31 mart soyqırımı Hollandiyada anılıb
Niderland
Krallığında fəaliyyət göstərən
Benilüks Azərbaycanlıları Konqresinin (BAK) mətbuat
xidmətindən bildiriblər ki, 31 mart - Azərbaycanlıların
soyqırımı günü ilə bağlı qurumun və
onun nəzdindəki Azərbaycan-Hollandiya Həmrəylik Cəmiyyətinin
təşəbbüsü ilə martın 29-da Rotterdamda
etiraz aksiyası keçirilib. Tədbirdə Azərbaycan və
türk icmalarının, habelə Polşa diasporunun nümayəndələri
iştirak ediblər.
Etiraz aksiyasında
iştirak etmiş 200-ə yaxın gənc ön hissəsində
Azərbaycanın xəritəsinin və işğal
olunmuş ərazilərimizin, arxa hissəsində isə
soyqırımı qurbanlarının sayının göstərildiyi
ağ köynəklər geyib və başlarına mavi papaq
qoyublar. Əllərində Azərbaycan, Türkiyə və
Hollandiyanın bayraqlarını tutmuş aksiya
iştirakçıları holland dilində ermənilərin
azərbaycanlılara qarşı törətdikləri
soyqırımı pisləyən şüarlar səsləndiriblər.
Həmin gün azərbaycanlılara qarşı törədilmiş
soyqırımı barədə ətraflı məlumatın
(holland dilində)əks olunduğu 10 minə yaxın vərəqə
yerli sakinlər arasında paylanıb.
Yeni Azərbaycan.- 2009.- 31 mart.- S. 5.