Qubadlı seçiciləri Konstitusiyaya təklif edilən əlavə və dəyişiklikləri dəstəkləyir

 

Yeni Azərbaycan” təşviqat qrupunun səlahiyyətli nümayəndələri Sumqayıtda məskunlaşmış məcburi köçkünlərlə görüşüb

 

“Yeni Azərbaycan” təşviqat qrupunun səlahiyyətli nümayəndələri işğal altında olan Qubadlı rayonunun Sumqayıt şəhərində məskunlaşmış seçiciləri ilə görüş keçirib. Görüşdə çıxış edən “Yeni Azərbaycan” təşviqat qrupunun Qubadlı rayon şöbəsinin sədri Allahverdi Haqverdiyev referenduma təqdim olunan təkliflər layihəsi ilə bağlı məlumat verib. Onun sözlərinə görə, layihədə göstərilən əlavə və dəyişikliklər Azərbaycanın inkişafının, dövlət müstəqilliyinin möhkəmləndirilməsinə, qüdrətlənməsinə xidmət edir.

“Yeni Azərbaycan” təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, millət vəkili, YAP icra katibinin müavini Siyavuş Novruzov keçirilən görüşlərin əsasən Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərlə bağlı maarifləndirmə işinə xidmət etdiyini önə çəkib. Millət vəkili Konstitusiyanı bütün qanunların təməl bazası adlandırıb: “Konstitusiyaya əlavə və dəyişikliklər təklif olunursa, demək ortada çox ciddi zərurət var. Nəzərə almaq gərəkdir ki, bu əlavə və dəyişikliklər hər bir insanın taleyinə təsir edəcək. Azərbaycan Konstitusiyası 1995-ci ildə ulu öndərimiz Heydər Əliyevin rəhbərliyi ilə hazırlanıb və xalq tərəfindən qəbul olunub. Mütərəqqi müddəaları özündə əks etdirən bu Əsas Qanunumuzda ən əsas yer alan məsələlər insan hüquq və azadlıqları ilə bağlıdır. Azərbaycan inkişaf etdikcə bu hüquq və azadlıqların çərçivəsi genişlənir, yeni-yeni məsələlər meydana çıxır və bütün bu yeniliklərin Konstitusiyaya əlavə edilməsi üçün referendum keçirilməsinə ehtiyac yaranır. Təklif olunan əlavə və dəyişiklikləri qruplara bölmək olar. İlk blok insan hüquq və azadlıqlarını və sosial inkişafı özündə ehtiva edən müddəalardan ibarətdir. Məsələn, 12-ci maddədə hər bir vətəndaşa layiqli həyat səviyyəsinin təmin edilməsinin dövlətin ali məqsədi olduğu göstərilir. Bizim Prezidentimiz hər zaman bir məsələni xüsusi vurğulayır ki, “mən çalışıram ki, Azərbaycanda bir nəfər də olsun yoxsul insan qalmasın”. Bu maddə məhz bu prioritetin həyata keçirilməsini sürətləndirir. Bundan başqa, ailə-dövlət münasibətlərində yeni müddəaların əlavəsi, uşaqların hüquq və azadlıqları ilə bağlı məsələlərin Konstitusiyaya daxil olması olduqca böyük hadisədir. Biz bununla genefondumuz sayılan uşaqların yaşayış səviyyəsini, o cümlədən, gələcəyinin təminatını gücləndirmiş oluruq. Bundan başqa, Azərbaycan Konstitusiyasına iqtisadiyyatın sosialyönümlü olması ilə bağlı məsələnin də əlavə olunması nəzərdə tutulub. Təbii ki, bu da Azərbaycanın iqtisadi inkişafının ortaya çıxardığı zərurətdir”.

Bəzi dini azadlıqlarla bağlı məqamların da layihədə yer aldığını dilə gətirən S.Novruzov burada əsas məqsədin insanların inanc azadlıqlarının daha mütəşəkkil şəkildə qorunmasına şərait yaratmaqdan ibarət olduğunu bildirib: “Məsələn, insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dini cərəyanların yayılmasını qadağan edən maddə son dövrlərdə rastlaşdığımız situasiyaların nəticəsində meydana çıxıb. Bir sıra ölkələrdə sonradan belə qrupların və ya cərəyanların hansı məqsədlərlə istifadə olunduğunun şahidi oluruq. İnsanların dini inanclarından sui-istifadəyə yol verilməməsi üçün belə bir məqamın Konstitusiyada yer almasına ehtiyac var. O cümlədən, maddə 48-ə edilən əlavə insanların dini inanc hüquqlarının artırılmasına xidmət edir. Artıq bu məsələnin Konstitusiyada yer alması insanların tolerant ölkə olan Azərbaycanda hüquqlarının daha da genişlənməsinə yol açacaq. Bunlardan başqa, təqsirləndirilən şəxslərin hüquqları, məlumat azadlığı, insan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı ilə bağlı müddəalar, o cümlədən, Milli Məclisin müharibə dövründə səlahiyyətinin artırılması ilə bağlı maddələr olduqca vacib xarakterə malik əlavə və dəyişikliklərdir”.

Əsas müzakirə obyektinə çevrilən Konstitusiyanın 101-ci maddəsi ilə bağlı xüsusi izah verən səlahiyyətli nümayəndə beşinci bəndlə bağlı düzəlişi Azərbaycan vətəndaşlarının hüquqlarının artırılması istiqamətində atılan addım kimi qiymətləndirib: “101-ci maddənin beşinci bəndi xüsusi əhəmiyyətə malikdir. Bildiyiniz kimi, təklif olunan əlavə və dəyişikliklərdə bir şəxsin iki dəfədən artıq prezident seçilməsinə qoyulan məhdudiyyətin aradan qaldırılması nəzərdə tutulur. Bir sıra Avropa ölkələrinin də təcrübəsində belə bir məsələ nəzərdə tutulur. Hətta demokratiyanın beşiyi sayılan ABŞ-da XX əsrin birinci yarısının sonuna qədər belə bir qadağa olmayıb. Bu gün ali icraedici orqanların başında dayanan şəxslərin dəfələrlə bu postu tutması praktikası olan dövlətlər mövcuddur. Eyni zamanda, fövqəladə hallarda, müharibə vəziyyətində prezidentin və parlamentin səlahiyyət müddətinin uzadılması olduqca əhəmiyyətli bir məsələdir. Bu, Azərbaycanın hüquq sisteminin möhkəmlənməsinə də öz töhfəsini verəcək. Digər tərəfdən, bu düzəliş həm də seçən və seçilən vətəndaşların hüquqlarının qorunmasına xidmət göstərəcək. Belə bir dəyişiklik hər iki tərəfə öz iradəsini nümayiş etdirməyə imkan yaradacaq”.

Millət vəkili, “Yeni Azərbaycan” təşviqat qrupunun səlahiyyətli nümayəndəsi İmamverdi İsmayılov da qubadlıların hər zaman dövlətə, ulu öndər Heydər Əliyev siyasi kursuna sədaqətindən bəhs edib. Millət vəkili əmin olduğunu bildirib ki, bütün seçkilərdə olduğu kimi, referendumda da ən yüksək seçici aktivliyi nümayiş etdiriləcək və xalqımızın hər bir nümayəndəsi kimi qubadlılılar da təklif olunan layihənin lehinə səs verəcək: “Mən Qubadlı seçiciləri ilə hər zaman təmasda oluram. Bilirəm ki, bu insanlar dövlətə, dövlətçiliyə sədaqətli, bağlı insanlardır. Əminəm ki, martın 18-də Qubadlı rayon seçiciləri bir nəfər kimi referendumda iştirak edəcək və ölkəmizin işıqlı gələcəyini özündə ehtiva edən bu əlavə və dəyişikliklərin lehinə səs verəcək”.

Afət Allahverdiyeva - Sumqayıtda məskunlaşmış Qubadlı rayonundan olan məcburi köçkün:

- Mən Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı referenduma çıxarılan məsələlərin tərəfdarıyam. Qubadlılılar hər zaman dövlətçiliyin keşiyində dayanıblar, bu gün də ölkəmizin inkişafı üçün nə lazımdırsa onu etməyə hazırıq.

Dağbəyi Qurbanov - Sumqayıtda məskunlaşmış Qubadlı rayonundan olan məcburi köçkün:

- Biz ərazisi işğal altında olan rayonların vətəndaşları hörmətli Prezidentimizdən, Onun bizə diqqət və qayğısından, dövlətimizin qayğısından tam razıyıq. Bizlərin həyatını normallaşdırmaq üçün dövlətimiz çox işlər görüb. Mən təklif olunan məsələlərə səs verəcəm.

Mamay Hüseynov - Sumqayıtda məskunlaşmış Qubadlı rayonundan olan məcburi köçkün:

- Hazırda Azərbaycan sürətlə inkişaf edir. İnsanların güzəranı yaxşılaşır, təqaüdlər artırılır. Təklif olunan məsələlər bizim daha da yaxşı yaşamağımıza kömək edəcək. Hamı kimi bu əlavə və dəyişikliklərin lehinə səs verəcəm.

Raifə İlyasova - Sumqayıtda məskunlaşmış Qubadlı rayonundan olan məcburi köçkün:

- Biz qubadlılılar inanırıq ki, az bir zamanda işğal altında olan torpaqlarımız azad olunacaq. Bu işdə dövlətimizə yardım etməliyik. Mən bütün gəncləri, işğal altında olan rayonların seçicilərini bu dəyişikliklərə səs verməyə çağırıram.

Yusif Yusifov - Sumqayıtda məskunlaşmış Qubadlı rayonundan olan məcburi köçkün:

Bizlərə təqdim olunan əlavə və dəyişikliklərlə əyani tanış olduqdan sonra hər şey bəlli olur. Məncə, vətənini, dövlətini sevən hər bir insan bu dəyişikliklərə səs verməlidir. Çünki burada qeyd olunanlar dövlətin insana qayğısını artırmaq niyyətini göstərir. Mən də hamı kimi bu məsələnin tərəfdarıyam.

 

 

Pərviz SADAY

 

Yeni Azərbaycan.- 2009.- 7 mart.- S.7.