“Xalqın şairi”
xoşbəxtlik sorağında
Valeh Kərimovun 65
illik yubileyidir
Azərbaycanın Xalq
artisti, ömrünün 40 ilini H.Ərəblinski adına
Sumqayıt Dövlət Musiqili Dram Teatrına həsr edərək,
dünya dramaturqlarının ən müasir və klassik əsərləri
əsasında hazırlanmış tamaşalarda bir-birindən
maraqlı 100-dən artıq obrazlar yaratmış, son illər
milyonlarla tamaşaçının sevimlisinə
çevrilmiş Valeh Kərimovun bu günlərdə 65
yaşı tamam olur. 1944-cü il mart ayının 21-də, Cənubi
Azərbaycanın Miyana şəhərində dünyaya gəlib.
1969-cu ildə M.A.Əliyev adına Azərbaycan Dövlət
İncəsənət İnstitutunun “Dram və kino aktyoru”
fakültəsini bitirdikdən sonra öz aktyor taleyini həmişəlik
olaraq Sumqayıt Teatrı ilə bağlayıb. 1990-cı ildə
“Azərbaycanın Əməkdar artisti”, 2000-ci ildə isə Respublikanın
“Xalq artisti” fəxri adına, həmçinin, Prezident
mükafatına layiq görülüb. Hazırda Prezident təqaüdçüsüdür.
Müsahibimiz,
hamımızın daha çox Moşu kimi
tanıyıb-sevdiyi sevimli aktyor, respublikanın Xalq artisti Valeh
Kərimovdur:
- Valeh müəllim, Siz
nə vaxtdan Moşu olmusunuz? Qısası, nə vaxtdın bu
dünyada Moşuluq eləyirsiniz?
- (gülür) Lap
çoxdandan - ötən əsrin 80-ci illərinin
ortalarından.
- Moşu Göyəzənli
ilə ilk “tanışlığınız” necə olub?
- Vaqif Səmədoğlunun
“Bəxt üzüyü” əsərini ilk dəfə bizim
Sumqayıt Dövlət Dram Teatrına gənc rejissorumuz Yusif Əkbərov
gətirmişdi. İlk oxunuşdaca əsər xoşuma gəldi.
Moşu mənə xüsusilə ləzzət elədi. Amma
bilirsiniz də, rolu aktyor seçmir, onu rejissor bölür. Və
belə oldu ki, sabahısı gün Yusif bu rolu mənə təklif
etdi...
- Bəs
film nə zaman çəkildi?
- Hə...
Bu olub 1991-ci ilin
yayında. 1992-ci ilin yanvarında isə Respublika Sarayında filmə ictimai baxış keçirildi.
- Heç şübhəsiz
ki, Moşunu əbədiləşdirən Vaqif Səmədoğludur...
- O, mənim kimi məşhur
bir adamın, “xalqın şairi”nin həyatını qələmə
almaqla, özünü də məşhurlaşdırıb,
məni də... Hər halda, çox sağ olsun!.. Biz
haqqı itirən adamlardan döyülük...
- Vaqif Səmədoğlu
sizin Moşu haqqında heç öz fikrini bildiribmi?
- Yox, məxsusi olaraq bir
fikir söyləməyib, ancaq bir dəfə tamaşadan sonra
mənə dedi ki, “ayə, qağa, mən qazaxlıyam, amma
bizim ləhcədə sən məndən daha yaxşı
danışırsan...”
- Moşu ilə birgə Qazaxa
heç getmisinizmi?
- Qağa, Moşu ilə
Qazaxa getmək çox məsuliyyətli, “opasnı” işdir.
Hələ Sumqayıtda tamaşa zamanı bir qazaxlı müəllimənin
dilindən, bax, bu qulağımla eşitmişəm ki, “bu
zalım oğlu biz qazaxlıları tamam biabır elədi...”
- Valeh müəllim,
Moşuda xoşunuza gələn və gəlməyən cəhətlər
hansılardır?
- Xoşuma gələn...
ürəyi təmizliyi, düzlüyü, mərdanəliyi,
kişiliyi...
- Bəs gəlməyən?..
- Gəlməyən?.. (gülür)
demaqoqluğu... Qafiyəbazlıqla məşğul olub
özünü doğrudan da xalqın şairi hesab etməsi.
Amma hər halda onun cəmiyyətə heç bir ziyanı
yoxdur, ziyansız adamdır.
- “Xoşbəxtliyin”
qafiyəsi...
- Yox, o hələ tapılmayıb...
Elə bütün tamaşa da həmin sözün
başındadır da... Xoşbəxtliyin özü kimi qafiyəsini
də tapmaq çox müşgül bir məsələdir...
- Valeh müəllim,
sonuncu sual: Moşunun sizə çox borcu var, yoxsa sizin
Moşuya?
-...(bir xeyli
gülür, əsl Moşu gülüşü ilə). Hər
halda mənim Moşuya borcum daha çoxdur. Çünki məni
Azərbaycan tamaşaçılarına daha çox məhz
Moşu tanıtdırıb!.. Neynək, borclu borclunun
sağlığını istər. Allah Moşuya da, mənə
də ömür versin!..
- Amin!
Yeni Azərbaycan.- 2009.- 18 mart.- S.8.