Yazıçılar Birliyi birinci həyatının davamını yaşayır

 

Elçin Hüseynbəyli: Yaxşı yaza bilmək xoşbəxtlikdir

 

Yazıçı - dramaturq, publisist Elçin Hüseynbəyli Cəbrayılda doğulub.

1989-cu ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bitirib. “Ulduz” jurnalının baş redaktorudur.

Ədəbiyyat üzrə ən nüfuzlu ödüllərin, o cümlədən Yusif Səmədoğlu adına ən yaxşı nəsr əsəri və “Humay” milli mükafatının sahibidir.

“Rəqs edən oğlan”, “Balıq adam”, “İki nəfər üçün oyun”, “Cənab XXI əsr”, “Yovşan qağayılar”, “Tut ağacı boyunca”, “On üçüncü həvari - 141-ci Don Juan” kitablarının, altı romanın müəllifidir. Əsərləri ingilis, rus, gürcü, fransız, alman, ukrayna dillərində dərc edilib, Türkiyə, özbək, qırğız türkcəsinə uyğunlaşdırılıb. 10 pyesi ölkə teatrlarında oynanılıb.

- Bu il yaradıcılığınızın 25 ili tamam olur. Az rəqəm deyil.

- Düz deyirsən. İlk peşəkar hekayəm məhz 25 il öncə, 1984-cü ildə yazılıb. “Abunə pulu” adlanır və mənim indi də sevdiyim və bəyəndiyim hekayələrdəndir. Amma o, çox gec - 1989-cu ildə “Gənclik” jurnalında nəşr olundu. Gec çapına səbəb özüm idim. Tərəddüd edirdim ki, yaxşı qəbul olunmaz, amma nəticə mənim xeyrimə oldu. Sonra ölkədə vəziyyət dəyişdi, siyasi proseslər, Qarabağ müharibəsi başımızı qatdı. Mən də bəzi vətənpərvər həmkarlarım kimi informasiya blokadasının yarılması işinə qatıldım. Müstəqil agentliklər, mətbu orqanlar yaratdıq. Amma vəziyyət sabitləşəndən sonra yenidən ədəbiyyata qayıtdıq.

İlk hekayələrimi bu il nəşr etdirmək fikrindəyəm.

- Elçin Hüseynbəyli indi özünü necə təqdim edərdi?

- Adicə yazar. Yazmaqdan gözəl başqa bir şeyi mən dumanlı təsəvvür eləyirəm. Çünki yazı prosesinin özü duyğusal bir aktdır və yazmaq, özü də yaxşı yaza bilmək xoşbəxtlikdir. Yaxşı yazmaq isə odur ki, oxucu əsərini oxuyarkən darıxmasın.

Təbii ki, villaları, yaxtaları, cürbəcür bahalı maşınları sevənlər üçün bu, anlaşılmaz bir hissdir.

- Niyə uşaqlığınızdan çox yazırsınız?

- Mən rəssam olsaydım, yenə də öz uşaqlığımı çəkərdim. Təxminən belə: Arazın qırağı ilə, torpaq yolla başını aşağı salıb yeriyən, ayağı yalın və qəmgin bir cocuq. O, əlindəki çubuqla yeri cıza-cıza gedir və suya düşən kölgəsinə baxır.

Əsərlərimi diqqətlə oxuyanlar bu nostaljimi asanlıqla duya bilərlər. Çünki mən “vətənim uşaqlığımdır” deyənlərin cərgəsindəyəm. Qayğısız, amma gələcəyə də ehtiyatla, şübhəylə baxan cocuq.  Ona görə də oğlan uşaqlarını daha yaxşı anlayıram, elə 14 yaşlı oğlumu da.

- Uşaqlarınızdan peşənizi davam etdirmək istəyəni varmı?

- Yəqin ki, yox. Qızım Leyla BDU-nun beynəlxalq hüquq fakültəsinin tələbəsidir və diplomat olmaq istəyir. Oğlum Orxan texniki fakültələrə meyillidir. Amma istedadlıdır. Düşünürəm ki, yaradıcılıq sahəsini seçsə, ondan yaxşı rejissor olar. Çünki vizual duyumu yaxşıdır...

- İndi də istəyirəm  yaşadığımız ədəbi məkan haqqında danışaq. Sovet dövrünün çox məşhur ədəbi aktları unudulandan sonra yeni layihələrlə cəmiyyətin görüşünə gələn AYB uğurlar qazanmaqdadır. Məsələn, “İmza günü” kimi.

- Bilirsiniz ki,  sovetlər dağılandan sonra ictimai həyatın bütün sahələrində bir çaşqınlıq yarandı. Sovet tərzinə, sovet ideologiyasına, sovet planlaşdırmasına öyrəşən insanlar xaotik bir duruma düşdülər. Nədən və necə başlamalı, nə etməli sualları gündəmə gəldi. Ədəbiyyat siyasətin kölgəsində qaldı. Müharibə insanlarda bir ümidsizlik yaratdı. Ümumi əmlakın bölüşdürülməsi üstündə mübahisələr, davalar qızışdı. Yeni ictimai formasiya insanlara başqa dəyərlər aşılamağa başladı. Sonralar ədəbi və mədəni məkanda çeşidli informasiya mənbələri, elektron vasitələr inkişaf elədi, kitab mağazaları təyinatını dəyişdi. Belə bir vəziyyətdə yazıçı ilə oxucu arasında körpülər də sınmağa başladı. Amma ötən əsrin 90-cı illərinin sonlarından və yeni əsrin ilk illərindən  ədəbiyyata bir qayıdış baş verdi. İstedadlı imza sahibləri meydana gəldi, ortaya ədəbi məhsul qoyuldu. Bunu görən ictimaiyyət də, siyasət adamları da ədəbiyyata yenidən müraciət eləməyə başladılar. Ədəbi camedə baş verən canlanma Azərbaycan Yazıçılar Birliyi (AYB) rəhbərliyinin, xüsusən də Anar müəllimin və onun güvəndiyi cavan ədiblərin sayəsində mümkün oldu. Bu günlər keçirilən “İmza günləri” də həmin canlanmanın təzahürüdür. Amma bizim ədəbiyyata yönəlik işlərimiz və layihələrimiz davam etməkdədir. Məqsədimiz itmiş yazıçı şöhrətini, yazıçı eqosunu yenidən gündəmə gətirməkdir. Təxminən on ildir ki, yazıçının özünə inamı, oxucunun da ədəbiyyata inamı itib. Şükürlər olsun ki, biz həmin inamsızlığı aradan qaldırmağı bacardıq. Növbəti layihələrimizdən biri üzümüzə gələn şənbə reallaşacaq. Həmkarlarımızla birgə “2+1” formatının əsasını qoyacağıq. Həmin gün istedadlı yazarlarımız Səlim Babullaoğlu və Elxan Zalla birgə “Kapellhauzda bir axşam”ı reallaşdıracağıq. Adı çəkilən məkanda musiqi, nəsr və poeziya bir vəhdət halında oxuculara, ədəbiyyatsevərlərə təqdim olunacaq. Bundan başqa, daha böyük bir layihəni reallaşdırmağı düşünürük. Bu, ölkəmizdə anoloqu olmayan ədəbiyyat bayramıdır. Bu tədbiri sentyabrın sonlarına planlaşdırırıq, amma detallar işləndikdən sonra bu barədə ətraflı məlumat verəcəyik. Qeyd edim ki, sadaladığım tədbirlərin hamısı AYB-nin 75 illiyi çərçivəsində həyata keçirilir. Bu ilin payızında sədrimiz Anar müəllimin təklifilə Bakıda “Sərhədsiz söz” adlı beynəlxalq tədbir keçiriləcək. Qonşu ölkələrdən 40-a qədər qonağın dəvət olunması planlaşdırılır.

- AYB-nin son bir ildəki fəaliyyəti ikinci həyat kimi görünür.
- Əslində, bu, ikinci həyat yox, birincinin davamıdır. Sadəcə, birinci həyatın öləzimiş hüceyrələrini yeniləri əvəz edir.

- Sizcə həsrətini çəkdiyimiz 60-cı illərin ədəbi coşğunluğu yeni nəslin timsalında hiss olunmaqdadır? Mədəniyyətimizlə bağlı canlanmanın da  təsiri  göz qabağındadır.

- Bu, təbii bir prosesdir və bayaqkı düşüncənin davamıdır. Ona görə də bu sualın üstündə bir qədər ətraflı dayanmağına dəyər. İş burasındadır ki, hər bir yeni nəsil özündən əvvəlkinin çiynində böyüyür və eyni kökə bağlıdır. Sadəcə, yeni dönəmdə yeni ədəbi dəyərlər yaranır və onlara adekvat cavablar tapmaq zərurəti meydana çıxır. Ədəbiyyatda texnika, üslub, mövzu dəyişir, yeniləşir və aktuallaşır. Uşaqlar öz zəmanəsinə oxşadıqları kimi, yeni ədəbi nəsil də içində olduğu məkanın, toplumun problemlərilə yaşayır və özünü əvvəlki nəsildən daha ağıllı və bacarıqlı kimi qələmə verməyə çalışır. Amma hər köhnənin özündə bir təzəlik var və onu tapmaq yazar üçün vacibdir. Məhz onu tapan adamların imzası ədəbiyyatda qalır. Boş, mənasız cığallıq heç kimə başucalığı gətirmir və ədəbiyyatımız bundan qazanmır. Mən və həmkarlarım çalışırıq ki, özümüzdən əvvəlki nəsli inkar yox, təqdir edək. Çünki onların buna haqqı çatır. Azərbaycan ədəbiyyatını, dilini, mədəniyyətini yaşadan, mənəvi dəyərlərimizi qoruyan ziyalılarımıza sayğı ilə yanaşmaq hamımızın borcudur. Cəmiyyət də bunu dərk eləməli və öz ziyalısını əsassız hücumlardan, ağılsız bəyanatlardan, təhqirlərdən qorumalıdır. Təəssüf ki, cəmiyyətin aparıcı qüvvəsi olan bəzi mətbuat nümayəndələri bunun əksini edir.

Doğrudan da, son illər mədəni həyatımızda bir-birinin ardınca dəyərli, diqqətçəkən olaylar baş verir. Təbii ki, bu da dövlətimizin, onun başçısının apardığı məqsədyönlü siyasətlə bağlıdır. Çünki hər hansı bir xalqı uzun illər yaşadan, dünya məkanında yerini qoruyub saxlamasına yardımçı olan mədəniyyət nümunələridir. Bir tərəfdən Heydər Əliyev Fondunun rəhbəri, millət vəkili, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın başçılığı ilə həyata keçirilən çoxsaylı  layihələr, digər tərəfdən Mədəniyyət və Turizm Nazirliyi və nazir Əbülfəs Qarayevin gördüyü işlər mənim və həmkarlarımın ürəyincədir. Muğam festivalı, teatr və kinofestival, yaxud kitab bayramları bu qəbildəndir. Təmsil olunduğum AYB-yə dövlətin diqqəti də göz qabağındadır. Yeni mədəniyyət və turizm obyektlərinin tikintisi, təmiri bizi sevindirməyə bilməz. Təbii, iş olan yerdə hansısa əyər-əskiklik də mümkündür. Amma mən yaxşı şeyləri görməyi, eşitməyi və danışmağı özümə təlqin etmişəm.

- Son zamanlar AYB-dən küsüb gedənlərin bir qayıdışı başlanıb...

- Bu, təbii bir prosesdir. İnsanlar əzəl-axır məbədə qayıdır. Bəziləri isə ömrüboyu monastrlarda zahidlik edir, Allaha tapınır. Azərbaycan Yazıçılar Birliyi də yazarlar üçün bir məbəddir. Düzdür,  zaman-zaman bu təşkilata ləkə yaxılıb, onun üzvləri sürgün edilib. Yazıçılarımız nahaqdan güllələniblər də, bəzi qələm dostları bir-birini satıb, amma AYB həmişə söz adamı üçün, sözün təəssübünü çəkən vicdanlı yazarlar üçün müqəddəs məkan olub.

- Sizi gənc yazar kimi təqdim edirlər. Amma artıq yaşlıların sırasına keçməkdəsiniz. Təkcə yaşınızla yox, həm də ən məhsuldar yazar kimi. 2001-ci ildən bəri - 9 kitab. Onların içərisində romanlar, dramlar  və s... var.

- Ədəbiyyat yaşa baxmır. Ola bilər ki, 60 yaşlı bir adam roman yazsın və bir günün içində məşhurlaşsın. Məsələn, Lüi de Fünes 47 yaşında məşhurlaşmağa başlayıb. Yaxud, bu yaxınlarda yaşlı bir qadın musiqi müsabiqəsinə qatıldı və bir neçə saatın içində məşhur oldu. O ki qaldı mənə, təvazökarlıqdan uzaq olsa da deməliyəm ki, mənim ədəbi bəxtim gətirib. Burada təkcə istedad yox, həm də zəhmət rol oynayıb. Amma indi kimlərsə məni gənc, yaxud cavan yazar kimi təqdim edirsə, görünür, ya mənim yaradıcılığıma az bələddirlər, ya da özlərini qocaltmaq istəmirlər.
- Oxucu sizin yaradıcılığınızda indiyə kimi Azərbaycan ədəbiyyatında və dramaturgiyasında olmayan yeni janrlar müşahidə edir.

- Mən həmişə çalışıram ki, hansı janrda yazıramsa yazım, hansı ampluada çıxış edirəmsə edim, təzə və yeni olum. Mənim tapdanmış cığırlardan xoşum gəlmir. Ona görə də istər hekayəçilikdə, istər romançılıqda, istər dramaturgiyada yeni olmağa çalışıram və bunu təkcə yenilik xatirinə yox, həm də düşüncələrimin meydana çıxarılması baxımından edirəm. Yeni hər şey mənim özümçün də maraqlıdır. Özü də hər hansı əsəri yazanda onun formasını məzmun özü diqtə edir. Məsələn, “Don Juan” sintetik-struktural romandır. Burada keçmişlə çağdaşlığın vəhdəti, eləcə də don Juanla bağlı digər əsərlərin süjetlərindən istifadə olunub. Üç dil əsərə hakimdir: nəsr, tarixilik və publisistika.  “Metro vadisi”, “Yovşan qağayılar” da sintetik əsərlərdir. Son yazdığım “Şah Abbas” isə roman-xronikadır. Yekə çıxmasın, məqsədim Şah Abbası Azərbaycan xalqına qaytarmaqdır. Çünki Şah Abbas haqqında yazılan tarixlə insanların düşüncəsində və folklorumuzda olan Şah Abbas arasında böyük fərq var. Əslində Şah Abbas fars, erməni, gürcü, rus tarixçilərinin yazdığı kimi despot yox, xalqın düşüncəsində olan cənnətməkan bir hökmdardır. O başqa məsələ ki, Şah Abbas öz dövrünün hökmdarıydı və onda humanizmlə qəddarlıq vəhdətdəydi. Dram əsərlərimin də əksəriyyəti sintetik janrda yazılıb. Romanda sintetika cəhdləri mərhum yazarımız Yusif Səmədoğlunun “Qətl günü”ndə də var.

- Özünüzü məhsuldar yazar hesab edirsiniz?

- Qətiyyən yox. Mən məhsuldar yox, peşəkar yazaram və yazarları şərti olaraq dörd qrupa bölürəm. Birinci qrupa qrafomanlar daxildir. Onlar çox yazırlar və yazdıqlarının hamısını ucdantutma çap edirlər. Onların düşüncəsinə görə zəif əsər yaza bilməzlər. İkinci qrupa qrafomanların əksi olan aqraflar daxildir. Aqraflar az yazırlar və az yazmağı dahilik əlaməti sayırlar. Üçüncü qrupabartlbilər daxildir. Bartlbilər ömrüboyu böyük bir əsər yaradacaqlarını zənn edirlər, hətta ürəklərində həmin əsərlərin bir neçə fəslini də yazırlar, Nobel mükafatı alan günü söyləyəcəkləri nitqi də əzbərləyirlər, amma heç zaman əsər yazmağa cürət eləmirlər. Dördüncü qrupa peşəkarlar daxildir. Onlar səhərdən-axşama kimi öz laboratoriyalarında oturub işləyirlər. Vacib deyil ki, yazsınlar. Onlar gün ərzində yazdıqlarından qat-qat çox pozurlar, çünki yaxşı mətni ortaya qoymağa çalışırlar. Ona görə də iş rejimimi, yazı intizamımı görənlər, yəqin ki, mənim barəmdə “məhsuldar yazıçı” ifadəsini işlətməzlər.

- Növbəti sualım müharibə mövzusundakı əsərlərlə bağlı olacaq. Düzdür, siz yazdınız, ammaQurdun şərqisinə “Şah Abbas”, nə də “Don Juanqədər məşhur olmadı. Bu nədir? Cəmiyyət ətrafda baş verənlərə biganədir, yoxsa tarix daha çox maraq doğurur?

- Tarix həmişə maraqlı və cəzbedicidir, buna söhbət yox. Çünki insanlar onlar üçün qaranlıq məkanları tədqiq eləməyə, qaranlıq səhnənin işıqlandırılmasında maraqlıdır. “Pərdənin arxasında, yaxud örtüyün altında gizlədilən görəsən nədir?” düşüncəsi həmişə aktualdır. Amma müharibə mövzusunda yazılmış əsərlər də maraqlıdır, həm də həyati vacibdir. Biz müharibə şəraitində yaşayırıq, bədxah qonşularımız var, bizi gözü götürməyənlər var. Ona görə də müharibə mövzusunda ideoloji əsərlərə də ehtiyac böyükdür və ideoloji əsərlər dövlətin, toplumun marağında, diqqətində olmalıdır. Bu baxımdanQurdun şərqisipovesti də ideoloji əsərdir. Həmin povestin iki hissəsi yazıldı: birinci hissədə müharibənin anlaşılmazlığı təsvir olunur, yəni, azərbaycanlı Xəlil uşaqlıq yoldaşı, qonşusu erməni Armikin ona düşmən olacağına inanmır; ikinci hissədə özünüdərk prosesi başlayır. Əsərin qəhrəmanı Xəlil erməninin ona düşmən olduğunu görür və fərdi qisas alır. Amma toplumun qisası baş vermədiyindən, yəni torpaqlarımız işğaldan azad edilmədiyindən, mən üçüncü hissəni sonraya - zəfər çalacağımız günlərə saxladım.

Müharibə haqqında mənim onlarca hekayəm də var. Çalışıram ki, Qarabağ mövzusu həmişə gündəmdə olsun. Hazırda üzərində işlədiyim dram əsəri də Qarabağ faciəsindən bəhs eləyir.
- Bəlkə bir azUlduzdan da danışaq.

- “Ulduzjurnalı öz ənənəsinə sadiq, söz məkanında aparıcılıq iddiasını qoruyub saxlayan dərgilərdəndir. Biz çalışırıq ki, ən istedadlı yazarların dəyərlərini nəşr etdirək, cavanlara geniş məkan verək. Çoxsaylı rubrikalarımız var: Duel, yaxud Duet, Axtarış, Üzzə, Nostalji, Oxu zalı, İnternet-mozaika, Qadın sözü, Dost sözü, Təqdimat, Tanıtım və s. Gənc ədiblər məktəbinin üzvlərinin yaradıcılığını stimullaşdırmaq üçünUlduzun aprel sayını bütünlüklə onların ixtiyarına vermişik və düşünürəm ki, onların arasından istedadlı imza sahibləri çıxacaq. Amma mən onlarla görüşümdə həmişə bir şeyi təkrarlayıram və istəyirəm ki, bu sətirləri oxuyan cavanlara onu bir də xatırladım: yaxşı yazar olmaq üçün öz həmkarlarının haqqını tanımalısan, dəyərli əsərləri görəndə sevinməlisən, heç kimə paxıllıq eləməməlisən. Çünki paxıllığın rəngi qaradır, yaxud da tünd çəhrayı. Hər bir halda o, adamın içini zülmətə döndərir, onu dağıdır. İnsan çalışmalıdır ki, bu qara rənglərdən azad olsun və içini işıqla doldursun. Onda həyat da, yaradıcılıq da onun gözündə gözəlləşər.

- Kitab və oxucu, yazıçı və oxucu körpüləri yandırılmışdı sanırdıq.

- Mən bayaq bu suala qismən cavab verdim. Dedim ki, bir müddət oxucu və yazıçı arasında uçurum yaranmışdı. İndi bu uçurumun üstündən körpülər atılmaqdadır. Kitab mağazaları az da olsa fəaliyyətə başlayır. AYB-nin özünün kitab mağazası açıldı. Mədəniyyət və Turizm Nazirliyi də yeni və maraqlı bir layihəyə başlayıb. Kitabxanaların nəzdində kitab mağazaları açır. İstərdim ki, yazıçının kitab bazarı təşkil olunsun. Belə olarsa, onda yazıçının həm maddi, həm də mənəvi durumu daha yaxşı olar. O yerdə ki, qocaları və uşaqları sevmirlər, həmin məkanda yaşayan toplum bəxbəxtdir.
- Həmin körpülərin bərpasında ədəbi tənqidin fəaliyyəti hiss olunmur?

- Ədəbi tənqid çox zəifdir. Məni qınamasalar deyərdim ki, yox səviyyəsindədir. İş burasındadır ki, peşəkar tənqidçilər var, amma peşəkar ədəbi tənqidi məqalələr azdır. Yazılan məqalələrin əksəriyyətində ya qərəz var, ya da tərif. Yəni bir tərəflə o biri tərəf arasında kəskin ziddiyyət var. Mən istərdim ki, ədəbi tənqid obyektiv olsun, oxucunu düzgün yola istiqamətləndirə bilsin, dostbazlıq və qrupbazlığa son qoyulsun. Bilirsiniz, biz Şərq ölkəsiyik və burada üzgörənlikdən yaxa qurtarmaq mümkün deyil. Amma bu o demək deyil ki, sən yalnız öz qardaşında yaxşı xüsusiyyətlər, yaxud  mənfi keyfiyyətlər görəsən, başqalarına da diqqət yetirmək vacibdir.

- Son əsərlər və planlarınızdan danışın.

-”Şah Abbas” və “Metro vadisi” kitablarımın son günlər nəşr olunması barədə bilgiləriniz var. “Adım Mameddir, çünki...” müziklini də yenicə bitirmişəm. Əslində bu, bir müzikl cəhdidir.

Muskomediyanın direktoru, görkəmli rejissorumuz Əliqismət Lalayev bir müzikl yazmağı təklif etdi. Mən də pis-yaxşı işləmişəm. Əsərdəki mahnılara da şair dostumuz Əyyub Qiyas söz yazıb və bu yaxınlarda onu Muskomediyaya təqdim edəcəm. Hazırda “Qaçaq qocalar” adlı pyesimi tamamlamaq üzrəyəm. Gələcək planımda “Don Juan”ı müzikl kimi işləmək fikrindəyəm. Bu təklif bəstəkar Sərdar Fərəcovdan gəlib. Onun fikrincə, Şərq və Qərb dəyərlərini səhnəyə gətirmək, sintetik musiqi və hərəkətlər yaratmaq baxımından mənim “Don Juan” əsərim zəngin material verir. “Adəm və Həvva” dramım İrəvan Dövlət Dram Teatrında hazırlanır. İndi tamaşanın məşqləri gedir.  “Ağ yelkənli günəş” romanımın üzərində də qeydlər aparıram... və gündəlik işlər...

 

 

Yeni  Azərbaycan.- 2009.- 2 may.- S.10.