Ekologiya sahəsində bu gün görülən işlərin nəticələrini gələcək nəsillər görəcəklər

 

Rasim Səttarzadə: Prezident İlham Əliyev ekoloji problemlərə yanaşmanın yeni istiqamətlərini müəyyənləşdirdi

 

Xəbər verdiyimiz kimi, aprelin 22-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasında dünyada narahatlığa səbəb olan ekoloji məsələlərə də toxunulub. Dövlətin iqtisadi inkişafa sosial rifaha yönəlik siyasəti ilə yanaşı, ekoloji problemlərin həllinə çalışdığını  qeyd edən prezident vurğulayıb ki, bu sahəyə qoyulan vəsaitin nəticələrini gələcək nəsillər görəcəklər. Azərbaycan Prezidentinin 28 sentyabr 2006- il tarixli Sərəncamı ilə təsdiq olunanAzərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı Azərbaycanda ekoloji problemlərin həlli istiqamətində mühüm sənəd hesab edən ölkə başçısı bu sahənin əhəmiyyətindən, dövlətin gördüyü işlərdən planlaşdırılan tədbirlərdən danışıb: “Sağlam ekoloji mühit, sağlam hava, təmiz su - bütün bunlar insanın həyatı üçün ən əhəmiyyətli məsələlərdir. Ekologiya məsələləri hər bir ölkə üçün, hər bir vətəndaş üçün vacib olmalıdır”.

Prezident nitqində ekologiyaya təsir edən istənilən hadisənin hər birimizə dəxli olduğunu, buna görə hər kəsin üzərinə düşən məsuliyyəti xatırladıb. Elə həmin tədbirdə ölkədə ağacların kəsilməsinə qadağa qoyan Prezident deyib ki, ekologiya məsələlərinə böyük diqqət göstərilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekoloji siyasət şöbəsinin müdiri Rasim Səttarzadənin sözlərinə görə, Prezident öz nitqi ilə ekoloji problemlərə baxışları dəyişib: “Prezidentin də qeyd etdiyi kimi, ətraf mühitin qorunması hər bir vətəndaşın, hər bir dövlətin və ümumilikdə, bütün dünyanın məsələsidir. Çünki hər hansı dövlətdə baş verən çirklənmə dünyanın atmosferinə, suyuna təsir göstərir. Azərbaycanda da ekoloji mühitin çirklənməsi hər kəsin diqqətini çəkir və bu barədə hamı danışsa da, əməli iş görülmürdü. Heç kim problemlərin real həllini, bu istiqamətdə tədbirlər həyata keçirməyi düşünmürdü. Prezident İlham Əliyev bu baxış tərzinin əleyhinə olduğunu göstərməklə kifayətlənmədi, başqalarının da problemə yanaşmalarını dəyişməyə məcbur etdi. Belə ki, Onun həyata keçirdiyi strategiyada problem qoyulur, onun həlli istiqamətləri, yolları və müddəti öz əksini tapır. Bu istiqamətdə proqram layihələr hazırlanır. Tapşırıq verilir və onun həyata keçirilməsi üçün vaxt qoyulur. Bu şəkildə verilən tapşırığa görə məmurlar və ya hər hansı qurum cavabdehlik daşıyır. Tapşırıq verilən şəxs məsuliyyətini biləndə nəticə almaq da asan olur. Bu baxımdan, İlham Əliyevin ekoloji sahədə həyata keçirdiyi siyasətin ən böyük uğuru məhz bu oldu. Ölkəmiz sənaye cəhətdən inkişaf edir. Sənayenin inkişafı ətraf mühitdə tullantıların artmasına da yol aça bilər. Bu vəziyyətdən iki çıxış yolu var: ya bu istiqamətdə istehsal dayandırılmalıdır, ya da tullantılar düzgün idarə edilməlidir. Bir sözlə, həyata keçirilən hər bir iş ekoloji tələbata cavab verməlidir”.

Ölkəmizin ekoloji siyasətini özündə əks etdirən bir sıra sənədlər var və bunlar 2010-cu ilədək bu istiqamətdə fəaliyyəti istiqamətləndirən əsas proqram sənəd hesab edilir. “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı” Dövlət və milli proqramlardan konkretliyi ilə fərqlənir: “Bu sənədin digərlərindən fərqi, həm də orada problemlərin həllinini ünvanlı, konkret qaydada göstərilməsindədir. ETSN bu proqrama əsasən, təhlükəli tullantıların idarə olunması, məişət tullantıları üçün poliqonun tikintisi, Xəzərə axıdılan tullantıların qarşısının alınması, Heydər Əliyev adına hava limanının ətrafında ekoloji bərpası, Bakı şəhəri və Abşeron yarımadasının ətraf mühitinin sağlamlaşdırılması istiqamətində tədbirlərdə iştirak edir. Hazırda Bakı Buxtasının, Bibi Heybət zonasının, Heydər Əliyev adına Beynəlxalq Hava Limanının ətrafının, Abşeron yarımadasındakı göllərin, neftlə çirklənmiş torpaqların, lay sular altında qalmış sahələrin və digər istehsal tullantıları ilə çirklənən ərazilərin ekoloji vəziyyətinin yaxşılaşdırılması, bərk məişət tullantılarının idarə olunması sxeminə uyğun Bakı və Sumqayıt şəhərlərində formalaşan tullantıların idarə olunmasının təkmilləşdirilməsi və s. istiqamətlərdə tədbirlər həyata keçirilir. Xəzər dənizinin çirklənmədən qorunması üzrə tədbirlər görülüb. Xəzər dənizinə axıdılan axıntılar da modul tipli sutəmizləyici qurğularla təmizlənir və dənizə axıdılır. Artıq indiyədək 4070 kub metr çirkab sutəmizləmə gücünə malik beynəlxalq standartlara cavab verən 27 ədəd modul tipli təmizləyici qurğuların qurulması nəticəsində Abşeron yarımadasının Bilgəh, Buzovna, Mərdəkan, Pirşağı və Nardaran qəsəbələrində 9 stansiya istismara verilərək “Xəzər dənizinin ekoloji mühitinin mühafizəsi sistemi” yaradılıb. Bu sistemin fəaliyyəti Abşeronun şimal sahilinin 61 kilometrlik sahəsinin təmiz qalmasına şərait yaradır. Abşeron yarımadasının sahilboyu zolağında hazırda şimal istiqamətində  - Novxanı-Sumqayıt sahilboyu ərazilərdə mövcud axarların üzərində modul tipli çirkab sutəmizləyici qurğulardan ibarət 7 stansiya qurulması işləri yekunlaşmaq üzrədir”.

Ölkəmizdə Bakı və ümumiyyətlə, rayon mərkəzlərinin su və kanalizasiya sistemi ilə təmin edilməsi prosesi gedir. Sutəmizləyici qurğular modernləşdirilir. Şöbə rəisinin sözlərinə görə, Prezidentin siyasəti ondan ibarətdir ki, nəinki mərkəzi şəhərlər, ən ucqar kəndlər də ekoloji tələbatı ödəməyən su mənbələrindən istifadə etməməlidir. Ölkə əhalisini, xüsusən, Kürün bulanıq suyundan istifadə edən yaşayış məntəqələrini təmiz içməli, ən əsası təhlükəsiz su ilə təmin etmək üçün də modul tipli sutəmizləyici qurğular quraşdırılır: “Bakı şəhərini ekoloji cəhətdən təmiz su ilə təmin etmək məqsədilə Oğuz-Qəbələ-Bakı su xəttinin çəkilişi başa çatmaq üzrədir. İçməli su ilə yalnız Bakı təmin edilməyəcək. Bu problemi olan regionlarda da proqram çərçivəsində iş başlanıb. Kür çayının bulanıq suyundan istifadə edən yaşayış məntəqələrində modul tipli sutəmizləyici qurğuların quraşdırılması davam edir. Naxçıvan Muxtar Respublikası da daxil olmaqla 122  kənddə belə qurğular quraşdırılıb, 195 min insan Ümumdünya Səhiyyə Təşkilatının standartlarına cavab verən içməli su ilə təmin olunub”.

Ətraf mühitin çirklənməsi və zərərli maddələrin normadan artıq təşkil etməsi insanların həyatına, ömrünün uzunluğuna mənfi təsir göstərir. Bəzən müşahidə edirik ki, yaşlı nəslin nümayəndələri orta yaş qrupundan olanlardan, hətta gənclərdən daha sağlam, gümrah görünür. Bu, birbaşa ekologiyanın təsiridir. Təmiz ekoloji mühitdə yaşamış insan daha sağlamdır. R.Səttarzadənin fikrincə, artıq təmizlənməkdə olan ekoloji mühitin təsiri də gələcək nəslin bərpa olunan, sağlamlaşan həyatında hiss olunacaq: “Ekoloji sahədə görülən işlərin nəticələri monitorinqlər zamanı aşkar görünür. Bu dəyişikliklər çox vaxt adi gözlə görünmür. Suyun, havanın tərkibindəki çirkləndirici maddə adi gözlə deyil, aparılan analizlərdən sonra müəyyən olunur. Bu prosesin nəticəsini isə növbəti nəsillər hiss edəcək”.

 

 

RUHİYYƏ

 

Yeni Azərbaycan.- 2009.- 1 may.- S.4.