Azərbaycan
intibahının və inkişaf erasının müəllifi
Azərbaycanın indiki iqtisadi
sıçrayışına Ümummilli lider Heydər Əliyevin
müəyyən etdiyi düşünülmüş
uzunmüddətli kompleks islahatlar strategiyası səbəb
olub
Azərbaycanın indiki iqtisadi sıçrayışına, sosial
tərəqqisinə və ictimai-siyasi sabitliyin
davamlılığına ötən əsrin 70-ci illərində
Ümummilli lider Heydər Əliyevin hakimiyyəti
dövründə müəyyən edilmiş kompleks islahatlar
strategiyası, düşünülmüş uzunmüddətli
siyasi kurs baza yaradıb. 1969-cu il iyulun 14-də
Ümummilli lider Heydər Əliyevin Azərbaycanın dövlət
başçısı seçilməsi respublikamızın
inkişafı üçün yeni üfüqlər
açdı və Azərbaycan ulu öndərin hakimiyyəti
illərində misli görünməmiş inkişaf yolu
keçdi. Bu gün də uğurla davam etdirilən bu strategiya
40 il əvvəl təməli qoyulan
inkişaf və tərəqqi konsepsiyasına söykənir və
yeni mərhələdə yeni keyfiyyət və kəmiyyət
çalarları ilə zənginləşməkdədir.
Heydər Əliyev
hakimiyyətinin birinci dövründə respublikamızın
inkişaf tempinin, genişmiqyaslı quruculuq işlərinin
davamlı xarakter alması üçün davamlı islahatlar
həyata keçirdi. Daha çox kənd təsərrüfatı
ölkəsi olan Azərbaycan həyata keçirilən iri
layihələrin icrası nəticəsində sənaye
ölkəsinə çevrildi. Bu dövrdə
neft-kimya, maşınqayırma, metallurgiya, mədənçıxarma
və digər sahələr əhəmiyyətli dərəcədə
inkişaf etməyə başladı. Azərbaycan
sənaye məhsulunun artım tempinə görə, ittifaq
ölkələri arasında ilk yerlərdən birini tutdu.
1970-1980-ci illərdə respublikamızda istehsal
olunan sənaye məhsulunun payı Ümumi Daxili Məhsulda 66
faizə çatdı. Bu illər ərzində
ölkədə 400-ə yaxın yeni sənaye müəssisəsi
tikilərək istifadəyə verildi. 1969-cu
ildə sənaye obyektlərinin sayı 735 ədədə bərabər
idisə, 1982-ci ildə bu rəqəm 1048-ə
çatdırıldı. Aqrar-sənaye
respublikasından sənaye-aqrar respublikasına çevrilən
Azərbaycanın ixrac potensialı da artdı. Azərbaycanın sənaye və kənd təsərrüfatı
məhsulları təkcə, ittifaq respublikalarına deyil,
xarici dövlətlərə də ixrac olunmağa
başladı. Həmin illərdə
respublikamızda istehsal olunan 350 adda məhsul dünyanın 65
ölkəsinə ixrac olunurdu.
Azərbaycanda
sürətli inkişaf dinamikası tikinti-quraşdırma, nəqliyyat,
infrastruktur bölmələrinə də təkan vermiş
oldu. Həmin illərdə respublikamız nəhəng
tikinti meydançasını xatırladırdı.
Aparılan genişmiqyaslı quruculuq işləri nəticəsində
Azərbaycanda bir neçə il ərzində
yeni yaşayış massivləri, binalar, məktəblər,
sənaye müəssisələri tikildi, yollar salındı.
Heydər Əliyevin
hazırladığı eneji strategiyası
respublikamızın elektrik enerjisi ilə təminatında
ciddi dönüşün yaranmasına səbəb oldu. 1969-1982-ci illərdə
enerji təhlükəsizliyinin möhkəmləndirilməsi
üçün yeni elektrik stansiyalarının tikintisi və
yenidən qurulması bu gün də ölkəmizin enerji
balansının əsas təməllərini təşkil
edir. Həmin illərdə respublikamızın
başdan-başa qazlaşdırılması işləri ilə
bağlı da mühüm tədbirlər həyata
keçirilmişdi. Bir sözlə, bu
dövrdə sosial siyasət, infrastrukturun yenidən
qurulması, investisiya siyasəti Azərbaycanın iqtisadi
inkişafını sürətləndirmiş oldu.
Ümummilli lider
Heydər Əliyevin hakimiyyətinin ikinci mərhələsində
Azərbaycanın inkişafında dinamizm daha da dərinləşdi
və dünya iqtisadiyyatına inteqrasiya olunan
respublikamızın bölgədə nüfuzu möhkəmləndi. Ulu öndər
1993-cü ildə respublikamızda ağır sosial-iqtisadi,
siyasi-ictimai proseslərin baş verdiyi dövrdə xalqın tələbi
ilə hakimiyyətə gəldi və iqtisadiyyatı
dağıdılmış respublikada köklü islahatlar
aparmaqla iqtisadi-sosial vəziyyətin dəyişməsinə
nail oldu. Xatırladaq ki, bu dövrdə
sosial bölmədə vəziyyət daha acınacaqlı idi.
Ölkədə kompleks islahatlara başlamaq,
xarici dövlətlərlə əlaqələr yaradaraq
siyasi-hərbi gərginliyi azaltmaq, iqtisadi vəziyyəti normal
inkişaf məcrasına yönəltmək üçün
qətiyyətli idarəetmə qabiliyyəti olan Liderə
ehtiyac var idi. Çökmüş iqtisadiyyatı
bərpa etmək, xaos və böhranı aradan qaldırmaq,
siyasi və iqtisadi sabitliyi bərpa etmək üçün
ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi
olduqca vacib idi. Dahi şəxsiyyətin
hakimiyyətə gəlişi nəticəsində 1993-cü
ildə müşahidə olunan böhranı aradan
qaldırmaq mümkün oldu.
Ulu öndərin
səyləri nəticəsində ölkədə sabitlik
yarandı və quruculuq, inkişaf dövrü
başlandı. Həmin dövrdə iqtisadi resursların
olmaması, dövlət büdcəsinin məhdudluğu,
sosial imkanların yox dərəcədə olması, xəzinənin
iqtisadi layihələri və maliyyə öhdəliklərini
həll etmək üçün çatmaması,
ümumilikdə, iqtisadi-siyasi vasitələrə
çatmağa mane olurdu. Həmin
dövrün sosial-iqtisadi mənzərəsinə nəzər
saldıqda ölkədəki böhran tendensiyasının kəskin
və kataklizm həddinə çatmasını görmək
olar. Belə ki, 1992-1993-cü illərdə
iqtisadiyyatda tənəzzül o həddə
çatmışdı ki, pul kütləsi bazardakı qiymətlərin
artımı fonunda dəyər funksiyasına malik deyildi.
Ölkə üzrə orta pensiya məbləği təxminən
5 dollara, orta maaş həddi 20 dollara bərabər
idi. İnflyasiya hiperinflyasiya həddinə
çataraq 1600 faizə yaxınlaşmışdı. Belə vəziyyətdə əhalinin çox
cüzi şəkildə artan gəlirləri inflyasiyanın
yeminə çevrilməklə yoxsulluq kimi ciddi təhlükəyə
yol açmaqda idi. Davamlı iqtisadi qərarların qəbul
edilməsi nəticəsində qiymət indeksi 2-3 il ərzində aşağı salındı
və inflyasiya 11-12 faiz təşkil etməyə
başladı. Düşünülmüş
iqtisadi siyasət nəticəsində dövlət büdcəsinin
gəlirləri əhəmiyyətli dərəcədə
artaraq 1995-ci ildə 1 trilyon 584 milyard manata çatdı.
(Qiymətlər köhnə manatla göstərilir)
1997-ci ildə isə büdcə gəlirləri 2 trilyon 565
milyard dollardan çox oldu. Əhalinin pul gəlirləri,
orta aylıq əmək haqqı, pensiya məbləği 3-4 dəfə
artmağa başladı. 1995-ci ildən
sabitləşməyə başlayan iqtisadiyyat inkişaf
üçün baza rolunu oynadı və növbəti illərdə
bu tendensiya özünü daha qabarıq şəkildə
göstərməyə başladı.
Ulu öndər Heydər Əliyevin
diqqət verdiyi başlıca sahələrdən biri sosial
siyasətin həyata keçirilməsi nəticəsində
uğurlu sosial müdafiə sisteminə nail olmaqdan ibarət
idi. Əhalinin həyat səviyyəsinin yüksəldilməsi
üçün ilk növbədə, əmək
haqlarının və pensiyaların artırılması, aztəminatlı
ailələrə verilən müavinətlərin məbləğinin
artırılması, qaçqın və məcburi
köçkünlərin sosial şəraitinin
yaxşılaşdırılması ilə bağlı tədbirlərin
gücləndirilməsi nəzərdə tutulan hədəflərə
nail olmağa imkan verdi. Ulu
öndərin əlverişli investisiya mühitinin təmin
olunması ilə bağlı qəbul etdiyi qərarlar ölkəmizin
regionda sərmayələrin yatırıldığı əhəmiyyətli
dövlət kimi mövqeyinin artmasına gətirib
çıxardı. Həmin dövrlərdə
ölkəyə investisiya qoyuluşları da yox səviyyəsində
idi, Azərbaycanın bir neçə beynəlxalq maliyyə təşkilatı
və xarici kredit qurumları ilə əməkdaşlığa
dair saziş imzalamasına baxmayaraq, respublikamıza sərmayə
və yaxud kredit verən yox idi. 1993-cü ildə ölkəyə
kredit qoyuluşları köhnə manatla 7 milyard manat idisə,
1994-cü ildə bu rəqəm 20 dəfə artaraq 140,
1995-ci ildə 270 milyard manata çatdı. Bu siyasət
respublikamızın nüfuzunu artırmaqla bərabər, Azərbaycana
investisiya qoymaq istəyən xarici iş adamlarının fəallığını
artırmış oldu. Heydər Əliyevin əsasını
qoyduğu balanslaşdırılmış xarici siyasət
kursu tərəfdaş dövlətlərlə iqtisadi
münasibətlərin də başlıca prioritetlərini təşkil
edirdi. Xarici iqtisadi siyasət məzmun və
xarakterinə görə hər bir ölkə ilə
qarşılıqlı əməkdaşlıq mühitində
bir-birinə bərabər hüquqlar və hörmət əsasında
yardım etməkdən, sıx tərəfdaşlığa
nail olmaqdan ibarət idi. Təbii ki, burada
başlıca məqsəd respublikamızın milli mənafelərinin
qorunması və tərəflər arasında səmimi əlaqələrin
qurulmasına hesablanmışdı. Azərbaycanın
xarici iqtisadi siyasətinin istiqamətləri də məhz bu
prinsipləri əhatə edirdi və bu xətt indi davam etdirilən
siyasətin baza sütunudur.
Bu, Azərbaycanın
iqtisadi inkişafında yeni mərhələnin təməlini
qoymaqla bazar iqtisadiyyatı yolunda inamlı
addımlarını təsdiq etmiş oldu. Respublikamız
MDB-də ilk dəfə olaraq iqtisadi islahatların
mühüm istiqaməti olan özəlləşdirmə
prosesini həyata keçirib. 1994-1995-ci illərdə
sonrakı inkişaf mərhələsində nailiyyətlərin
əldə olunmasının təməli qoyuldu. Bu tarixi dövrü sabitləşmə dövrü
kimi səciyyələndirmək mümkündür. 1996-cı ildən etibarən isə dirçəliş
dövrü başlayıb. 1996-1998-ci illərdə
əhəmiyyətli dövlət proqramlarının,
makroiqtisadi sabitliyi təmin edən layihələrin icrası
bu inkişafa yeni çalarlar əlavə etdi. Ulu öndər Heydər Əliyevin əsasını
qoyduğu sabitlik və inkişaf strategiyası yeni əsrin
başlanğıcında respublikamızın dünya
miqyasında rolunun və əhəmiyyətinin güclənməsinə
impuls vermiş oldu. Heydər Əliyevin gərgin şəraitdə
dünyanın 7 inkişaf etmiş qüdrətli dövlətini
təmsil edən 11 neft şirkəti ilə “Əsrin
müqaviləsi”ni imzalaması, ardınca 1997-ci ilin
noyabrında “Çıraq” yatağından ilk ixrac neftinin
hasilatına başlanması və Bakı-Tbilisi-Ceyhan əsas
ixrac neft boru kəmərinin inşa edilməsi Azərbaycanın
region üçün aparıcı dövlətə
çevrilməsini şərtləndirmiş oldu.
İndiki
zamanda Avropa dövlətləri və qonşu ölkələrlə
münasibətlərin qarşılıqlı səmərəli
əməkdaşlıq və mehriban qonşuluq əlaqələri
şəraitində inkişaf etdirilməsi də ulu öndərin
müəyyən etdiyi strategiyanın davamı olmaqla
yanaşı, bu strategiyanın nə dərəcədə
uğurlu və effektiv olmasını təsdiqləyir. Ümummilli
lider Heydər Əliyevin siyasi, iqtisadi, sosial, ictimai, mədəni
inkişafla bağlı hazırladığı
konsepsiyanı uğurla davam etdirən Prezident İlham Əliyevin
mahir idarəçilik qabiliyyəti isə Azərbaycanın
inkişafında yeni mərhələ açıb.
ELBRUS CƏFƏRLİ
Yeni Azərbaycan.- 2009.- 1 may.- S.3.