alkoqolizmə və əxlaqa zidd digər hallara qarşı mübarizə mövzusunda yığıncaqlar və dəyirmi masalar təşkil olunub, istedadlı gənclərin üzə çıxarılması istiqamətində idman, intellektual-əyləncə oyunlarının, bilik, bacarıq və musiqi yarışlarının keçirilməsinə xüsusi yer verilib.

 

2708 ailəyə sosial yardım verilib

 

Azərbaycanda yoxsulluğun aradan qaldırılması dövlət siyasətinin tərkib hissəsidir. Bunun nəticəsidir ki, son beş il ərzində görülən işlərdən sonra ölkədə yoxsulluğun səviyyəsi 49 faizdən 13 faizə enib. Bununla belə, hökumət bu istiqamətdə fəaliyyətini davam etdirməkdədir. Saatlı rayonunda da sosial yardıma ehtiyacı olan insanların müəyyən edilərək onlara yardım verilməsi, əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsinin gücləndirilməsi, pensiya və müavinətlərin vaxtında, daha şəffaf şəkildə ödənilməsi sahəsində tədbirlər bu sahədə qəbul edilmiş dövlət proqramlarına uyğun olaraq yerinə yetirilib. Ünvanlı sosial yardımla əlaqədar Əhalinin Sosial Müdafiə Mərkəzinə il ərzində müraciət edən vətəndaşlardan 2717 ailənin sənədləri qeydə alınıb, müvafiq qayda və təlimatlara uyğun olaraq onlardan 2708 ailəyə yardım təyin edilib. Yardım təyin edilmiş ailələrə 1 milyon 156 min 423 manat vəsait ödənilib ki, bu da orta hesabla hər bir ailəyə 90 manatdan çox yardım deməkdir. Bundan əlavə, sosial yardım alan ailələrin 1 yaşa qədər olan uşaqlarına 17 min 18 manat vəsait ödənilib. 2007-ci illə müqayisədə ünvanlı sosial yardım təyin olunan ailələrin sayı 80 faiz artıb. Ümumiyyətlə, “Ünvanlı sosial yardım haqqında” Qanunun tətbiqindən keçən müddətdə 4695 ailəyə yardım təyin olunub ki, bu da 15 mindən çox vətəndaşı əhatə edib.

Əhalinin Sosial Müdafiə Mərkəzinin qeydiyyatında olub sosial müavinət alan 6026 nəfərə il ərzində 2 milyon 408,2 min manat vəsait verilib. Ötən il Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsinin uçotunda olan 12064 nəfər vətəndaş vaxtında, tam olaraq bankomatlar vasitəsilə pensiya və müavinətlərini alıblar. 1032 nəfərə pensiya təyin edilib və il ərzində pensiyaçılara 12 milyon 549,1 min manat məbləğində vəsait ödənilib.

Hesabat dövründə əhalinin aztəminatlı təbəqəsinin, Şəhid ailələri, Qarabağ, Çernobıl və Əfqanıstan əlillərinin, xəstə və imkansız vətəndaşların, bir sözlə, müraciət edən hər bir şəxsin probleminin həllinə diqqətlə yanaşılaraq, onlara rayon İcra Hakimiyyəti başçısının xüsusi hesabından və Xeyriyyə Fondundan maddi yardımlar edilib.

 

Əhaliyə göstərilən xidmətlərin keyfiyyəti daha da artıb

 

Əhaliyə göstərilən ticarət, nəqliyyat, rabitə və məişət xidmətləri sahəsində işlər rayon İcra Hakimiyyətinin gündəlik nəzarətində olmaqla, bu sahədə özəl fəaliyyətin genişlənməsinə başlıca diqqət yetirilib. Rayon üzrə pərakəndə əmtəə dövriyyəsinin həcmi əvvəlki illə müqayisədə 38,8 faiz artıb ki, bunun da 99,9 faizi özəl sektorun payına düşür. Əvvəlki illə müqayisədə gəlirlər sərnişin daşınması üzrə 23,9 faiz, yük daşınması üzrə isə 18,8 faiz artıb. Ötən il bir sıra yaşayış məntəqələrinə 230 ədəd yeni telefon çəkilib, rayonun 4 kəndinə peyk rabitəsi vasitəsilə telefon quraşdırılıb. Bununla da, telefondan istifadə edən abonentlərin sayı 5674-ə çatdırılıb. Bundan əlavə, rabitənin inkişafı və yeni tipli elektron ATS sisteminə keçilməsi ilə bağlı nəzərdə tutulan layihəyə əsasən 22 kənddə elektron ATS-in qurulması plana daxil edilib, Mircəlalkənd və Xanlarkənd ATS-i 100 nömrədən 256 nömrə tutumlu elektron ATS-lə dəyişdirilib və ilk dəfə olaraq internetdən istifadə etmək imkanı əldə edib.

2008-ci ildə Saatlı Poçtamtı əhaliyə, idarə və təşkilatlara 22 poçt şöbəsi və 1 danışıq məntəqəsi ilə poçt xidmətləri göstərib. Elektrik enerjisi, qaz və su istehlakçılarından il ərzində ümumilikdə 1 milyon 720,8 min manat pul poçt vasitəsi ilə yığılıb.

 

Saatlı ictimaiyyəti ictimai-siyasi proseslərdə də fəallıq göstərir

 

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin seçki praktikasının təkmilləşdirilməsinə dair tapşırıqlarına uyğun olaraq azad, ədalətli və şəffaf seçkilər keçirilməsi üçün rayonda əlverişli şəraitin yaradılması istiqamətində Seçki Məcəlləsinə əsasən məqsədyönlü tədbirlər həyata keçirilib. Saatlı rayonu üzrə 62 saylı Saatlı və 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairələrinin əhatə etdiyi 56 seçki məntəqəsinin hər biri yeni inşa olunub və normal şəraiti olan obyektlərdə yerləşdirilib. Seçkiqabağı təbliğat və təşviqat işlərinin təşkili, əhali ilə keçirilən görüşlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə olan böyük xalq inamını bir daha büruzə verib. Prezident seçkilərində seçicilərin siyasi şüur səviyyəsinin və seçki mədəniyyətinin nə qədər yüksək olduğunu bütün müşahidəçilər, eləcə də beynəlxalq müşahidəçilər aydın şəkildə görüb və öz hesabatlarında bildiriblər. ATƏT və MDB müşahidəçilərinin 62 saylı Saatlı seçki dairəsi üzrə iştirak etdikləri 2, 4, 6 saylı Saatlı, 24 saylı Şirinbəy və 27 saylı Azadkənd seçki məntəqələrində müşahidə zamanı əhalinin səsvermədə aktivliyi, xüsusilə gənclərin və qadınların iştirakı, seçki prosesinin bağlanışında, səslərin sayılması və protokolların yazılmasında iştirak edərək müsbət rəy vermələri təqdirəlayiq hal kimi qiymətləndirilməlidir. Bir sözlə, seçkilər yüksək mütəşəkkillik şəraitində keçməklə 50887 nəfər seçicinin 38863 nəfəri və ya 76,37 faizi seçkilərdə iştirak edib və onların 34849 nəfəri və ya 90,35 faizi İlham Əliyevə səs veriblər.

Onu da bildirmək yerinə düşər ki, Saatlı ictimaiyyəti ölkəmizin həyatında mühüm rol oynayacaq 18 mart referendumunda da fəal iştirak etmək niyyətindədir. Referendumun hazırlanıb keçirilməsi üzrə Mərkəzi Seçki Komissiyasının təqvim planına müvafiq olaraq, rayonda seçici siyahılarının dəqiqləşdirilməsi başa çatıb. Referendumun yüksək səviyyədə və mütəşəkkil keçməsi üçün Seçki Məcəlləsinə uyğun olaraq nəzərdə tutulan tədbirlər ardıcıl olaraq yerinə yetiriləcək. Rayona səfər zamanı bir şeyə qətiyyətlə əmin olduq. İctimai-siyasi proseslərdə xüsusi fəallıq göstərən rayon ictimaiyyəti Konstitusiya islahatlarını da dəstəkləyir.

 

Aqşin ŞAHİN

 

Yeni Azərbaycan.- 2009.- 7 mart.- S. 8-9.